Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-421/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə3, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-2782/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Sifarişçi” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (“DSX”) “icraçı” İddiaçı MMC (“MMC”) olmaqla, 2015-ci il 14 iyul tarixində imzalanmış k/54 saylı müqaviləyə (bundan sonra-“k/54 saylı müqavilə”) əsasən tərəflər “sifarişçi”-nin mərkəzi anbarına daşınmaqla lot 1 üzrə mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satınalınması məqsədilə “icraçı”nın 214.760 manat məbləğində tender təklifini qəbul etdiyini təsdiq etmişlər. “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların təhvil verilməsini öhdəsinə götürmüş, göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “icraçı” aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermiş, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür.
2. k/54 saylı müqaviləyə 1 nömrəli əlavəyə əsasən mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materilların satınalması üzrə qiymətlərin razılaşdırılması protokoluna əsasən bütün xərclər daxil olmaqla yekun məbləğ tərəflər arasında 214.760 manat məbləğində razılaşdırılmışdır.
3. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 2018-ci il 1 noyabr tarixli 2-2(81)- 1239/2018 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətidən 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzinin tutularaq MMC-yə ödənilməsi qət edilmişdir.
4. 2018-ci il 6 dekabr tarixli, ********** saylı və ********** saylı ödəniş tapşırıqlarına əsasən müvafiq olaraq 182.000 manat və 32.760 manat məbləğində pul DSX tərəfindən MMC-nin bank hesabına köçürülmüşdür.
5. MMC tərəfindən 2021-ci il 5 mart tarixində DSX-yə ünvanlanmış pretenziya məktubunda 34.898,50 manat məbləğində pul vəsaitinin MMC-nin direktoru Nümayəndə3 xeyrinə ödənilməsi xahiş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC (bundan sonra-«iddiaçı») cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra «cavabdeh») qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 34.898,50 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 439.3-cü maddəsinin tələblərinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Nəzərə alsaq ki, 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr (qətnamə üzrə tutulmuş pulun ödənildiyi vaxt) ayına qədər olan müddət 39 ay dövrü əhatə edir, bu zaman DSX tərəfindən MMC-yə 34.898,50 manat məbləğində pul ödənməlidir.
8. Bakı Kommersiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, e-2-2(113)-2782/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən K/54 saylı müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 2018-ci il 1 noyabr tarixli 2- 2(81)-1239/2018 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 439.3-cü maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üzrə təqdim olunmuş sübutları nəzərə almamış, qeyd olunan sübutlara kifayət qədər qiymət verməyərək qərəzli mövqe göstərmişdir. Məhkəmə iddianı rədd edərkən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 dekabr 2018-ci il tarixli, 2-2(81)-1239/2018 saylı qətnaməsinə istinad etmişdir. Halbuki həmin qətnamədə tələbin qismən təmin olunan hissəsi cərimə məbləğinə şamil olunmuş və Mülki Məcəllənin 462, 563 və 467 –ci maddələrinə istinad olaraq azaldılmışdır. Hazırki tələb isə faiz məbləğlərinə aiddir ki, qeyd olunan maddələr faiz məbləğlərinə tətbiq edilmir və yalnız cərimə, dəbbə pulu və penya məbləğlərinə şamil olunur. MPM-nin 88-ci maddəsi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 2- 2(103)-194/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında tender yolu ilə 2015-ci il 14 iyul tarixli k/54 saylı müqavilə imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 214.760 manat məbləğində mal satmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 2- 2(81)- 1239/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı 17 sentyabr 2015-ci il tarixdə müqavilə əsasında sifariş verilmiş malları cavabdehə qaimə əsasında təhvil vermiş, lakin cavabdeh malın dəyərini ödəməmişdir. Qeyd edilən qətnamə əsasında cavabdehdən iddiaçının xeyrinə 214760 manat əsas borc, 5.000 manat cərimə və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutulmuşdur. 2 ədəd 06 dekabr 2018-ci il tarixli ödəniş tapşırığına əsasən qətnamə ilə cavabdehdən tutulmuş 214760 manat əsas borc həmin tarixdə iddiaçının hesabına köçürülmüşdür. Cərimə borcu isə iddiaçının nümayəndəsinin izahatına əsasən halhazıradək ödənilməmişdir. Hazırda iddiaçının tələbi 2015-ci ilin sentyabr ayından 2018ci ilin dekabr ayına qədər olan 39 aylıq müddət ərzində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən illik 5 %-lə hesablanmış 34.898,50 manat məbləğində əldən çıxmış faydanın ödənilməsidir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 1 noyabr tarixli 2-2(81)- 1239/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə mal cavabdehə 2015-ci il 17 sentyabr tarixində təhvil verilmiş, cavabdeh malın dəyərini ödəməmiş, öhdəliyin icrasını təqsirli olaraq gecikdirmiş, məhz buna görə də cavabdehdən cərimə tutulmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizəsində iddianın hüquqi əsası kimi istinad edilmiş MM-in 439.3-cü maddəsi mübahisə üzrə tətbiq edilə bilməz. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri olan dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Kreditorun xeyrinə borcludan müəyyən məbləğdə dəbbə pulu tutulması MM-nin 465.2-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə dəymiş zərərə görə faizlərin tutulmasını istisna etmir. Lakin iddia ərizəsində iddianın hüquqi əsası kimi istinad edilmiş MM-nin 439.3-cü maddəsi mübahisə üzrə tətbiq edilə bilməz. Həmin normaya əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə və mülki qanunvericiliyin alqı-satqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçının tələbi MM-nin 445.7-ci maddəsinə tələbinə əsasən təmin edilməlidir. Belə ki, həmin norma kreditora digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, pul öhdəliyinin icrasını gecikdirmiş borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasını tələb etmək hüququ verir.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-nin 443.1, 445.2.1, 445.7, 448.1, 448.2, 462.1 və 465.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)-194/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 17.1 MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 17.2 Baxılan işin materiallarından göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən cavabdehlə iddiaçı arasında öhdəlik münasibətləri «Dövlət satınalmaları haqqında» Qanunun tələbləri baxımından tenderdə bağlanmış müqavilə əsasında əmələ gəlmişdir. Həmin müqavilənin ödəmələri tənzimləyən 12.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. 17.3 Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi, iddia tələbinə sözügedən müqavilənin 12.1-ci maddəsinin tələbi baxımından qiymət verməmiş, ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması müəyyən edilməmiş, bununla da MPM-nin 88 və 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. 17.4 Məhkəmə kollegiyası hesab edir ki, mübahisə iddiaçının təhvil verdiyi malın dəyərinin vaxtında ödəniməməsi ilə bağlı olduğundan, büdcə təşkilatının satın aldığı malın dəyərini hansı müddətə və şərtlər daxilində ödəməli olması müəyyənləşdirilmədən, iddia tələbinə MM-nin 445.7-ci maddəsinin tələbi baxımından düzgün hüquqi qiymət verilə bilməz. 17.5 Nəzərə alınmalıdır ki, dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir (MM-nin 404-1-ci maddəsi) 17.6 Bundan əlavə, “Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmədlərin Xəzinə uçotu haqqında” Təlimata əsasən, alışların xəzinədarlıqda uçota qəbul edilməsi büdcə təşkilatlarına malların tam çatdırılmasının, xidmətlərin göstərilməsinin və işlərin görülüb başa çatdırılmasının dövlət tərəfindən qəbul edilməsi deməkdir və gələcəkdə ödəniş üçün məcburi dövlət öhdəliyi hesab olunur. 17.7 Həmin Təlimatın 2.5-ci bəndinə əsasən, “Malların (iş və xidmətlərin) alışı sənədinin” hazırlanması və xəzinədarlıq tərəfindən uçota alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir: -Büdcə təşkilatı qabaqcadan Xəzinədarlıq tərəfindən qeydiyyata alınmış öhdəliklərə uyğun (yəni ondan çox olmamaqla) qəbul etdiyi mal, iş və xidmətlərə görə əməliyyatın baş verdiyi ay daxilində “Malların (iş və xidmətlərin) alışı sənədini” hazırlayır və təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təqdim edir. - “Malların (iş və xidmətlərin) alışı sənədi” yoxlanılaraq uçota alınmaq üçün təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təhvil verilir. Təsdiqedici sənədlər Xəzinədarlıqda yoxlanılır və “Xəzinədarlıq” ştampı ilə təsdiqlənərək geri qaytarılır. Bu halda şübhə doğuran məsələlər üzrə Xəzinədarlıq tərəfindən əlavə yoxlama təşkil edilə bilər. İcra olunmamış öhdəlik qalığından çox olmayan məbləğ və bu qaydaların bütün tələblərinə uyğun hazırlanmış “Malların (iş və xidmətlərin) alışı sənədi” uçota qəbul edilir və bunun nəticəsində yaranmış kreditor borcu dövlət borcu hesab olunaraq kassa icrası üçün əsas sayılır. 17.8 Qeyd olunan normaların tələblərindən də göründüyü kimi, dövlət büdcəsindən vəsait ayrılmadan, büdcə təşkilatının aldığı malın, işin və ya xidmətin dəyərini ödəməsi istina təşkil edir. Lakin işin materiallarına sözügedən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübut əlavə edilməmiş, MM-nin 445.7-ci maddəsinin dispozisiya şərtlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, bununla bağlı hər hansı qiymətləndirmə aparılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin qanuni təmsilçisi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 2015-ci ilin iyun ayında tenderdə iştirak edib, qalib gəlib. Rusiyadan tikanlı lent gətirib, sentyabr ayında qarşı tərəfə satıb. Həmin ay ona ödəniş etməli idilər, amma uzada-uzada gətirib 2018-ci ilə qədər çıxardılar. O da məhkəmədə iddia qaldırıb, dekabr ayının 2018-ci ilində pul ona ödəndi. Amma o malı vaxtında təhvil verməsəydi hər gün üçün faiz yazılacaqdı. O bu hadisədən sonra müflis olub. Maliyyə vəsaiti olmasa tender keçirilə bilməz. 3 ildir ki, pulunu ödəmirdilər. Aralarındakı şərtə əsasən onun pulu 1 ay müddətinə ödənilməli idi. Təhvil-təslim aktı edildikdən sonra ödəniş olunmalı idi. Lakin, edilmədi. 2015-ci ilin sentyabr ayında ödəniş edilməli idi. 2018-ci ilin dekabr ayında DSX ödəniş edib. Gec ödəyiblər, vaxtında ödəməli idilər. Müflis olub, ona heç avans da verilməyib. 2015-ci ildə verilən mal-materialların pulu 2015-ci ildə ödənilmək əvəzinə 2018-ci ilin dekabr ayında verilib. 2018-ci ildə məhkəmədə iddia qaldırmasaydı, o pul ala bilməzdi. Bütün sərhədboyu çəkilən məftillərin hamısını o gətirib, nə qədər əziyyət çəkib.
20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında qeyd edir ki, 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilib və qətnamə apellyasiya instansiyasında qüvvədə saxlanılıb. 2018-ci ildə apellyasiya instansiyasının qətnaməsi onlara daxil olub, dərkənar da 2018-ci ilin dekabr ayınadır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 214760,0 manat borc, gecikdirməyə görə 5000,0 manat cərimə 2018-ci ilin dekabr ayında DSX tərəfindən tam şəkildə ödənilmişdir. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən satınalınmaya dair hesabatların saxlama müddəti 5 ildir. Satınalınma prosedurunun 14 iyul 2015-ci il tarixdə həyata keçirilib. Materiallar məhvetmə aktı əsasında məhv edilmişdir. Ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olmasını bilmir. Müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübutu təqdim edə bilmir. Bildirir ki, məhv edilmişdir.
21. Cavabdehin digər nümayəndəsi X4 bildirir ki, gec ödədiklərinə görə 5000 manat cərimə ödəyiblər. Müqavilələri də tapa bilməyiblər, çünki 5 il müddət keçdiyinə görə hamısı məhv edilib.
22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
24. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
28. Belə ki, işin halları ilə müəyyən edilir ki, “Sifarişçi” adlandırılacaq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə “İcraçı” adlandırılacaq İddiaçı MMC arasında 14 iyul 2015-ci il tarixli, k/54 saylı müqavilə imzalanmış, müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, X7 Xidmətinin mərkəzi anbarına daşınmaqla lot 1 mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materialların satınalınması məqsədilə İcraçının 214760,0 manat məbləğində tender təklifini qəbul etmişdir. k/54 saylı müqaviləyə 1 nömrəli əlavəyə əsasən mühəndis-texniki çəpərin və əlavə maneələr zolağının yaradılması üçün materilların satınalması üzrə qiymətlərin razılaşdırılması protokoluna əsasən bütün xərclər daxil olmaqla yekun məbləğ tərəflər arasında 214.760 manat məbləğində razılaşdırılmışdır.
29. İşin halları ilə həmçinin müəyyən edilir ki, müqavilə üzrə öhdəliklər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən vaxtında icra edilmədiyi üçün “İcraçı” tərəfindən məhkəməyə müraciət edilmişdir.
30. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin 2018-ci il 1 noyabr tarixli 2-2(81)- 1239/2018 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətidən 214.760 manat əsas borc, 5.000 manat cərimə və 20 manat dövlət rüsumunun əvəzinin tutularaq MMC-yə ödənilməsi qət edilmişdir.
31. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə istinad edilməklə 34.898,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir.
32. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iddiaçı tərəfindən K/54 saylı müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş, məhkəmənin qətnaməsinə əsasən pulun tutulması qət edilmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı işin hallarından görünür ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən mal cavabdehə xx.xx.2015-ci il tarixdə təhvil verilmiş, lakin cavabdeh tərəfindən ödəniş gecikdirilmişdir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsində qeyd edilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
35. Tərəflər aralarında imzalanmış müqavilənin 13.1-ci bəndində qeyd edilir ki, icraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir.
36. Göründüyü kimi, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri olan dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbində onun tərəfindən öhdəliyin icra edildiyi vaxtdan, yəni 2015-ci ilin sentyabr ayından qətnaməyə əsasən cavabdeh tərəfində pulun ödənildiyi tarixə, yəni 2018-ci ilin dekabr ayına olan müddət üzrə qanundan irəli gələn 34898,5 manat (241760 manatın illik 5 % =10738 /12 ay=894.83 *39 ay) məbləğində zərərin ödənilməsini tələb edir.
38. Kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə araşdırma zamanı müəyyən edilir ki, tərəflər arasında imzalanmış müqavilənin 12.1-ci bəndində qeyd edilir ki, müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş qaydada və məbləğdə İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. Sifarişçi müqavilənin icrasını tımin etmək məqsədi ilə hər ödənişdən müəyyən olunmuş məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) İcraçıya ödənilir. Müqavilə İcraçı və ya Sifarişçi tərəfundən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərilən qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir.
39. İşə təkrar apellasiya instansiya məhkəməsində baxılması zamanı ödəmə ilə bağlı tenderin əsas şərtlər toplusunun nədən ibarət olması, büdcə təşkilatının satın aldığı malın dəyərini hansı müddətə və şərtlər daxilində ödəməli olması, o cümlədən müqavilə üzrə dövlət büdcəsindən vəsaitin ayrılması vaxtına dair hər hansı sübutun olması barədə məlumatların məhkəməyə təqdim edilməli olması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu göndərilmişdir.
40. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən təqdim edilmiş 27 aprel 2024-cü il tarixli, 3-38-16/2-2945/2024 saylı məktubda qeyd edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(81)-1239/2028 nömrəli qətnaməsinə əsasən Dövlət Sərhəd Xidməti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, k/54 nömrəli müqavilə üzrə yaranmış 214760,0 manat borc, gecikdirməyə görə 5000 manat cərimə vəsaiti v dövlət rüsumu 2018-ci ilin dekabr ayında tam şəkildə ödənilmişdir. (ödəniş sənədləri qoşmaya əlavə olunur). “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.5-ci maddəsinə uyğun olaraq satınalmaya dair hesabatların saxlanma müddətinin 5 il olmasını və satınalınma prosedurunun 14 iyul 2015-ci il tarixdə həyata keçirildiyi nəzərə alınsa, DSX-nin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahısı və onun tətbiqinə dair qaydaların təsdiq edilməsi barədə DSX rəisinin 0130 nömrəli, 10 iyun 2021ci il tarixli əmrini əsas tutaraq 03 avqust 2021-ci il tarixli, Q/13/932m nömrəli məhetmə aktı əsasında məhv edilmişdir. Məktuba əlavə edilmiş ********** nömrəli, 12 iyun 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı MMC-yə 182000 manat ödəniş edilmiş, ********** nömrəli, 12 iyun 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, 32760 manat ödəniş edilmişdir, 20 dekabr 2018-ci il tarixli qəbzdən görünür ki, 5020 manat ödəniş edilmişdir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 439.3-cü maddəsinə istinad etmişdir. Həmin maddənin tələbinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə və mülki qanunvericiliyin alqı-satqı müqavilələri ilə bağlı münasibətləri tənzimləyən normalarında borcun üstünə faizlər hesablanması nəzərdə tutulmamışdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını müəyyən etmək məhkəmənin vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının tələbi Mülki Məcəllənin 445.7-ci maddəsinə tələbinə əsasən təmin edilməlidir. 445.7-ci maddənin tələbinə görə Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2782/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən İddiaçı MMC-nin xeyrinə 34.898,50 manat illik 5 faizlə əldən çıxmış fayda, iddia ərizəsinin verilməsi üçün 30 manat və apellyasiya şikayətinin verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulmalıdır.
44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2782/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən İddiaçı MMC-nin xeyrinə 34.898,50 manat məbləğində illik 5 faizlə əldən çıxmış fayda, iddia ərizəsinin verilməsi üçün 30 manat və apellyasiya şikayətinin verilməsi üçün 15 manat məbləğində pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev