Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-435/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.12.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanılmış 02.05.2019-cu il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh2-nin ünvan 1 ünvanda yerləşən 173,1 kv.m ümumi sahəsi olan 1 saylı qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi və 01.05.2019-cu il tarixdən qətnamə icra edilən tarixə qədər hər ay 1500 manat və eyni zamanda əlavə olaraq hər gün üçün 75 manat hesablanılmaqla Cavabdeh2-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMCyə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-dən vurulmuş maddi ziyanın əvəzi olaraq 19160 manat pulun, 60000 manat məbləğində əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzi olaraq 50000 manat pulun, icarə müqaviləsinə xitam verilərsə obyektdə qalan və ayrılıb götürülməsi mümkün olmayan əmlaka görə isə 10000 ABŞ dollar məbləğində pulun Cavabdeh2-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.12.2019-cu il tarixli 2-2(82)-1089/2019 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanılmış 02.05.2019-cu il tarixli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh2-nin icarə müqaviləsinin obyekti olan ünvan 2 ünvanında yerləşən 173,1 kv.m. ümumi sahəsi olan 1 saylı qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin İddiaçı MMC-yə təhvil verilməsi, Cavabdeh2-dən 01.05.2019-cu il tarixdən qətnamə çıxarıldığı günə qədər olan müddət üçün 10209,67 manat (on min iki yüz doqquz manat altmış yeddi qəpik) məbləğində icarə haqqı və icarə haqqının ödənilməsinin gecikdirilməsinə görə 500 (beş yüz) manat dəbbə pulu, cəmi 10709,67 manat (on min yeddi yüz doqquz manat altmış yeddi qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pulun tutulması, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi, qalan hissədə iddianın rədd edilməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlanmış 02 may 2019-cu il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən ona məxsus olan ünvan 1 ünvanda yerləşən 173,1 kv.m ümumi sahəsi olan 1 saylı qeyri-yaşayış sahəsini “Şirniyyat evi” qismində icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən ƏDV daxil 1500 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı bildirir ki, icarəçi üzərinə düşən vəzifələri yerinə yetirmədiyindən, icarəyə verən tərəfindən icarəçiyə bildiriş-xəbərdarlıq göndərilərək icarə obyektinin boşaldılaraq təhvil verilməsi bildirilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən icarə obyektləri təhvil verilməyib, icarə haqları ödənilməyib və icarə obyektindən qanunsuz olaraq sahiblik edir. İcarə müqaviləsinin şərtlərinə görə icarəyə verən istənilən vaxt 10 gün qabaqcadan xəbərdarlıq etməklə müqaviləni birtərəfli qaydada poza bilər. İcarəçi tərəfindən bu zaman əmlak təhvil verilmədiyi təqdirdə icarəçi hər gecikdirilmiş gün üçün icarə haqqının 5% həcmində məsuliyyət daşıyır və bu hal icarəçini icarə haqqını ödəməkdən azad etmir. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, icarə haqqının ödənişi ilə bağlı yaranmış mübahisəyə səbəb məhz İddiaçı MMC-nin əməkdaşlarının hərəkətləri olmuşdur. Belə ki, ilin əvvəlindən icarədə olan obyektin qabağı tamam sökülmüş və bu səbəbdən obyektə giriş məhdudlaşdırılmışdır. Həmçinin icarəçiyə məxsus 2000 ABŞ dollara başa gəlmiş reklam lövhəsi sındırılmış, yararsız vəziyyətə salınmışdır. Bu dözülməz vəziyyət iki aydan çox davam etdiyindən və obyektin girişində işçinin birinin yıxılmasına səbəb olduğundan haqlı narazılıqlara səbəb olmuş, həm də bu vəziyyət MMCnin iş fəaliyyətini də məhdudlaşdırmışdır. Ona görə də, buna etiraz edilərək, təmir işləri başa çatdırılmayınca icarə haqqının ödənilməyəcəyi bildirilmişdir. Bundan başqa, icarəyə verən icarəçini çıxılmaz vəziyyətdə qoymaq məqsədi ilə elektrik xəttini kəsmiş və bu da icarəçiyə böyük məbləğdə ziyan vurmuşdur. Bununla bağlı tərəflər arasında mübahisə baş vermiş və sonunda cavabdeh tərəf danışığa gəlib, bir ayın pulu ödənilərsə, təmir işlərini tezliklə başa çatdıracaqlarını vəd etmişlər. İcarəçi vədlərinə inanıb, pulu ödəmişdir. Lakin üstündən 10-15 gün keçməsinə baxmayaraq, təmir işləri ilə bağlı vəziyyət dəyişməz qalmışdır. 15 gündən sonra isə kanalizasiya sistemi işləməmişdir. Sonradan məlum olmuşdur ki, kanalizasiya borusunu cavabdeh icarəçinin sahədən istifadə edə bilməməsi üçün qəsdən kəsmişdir. Sonradan icarəyə verən elektrik xətlərini yenidən kəsmiş, bu səbəbə görə qapıların jalüzlərinin açmaq və içəri girmək mümkün olmamışdır. Bununla bağlı müxtəlif instansiyalara şikayət və müraciətlə bağlı, səlahiyyətli şəxslərin qarışması nəticəsində 07.08.2019-cu il tarixdə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Xarab olmuş hazır şirniyyat məhsulların dəyəri 10670 manat, 1790 manat məbləğində müxtəlif şirniyyat üçün məzəmələr və 4000 manat məbləğində meyvə qurusu, qaymaq və s. xırda məzəmələr tam şəkildə yararsız hala düşmüşdür. Qısa qapanmadan iki soyuducu kamera sıradan çıxmış, onlardan birinin bərpası 700 manata mümkün olmuş, digərinin isə bərpası mümkün olmamışdır. İddiaçı MMC tərəfindən törədilmiş delikt 2 ay müddətində iş yerinin bağlı qalması və nəticələrinin aradan qaldırılması üçün bir ay vaxt sərf edildiyindən, 3 ay MMC-nin fəaliyyəti iflic olmuş və müqavilə öhdəliklərin yerinə yetirilməsi mümkün olmamışdır. Bununla həm MMC-nin işgüzar nüfuzu zəifləmiş, həm də 3 aylıq dövriyyədən əldə edilən bilən 60000 manat gəlir məbləği əldən çıxmışdır. Həmçinin qeyri-yaşayış sahəsi ayrılıb obyekt şəklində təmir edilən zaman, qarşılıqlı razılaşma ilə kanalizasiya sisteminin qurulması üçün ilkin icarəyə verən olan əmlak sahibi “AKKORD” şirkətinə, icarəçi tərəfindən 10000 ABŞ dollar məbləğində vəsait ödənilmişdir. Yəni həmin məbləğ icarə haqqından başqa, əmlakın dəyərinə daxil olmuşdur. İcarə müqaviləsinə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilib, icarə obyekt geri götürülərsə, qeyd olunan 10000 dollar məbləğində pul iddiaçıya dəymiş ziyan hesab edilməli və cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, müqavilənin bağlandığı 01 may 2019-cu il tarixdən qətnamə çıxarıldığı günə qədər olan (6 ay 25 günlük) müddət üçün 10209,67 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. Həmin faktı cavabdeh özü də etiraf edir. Mülki Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 692.1-ci maddəsinə görə kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. Həmin Məcəllənin 692.2 və 692.2.1-ci maddələrində isə təsbit olunmuşdur ki, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilənin bağlandığı 01 may 2019-cu il tarixdən qətnamə çıxarıldığı günə qədər olan (6 ay 25 günlük) müddət üçün ödənilməli olan 10209,67 manat məbləğində icarə haqqının ödənilməsini və müqaviləyə xitam verilməsini (ləğv edilməsini) tələb etməkdə tam haqlıdır. Həmçinin kollegiya hesab edir ki, gecikdirilmiş günlərə görə cərimənin tutulması barədə tələblər də qismən əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinə əsasən icarəçi icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmədikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 2% miqdarında icarəyə verənə cərimə ödəyir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilənin tarixini, icarə haqqının dəyərini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının tutulmasını tələb etdiyi (hər gün üçün 75 manat) dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləği azaldaraq 500 manat məbləğində müəyyənləşdirmişdir. İddiaçı tərəfindən irəli sürülmüş icarəyə verilən sahənin boşaldılması tələbi isə Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən əsaslıdır. Belə ki, həmin maddənin tələblərinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Qarşılıqlı iddia tələbləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı göstərilmişdir. Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda İddiaçı MMC-nin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki Cavabdeh2 ümumiyyətlə zərərin mövcud olması və bu zərərin vurulmasına səbəb olan İddiaçı MMC-nin qanunsuz hərəkətlərinin təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh2-nin istinad etdiyi dəlillər və təqdim etdiyi sənədlər – 07 avqust 2019-cu il tarixli akt, “xxxx” ASC-nin 31 oktyabr 2019-cu il tarixli məktubu, “xxxx” MMC-nin müstəqil auditor hesabatı və X1 ifadəsi isə bu halları təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, 07 avqust 2019-cu il tarixli aktda malların xarab olması qeyd olunsa da, akt birtərəfli qaydada yalnız Cavabdeh2-nin öz işçiləri tərəfindən tərtib olunmuşdur. “xxxx” ASC-nin 31 oktyabr 2019-cu il tarixli məktubunda kanalizasiya xəttinin İddiaçı MMC-nin əməkdaşları tərəfindən kəsilməsi qeyd olunsa da, bu hala görə zərərin əmələ gəlməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “xxxx” MMC-nin müstəqil auditor hesabatı isə yalnız “xxxx” MMC-nin özü tərəfindən təqdim olunmuş maliyyə hesabatlarına əsaslanmışdır. Bundan başqa birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 3-cü maddələrindən göründüyü kimi auditor fəaliyyəti təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının yoxlamasından ibarət olmaqla auditorlar qeyri-yaşayış sahəsində elektrik enerjisinin kəsilməsi səbəblərini araşdırmaq və göstərilən hallar barədə gəldikləri nəticələri hesabatlarında əks etdirmək səlahiyyətlərinə malik deyillər. X1 ifadəsindən isə müəyyən olunur ki, o, İddiaçı MMC-nin əməkdaşları tərəfindən hər hansı hərəkətlərin edilməsinin birbaşa şahidi olmamış və bununla bağlı onda olan məlumatlar cavabdehin rəhbərindən alınan məlumatlardır. Göründüyü kimi cavabdehin təqdim etdiyi sübutlarla iddiaçı tərəfindən delikt törətməsi və bunun nəticəsində cavabdehə zərər dəyməsi təsdiq olunmur. Bu baxımdan kollegiya hesab edir ki, zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, obyektdə qalan və ayrılıb götürülməsi mümkün olmayan əmlaka görə 10000 ABŞ dollar məbləğində pulun tutulması barədə tələblər də təmin edilə bilməz. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndində isə təsbit olunmuşdur ki, icarəyə götürülmüş əmlak icarəyə verənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 680.2-ci maddəsinə görə kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 1087.1-ci maddəsinə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə görə əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi icarəçi yalnız icarəyə verənin razılığı ilə və onun mənafeyinə uyğun olan icarəyə götürülmüş əmlak üzərində edilən yaxşılaşdırılmalar üçün çəkilən xərclərin ödənilməsini tələb edə bilər. Cavabdeh isə iddiaçının razılığı ilə və ya iddiaçı ilə 02.05.2019-cu il tarixdə icarə müqaviləsi bağladıqdan sonra mübahisəli qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına ümumiyyətlə istinad etməmişdir. Əvvəlki icarəyə verənlə olan münasibətlər isə hazırki mübahisənin predmetini təşkil etmir. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1089/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-435/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-435/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver