Məhkəmə qərarları › İş №2-2(103)-44/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-44/2025

06.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-44/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı1 ASC-nin Cavabdeh MMC-yə (Maraqlı şəxs) qarşı müqavilənin ləğvi və tələbin girov predmetinə yönəldilməsi barədə kommmersiya mübahisəsi üzrə barışıq sazişinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının "xxxx" blokunda ümumi sahəsi 20 kv.metrdən ibarət qaraja aid hissəsinin qanuniliyinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 ASC (bundan sonra - “iddiaçı” və ya “Bank”) Cavabdeh MMC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2007-ci il 29 oktyabr tarixli 061/07 nömrəli hüququn girovu müqaviləsinə 2008ci il 28 avqust tarixli əlavəyə əsasən, Banka girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsinin boşaldılması, əmlak tam boşaldıldıqdan sonra açıq hərraca çıxarılaraq satılmaqla əldə edilmiş vəsaitdən cavabdehin 2008-ci il 28 avqust tarixli baş kredit müqavilələrinə əsasən 1.111.025 avro əsas, 204.066 avro hesablanmış faiz borcu olmaqla, cəmi 1.315.091 avro borcun və qətnamə icra olunan günədək həmin məbləğə hesablanmış illik 20% məbləğin və 5000 manat hüquqi xidmət haqqının, 20 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2010-cu il 12 mart tarixli 2-(82)-130/2010 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin hesabından 1.111.025 avro əsas, 204.066 avro faiz borcu olmaqla, cəmi 1.315.091 avro borcun və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – M.Hacıbəyova). İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ərizə ilə müraciət edərək, cavabdehlə aralarında barışıq müqaviləsi bağlandığı bildirərək, məhkəmədən həmin sazişin təsdiq edilməsini xahiş etmişdir. 2010-cu il 2 iyun tarixli barışıq sazişinin şərtlərinə əsasən, cavabdeh iddiaçıya olan 1.315.091 avro borcunun və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının "xxxx" blokunda 2, 6, 7, 10-13, 16-21-ci mərtəbədə yerləşən mənzillərin, 117 ədəd qarajın, 1-ci mərtəbədə 421,8 kv.m-dən, 2-ci mərtəbədə 858,2 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (mağazanın) aşağıda göstərilən şərtlər istisna olmaqla, heç bir şərt olmadan iddiaçının istifadəsinə və sərəncamına verir, sazişdə adı göstərilən şəxslərə satmış olduğu mənzillər üzrə (27 ədəd) 2010-cu il 2 iyun tarixə həmin şəxslərin borc qalıq məbləğlərinin borc bağlananadək yığılması, həmin məbləğlərə istənilən sərəncam verilməsi hüququnu iddiaçıya verir, binanın "xxxx" bloku tikilib başa çatanadək yuxarıda sadalanan bütün əmlaklar, habelə adları göstərilən şəxslərə satmış olduğu mənzillər üzrə 2010-cu il 2 iyun tarixə həmin şəxslərin borc qalıq məbləğlərinin ödənilməsi üçün daxil olacaq bütün pul vəsaitinin 50 %-i cavabdehin, digər 50%-i iddiaçının sərəncamında qalacaq, cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra artıq qalan məbləğ cavabdehin sərəncamına verilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli, 2-1(103)-345/2010 nömrəli qərardadı ilə tərəflər arasında 2010-cu il 2 iyun tarixində imzalanmış barışıq sazişi təsdiq edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir (sədrlik edən-məruzəçi hakim S.Hüseynov, hakimlər S.Seyidova və M.Abbasov). İş üzrə tərəf olmayan Maraqlı şəxs (bundan sonra-“maraqlarına toxunan şəxs” və ya “Maraqlı şəxs”) 2023-cü il 5 iyun tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə və kassasiya şikayəti ilə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərardadının onun maraqlarına toxunduğunu bildirmiş və qərardadın qismən, yəni ona məxsus olan qaraj hissəsində ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 noyabr tarixli 2-2(102)-381/2023 nömrəli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştiraka cəlb edilməyən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş ərizənin təmin edilməsi qərara alınmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və M.Əhmədova). İş üzrə tərəf olmayan Maraqlı şəxs tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(103)-345/2010 nömrəli qərardadının qismən, ona məxsus olan qaraj hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-2(102)-220/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2010-cu il 13 avqust tarixli 2-1(103)-345/2010 nömrəli qərardadının qismən - Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasında Maraqlı şəxs məxsus, ümumi sahəsi 20 kv.metrdən ibarət qaraja aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə1 barışıq sazişinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının "xxxx" blokunda ümumi sahəsi 20 kv.metrdən ibarət qarajın Maraqlı şəxs məxsus olduğundan barışıq sazişinin həmin hissədə təsdiq edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının predmeti yalnız barışıq sazişinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m-dən ibarət 12 nömrəli qaraja aid hissəsinin qanuna uyğun olması və digər şəxslərin maraqlarına toxunmasının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının "xxxx" blokunda ümumi sahəsi 20 kv.metrdən ibarət qaraj Maraqlı şəxs məxsus olduğundan barışıq sazişi həmin hissədə təsdiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi ... 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. ... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. “Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. ... 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. “Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Belə ki, baxılan işin əvvəlki apellyasiya mərhələsində araşdırılması zamanı tərəfləriddiaçı Bankla cavabdeh MMC arasında 2010-cu il 2 iyun tarixli barışıq sazişi imzalanmış və məhkəmə tərəfindən həmin saziş təsdiq edilərək, iş üzrə icraata xitam verilmişdir. Sözügedən sazişlə cavabdeh MMC-nin Banka olan 1.315.091 avro borcunun və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə digər şərtlərlə yanaşı, həmçinin MMC tərəfindən inşa edilən 21 mərtəbəli yaşayış binasının "xxxx" blokunda 117 ədəd qarajın Bankın istifadəsinə və sərəncamına verilməsi razılaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin barışıq sazişinin təsdiq edilməsinə dair 2010cu il 13 avqust tarixli 2-1(103)-345/2010 saylı qərardadından işdə iştiraka cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən MPM-nin 403-cü maddəsinin tələbləri qaydasında ərizə verilmişdir. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-381/23 saylı, 2023-cü il 7 noyabr tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş ərizəyə qiymət verilərək göstərilmişdir ki, mübahisələndirilən məhkəmə aktı ilə ərizəçiyə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m-dən ibarət 12 nömrəli qaraj, onun xəbəri və razılığı olmadan iddiaçı Bankın mülkiyyətinə verildiyindən, sözügedən məhkəmə qərardadı bilavasitə ərizəçiyə aid hissədə onun maraqlarına toxunulmaqla, hüquqlarının pozulması ilə qəbul edilmişdir. Prosessual qanunvericiliyə əsasən, hakimin (məhkəmə tərkibinin) barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi vardır. MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Bu normada göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri-fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2024-cü il 23 fevral tarixli 01/2024 nömrəli qərardadı). Məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsində təqdim edilən barışıq razılaşmasının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m-dən ibarət 12 nömrəli qarajla bağlı şərti Maraqlı şəxs hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmadığı araşdırılmalıdır. Kassasiya məhkəməsi işi yeni baxışa göndərərkən qərarında qeyd etmişdir ki, MPMnin 52.5-ci maddəsində təsbit edilən əsasların olub-olmamasının qiymətləndirilməsi üçün, barışıq sazişinə əsasən iddiaçının sərəncamına verilən, çoxmərtəbəli yaşayış binasının A blokundakı müvafiq qarajların da bu qaydada satılıb-satılmadığını tərəflərlə, xüsusən də cavabdehlə dəqiqləşdirməli, bu faktın mövcud olduğu halda alıcını (və ya alıcıları) iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməli və yalnız bu prosessual hərəkətlərin yerinə yetirilməsindən sonra, barışıq sazişinin təsdiq edilib-edilməməsi barədə əsaslandırılmış qərardad qəbul etməli idi. Kassasiya instansiyasının göstərişinə uyğun olaraq Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən təsdiq edilmiş 2010-cu il 2 iyun tarixli barışıq sazişinin şərtlərindən göründüyü kimi, cavabdeh MMC bu sazişlə, həm də sazişdə adı çəkilən şəxslərə satmış olduğu mənzillər üzrə həmin şəxslərin qalıq borc məbləğlərinin borc bağlananadək yığılması, həmin məbləğlərə sərəncam verilməsi hüququnu da iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası barışıq sazişinin Maraqlı şəxs aid hissədə qanuniliyinin yoxlanılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq, sənədlərin məhkəmə-texniki ekspertizası və məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir. Məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024, xx.xx.2024 və xx.xx.2025-ci il tarixli ekspert rəyləri daxil olmuşdur. xx.xx.2024-cü il tarixli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 12 nömrəli müqavilənin, 25 yanvar 2008-ci il tarixli və 21 fevral 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzlərin üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərlərində bir başa vurulmuşdurlar. Təqdim edilmiş Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli 12 nömrəli müqavilənin, 25 yanvar 2008-ci il tarixli və 21 fevral 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzlərin üzərlərində olan “Azərbaycan Respublikslı Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti* Limited Responsible Society* X8” məzmunlu möhür əksləri təqdim edilmiş xx.xx.2007-ci il tarixli hüququn girov müqaviləsinin ( cild 1 i.v 24-29-cu), xx.xx.2008-ci il tarixli baş kredit müqaviləsinin (cild 1, i.v 67-72-ci), xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əlavənin (cild 1, i.v 73-cü) üzərlərindəki möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. Tədqiq edilmiş X8” MMC ilə Maraqlı şəxs arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli 12 nömrəli müqavilənin, 25 yanvar 2008-ci il tarixli və 21 fevral 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzlərin üzərlərində olan “Azərbaycan Respublikslı Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti* Limited Responsible Society* X8” məzmunlu möhür əksləri təqdim edilmiş xx.xx.2009-cu il tarixli etibarnamənin (cild 1, i.v 66-cı), xx.xx.2010-cu il tarixli etibarnamənin (cild 1, i.v 81-ci), xx.xx.2010-cu il tarixli razılaşmanın (cild 1, i.v 139- 143-cü) üzərlərindəki möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər. xx.xx.2024-cü il tarixli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 1-ci cildinin 24-29-cu vərəqələrində İddiaçı1 ASC ilə Cavabdeh MMC-nin aralarında olan 29 oktyabr 2007-ci il tarixli № 061/07 nömrəli Hüququn Girovu müqaviləsinin 6-cı vərəqində “Girov qoyan: Borclu” hissəsində “X1” qrafasındakı imza; 67- 72-ci vərəqələrində İddiaçı1 ASC ilə Cavabdeh MMC-nin aralarında olan 28 avqust 2008ci il tarixli Baş Kredit müqaviləsinin 6-cı vərəqində “Müştəri" hissəsində “İmza” qrafasındakı imza; 73-cü vərəqində olan xx.xx.2007-ci il tarixli 061/07 saylı İpoteka müqaviləsinə 28 avqust 2008-ci il tarixli № 01 nömrəli əlavənin arxa tərəfində “İpoteka verən: Borclu” hissəsində “X1” qrafasındakı imza; 139-143-cü vərəqələrində olan Cavabdeh MMC-nin ilə İddiaçı1 ASC aralarında olan 02 iyun 2010-cu il tarixli razılaşmanın 1-4-cü vərəqələrinin sol künclərindəki imzalar və 5-ci vərəqin sonunda “Direktor:” qrafasında “Məmmədov E.” Yazısı qarşısındakı imza; 21 fevral 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinin sonunda “Baş mühasib” qrafasındakı imza –eyni şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş 25 yanvar 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinin sonunda “Baş mühasib” qrafasındakı imza; Cavabdeh MMC-nin aralarında olan 26 noyabr 2007-ci il tarixli 12 nömrəli müqavilənin 2-ci vərəqində “Direktor: Məmmədov E.A” qrafasındakı imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 1-ci cildinin 66-cı vərəqində Cavabdeh MMC-nin xx.xx.2009-cu il tarixli etibarnaməsinin sonunda “Direktoru E.A.Məmmədov” yazıların aşağı hissəsindəki imza; 81-ci vərəqində Cavabdeh MMC-nin xx.xx.2010-cu il tarixli etibarnaməsinin sonunda “Direktoru E.A.Məmmədov” yazıların aşağı hissəsindəki imza – eyni şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş nəticənin “1.1-1.2-1.3” bəndələrində göstərilən tədqiq olunan imzalar müvafiq olaraq öz aralarında – müxtəlif şəxslər tərəfindən icra edilmişdir. xx.xx.2025-ci il tarixli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, Maraqlı şəxs ilə “Meqa-Siti Holdinq” arasında bağlanmış xx.xx.2007-cı ıl tarixli 12 №-li müqavilədə, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin - 12 №-li qarajın yerləşməsinə dair ayrıc aktı və ya qarajın yerləşməsinə dair plan-sxem müqaviləyə əlavə edilmədiyindən, eyni zamanda iş materiallarında olan İddiaçı1 ASC ilə “X9” MMC arasında xx.xx.2010-cu il tarixli barışıq sazişində qarajların yerləşməsinə dair ayrıc aktı və ya plan-sxem olmadığından, Cavabdeh MMC ilə Maraqlı şəxs bağlanmış 26 noyabr 2007ci il tarixli 12 nömrəli müqavilədə qeyd olunan Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-cı mərtəbəsində ümumi sahəsi 20 kv. Metrdən ibarət olan qeyri-yaşayış sahəsinin - 12 nömrəli qarajın hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2010-cu il 13 avqust tarixli 2- 1(103)-345/2010 nömrəli qərardadına əsasən İddiaçı1 ASC ilə Cavabdeh MMC arasında 2010-cu il 2 iyun tarixində imzalanmış barışıq sazişində göstərilən 117 ədəd qaraja aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 2-ci və 3-cü suallar üzrə: İş materiallarında Bakı şəhəri, Talıblı küçəsində 0.4 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasına dair layihə sənədləri olmadığından bu suallar üzrə tədqiqat aparılmadı. Qeyd edilənlər ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış 26 noyabr 2007-ci il tarixli, 12 nömrəli müqavilədə, 25 yanvar 2008-ci il tarixli və 21 fevral 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzlərdə möhürlərin cavabdehin digər sənədlərindəki möhürləri ilə eynilik təşkil edir, 21 fevral 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinin sonunda “Baş mühasib” qrafasındakı imza girov, kredit müqavilələrindəki və barışıq sazişindəki imza ilə eynilik təşkil edir. İşdən görünür ki, cavabdeh MMC Maraqlı şəxs ilə 2007-ci il 26 noyabr tarixli, 12 saylı müqavilə bağlamaqla sözügedən qarajı ərizəçiyə sataraq, dəyərini aldığı halda (bunu cavabdeh işdə olan, 2023-cü il 1 mart tarixli məktubu ilə də təsdiq etmişdir), müvafiq barışıq sazişinə əsasən həm də, həmin daşınmaz əmlakın iddiaçı Bankın istifadə və sərəncamına verilməsinə razılıq vermişdir. Ekspertiza tədqiqatlarının nəticəsində 2007-ci il 26 noyabr tarixli, 12 saylı müqavilə və mədaxil orderlərinin həqiqiliyi şübhə doğurmur. İş materiallarında olan sənədlədən görünür ki, ərizəçi ilə MMC arasında bağlanılmış 2007-ci il 26 noyabr tarixli 12 saylı Müqavilənin 3.1-ci bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m-dən ibarət ümumi dəyəri 12.000 ABŞ dolları olan qeyri-yaşayış sahəsi qaraj № 12 ərizəçinin mülkiyyətinə verilmişdir. Həmin qarajın dəyəri ərizəçi tərəfindən tam ödənilmişdir. Eyni zamanda, işdə olan MMC-nin 2023-cü il 1 mart tarixli 204/04 saylı məktubunda qeyd edilmişdir ki, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının "xxxx" blokunda inşa olunmuş qarajların cəmi sayı 117-dir. ASC ilə MMC-nin arasında bağlanmış 2010-cu il 2 iyun tarixili barışıq sazişinə əsasən, digər qarajlarla yanaşı, dəyəri ərizəçi tərəfindən tam ödənilmiş ümumi sahəsi 20 kv.m olan 12 №-li qaraj da MMC tərəfindən ASC-nin mülkiyyətinə verilmişdir. Sözügedən qarajın ərizəçiyə məxsus olması və onun xəbəri və razılığı olmadan həmin qarajın ASC-nin mülkiyyətinə verilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi barışıq sazişinin baxılan hissəsi Maraqlı şəxs hüquq və mənafeyinə toxunduğu üçün təsdiq edilə bilməz. Belə ki, qeyd edilən qaraj sazişdən əvvəl Maraqlı şəxs satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh MMC-nin təsisçisi Nümayəndə5 ifadəsində göstərmişdir ki, o, cavabdeh MMC-nin direktoru deyil, təsisçilərindən biridir. Özü, MMC-nin direktoru və digər təsisçilər MMC-ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş, direktor və digər təsisçilər hal-hazırda cinayət işi üzrə həbsdədirlər.O isə ona təyin olunmuş cəzasını çəkib bitirmişdir. Məhkəmə kollegiyası cavabdeh MMC-nin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olub-olmadığı istiqamətində müzakirə edərək və şahidin göstərdiyi xüsusatları nəzərə alaraq belə qənaətə gəlir ki, iş üzrə MMC-nin barəsində araşdırma aparılması üçün MPM-in 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılması üçün əsaslar yoxdur. Eyni zamanda, ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tərəflər arasında apellyasiya icraatında bağlanmış 2010-cu il 2 iyun tarixli barışıq sazişi qismən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının "xxxx" blokunda Maraqlı şəxs məxsus, ümumi sahəsi 20 kv.metrdən ibarət qaraja aid hissədə təsdiq edilməsin. Apellyasiya qaydasında işə mahiyyəti üzrə baxılması üçün əsaslar olmadığından işə baxılması davam etdirilməsin. 425 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar