Məhkəmə qərarları › İş №2-2(103)-425/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-425/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-425/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X1, iddiaçının nümayəndələri Vəkil2 və X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “X6 və Ticaret Anonim” şirkətinə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1256/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi, daha sonra, əlavə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərini vaxtında icra etməməyə görə hesablanmış 104899,29 manat məbləğində cərimə məbləğinin “X6 və Ticaret Anonim Şirkəti”xxxx“X6 və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasindakı Nümayəndəliyinin idarəetməsində olan əmlakına və bank hesablarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ilə cavabdeh şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış 032/16-C saylı, 22 iyun 2016-cı il tarixli müqaviləyə əsasən icraçı sifarişçi üçün SOCAR Polymer zavodunun tikinti layhəsinin icrası ilə bağlı qaynaq tikişlərinin diaqnostikasını yerinə yetirib müvafiq rəy verilməsi işlərini görmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 8.3-cü bəndinə əsasən hər təqvim ayının sonunda tərəflərin imzaladığı AKT dəyərindən 10% həcmində qabaqcadan ödənilmiş dəyər bitənə qədər saxlanılaraq 60 təqvim günündən gec olmamaq şərti ilə icraçının bank hesabına ödəniş edilir. Gecikən hər təqvim günü üçün 0,1% cərimə hesablanır. 2016-cı ilin dekabr ayından başlayaraq, görülmüş işlərin dəyərini müqavilə şərtlərinə əsasən görülmüş işlər barədə akt imzalandığı gündən 60 təqvim günü ərzində ödənilməli olduğu halda, hər dəfə kifayət qədər uzunmüddətli gecikmələrlə ödənilmişdir. Görülmüş işlərin, 2018-ci ilin iyun - 2019-cu ilin yanvar ayınadək olan dövrlər üzrə təsdiqlənmiş akt əsasında olan dəyərini təşkil edən 121.060,03 manat (18% ƏDV daxil) məbləğ isə sifarişçi tərəfindən yalnız 2019-cu ilin 31 iyul tarixində ödənilmişdir.İddiaçı tərəfindən 2016-cı ilin dekabr ayından başlayaraq, cavabdehin sifarişləri üzrə müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış razılaşdırma aktları ilə təsdiq olunur. İşlərin dəyərinin ödənilməsi cavabdeh tərəfindən mütəmadi olaraq gecikdirildiyindən, müqavilənin 8.3-cü bəndinin tələblərinə uyğun olaraq ümumilikdə 104.899 manat məbləğində cərimə hesablanmış və bu barədə tərtib olunmuş akt cavabdehə təqdim edilsə də imzalanmamışdır. Pretenziya məktubuna da cavab verilməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1256/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 5000 (beş min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin “cavabdehdən 5000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi” hisəsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarına riayət etməmiş, iş üzrə təqdim edilmiş sübutları tam və ətraflı şəkildə araşdırmamış və özündə ziddiyyətli nüanslar əks olunan qətnamə qəbul etmişdir.Belə ki, Bakı Kommersiya məhkəməsi qəbul etdiyi müvafiq qətnamədə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması faktının aşkar edilməsi və həqiqətən də, ondan dəbbə pulunun hesablanaraq İddiaçıya ödənilməli olmasını qeyd etsə də, məhkəmə heç bir əsas olmadan hesablanmış dəbbə pulunu azaltmışdır. Halbuki, məhkəmə tərəfindən yalnız Mülki Məcəllənin 467-ci maddəsinə istinad edilməklə azaldılmış dəbbə pulu qanunvericiliyə, xüsusilə də əsas konstitusyon prinsiplərdən olan “müqavilə azadlığı” prinsipinə ziddir.Belə ki, MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Bundan əlavə, məhkəmə qətnamə qəbul edən və dəbbə pulunun məbləğini azaldan zaman kreditorun mənafelərini nəzərə almamış, qanunun müvafiq normasını heç bir əsas olmadan tətbiq etmişdir. Belə ki, cavabdeh dünyaca tanınmış, kifayət qədər əmlakı və maddi imkanları olan beynəlxalq şirkət olmasına baxmayaraq, iddiaçı rezident müəssisə olmaqla müqavilə əsasında bəzi xidmətləri icra edən cavabdehə münasibətdə kiçik podratçı şirkətdir. Məhkəmənin heç bir əsas olmadan, yalnız formal mükahizələr əsasında qətnamə qəbul etməsi mülki hüquq münasibətlərində tərəflərin hüquq bərabərliyini kobud şəkildə pozmaqdan ibarətdir. Eyni zamanda, cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır və məhkəmə maddi və prosessual hüquq normalarına riayət etməmiş, sübutları tam və ətraflı araşdırmamışdır. Belə ki, qətnamədə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması faktının aşkar edilməsi və həqiqətən də ondan dəbbə pulunun hesablanraq iddiaçıya ödənilməli olması qeyd olunsa da, heç bir əsas olmadan hesablanmış dəbbə pulu azaldılmışdır. Halbuki, məhkəmə tərəfindən yalnız Mülki Məcəllənin 467-ci maddəsinə istinad edilməklə azaldılmış dəbbə pulu qanunvericiliyə, xüsusilə də əsas konstitusion prinsiplərdən olan “müqavilə azadlığı” prinstipinə ziddir. Qətnamə qəbul edilən və dəbbə pulu azaldılan zaman kreditorun mənafeləri nəzərə alınmamış, qanunun müvafiq norması heç bir əsas olmadlan tətbiq edilmişdir. Belə ki, cavabdeh dünyaca tanınmış , kifayət qədər əmlakı və maddi imkanları olan beynəlxalq şirkət olmasına baxmayaraq, iddiaçı rezident müəssisə olmaqla, müqavilə əsasında bəzi xidmətləri icra edən cavabdehə münasibətdə kiçik podratçı şirkətdir. Məhkəməni heç bir əsas olmadan, yalnız formal mmülahizələr əsasında qəbul edilməsi mülki hüquq münasibətlərində tərəflərin hüquq bərabərliyini kobud şəkildə pozmaqdan ibarətdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri Vəkil2 və G.Əlləzova apellyasiya şikaytini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdehin, məhkəmə kollegiyasının əvvəlki (29.04.2021) iclasında iştirak edən nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə və işin digər materiallarına əsasən:

1. İddiaçı (icraçı) ilə cavabdeh şirkətin (sifarişçi) Azərbaycan Respublikasindakı nümayəndəliyi arasında 22 iyun 2016-cı il tarixdə 032/16-C saylı, xidməti müqavilə bağlandığı (Həmin müqavilə üzrə icraçı sifarişçi üçün “SOCAR Polimer” zavodunun tikintisində təqdim etdiyi qiymət protokolunda göstərilən qaynaq tikişlərinin diaqnostikası işlərini yerinə yetirərək, müvafiq rəy verməyi öz üzərinə götürmüşdür);

2. 2016-cı ilin dekabr ayından cavabdehin sifarişləri üzrə həmin müqavilədə nəzərdə tutulmuş işlərin iddiaçı tərəfindən görüldüyü və buna dair tərəflər arasında razılaşdırma aktları imzalandığı;

3. 2018-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayınadək olan dövr üzrə görülmüş işlərə dair təsdiqlənmiş akt əsasında, ƏDV daxil, 121.060,03 manat məbləğində borcun sifarişçi (cavabdeh) tərəfindən 2019-cu ilin 31 iyul tarixində iddiaçıya (icraçıya) ödənildiyi - işin mübahisələndirilməyən hallarını təşkil edir. İşin tərəflər arasında mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı tərəfindən 2018-ci ilin iyun ayından - 2019-cu ilin yanvar ayınadək olan dövr üzrə görülən işlərin ƏDV daxil, 121060,03 manat məbləğində dəyəri müqavilədə nəzərdə tutulmuş müddətdə ödənilməmiş, iddiaçı tərəfindən ödəmənin gecikdirilməsinə görə müqavilənin 8.3-cü bəndinə müvafiq olaraq, 0,1 faizlə cavabdehə 104.899 manat məbləğində dəbbə pulu hesablanmışdır. Belə ki, müqavilənin 8.3-cü bəndinə əsasən hər təqvim ayının sonunda tərəflərin imzaladığı AKT dəyərindən 10% həcmində qabaqcadan ödənilmiş dəyər bitənə qədər saxlanılaraq 60 təqvim günü müddəti ərzindən gec olmamaq şərti ilə icraçının bank hesabına ödəniş edilir. Gecikən hər təqvim günü üçün 0,1% cərimə hesablanır. Tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə və iş materiallarına əsasən qeyd olunan gecikmə dövrü üzrə dəbbə pulunun hesablanmış məbləğinin 104.899,00 manat təşkil etdiyi mübahisələndirilmir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdehdən tutulması tələb olunan həmin dəbbə pulu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi tətbiq olunmaqla, 5000 manat həddində müəyyən edilmişdir. Belə ki, Məcəllənin qeyd olunan 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Çünki, mövcud şəraitdə, həm də 121.060,03 manat məbləğində əsas borcu artıq ödənildiyi təqdirdə, cavabdeh borclunun əmlak və bütün əsaslı mənefeləri baxımından, ondan 104.899 manat məbləğində dəbbə pulu tutulması onun maliyyə vəziyyətinə münasibətdə aşkar tənasübsüzdür. Qətnamə ilə tutulması qət olunan 5000 manat məbləğində dəbbə pulu əsas borcun, təxminən, 5 faizini təşkil edir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamədə Mülki Məcəllənin 467-ci maddəsinə istinadən gəldiyi həmin nəticəni işin hallarına, maddi hüquq normalarına, həm də bununla bağlı məhkəmə praktikasına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarına riayət edilmədiyini, təqdim edilmiş sübutları tam və ətraflı şəkildə araşdırılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır. Məhkmə kollegiyası, həmçinin, cavabdehin də qət olunan dəbbə pulu il razılaşmayan dəlillərini əsassız sayır. Çünki, konkret halda, həm də kredtorun əmlak və bütün əsaslı mənefeləri nəzərə alınmalıdır. Ən azından, qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci maddəsi ilə məhkəməyə, dəbbə pulunu tam ləğv etmək hüququ verilmir. Ona görə də məhkəmə kollegiyası cavabdehin də apellyasiya şikayətinin qətnamənin əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır. Beləliklə də, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1256/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsində gəldiyi nəticəni faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələblərini nəzərə alaraq, yekunda belə qənaətə gəlir ki, tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1256/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 393, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i:

İddiaçı “xxxx”xxxx“X6 və Ticaret Anonim Şirkəti"nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1256/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən (mübahisələndirilən hissələrində) saxlanılsın. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar