Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-407/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Quliyevanın katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-334/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı “X6 Sistemləri Anonim” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı və “X6 Sistemləri Anonim” Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 696.795 (altı yüz doxsan altı min yeddi yüz doxsan beş) manat əsas borcun və faizlərin, habelə işgüzar nüfuza vurduğu zərərə görə 100.000 (bir yüz min) manat vəsaitin tutularaq, toplam 796.795 (yeddi yüz doxsan altı min yeddi yüz doxsan beş) manat vəsaitin “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi, Cavabdeh MMC-dən 1.183.529 (bir milyon iki yüz səksən üç min beş yüz iyirmi doqquz) ABŞ dolları, işgüzar nüfuza vurduğu zərərə görə 100.000 (bir yüz min) ABŞ dolları vəsaitin tutularaq, toplam 1.283.529 (bir milyon üç yüz səksən üç min beş yüz iyirmi doqquz) ABŞ dollarının “X6 Sistemləri Anonim” Şirkəti ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-334/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı tərəf həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbləri və “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasında filial vasitəsilə təmsil olunduğu nəzərə alınaraq, iddiaçının razılığı ilə “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı əsl iddiaçı “X6 Sistemləri Anonim” Şirkəti ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və nümayəndəsi Qanuni nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: - “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı və “X6 Sistemləri Anonim” Şirkəti ilə Cavabdeh MMC arasında 19 iyun 2020-ci il tarixli “İstixana üzrə Mühəndislik, Satınalma və Tikinti” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Cavabdeh MMC, podratçı “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, təchizatçı isə “X6 Sistemləri Anonim” Şirkətidir. Müqavilənin predmetini Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 59.040 kv.m istixana kompleksinin tikilməsi təşkil edir. Podratçı və təchizatçı işlərin layihələndirilməsi, tamamlanması eləcə də Layihə və xüsusiyyətlər və digər şərtlər və müddəalarına uyğun olaraq hər hansı bir qüsuru aradan qaldırmağı, sifarişçi isə bu müqavilədə dəyərin ödənilməsini öz öhdəsinə götürmüşdür. İşlərin iki hissədən ibarət olacağı (xaricdən təchizatın təchizatçı tərəfindən, lokal işlərin podratçı tərəfindən həyata keçirilməsi) razılaşdırılmış və xaricdən təchiz olunan mallar üzrə müqavilə dəyəri 1.905.000 ABŞ dolları, lokal işlər üzrə müqavilə dəyəri isə 340.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə xaricdən təchiz olunan mallar, təchizatçı tərəfindən sifarişçinin adına Azərbaycan Respublikasına gətirilir, həmin malların gömrük rəsmiləşdirilməsi təchizatçı və/və ya podratçı tərəfindən sifarişçinin adına aparılır və gömrük rəsmiləşdirilməsindən sonra podratçı tərəfindən torpaq sahəsinə çatdırılmalıdır. Habelə işlərdəki qüsurlar işlərin sifarişçi tərəfindən düzgün işləməsinə mane olmursa, tərəflər təhvil-təslim aktını hazırlayır və imzalayırlar, qüsurlar Protokolu qəbul aktına əlavə olunur və təhvil aktında podratçının işdəki bütün qüsurları aradan qaldıracağı müddət göstərilir, təhvil aktı imzalanma prosesi əsasında istixana istismara verilmiş sayılır, təhvil aktı imzalanmadan sifarişçi fəaliyyətə başlayarsa təhvil aktı imzalanmış və işlər qüsurlar aşkar edilmədən qəbul olunmuş sayılır. İşlərin başa çatdırılmasının son tarix kimi 15 oktyabr 2020-ci il müəyyən edilmişdir. - 30 iyun 2020-ci il tarixdə həmin müqaviləyə 1 saylı Əlavə Razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən 19 iyun 2020-ci il tarixli müqavilənin 12.1-ci bəndi yeni redaksiyada verilmiş, müqavilənin ümumi dəyəri 3.345.000 ABŞ dolları və 340.000 manat təşkil etməsi müəyyən edilmişdir. - tərəflərin izahatlarına əsasən müqaviləyə 1 saylı Əlavə Razılaşmada inşa edilməli olan isixana kompleksinin ümumi sahəsi göstərilməsə də, Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 90.528 kv.m istixana kompleksinin, yəni ilkin olaraq razılaşdırılmış 59.040 kv.metrdən əlavə 31.488 kv.m, ümumilikdə isə 90.528 kv.metrdən ibarət istixana kompleksinin tikilməsi ilə bağlı razılığa gəlinmişdir. Ona görə də, xaricdən təchiz olunan mallar üzrə müqavilə dəyəri artırılaraq 3.345.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. - 19 iyun 2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya cəmi 2.161.471 ABŞ dolları məbləğində pul vəsaiti dənilmişdir. Tərəflərin mübahisələndirdiyi hallar isə aşağıdakılardan ibarətdir: İddiaçı bildirir ki, ilkin müqavilə üzrə müəyyən edilən 59.040 kv.metrdən əlavə 31.488 kv.m sahə də inşa edilib, müqavilədə göstərilən ümumi dəyəri 3.345.000 ABŞ dolları təşkil edən mallar cavabdehə təhvil verilib və əlavə podrat işlərinə görə 226.500 manat cavabdeh tərəfindən ödənilməlidir. Ümumi inşa edilmiş sahə 90.528 kv.m, podrat işlərinin ümumi dəyəri isə 696.795 manat təşkil edir. Cavabdeh qeyd olunan halları qəbul etmir və bildirir ki, podrat işlərinin dəyərinə görə əlavə olaraq 226.500 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılıq əldə olunmamış, 3.345.000 ABŞ dolları məbləğində mallar onlar tərəfindən təhvil alınmamış, iddiaçı tərəfindən müəyyən qüsurlarla yalnız 59.040 kv.m istixana inşa edilmiş, podrat işlərinə görə 100.000 ABŞ dolları ödənilmiş, istixana kompleksinin qalan 31.488 kv.m sahəsi iddiaçı tərəfindən deyil, digər şirkətlər tərəfindən tikilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 19 iyun 2020-ci il tarixi müqavilə alqı-satqı və podrat müqaviləsinin ünsürlərini əhatə edən qarışıq müqavilədir. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş podrat işlərinə görə pulun tutulması tələbləri üzrə iddianın qanuni əsası kimi Mülki Məcəllənin podratla bağlı müddəları, alqı-satqı müqaviləsinə görə pulun tutulması tələbləri üzrə isə Mülki Məcəllənin alqı-satqı haqqında müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsində isə təsbit edilmişdir ki, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcüd olduğu tam təsdiq olunur. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh tərəfindən ona təhvil verilməsi mübahisələndirilən mallar iddiaçı tərəfindən cavabdehin adına Azərbaycan Respublikasına gətirilərək gömrük rəsmiləşdirilməsindən keçirilmiş və həmin rəsmiləşdirməni iddiaçının əməkdaşı olmuş Nümayəndə4 həyata keçirmişdir. Birinci instansiya məhkəməsində həmin şəxs şahid qismində dindirilmiş və ifadəsində bildirmişdir ki, mallar onun tərəfindən etibarnamə əsasında gömrükdən çıxarılmış, gömrük əməkdaşının müşaiyəti ilə istixananın tikildiyi əraziyə gətirilərək orada boşaldılmış və "xxxx" MMC-nin əməkdaşları tərəfindən malların təhvil alınmasına dair hər hansı bir akt imzalanmamışdır. Birinci instansiya məhkəməsinin gömrük bəyannamələri və şahid ifadəsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş Nümayəndə4 verilmiş 3 ədəd etibarnamədən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gömrük orqanlarında "xxxx" MMC-nin təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin nümayəndəsinin imzasının və MMC-nin möhürü ilə təsdiq edilməmiş gömrük bəyannamələri aşağıdakılardır: - xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 17.076,27 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 44.638,17 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 16.268,14 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 24.130 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 24.130 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 95.515,41 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 11.938,25 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 39.099,25 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 8581 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 30.214 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 31.306 ABŞ dolları olan; xx.xx.2020ci il tarixli İnvoys dəyəri 31.020 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 8.987,19 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 31.280 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 26.652 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 75.501,47 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 22.229,98 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 91.238,68 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 105.105 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 105.000 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 26.300,76 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 44.372,40 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 159.251,18 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 10.869,49 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 147.688,40 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 20.470,47 ABŞ dolları olan; xx.xx.2020-ci il tarixli İnvoys dəyəri 31.833,66 ABŞ dolları olan. Məhkəmə qeyd etmişdir ki, qeyd edilən gömrük bəyannamələrində göstərilmiş malların invoys dəyəri ümumilikdə 1.408.031,81 ABŞ dolları təşkil edir. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, Cavabdeh MMC ilə ayrıayrı vaxtlarda “X4” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “Dinçer və Çarçıoğlu” BM, Namiq Güləliyevlə, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə müqavilə bağlamaqla müxtəlif mallar alınmış və işlər görülmüşdür. Cavabdeh tərəf qeyd edilən şirkətlərə bank vasitəsi ilə 436.422,41 manat, nağd qaydada 396.000, ümumilikdə 832.422,41 manat pul ödənildiyini qeyd edərək, istixananın qalan yəni, 31.488 kv.m hissəsi üçün malların alındığını və tikildiyini bildirir. Belə olan halda “X6 Sistemləri Anonim” Şirkəti qeyd edilən malların "xxxx" MMC-yə təhvil verildiyini bildirsə də, 1.408.031,81 ABŞ dolları dəyərində olan malları sonuncuya təhvil verilməsi barədə hər hansı bir təhvil-təslim aktı və ya hər hansı sadə yazılı formada yazılmış qəbzi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, digər gömrük bəyannamələrində olan malların “X6 Sistemləri Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialının işçisi olan şəxs tərəfindən götürüldüyü iddiaçının özü tərəfindən də bildirilmiş və bütün malların çatdırıldığı bildirilsə də, qeyd edilən məbləğdə malların çatdırılması iş materiallarında olan sənədlər əsasında sübuta yetirilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən tədqim edilmiş sübutlar və işin halları düzgün qiymətləndirməmişdir. Belə ki, bilavasitə malları gömrük rəsmiləşdirilməsindən keçirən şəxs - Nümayəndə4 təsdiq etmişdir ki, iddiaçı tərəfindən cavabdehin adına gətirilərək gömrük rəsmiləşdirilməsindən keçirilmiş bütün mallar, o cümlədən cavabdeh tərəfindən ona təhvil verilməsi mübahisələndirilən mallar istixananın tikildiyi əraziyə gətirilmişdir. Həmin şəxsin adına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan etibarnamənin təqdim edilməməsi isə şahid ifadəsinə təngidi yanaşılması üçün əsas ola bilməz. Belə ki, bununla bağlı iddiaçı tərəf bildirir ki, həmin tarixlərə etibarnamə mövcüd olub, lakin cavabdeh tərəfindən təqdim edilmir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, həmin şəxsin adına qeyd olunan tarixlərdən əvvəl və ən əsası sonrakı tarixlərə də (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) gömrük orqanlarında "xxxx" MMC-nin təmsil etmək səlahiyyəti ilə bağlı etibarnamələr verilmişdir. Həmçinin, cavabdeh tərəfindən etiraf olunur ki, istixanada quraşdırılmalı olan avadanlıqlar (istilik qazanları və boylerlər) iddiaçı tərəfindən təhvil verilmişdir. İşin 5-ci cildinin 97-112-ci vərəqələrində olan həmin avadanlıqların gətirilməsi barədə gömrük bəyannamələri və onlara əlavə olunmuş invoys və s. sənədlərin tarixləri isə 11, 15, 18, 21 noyabr 2020-ci il tarixlərə, yəni cavabdehin adından Nümayəndə4 adına etibarnamə olmadığı tarixlərə təsadüf edir, habelə həmin sənədlərin heç birində cavabdeh "xxxx" MMC-nin möhürü yoxdur. Qeyd olunan faktlar təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə də həyata keçirilmiş, yəni alqı-satqı müqaviləsi üzrə mallar Nümayəndə4 adına etibarnamə verilmədən və gömrük sənədlərinə cavabdeh MMC-nin möhürü vurulmadan da cavabdeh tərəfindən təhvil alınmışdır. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrində isə göstərilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan kollegiya hesab edir ki, təhvil-təslim aktının tərtib edilməməsi və gömrük sənədlərində cavabdeh MMC-nin möhürünün olmaması ilə bağlı cavabdeh tərəfin dəlilləri əsassızdır. Bundan başqa, cavabdehin mübahisələndirdiyi gömrük bəyannamələrindən (cild 5, i/v 262-338) görünür ki, cavabdehin adına Türkiyə Respublikasının müxtəlif şirkətləri, o cümlədən iddiaçı şirkət tərəfindən istehsal olanunan istixanalar üçün “Qara metallardan borular”, “Qara metallardan sinklənmiş borular”, “Qara metallardan yığma tikinti konstruksiyaları”, “Qara metallardan metal konstruksiyalar”, “Korroziyaya davamlı poladdan profillər”, “Qara metallardan profillər” adlı mallar gətirilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/3637 saylı rəyində də qeyd olunmuşdur ki, tədqiq olunan istixana tikilisi əsasən müxtəlif ölçülü və tipli metal konstruksiyalardan, o cümlədən metal profillərdən, borulardan, plastik konstruksiyalardan istifadə edilməklə inşa olunmuş, üstü polietilen materialla örtülmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MMC ilə ayrı-ayrı vaxtlarda “X4” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “Dinçer və Çarçıoğlu” BM, Namiq Güləliyevlə, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə bağlanmış müqavilələrin predmetini isə həmin mallar, yəni istixanaların inşa edilməsində istifadə olunan və yuxarıda qeyd olunan spesifik malların alqı-satqısı təşkil etmir. Belə ki, həmin aıqı-satqı müqavilələrindən (hansının ki, predmetini müəyyən etmək olur) görünür ki, onların predmetini beton məhsulunun, elektrik malların, laminat parket, DSP, MDF, mebel aksessuarların, istixanada istifadə olunan iplər, salxıma dəstək, gövdə klipsinin, dəyəri 90 manat olan ayaq altı və pillələrdən ibarət metal konstruksiyanın alqısatqısı təşkil etmişdir. Yalnız cavabdehlə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin predmetini metal profillər, armatur və polad təbəqələr təşkil etmişdir. Bununla yanaşı, həmin müqavilə üzrə cvabdeh tərəfindən "xxxx" MMC-yə cəmi 4525,9 manat ödənilmişdir (139,86 + 777 + 1898,19 + 341,67 + 1160,32 + 208,86 = 4525,9). Sübuta ehtiyacı olmayan haldır ki, bu məbləğdə olan həmin mallar hesabına ümumi sahəsi 31.488 kv.m təşkil edən istixana kompleksi inşa oluna bilməz. Ən əsası isə cavabdehin mübahisələndirdiyi hal, yəni iddiaçı tərəfindən yalnız 59.040 kv.m istixana kompleksinin inşa edilməsi və qalan 31.488 kv.m sahənin iddiaçı tərəfindən deyil, digər şirkətlər tərəfindən tikilməsi halı tərəflər arasında bağlanmış 19 iyun 2020-ci il tarixli müqaviləyə 6 saylı Əlavə ilə tamamilə təkzib olunur. Belə ki, həmin 6 saylı Əlavənin 3-cü bəndində göstərilmişdir ki, 08 fevral 2021-ci il tarixdə “X6 Sistemləri A.Ş” müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkilməsi üçün tam yararlı şərait yaradılmasını öhdəsinə götürür. Həmin 6 saylı Əlavənin 4-cü bəndində isə göstərilmişdir ki, Cavabdeh MMC “X6 Sistemləri A.Ş” əsas müqavilədə göstərilmiş ünvanda Cavabdeh MMC üçün qurduğu 90.528 kv.m ölçülü istixananın qalan hissəsində şitil əkildiyi gün ikincinin hesabına 165.000 ABŞ dolları ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflərin imzaladığı 6 saylı Əlavədə aydın şəkildə qeyd olunmuşdur ki, iddiaçı tərəfindən cavabdeh üçün 90.528 kv.m ölçülü istixana qurulmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi 6 saylı Əlavənin həmin bəndlərinə ağlabatan izah verə bilməmiş və təhvil-təslim aktının olmadığını bildirmişdir. Beləliklə, qeyd olunan halları, yəni tərəflər arasında bağlanmış 19 iyun 2020-ci il tarixli müqavilə üzrə aqı-satqının predmeti olan malların iddiaçı tərəfindən cavabdehin adına Azərbaycan Respublikasına gətirilərək gömrük rəsmiləşdirilməsindən keçirildiyini, həmin malları gömrükdən təhvil alan Nümayəndə4 tərəfindən qəbul etdiyi malların, o cümlədən cavabdehin mübahisələndirdiyi malların cavabdehə təhvil verməsini təsdiq etdiyini, tərəflər arasında olan işgüzar münasibətlərə görə alqı-satqı müqaviləsi üzrə mallar Nümayəndə4 adına etibarnamə verilmədən və gömrük sənədlərinə cavabdeh MMC-nin möhürü vurulmadan da cavabdeh tərəfindən təhvil alındığını, 31.488 kv.metrdən ibarət istixanaların inşa edilməsi üçün tələb olunan spesifik malların cavabdeh tərəfindən əldə olunması ilə bağlı sübutların təqdim edilmədiyini və ən əsası iddiaçı tərəfindən cavabdeh üçün 90.528 kv.metrdən ibarət istixananın qurulması tərəflərin imzaladığı 6 saylı Əlavə ilə təsdiq olunduğunu nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış 19 iyun 2020-ci il tarixli müqavilə üzrə Abşeron rayonu, Zirə Tərəvəzçilik, Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində 90.528 kv.m istixana kompleksinin inşa edilməsi üçün iddiaçı tərəfindən təchiz olunan və ümumi dəyəri 3.345.000 ABŞ dolları təşkil edən mallar cavabdehə təhvil verilmişdir. Cavabdeh isə həmin malların dəyərini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Çünki cavabdeh tərəfindən həmin müqavilənin alqı-satqı hissəsi üzrə cəmi 2.161.471 ABŞ dolları məbləğində pul vəsaiti dənilmişdir. Belə olan halda isə iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 1.183.529 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Əlavə olaraq kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış 19 iyun 2020-ci il tarixli müqavilə üzrə imzalanan 05 fevral 2021-ci il tarixli 6 saylı Əlavə hazırki mübahisənin predmetini (alqı-satqı üzrə pulun ödənilməsi üzrə) təşkil etmir. Belə ki, həmin əlavənin məzmunundan müəyyən edilir ki, tərəflər ümumi sahəsi 90.528 kv.m istixana kompleksinin inşa edilməsindən sonrakı öhdəlikləri müəyyən etmişlər. Həmin öhdəliklərə istixanada şitil əkilməsi üçün tam yararlı şəraitin yaradılması, tikinti sahəsində artıq qalan mal-materialların tikinti sahəsindən çıxarılması, cavabdeh tərəfindən ilkin qüsur aktının tərtib edilməsi və iddiaçı tərəfindən həmin qüsur aktındakı nöqsanların aradan qaldırılması və s. aid edilmişdir. Həmin əlavənin 2-ci bəndindən isə müəyyən edilir ki, tərəflər həmçinn digər hüquqi şəxslə bağlanmış müqavilə üzrə öhdəlikləri də müəyyən etmişlər. Belə ki, həmin bənddə göstərilmişdir ki, 01 mart 2021-ci il tarixədək Cavabdeh MMC “X6 Sistemləri A.Ş”in bank hesabına 400.000 (dörd yüz min) ABŞ dolları köçürəcəkdir. “X6 Sistemləri A.Ş” bu məbləği rəsmi qəbul etdikdən sonra 5 (beş) bank günü ərzində Cavabdeh MMC-nin afilə edilmiş şəxsi olan “X4” MMC-yə həmin 400.000 (dörd yüz min) ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürür. Həmin məbləğ tam olaraq “X4” MMC-nin bank hesabına öturmayanadək Cavabdeh MMC tərəfindən “X6 Sistemləri A.Ş”nə hər hansı bir ödəniş edilməyəcəkdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1823/2022 saylı qətnaməsindən isə müəyyən edilir ki, iddiaçı “X5” MMC cavabdeh “X6 Sistemləri Anonim” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2” Anonim Şirketindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində əsas borc və illik 5 faiz hesablanmaqla 20000 ABŞ dolları olmaqla, ümumilikdə 420000 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumu olaraq 1004 manatın tutularaq iddiaçı “X4” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” Anonim Şirketi ilə “X4” MMC arasında bağlanmış xx.xx.2020 tarixli, 20/025 nömrəli alqı-satqı müqaviləsi və bu müqavilə üzrə tərtib olunmuş 043 saylı, xx.xx.2020-ci il tarixli invoys əsasında iddiaçı tərəfindən 400000 (dörd yüz min) ABŞ dolları müvafiq malların alışı üçün ödənilsə də, bu günə qədər cavabdeh tərəfindən mallar təqdim edilməmiş, ödənilən vəsait geri qaytarılmamışdır. İddiaçı 089486 saylı tikinti lisenziyası əsasında fəaliyyət göstərən hüquqi şəxs qismində müxtəlif hüquqi və fiziki şəxslər üçün xidmət göstərməkdədir. Bununla əlaqədar olaraq iddiaçının üçüncü şəxslə bağladığı müqavilənin təmin olunması üçün cavabdehdən metal konstruksiya malları sifariş vermiş, tərəflər arasındakı razılaşmaya əsasən ödəniş tam həcmdə əvvəlcədən həyata keçirilmiş, lakin sonradan cavabdeh bu malları təqdim etməkdən və ödənilmiş vəsaitin geri qaytarılmasından imtina etmişdir. Həmçinin kollegiya qeyd edir ki, 6 saylı Əlavədə qeyd olunan qüsur aktının tərtib edilməməsi və cavabdeh tərəfindən işlərin qüsurla həyata keçirilməsinə istinad edilməsi də hazırki mübahisənin predmetinə (alqı-satqı üzrə pulun ödənilməsi üzrə) aid deyil. Çünki bu halların tərəflər arasında bağlanmış müqavilənin alqı-satqı hissəsinə hər hansı aidiyyəti yoxdur. Cavabdehin etirazının dəlilləri da alqı-satqı üzrə təhvil verilmiş malların qüsurlu olması ilə deyil, 31.488 kv.metrdən ibarət istixananın inşa edilməsi üçün tələb olunan malların ümumiyyətlə təhvil verilməməsi ilə bağlı olmuşdur. Həmin dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş 19 iyun 2020-ci il tarixli müqavilə üzrə yerinə yetirilmiş podrat işlərinə görə 696.795 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia isə təmin edilə bilməz. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Lakin hazırki işdə həmin maddənin dispozisiya şərtlərinin mövcud olması sübut olunmur. Çünki tərəflər arasında bağlanmış müqavilədə podrat işlərinin (müqavilədə lokal işlər kimi qeyd olunub) dəyəri 340.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı həmin məbləğin 696.795 manat təşkil etməsini bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Müqavilə ilə müəyyən edilən 340.000 manat məbləğində pul vəsaiti isə iddiaçıya ödənilmişdir. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatında iddiaçının nümayəndəsi etiraf etdi ki, podrat işlərinə görə hissə-hissə cəmi 200.000 ABŞ dolları ödənilmişdir. Belə olan halda isə müəyyən edilir ki, müqavilə üzrə podrat işlərinə görə ödənilməli olan 340.000 manat məbləğində pul vəsaiti tam ödənilmişdir (200.000 x 1,7 = 340.000). Ona görə də, iddiaçının həmin tələbləri Mülki Məcəllənin 752.1-ci maddəsinə görə əsaslı hesab edilə bilməz və rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, işgüzar nüfuza vurulmuş zərərin əvəzinin tutulması barədə tələblər də təmin edilə bilməz. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki zərərin mövcudluğu, yəni cavabdehin öz öhdəliklərinin pozması nəticəsində iddiaçının işgüzar nüfuzuna zərərin hansı şəkildə dəyməsi əsaslandırılmamış və həmin zərərin dəyməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi alqı-satqı üzrə əsas borcun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia həmin hissədə təmin edilməli, qətnamənin digər mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin 67,5 faizi cavabdehə, 32,5 faizi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X6 Sistemləri Anonim” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-334/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehdən 1.183.529 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh MMC-dən 1.183.529 ABŞ dolları və ödənilmiş dövlət rüsumlarına görə 1447 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X6 Sistemləri Anonim” Şirkətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaitinin 32,5 manat hissəsi iddiaçı “X6 Sistemləri Anonim” Şirkətindən, 67,5 manat hissəsi isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-407/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-407/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver