Məhkəmə qərarları › İş №e-2-2(3-1)-41/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2-2(3-1)-41/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-41/2026 10.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Iddiaçı “X4” MMC-nin cavabdeh Cavabdeh qarşı icarə müqaviləsi öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbi barədə kommersiya mübahisəsi (Açar söz: öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçı “X4” MMC-nin cavabdeh Cavabdeh qarşı icarə müqaviləsi öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli qətnaməsindən iddiaçı “X4” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İ. Işin halları

1. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli, 13-1/2-*****/**** №-li icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən bu müqavilə bir tərəfdən bu Müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş əmlakın mülkiyyətçisi Azərbaycan Respublikasının qanunlarına əsasən təsis olunmuş və ## ###### 2024-cü il tarixdə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərən "X4" MMC-nin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən X3 (bundan sonra "Icarəyəverən" Mülkiyyətçi) və digər tərəfdən (bundan sonra "Icarəyə götürən" Icarəçi") Ordubad rayonu, Üstüpü kəndində qeydiyyatda olan fiziki şəxs Cavabdeh arasında Naxçıvan şəhərində bağlanmışdır.

2. ##.##.2025-ci il tarixli 13-1/2-*****/**** №-li icarə müqaviləsinə Əlavə 1-in: 1.1-ci bəndinə əsasən ##.##.2025-ci il tarixdən 1 (bir) il müddətinədək icarə sahəsi üçün bir aylıq icarə haqqı 99,83 (doxsan doqquz manat 83 qəpik) manatdır. 1.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 84.60 (səksən dörd manat 60 qəpik) manatdır. 1.3-cü bəndinə əsasən aylıq icarə haqqına X1 (ƏDV) 15,23 (on beş manat 23 qəpik) manat vəsait isə X7 qeydiyyatda olan "X4" MMC-nin hesabına ödənilir.

3. ##.##.2026-cı il tarixli, **-*-*/*-**-****/**** nömrəli icarə borcu haqqında maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh iddiaçı “X4” MMC-ə qarşı 412,09 (dörd yüz on iki manat 09 qəpik) manat məbləğində icarə borcu, 168,2 (yüz altmış səkkiz manat 20 qəpik) manat məbləğində ƏDV borcu olmaqla ümumilikdə 580,29 (beş yüz səksən manat 29 qəpik) manat məbləğində borcu vardır.

4. Qeyd edilən maliyyə arayışında qeyd olunur ki, icarədar sonuncu ödənişi ##.##.2025-ci il tarixində 300 AZN məbləğində həyata keçirmişdir (Ref №: 24747079132/1137783922, ##.##.2025). II. Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı “X4” MMC ## ### 2026-cı il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək ## ######## 2025-ci il tarixdə bağlanmış, **-*/*-*****/**** nömrəli icarə müqaviləsi üzrə yaranmış 412,09 (dörd yüz on iki manat 09 qəpik) manat məbləğində icarə borcu, 168,2 (yüz altmış səkkiz manat 20 qəpik) manat məbləğində ƏDV borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, 30 (otuz) manat məbləğində cərimə borcunun, ümumilikdə 640,29 (altı yüz qırx manat 29 qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq "X4" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ######## 2025-ci il tarixində cavabdeh Cavabdeh ilə "X4" MMC arasında **-*/*-*****/**** nömrəli Icarə müqaviləsi bağlanılmış, həmin Icarə müqaviləsinə əsasən "X4" MMC-yə məxsus olan Ordubad stansiyasının ərazisində Rabitə Evi binasında yerləşən, ümumi sahəsi 9 kv.m təşkil edən icarə sahəsini ərzaq mağazası kimi fəaliyyət göstərmək məqsədilə 1 (bir) il müddətinə cavabdeh Cavabdeh icarəyə verilmiş, cavabdeh isə öz növbəsində, bu müqavilədə nəzərdə tutulmuş qaydada və miqdarda icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilənin qiymət və ödəniş qaydasında göstərilən Icarə sahəsi üçün bir aylıq icarə haqqının məbləği icarəyə verilən 9 kv.m olan Icarə sahəsinə görə hər ay üçün 84.6 (səksən dörd manat 60 qəpik) manat əsas və 15,23 (on beş manat 23 qəpik) manat ƏDV məbləğində müəyyən edildiyini, cavabdehin borcunun aylar üzrə əsas borc və ƏDV üzrə aşağıdakı qaydada formalaşdığını, belə ki, 2025-ci ilin feval – avqust ayları üzrə yalnız ƏDV borcu yarandığını, bu dövr üzrə müvafiq olaraq fevral ayı üçün 2,64 (iki manat 64 qəpik) manat, mart – avqust aylarının hər biri üzrə 15,23 (on beş manat 23 qəpik) manat məbləğində ƏDV borcu mövcud olduğunu, 2025-ci ilin sentyabr – dekabr ayları üzrə isə həm əsas borc, həm də həmin borca hesablanmış ƏDV borcu ödənilmədiyini, bu ayların hər biri üzrə 84,6 (səksən dörd manat 60 qəpik) manat əsas borc və 15,23 (on beş manat 23 qəpik) manat ƏDV borcu olmaqla ümumilikdə hər ay üçün 99,83 (doxsan doqquz manat 83 qəpik) manat borc yarandığını, bundan əlavə ##.##.2026 – ##.##.2026-cı il tarixlərini əhatə edən dövr üzrə 73,69 (yetmiş üç manat 69 qəpik) manat əsas borc və 13,26 (on üç manat 26 qəpik) manat məbləğində ƏDV borcu olmaqla ümumilikdə 86,96 (səksən altı manat 95 qəpik) manat borc yarandığını, cavabdehin ödəməli olduğu 412,09 (dörd yüz on iki manat 09 qəpik) manat məbləğində icarə borcu, 168,2 (yüz altmış səkkiz manat 20 qəpik) manat məbləğində ƏDV borcu olmaqla ümumilikdə 580,29 (beş yüz səksən manat 29 qəpik) manat məbləğində borcun ödənilməsi üçün tərəflərindən elektron qaimələr göndərilməsinə baxmayaraq, həmin qaimələr üzrə indiyədək onlara heç bir ödəmə edilmədiyini bildirən iddiaçı, bu müqaviləyə edilən əlavə №*-də göstərilən qiymət və ödəniş qaydasının 1.5ci bəndinə uyğun olaraq icraçıdan icarə haqqının hər ödənilmədiyi gün üçün icarə haqqının 0.1% (sıfır nöqtə bir faizi) məbləğində dəbbə pulu ödənilməsi nəzərdə tutulduğunu, ödənilməmiş icarə haqqının ödənilməsi üçün cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edərək məsələnin həll edilməsinə çalışıldığını, buna baxmayaraq cavabdeh icarə haqqını ödəməkdən imtina etdiyini, cavabdehə müqavilədə təyin olunmuş icarə haqqlarının tam şəkildə Cəmiyyətin hesabına ödənilməsi üçün "X4" MMC tərəfindən ##.##.2026-cı il, ##.##.2026-cı il tarixlərində 14-5-2/2- 945/2026, **-*-*/*-****/**** nömrəli xəbərdarlıq məktubları göndərildiyini, bununla belə göndərilən məktubların tələblərinə məhəl qoyulmadığını, ona görə də cavabdehə qarşı yaranan pul öhdəliyinin icra edilməsi tələbi ilə Məhkəməyə müraciət etmək zərurəti yarandığını qeyd etmişdir.

7. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (işə baxan hakim Elşən Salmanov) ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ##.##.2025-ci il tarixli, 13-1/2-*****/**** №-li icarə müqaviləsi üzrə icarə borcu və ƏDV borcu birlikdə olmaqla 186,27 (bir yüz səksən altı manat, iyirmi yeddi qəpik) manat və 9,31 (doqquz manat, otuz bir qəpik) manat cərimə borcu, həmçinin 9,62 (doqquz manat, altmış iki qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh (VÖEN: **********; FIN: *******; Qeydiyyatda olduğu ünvan: Ordubad rayonu, Üstüpü Ə/D, Üstüpü kəndi) tutularaq iddiaçı “X4” MMC-nin (VÖEN: **********) хеyrinə ödənilməsi, qalan 20,38 (iyirmi manat, otuz səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iş üzrə tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı “X4” MMC ilə cavabdeh Cavabdeh arasında ## ######## 2025-ci il tarixli, 13-1/2- *****/**** №-li icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında, iddiaçıya məxsus Ordubad stansiyasının ərazisində Rabitə Evi binasında yerləşən, ümumi sahəsi 9 kv.m təşkil edən icarə sahəsini (bundan sonra "Əmlak" adlandırılacaq) ərzaq mağazası kimi fəaliyyət göstərmək məqsədilə cavabdehə müddətli icarəyə (qısa müddətli istifadəyə) vermiş, cavabdeh isə həmin əmlakı icarəyə götürmüş və bunun əvəzində bu müqaviləyə Əlavəyə (Qiymət və ödəniş qaydası) əsasən icarə haqqını iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə belə hesab etmişdir ki, iş materiallarında olan iddiaçı və cavabdeh arasında ## ######## 2025-ci il tarixli, 13-1/2-*****/**** №-li bağlanmış icarə müqaviləsi və həmin icarə müqaviləsinə Əlavə 1-dən aydın görünür ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuş, adı çəkilən icarə müqaviləsi və ona əlavəyə əsasən icarə münasibətlərinin başlanğıc tarixi ## ######## 2025-ci il tarixdən bir il müddətinədək nəzərdə tutulmuşdur. Həmin müqaviləyə qoşulmuş Əlavə 1-ə əsasən Icarəçi icarəyə verənə 99,83 (doxsan doqquz manat səksən üç qəpik) manat məbləğində aylıq icarə haqqı ödəməlidir. Iddiaçı ## ### 2026-cı il tarixli iddia ərizəsində cavabdehdən icarə müqaviləsi üzrə yaranmış borcunun 412,09 (dörd yüz on iki manat 09 qəpik) manat məbləğində icarə borcu, 168,2 (yüz altmış səkkiz manat 20 qəpik) manat məbləğində ƏDV borcu, 30 (otuz) manat məbləğində cərimə borcu olaraq tələb edir. Iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş **-*- */*-**-****/**** nömrəli icarə borcu haqqında maliyyə arayışında göstərilmiş 02.2025, 03.2025, 04.2025, 05.2025, 06.2025, 07.2025 və 08.2025 tarixləri üzrə cavabdehin borcu 94.02 (doxsan dörd manat sıfır iki qəpik) manat və ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli qaimə-fakturada isə cavabdehin borcu 99.82 (doxsan doqquz manat səksən iki qəpik) manatdır. Qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi xarakter daşıyır. Iddiaçı “X4” MMC-nin səlahiyyətli nümayəndəsi ilə cavabdeh Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin tarixi həm iddiaçı “X4” MMC tərəfindən məhkəməyə ünvanlanmış ## ### 2026-cı il tarixli iddia ərizəsində iddiaçı tərəfindən bəyan edilmiş, həm iddiaçı “X4” MMC tərəfindən elektron iddia ərizəsinə qoşulmuş ## ######## 2025-ci il tarixli, 13-1/2-*****/**** №-li bağlanmış icarə müqaviləsində, həm də həmin müqaviləyə qoşulmuş Əlavə 1-dən görünür ki, müqavilə üzrə münasibətlər ## ######## 2025-ci il tarixdən başlamışdır. Bununla da məhkəmə cavabdehin iddiaçı qarşısında öhdəliyinin ## ######## 2025-ci il tarixdən sonra hesablanması, iddiaçı tərəfindən göndərilmiş və cavabdehin ## ######## 2025-ci il tarixdən əvvəlki tarixlər üzrə iddiaçı qarşısında borclu olduğunu göstərən 14-5-2/3- 68- ****/**** nömrəli icarə borcu haqqında maliyyə arayışına əsasən 02.2025, 03.2025, 04.2025, 05.2025, 06.2025, 07.2025 və 08.2025 tarixləri üzrə cavabdehin 94.02 (doxsan dörd manat sıfır iki qəpik) manat məbləğində borcu və ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli qaimə-fakturada isə cavabdehin 99.82 (doxsan doqquz manat səksən iki qəpik) manat məbləğində borcu, tərəflər arasında bağlanmış icarə müqaviləsindən əvvəlki tarixə aid olduğundan, bu halın iddiaçı və cavabdeh arasında bağlanmış ## ######## 2025-ci il tarixli, 13- 1/2-*****/**** №-li icarə müqaviləsi və ona qoşulmuş Əlavə 1-də göstərilmədiyindən və tərəflər arasında icarə münasibətlərinin müqavilə bağlanmadan faktiki olaraq mövcud olduğunu sübuta yetirəcək əsaslı bir sübut olmadığından nəzərə alınmaması qənaətinə gəlmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə ünvanlanmış ödəniş tapşırıqlarından görünür ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı “X4” MMC-nin hesabına ##.##.2025-ci il tarixli, ***********/********* nömrəli ödəniş tapşırığı üzrə 252 (iki yüz əlli iki) manat, ##.##.2025-ci il tarixli, ***********/********** nömrəli ödəniş tapşırığı üzrə 200 (iki yüz) manat, ##.##.2025- ci il tarixli, ***********/********** nömrəli ödəniş tapşırığı üzrə 150 (bir yüz əlli) manat, ##.##.2025-ci il tarixli, ***********/********** nömrəli ödəniş tapşırığı üzrə 300 (üç yüz) manat ödəniş həyata keçirilsə də, ##.##.2025-ci il tarixli, ***********/********* nömrəli, ##.##.2025-ci il tarixli, ***********/********** nömrəli və ##.##.2025ci il tarixli, ***********/********** nömrəli ödəniş tapşırıqları tərəflər arasında bağlanmış icarə müqaviləsindən əvvəlki tarixə aid olduğundan həmin ödəniş tapşırıqlarının nəzərə alınmaması qanunamüvafiqdir. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli, MT2510 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, MT2511 seriyalı, ******** nömrəli, ##.##.2025ci il tarixli, MT2512 seriyalı, ******** nömrəli ##.##.2026-cı il tarixli, MT2601 seriyalı, ******** nömrəli elektron qaimə-fakturalardan, həmçininin icarə borcu haqqında maliyyə arayışından 09.2025, 10.2025, 11.2025, 12.2025 və ##.##.2026-##.##.2026-cı il tarixləri üzrə cavabdehin iddiaçıya aralarında yaranmış icarə münasibətlərinə əsasən 486,27 (dörd yüz səksən altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borcu yarandığı, ##.##.2025-ci il tarixli, ***********/********** nömrəli ödəniş tapşırığı üzrə 300 AZN ödədiyi, beləliklə 186.27 (bir yüz səksən altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borcu olduğu məlum olmuşdur. Məhkəmə borclu tərəfindən lazımınca icra edilməmiş öhdəlik üzrə yaranmış cəriməyə münasibətdə bildirmişdir ki, ##.##.2025-ci il tarixli, 13-1/2-*****/**** №-li icarə müqaviləsinin 1.5-ci bəndi ilə cərimələrin hesablanması nəzərdə tutulsa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən iddiaçı əsas borcdan əlavə 9,31 (186,27 x 5% = 9,31) manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə sonda belə qənaətə gəlmişdir ki, cavabdeh Cavabdeh iddiaçı “X4” MMC-nin хеyrinə ## ######## 2025-ci il tarixli, 13-1/2-*****/**** №-li icarə müqaviləsi üzrə icarə borcu və ƏDV borcu birlikdə olmaqla 186,27 (bir yüz səksən altı manat, iyirmi yeddi qəpik) manat və cərimə borcu 9,31 (doqquz manat, otur bir qəpik) manat məbləğində pul vəsaiti tutulmaqla iddiaçıya ödənilməlidir.

III. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan iş üzrə iddiaçı “X4” MMC nümayəndəsi vasitəsilə sözügedən qətnamədən apellyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə iddia tələbi əsassız olaraq qismən təmin edilmiş, iddiaçının qanuni tələbinin qalan hissəsi isə təmin edilməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, müqavilə şərtlərinin müqavilə bağlanana qədər yaranmış münasibətlərə tətbiq edilməsi yalnız tərəflərin bu barədə razılığı olduqda və ya müqavilə bağlanana qədər faktiki hüquq münasibətlərinin mövcudluğu sübuta yetirildiyi halda mümkündür. Lakin məhkəmə həmin hüquqi mövqeyə baxmayaraq, iş materiallarında mövcud olan sübutları qarşılıqlı əlaqədə qiymətləndirməmiş və nəticədə Mülki Məcəllənin 399.2-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb edən halları düzgün müəyyən etməmişdir. Bundan əlavə, iş materiallarında cavabdeh tərəfindən müqavilə bağlanmazdan əvvəl müxtəlif tarixlərdə iddiaçının hesabına ödənişlərin həyata keçirildiyini təsdiq edən ödəniş sənədləri mövcuddur. Həmin ödənişlər tərəflər arasında ##.##.2025-ci il tarixindən əvvəl də davamlı hüquq münasibətlərinin mövcud olduğunu göstərən yazılı sübutlar olmaqla, məhkəmə tərəfindən Mülki Məcəllənin 399.2-ci maddəsinin tətbiqi baxımından qiymətləndirilməli idi. Belə ki, iş üzrə tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli icarə müqaviləsi tərəflər arasında mövcud olan hüquq münasibətlərinin davamı kimi bağlanmışdır. Hazırkı apellyasiya şikayətinə əlavə edilən 2024-cü il tarixli icarə müqaviləsi tərəflər arasında həmin hüquq münasibətlərinin müqavilənin bağlanmasından əvvəl də mövcud olduğunu təsdiq edən yazılı sübutdur. Həmin müqavilə iddia tələbinin predmetini və ya əsasını dəyişdirmir, yalnız birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan, müqavilədən əvvəl hüquq münasibətlərinin sübuta yetirilməməsinə dair nəticənin aradan qaldırılmasıməqsədilə əlavə yazılı sübut kimi təqdim edilir. Iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli **- */*-*****/**** nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdehə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi istifadəyə verilmişdir. Bundan əlavə, iş materiallarına tərəflər arasında aparılmış hesablaşmaları təsdiq edən ödəniş tapşırıqları, maliyyə arayışları, hesabfakturalar və digər yazılı sübutlar əlavə edilmişdir. Iş üzrə mövcud olan ödəniş sənədləri, maliyyə arayışları, qaimələr və müqavilə birlikdə qiymətləndirildiyi halda tərəflər arasında müqavilənin bağlanmasından əvvəl də faktiki icarə münasibətlərinin mövcud olması, habelə həmin münasibətlər çərçivəsində ödənişlərin həyata keçirilməsi müəyyən edilə bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin müəyyən etdiyi hallar, nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları qəbul və ya rədd etməsinin səbəbləri, habelə rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Həmin Qərarın 6.3-cü bəndinə əsasən isə sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul və ya rədd edilməsinin səbəbləri aydın izah olunmalıdır. Hazırkı iş üzrə isə məhkəmə iş materiallarında mövcud olan ödəniş sənədlərinin hüquqi nəticəyə niyə təsir etmədiyini izah etməmiş, bununla da qəbul etdiyi qətnaməni tam əsaslandırmamışdır. Hazırkı apellyasiya şikayətinə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsi barədə ##.##.2025-ci il tarixli razılaşma əlavə yazılı sübut kimi təqdim edilir. Sözügedən müqavilə iddia tələbinin predmetini və ya əsasını dəyişdirmir, əksinə, tərəflər arasında ##.##.2025-ci il tarixli müqavilədən əvvəl də eyni predmet üzrə hüquq münasibətlərinin mövcud olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsinin qətnaməsində müqavilədən əvvəl hüquq münasibətlərinin sübuta yetirilməməsi iddia tələbinin qismən təmin edilməməsinin əsaslarından biri kimi göstərildiyindən, həmin halın təsdiqi məqsədilə qeyd olunan müqavilə əlavə yazılı sübut kimi apellyasiya instansiyasına təqdim olunur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. IV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

15. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

18. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

19. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. 445.7 ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

24. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

25. 700.1-ci maddəsinə əsasən Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

26. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

28. Maddə 394-1.3. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin tam təmin edilməsini xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin şikayətin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. VI. Məhkəmə kollegiyasının mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslarını, tərəflərin məhkəməyə təqdim etdikləri sübutları və həmin sübutların qarşılıqlı əlaqəsini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Əvvəla qeyd edilməlidir ki, iddiaçı “X4” MMC tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindən aydın görünür ki, iddiaçı cavabdeh Cavabdeh ## ######## 2025-ci il tarixdə bağlanmış **-*/*-*****/**** nömrəli icarə müqaviləsi üzrə yaranmış 412,09 manat məbləğində icarə borcunun, 168,20 manat məbləğində ƏDV borcunun, 30 manat cərimənin və 30 manat dövlət rüsumunun, ümumilikdə 640,29 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Beləliklə, hazırkı iş üzrə iddianın hüquqi və faktiki əsası tərəflər arasında ##.##.2025-ci il tarixdə bağlanmış **-*/*-*****/**** nömrəli icarə müqaviləsi, həmin müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1 və həmin müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməməsi ilə bağlı hallardır.

45. Iddiaçı iddia ərizəsində borcun hesablanmasını 2025-ci ilin fevral ayından 2026-cı ilin ## ###### tarixinədək olan dövr üzrə aparsa da, həmin hesablamanın bir hissəsinin tərəflər arasında hazırkı mübahisənin hüquqi əsasını təşkil edən ##.##.2025-ci il tarixli icarə müqaviləsinin bağlanmasından əvvəlki dövrə aid olduğu müəyyən edilir. Halbuki, müqavilə üzrə öhdəliyin yaranması, onun məzmunu və tərəflərin hüquq və vəzifələrinin həcmi, bir qayda olaraq, müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən həmin müqavilənin şərtləri əsasında müəyyən edilir. Hazırkı işdə isə tərəflərin ##.##.2025-ci il tarixindən əvvəlki münasibətlərinin məhz mübahisəli iddia tələbinin predmetinə daxil edilməsi barədə ##.##.2025-ci il tarixli müqavilədə hər hansı müddəa müəyyən edilməmişdir.

46. Iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixli, **-*/*-*****/**** nömrəli icarə müqaviləsinə əsasən icarə münasibətlərinin başlanğıcı ##.##.2025-ci il tarixi müəyyən edilmiş, icarə müddəti bir il nəzərdə tutulmuş, icarə haqqının məbləği isə müqaviləyə əlavə edilmiş Qiymət və ödəniş qaydasında müəyyən edilmişdir. Bu baxımdan, həmin müqavilənin şərtlərindən tərəflərin əvvəlki dövr üzrə hər hansı borc münasibətlərini yeni müqavilə çərçivəsində tanıması, təsdiq etməsi və ya həmin borcların yeni müqavilə üzrə öhdəliyin tərkib hissəsi kimi qəbul edilməsi barədə nəticə çıxarmaq mümkün deyildir.

47. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, müqavilənin bağlanmasından əvvəl tərəflər arasında hər hansı hüquq münasibətlərinin mövcud olması ilə həmin münasibətlərdən irəli gələn konkret pul tələbinin hazırkı iddianın predmetinə daxil olması eyni hüquqi məsələ deyildir. Tərəflərin əvvəlki dövrdə də müəyyən münasibətlərdə olması ehtimalı həmin dövr üzrə yaranmış bütün öhdəliklərin avtomatik olaraq sonradan bağlanmış müqavilə üzrə yaranmış borc hesab edilməsinə əsas vermir. Əvvəlki münasibətlərdən irəli gələn borcun sonrakı müqavilə ilə əhatə edilməsi üçün tərəflərin bu barədə iradəsinin, razılaşmasının və ya həmin borcun yeni müqavilə ilə öz üzərinə götürülməsini təsdiq edən hüquqi əsasın mövcudluğu müəyyən edilməlidir.

48. Iddiaçı apellyasiya şikayətində əsasən həmin mövqeyə istinad edərək bildirir ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixindən əvvəl müxtəlif tarixlərdə iddiaçının hesabına ödənişlərin həyata keçirilməsi tərəflər arasında həmin tarixdən əvvəl də davamlı hüquq münasibətlərinin mövcudluğunu təsdiq edir və bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.2-ci maddəsi baxımından nəzərə alınmalı olmuşdur.

49. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, cavabdeh tərəfindən ##.##.2025ci il tarixdə 252 manat, ##.##.2025-ci il tarixdə 200 manat və ##.##.2025-ci il tarixdə 150 manat məbləğində ödənişlərin həyata keçirilməsi tərəflər arasında həmin tarixlərdə müəyyən maliyyə hesablaşmalarının aparıldığını göstərsə də, yalnız ödənişlərin mövcudluğu həmin ödənişlərin konkret olaraq hansı icarə münasibəti üzrə, hansı müqavilə əsasında, hansı dövrə görə və hansı öhdəliyin icrası məqsədilə həyata keçirildiyini özü-özlüyündə müəyyən etmir. Buna görə də həmin ödəniş sənədlərinin mövcudluğu ##.##.2025-ci il tarixli müqavilənin bağlanmasından əvvəl yaranmış hər hansı borcun birmənalı olaraq sonrakı müqavilə üzrə borc kimi tanınması üçün kifayət edən sübut hesab edilə bilməz.

50. Əksinə, iş materiallarında olan ##.##.2025-ci il tarixli, **-*/*-*****/**** nömrəli icarə müqaviləsi və ona əlavə edilmiş sənədlərdən tərəflərin müqavilə münasibətlərinə məhz ##.##.2025-ci il tarixdən başladıqları, icarə haqqının həmin tarixdən etibarən hesablanmalı olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi də məhz bu halı nəzərə alaraq ##.##.2025-ci il tarixindən əvvəlki dövrə aid edilmiş borcları hazırkı iddianın predmetindən kənarda saxlamışdır.

51. Iddiaçı həmçinin apellyasiya şikayətinə ##.##.2024-cü il tarixli icarə müqaviləsini və ##.##.2025-ci il tarixli dəyişiklik barədə razılaşmanı əlavə edərək həmin sənədlərin tərəflər arasında ##.##.2025-ci il tarixindən əvvəl də icarə münasibətlərinin mövcudluğunu təsdiq etdiyini bildirmişdir.

52. Əvvəla kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki mərhələdə belə bir hal müəyyən olunmamışdır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin sənədlər tərəflər arasında əvvəlki dövrdə icarə münasibətlərinin mövcudluğunu müəyyən mənada təsdiq edə bilsə də, bu hal özlüyündə əvvəlki müqavilə üzrə yaranmış borcun hazırkı iddia tələbinin tərkib hissəsi kimi tutulmasına hüquqi əsas yaratmır. Belə ki, əvvəlki icarə müqaviləsi üzrə yaranmış öhdəliklər həmin müqavilənin öz hüquqi əsasına malik olmuşdur. Əgər həmin müqavilə üzrə cavabdehin ödənilməmiş borcu mövcuddursa, bu borcun tutulması əvvəlki müqavilədən irəli gələn ayrıca tələb kimi irəli sürülə və həmin tələb üzrə borcun yaranması, məbləği, ödənilməməsi və digər hüquqi əhəmiyyətli hallar sübuta yetirilə bilərdi. Hazırki mərhələdə iddiaçının ##.##.2024-cü il tarixli icarə müqaviləsini və ##.##.2025-ci il tarixli dəyişiklik barədə razılaşmanı şikayətə əlavə edərək bu müqavilələr əsasında əvvəlki ödəliklərin də icra edilməsini tələb etməsi yeni tələb sayılır və MPM-nin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bir daha qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddiaçının tələbinin əsasını və predmetini əvvəlki müqavilə deyil, məhz ##.##.2025-ci il tarixli, **-*/*-*****/**** nömrəli müqavilə və ondan yaranan öhdəliklər təşkil etmişdir.

54. Iddiaçı apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etməklə birinci instansiya məhkəməsinin sübutları qarşılıqlı əlaqədə qiymətləndirmədiyini iddia edir.

55. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş icarə müqaviləsini, həmin müqaviləyə əlavəni, maliyyə arayışını, elektron qaimə-fakturaları, ödəniş tapşırıqlarını və digər sübutları araşdırmış, onların hər birinin işin hansı halını təsdiq etdiyini müəyyən etmiş və həmin sübutların məcmusu əsasında nəticəyə gəlmişdir. Məhkəmənin ayrı-ayrı ödəniş sənədlərini nəzərə almaması onların mövcudluğunu və ya həqiqiliyini inkar etməsi anlamına gəlmir. Əsas məsələ həmin sənədlərin hazırkı iddia tələbinin predmetinə daxil olan öhdəliyi təsdiq edib-etməməsidir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübut edilmiş faktiki hallar ##.##.2025-ci il tarixli **-*/*-*****/**** nömrəli icarə müqaviləsi üzrə cavabdehin 186,27 manat məbləğində icarə və ƏDV borcunun mövcudluğunu təsdiq edir. Həmin borcun 300 manat məbləğində ödəniş nəzərə alınmaqla hesablanması əsaslı olmuş, ##.##.2025-ci il tarixindən əvvəlki dövrə aid edilmiş məbləğlərin isə hazırkı iddia tələbinin predmetinə daxil edilməməsi düzgün nəticə olmuşdur.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi üçün qanuni əsas yaratmır. Apellyasiya şikayətinin dəlilləri əsasən birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiymətin yenidən qiymətləndirilməsinə yönəlsə də, iş materiallarından həmin qiymətləndirmənin işin nəticəsinə təsir edən hər hansı maddi və ya prosessual hüquq normasının pozulması ilə həyata keçirildiyi müəyyən edilmir.

58. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, “X4” MMC-nin apellyasiya şikayəti isə təmin edilməməlidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar