Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-411/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-1358/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bağlanılmış müqavilə əsasında qalıq 15000 manat pulun, vəsaitinin ödənilməsinin gecikməsinə görə 2237,67 manat, hüquq xidmətinə görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək müqavilə əsasında qalıq 15000 manat, hüquq xidmətinə görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1358/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 15000 manat məbləğində pul, 300 manat hüquqi yardıma görə xərc, 150 manat dövlət rüsumu, ümumilikdə 15450 (on beş min dörd yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçı “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi qət edilmişdir.
4. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1358/2025 nömrəli qətnaməsinin ləğv edillməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından müəyyən edilir ki, iş üzrə heç bir elektron qaimə vurulmamışdır. Belə ki, iddiaçı bu qədər vaxt ərzində hazırda tələb etməli olduğu pulu vaxtında tələb etməmişdir. Bundan başqa, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Hazırki maddənin məzmunundan aydın olur ki, əsassız varlanma üçün müqavilədən kənar ödənilmiş pul məbləği olmalıdır. Belə hal ümumiyyətlə iddiaçı tərəfindən qeyd edilməyib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, hazırki iş üzrə müstəsna hal müəyyən edilməyib. Hakim işdə iştirak edən iddiaçının tələbindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. Qeyd edilməlidir ki, məhkəmə Cavabdeh MMC-nin iştirakını məhkəmədə təmkin etməmiş, onun nümayəndəsinin izahatını dinləməmiş, işin hallarını hərtərəfli araşdırmamış, formal cümlələr yazmaqla qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
7. Etiraz belə əsaslandırılmışdır: cavabdeh “Age" MMC-nin verdiyi apellyasiya şikayəti aşağıda qeyd olunanlara əsasən tamamilə əsassızdır və təmin olunmamalıdır. Apellyasiya şikayətinin (formal əsaslı etirazlarını nəzərə almasaq) əsas məğzi kimi aşağıdakılar göstərilmişdir: 1. İş üzrə heç bir elektron qaimə vurulmamışdır. Belə ki, iddiaçı bu qədər vaxt ərzində hazırda tələb etməli olduğu pulu vaxtında tələb etməmişdir. 2. Məhkəmə Cavabdeh MMC-nin iştirakını məhkəmədə təmin etməmiş, onun nümayəndəsinin izahatını dinləməmiş, işin hallarını hərtərəfli araşdırmamış, formal cümlələr yazmaqla qətnamə qəbul etmişdir. Hazırki iddia üzrə işin mübahisəsiz halı kimi qeyd edilməlidir ki, tərəflər arasındakı xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 30000 manat pul vəsaitini (5400 manat ƏDV məbləği daxil olmaqla) avans qismində cavabdehə ödənilmiş, davamında isə müqavilə üzrə sifariş olmadığından cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 5400 manat ƏDV tam məbləğdə və xx.xx.2022-ci il tarixdə avans qismində alınmış məbləğin 15000 manat hissəsi iddiaçıya geri qaytarılmışdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin hər iki arqumenti əsassızdır və yuxarıda qeyd olunan məsələlərin heç bir məntiqi və hüquqi izahı yoxdur. İlk öncə qeyd olunmalıdır ki, ödənilmiş avans məbləğinin geri qaytarılması üçün e-qaimə göndərilməsi barədə qanunvericilikdə hər hansı məcburi və ya “könüllü” tələb yoxdur. Təsadüfi deyil ki, Vergilər Məcəlləsinin 16.1.11-6-cı maddəsində mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək nəzərdə tutulmuşdur. Burada isə, iddiaçı cavabdehdən hər hansı mal, iş və ya xidmət almaq arzusunda deyil, avans qismində ödədiyi pul vəsaitini geri istəməkdədir. Digər tərəfdən, hazırki iddia mülki qanunvericilikdə müəyyən edilmiş müddətlərdə qaldırıldığından avans qismində aldığı pulun geri qaytarılmaması üçün heç bir əsas mövcud deyil. Birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədə də cavabdeh yalnız gecikmə faizi ilə razı olmadığını qeyd etməklə və davamında “maddi imkansızlığını” irəli sürməklə iddianın rədd edilməsini tələb etmişdir. İddiaçının rəhbərliyi də cavabdehin “çətin vəziyyətinə” humanistlik göstərərək “gecikmə faizi” hissəsində iddianın həcmini azaltmışdır. Lakin bu humanistlik qarşısında cavabdehin yalnız əsas borcun tutulmasına dair qətnamədən apellyasiya şikayəti verməsi iddiaçıda böyük təəssüf hissi yaratmışdır. İkinci arqument isə, yalnız məhkəmə icraatını uzatmağa yönəlik hərəkət kimi qiymətləndirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə məhkəməyə verilən hazırki iddia üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli hazırlıq və xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında cavabdehin nümayəndələri iştirak etməmiş, yalnız xx.xx.2025-ci il tarixdə iddiaya etiraz mahiyyətində yuxarıdakı məzmunda ərizə portala yüklənilmişdir. Halbuki cavabdeh hazırki məhkəmə icraatından tam məlumatlı olmuşdur. Belə ki, hazırki kommersiya mübahisəsinə dair çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)-900/2024 saylı MTT qərardadından xx.xx.2024-cü il tarixdə şikayət vermiş, davamında xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə 16(103)-37/2025 saylı iş üzrə əlavə sənəd təqdim etmişdir. (qeyd: hər iki instansiya məhkəməsi cavabdehin şikayətini təmin etməmişdir.) Bütün bu sadalanan hallar açıq aşkar sübut edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında şüurlu şəkildə iştirak etməmişdir. İndiki halda bu halın tərs arqument kimi irəli sürülməsi isə, sadəcə qəbul edilməzdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar.
14. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
15. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
16. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
17. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
18. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı (sifarişçi) ilə cavabdeh (podratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə görə podratçı müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini podratçıya ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, **********68 nömrəli ödəmə qəbzinə görə 30000 (otuz min) manat məbləğində pul avans olaraq iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüşdür. İddiaçıya məxsus hesabdan çıxarışa görə xx.xx.2022-ci il tarixdə 15000 (on beş min) manat məbləğində ödənilmiş avans cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışa görə 5400 manat məbləğində ƏDV xx.xx.2021-ci il tarixində iddiaçı tərəfində cavabdehə ödənilmiş, xx.xx.2022-ci il tarixində isə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 30000 manat avans ödənilmiş, ödənilmiş avansın 15000 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır.
26. Cavabdeh tərəfindən məhkəməyə tələb edilən avansın müqabilində hər hansı işin icra edildiyini, habelə həmin vəsaitin iddiaçıya geri qaytarıldığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).
28. Məhkəmə qeyd etmişdir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə ödədiyi 15000 manat avansın geri qaytarılmalı olması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Bu səbəbdən iddia təmin edilməli, cavabdehdən 15000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına xx.xx.2024-cü il tarixli müqavilə üzrə 300 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
29. Apellyasiya şikayətinin əsas məğzi kimi aşağıdakılar göstərilmişdir: İş üzrə heç bir elektron qaimə vurulmamışdır. Belə ki, iddiaçı bu qədər vaxt ərzində hazırda tələb etməli olduğu pulu vaxtında tələb etməmişdir. Məhkəmə Cavabdeh MMC-nin iştirakını məhkəmədə təmin etməmiş, onun nümayəndəsinin izahatını dinləməmiş, işin hallarını hərtərəfli araşdırmamış, formal cümlələr yazmaqla qətnamə qəbul etmişdir.
30. Hazırki iddia üzrə işin mübahisəsiz halı kimi qeyd edilməlidir ki, tərəflər arasındakı xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 30000 manat pul vəsaitini (5400 manat ƏDV məbləği daxil olmaqla) avans qismində cavabdehə ödənilmiş, davamında isə müqavilə üzrə sifariş olmadığından cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 5400 manat ƏDV tam məbləğdə və xx.xx.2022-ci il tarixdə avans qismində alınmış məbləğin 15000 manat hissəsi iddiaçıya geri qaytarılmışdır.
31. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin hər iki arqumenti əsassızdır və yuxarıda qeyd olunan məsələlərin heç bir məntiqi və hüquqi izahı yoxdur. İlk öncə qeyd olunmalıdır ki, ödənilmiş avans məbləğinin geri qaytarılması üçün e-qaimə göndərilməsi barədə qanunvericilikdə hər hansı məcburi və ya “könüllü” tələb yoxdur. Təsadüfi deyil ki, Vergilər Məcəlləsinin 16.1.11-6-cı maddəsində mal, iş və xidmətlərlə bağlı elektron qaiməfaktura göndərmək nəzərdə tutulmuşdur. Burada isə, iddiaçı cavabdehdən hər hansı mal, iş və ya xidmət almaq arzusunda deyil, avans qismində ödədiyi pul vəsaitini geri istəməkdədir.
32. Digər tərəfdən, hazırki iddia mülki qanunvericilikdə müəyyən edilmiş müddətlərdə qaldırıldığından avans qismində aldığı pulun geri qaytarılmaması üçün heç bir əsas mövcud deyil. Birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədə də cavabdeh yalnız gecikmə faizi ilə razı olmadığını qeyd etməklə və davamında “maddi imkansızlığını” irəli sürməklə iddianın rədd edilməsini tələb etmişdir. İddiaçının rəhbərliyi də cavabdehin “çətin vəziyyətinə” humanistlik göstərərək “gecikmə faizi” hissəsində iddianın həcmini azaltmışdır.
33. İkinci arqument isə, yalnız məhkəmə icraatını uzatmağa yönəlik hərəkət kimi qiymətləndirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə məhkəməyə verilən hazırki iddia üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli hazırlıq və xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında cavabdehin nümayəndələri iştirak etməmiş, yalnız xx.xx.2025-ci il tarixdə iddiaya etiraz mahiyyətində yuxarıdakı məzmunda ərizə portala yüklənilmişdir. Halbuki cavabdeh hazırki məhkəmə icraatından tam məlumatlı olmuşdur. Belə ki, hazırki kommersiya mübahisəsinə dair çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)-900/2024 saylı MTT qərardadından xx.xx.2024-cü il tarixdə şikayət vermiş, davamında xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə 16(103)-37/2025 saylı iş üzrə əlavə sənəd təqdim etmişdir. Bütün bu sadalanan hallar açıq aşkar təsdiq edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında məlumatlı olmasına baxmayaraq könüllü şəkildə iştirak etməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehin digər dəlilləri əsaslı hesab edilə bilməz.
35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1358/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.