Məhkəmə qərarları › İş №2-2(103)-440/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-440/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-440/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-59/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. “Sifarişçi” İddiaçı MTK ilə “podratçı” Cavabdeh MMC arasında 01 mart 2019-cu il tarixli, SBH-003 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı öz işçi qüvvəsi, avadanlığı və alətləri ilə müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında ünvan 1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binası layihəsinin icrası çərçivəsində inşa olunan binalarda bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürür.

2. 01 mart 2019-cu il tarixli, SBH-003 saylı müqavilə üzrə qiymət razılaşma protokoluna əsasən layihəyə uyğun ilkin müəyyən edilmiş qiymət ƏDV daxil olmaqla 4537996,80 manat təşkil edir.

3. 01 mart 2019-cu il tarixli, SBH-003 saylı müqavilə üzrə işlərin icrası qrafikinə əsasən: A, B blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; C, D Blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; E bloku üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; F, G blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il olaraq müəyyənləşdirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MTK Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MTK arasında bağlanmış 01 mart 2019-cu il tarixli “dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə, müqavilə məbləğinin 10 (on) faizi miqdarında, yəni 453790 (dörd yüz əlli üç min yeddi yüz doxsan) manat məbləğində cərimənin, dəymiş zərər olaraq sakinlərə ödənilmiş 233361 (iki yüz otuz üç min üç yüz altmış bir) manat məbləğində kirayə haqqının və 480000 (dörd yüz səksən min) min manat məbləğində əldən çıxmış fayda şəklində pul vəsaitinin, 100000 (yüz min) manat məbləğində mənəvi zərərin, ümumilikdə ******* (bir milyon iki yüz altmış yeddi min yüz əlli bir) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, podratçı A və B blokları üzrə işi 29-30 mart 2020-ci il tarixə, yəni 15 gün gecikmə ilə, C bloku üzrə 29 oktyabr 2020-ci il tarixə, D bloku üzrə 20 sentyabr 2020-ci il tarixə, yəni 5-6 ay gecikmə ilə, E bloku üzrə 24 iyun 2021-ci il tarixə, yəni 1 ay 9 gün gecikmə ilə, F, G bloku üzrə 28 sentyabr 2021-ci il tarixə, yəni 3 ay 13 gün gec təhvil verib. Göründüyü kimi, podratçı sifarişçi ilə arasında olan müqavilənin 5.2ci bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədiyinə görə hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1 faizi məbləğində sifarişçiyə cərimə ödəməlidir. Bu cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10 faizini aşmamalı olduğundan podratçı sifarişçi olan iddiaçıya müqavilə məbləğinin 10 faizi miqdarında, yəni 453790 manat cərimə ödəməlidir. Müqaviləyə 1 saylı əlavə kimi nəzərdə tutulmuş qiymət razılaşdırma protokoluna əsasən müqavilənin ümumi dəyəri ******* (dörd milyon beş yüz otuz yeddi min doqquz yüz doxsan altı) manat təşkil edir. Bundan əlavə podratçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlərin icra qrafikinə uyğun şəkildə yerinə yetirməməsi nəticəsində sifarişçiyə, yəni iddiaçıya əldən çıxmış və əlavə fayda şəklində böyük miqdarda maddi zərər dəymişdir. Belə ki, iddiaçı tərəfindən inşa edilən bina pilot layihə olduğundan iddiaçının həmin binanın tikildiyi ərazidən köçürülmüş sakinlər qarşısında müqavilə öhdəliyi vardır. İddiaçı təqribən 140 sakin qarşısında binanın tikilib başa çatması ilə həmin sakinlərin mənzillə təmin edilənədək onlara aylıq kirayə haqqı ödəmək öhdəliyi yaranmışdır. Bu məbləğ isə C blokunun gecikməsi üzrə 86115 manat, E blokunun gecikməsi üzrə 98873 manat, G blokunun gecikməsi üzrə 48373 manat, cəmi 233361 manat təşkil edir. xx.xx.2021-ci il və digər tarixlərdə podratçı tərəfindən təqdim edilən işlərin icrasında qüsurlarla və icranın gecikdirilməsiylə bağlı pretenziyalar irəli sürülmüşdür. Təqdim edilən işlərin qüsuru və icranın gecikdirilməsiylə bağlı hər dəfə pretenziyalar irəli sürülməsinə baxmayaraq, cavabdeh tərəfindən bu qüsurların aradan qaldırılması ilə bağlı hərəkətsizlik göstərilmişdir. Həmin qüsurlar nəticəsində sifarişçi olaraq əlavə xərclərə məruz qalmışdır. Göstərilənlərdən əlavə podratçı tərəfindən işlərin vaxtında və lazımi keyfiyyətdə yerinə yetirilməməsi nəticəsində iddiaçıya əldən çıxmış fayda şəklində təqribən 480000 manatadək ziyan dəymişdir. Belə ki, sakinlərə kirayə haqqı kimi ödənilmiş 400000 manat əlavə vəsait üzrə Milli Bankın uçot dərəcəsi üzrə (400000*7.5/100=30000) hesablansa, ən azı 30000 əldən çıxmış fayda şəklində ziyana məruz qalmışlar. Bundan əlavə, tikilən binada mənzil satılmış sakinlər qarşısında öhdəlik vaxtında icra edə bilməmişdir. Yəni binanı vaxtında tikib təhvil verməklə, həmin binada mənzil alan sakinlər mənzillərin dəyəri üzrə borclu qaldıqları məbləği ödəməli idilər. Bu məbləğ ümumilikdə ******* manat təşkil edir. Nəticə etibarı ilə ödənişlərin ödənilməsi binanın təhvil verilməsinin gecikdirildiyi müddət qədər yubadılmış, bu məbləğin ******* manat təşkil etdiyini nəzərə alaraq Milli Bankın uçot dərəcəsi ilə hesabladıqda, iddiaçı ən azı 450000 manat əldən çıxmış fayda şəklində zərərə məruz qalmışdır. İddiaçı MTK tikinti sahəsində öz işgüzar nüfuzu ilə yüksək reytinqə malik bir şirkətdir. Podratçının işləri gecikdirməsi və vaxtında təhvil verməməsi nəticəsində işgüzar nüfuza ziyan dəymişdir. Belə ki, işlərin vaxtında təhvil verilməməsi həmin binadan mənzil alan sakinlərin narazılığına, MTK-ya olan etibarın, inamın azalmasına səbəb olmuş, nəticədə İddiaçı MTK-nın mənzilin tikintisi və satışı bazarında satıcılıq qabiliyyəti, nüfuzu böyük zərərə malik qalmışdır. Bu zərəri təqribən 100000 manat məbləğində dəyərləndirilir.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri layiqincə, keyfiyyətlə və vaxtında yerinə yetirib tikintini cavabdeh İddiaçı MTK-ya təhvil vermişdir. İşlərin təhvil verilməsində gecikmələr baş verib, lakin həmin gecikmələr cavabdehin təqsiri ucbatından yox, iddiaçıya görə olub. Belə ki, sonuncu blokun yeri 2021-ci ilin yanvar ayında hazır deyildi. A və B bloklarında gecikmə olmayıb. Gecikmə olsa idi, sifarişçinin müqaviləyə xitam vermə hüququ var idi. Sifarişçı tərəfindən bəzi hallarda ödəmələr 70-80 gün gecikdirilmişdir. Bu səbəblərdən binaların tikintisinə vaxtında başlaya bilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-59/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 01 mart 2019-cu il tarixli “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinə əsasən öhdəliyin icrasının gecikdirilməsinə görə 453790 (dörd yüz əlli üç min yeddi yüz doxsan) manat məbləğində cərimə, zərər olaraq sakinlərə ödənilmiş 233361 (iki yüz otuz üç min üç yüz altmış bir) manat məbləğində kirayə haqqı, cəmi 687151 (altı yüz səksən yeddi min yüz əlli bir) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pulun 72,5 manat (yetmiş iki manat əlli qəpik) hissəsinin İddiaçındən, 72,5 manat (yetmiş iki manat əlli qəpik) hissəsinin isə Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, podrat müqaviləsinin 3.2.5 və 3.2.14-cü bəndlərinə əsasən iddiaçı tikinti meydançasını tam hazır edib cavabdehə təqdim etməlidir. İddiaçının elektron kabinetə yerləşdirdiyi evləri sökülməli olan sakinlərlə bağlanılan 2 müqavilə (xx.xx.2020-ci il - X3 və xx.xx.2020-ci il - X5) sübut edir ki, iddiaçı tikinti meydançasını cavabdehə xx.xx.2020-ci il tarixində təhvil verə bilməzdi, çünki sökülməli olan evlərin son mülkiyyətçisi ilə müqavilə yalnız xx.xx.2020-ci ildə imzalanmışdır. Buna görə də tikintinin gecikdirilməsi ekspertin başlanğıc nöqtə kimi götürdüyü xx.xx.2019-cu il tarixindən hesablana bilməzdi, ən azı bu tarix xx.xx.2020-ci il olmalı idi. Bu faktı iddiaçı özü məhkəməyə təqdim edib və onun sübuta ehtiyacı yoxdur və bu fakt sübut edir ki, tikintidə gecikmə iddiaçının öz öhdəliyini vaxtında yerinə yetirməməsinə görə olmuşdur. Bu halda zərərin hesablanması zamanı məhkəmə Mülki Məcəllənin tətbiq edilməli olan 21.3-cü maddəsini tətbiq etməmişdir. Ekspert rəyi birtərəfli, qanunsuz, obyektiv reallığı əks etdirmədiyindən onun sübutlar siyahısından çıxarılması haqqında cavabdehin vəsatəti məhkəmə tərəfindən baxılmamışdır. Ekspert heç bir tədqiqat aparmamışdır. Tikinti meydançası (iddiaçının sənədləri ilə təsdiq olunur) cavabdehə xx.xx.2020-ci ildən sonra təhvil verildiyi halda ekspert hesabat üçün başlanğıc nöqtə kimi müqavilədə nəzərdə tutulan xx.xx.2019-cu ilə istinad etmişdir. Bununla da süni olaraq 463 gün gecikmə hesablanmışdır. Ekspertin rəyi qanunvericilik normalalarının tələbləri nəzərə alınmadan verilmişdir. Belə ki, rəydə Əmək Məcəlləsinin 233-cü maddəsinin 3-cü bəndində istinad edilən 2 saylı əlavənin 2 və 3-cü bəndlərini nəzərə alınmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internetdə olan açıq arxiv məlumatlarına əsasən iddiaçının və ekspertin istinad etdiyi xx.xx.2020-xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə 143 gün Bakı şəhərində küləyin gücü 2-6 bal və daha artıq olmuşdur. ƏM-nin 233-cü maddəsinin 3-cü bəndinə əsasən belə hava şəraitində (143 gün) müddətində hündürmərtəbəli binada beton işləri, tikinti quraşdırma işləri aparıla bilməzdi. Ekspert tərəfindən Əmək Məcəlləsinin bu tələbi hesabatda nəzərə alınmamışdır. Bu hall müqavilə bağlanan zaman tərəflər bunun baş verə biləcəyini nəzərə ala bilməzdilər, yəni 143 gün müddətində qarşısıalınmaz qüvvənin - küləyin təsirinə görə tikinti quraşdırma işlərini apara bilməmək cavabdehin iradəsindən kənar olan haldır və ekspert bunu mütləq nəzərə almalı idi. Məhkəmənin tərəfin təqdim etdiyi sübutları hazırlıq mərhələsində verilməli olması səbəbi ilə qəbul etməməsi AİHM-nin hüquqi mövqeyi ilə ziddiyət təşkil edir. Məhkəmədə əsaslandırmış və müvafiq yazılı sübut təqdim edərək sübutların işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edə bilməməklərinin səbəbini izah etmişlər ki, məhkəmə təsisçinin hazırlıq iclasının başqa vaxta keçirilməsi haqqında 08 yanvar 2023-cü il tarixli vəsatətini təmin etməmiş, bununla da onların ekspert rəyi ilə bağlı əlavə sübutlarını məhkəməyə təqdim etmək imkanından məhrum etmişdir. Sübut etmişlər ki, əvvəllər bu sübutların mövcudluğu haqqında tərəfdə məlumat olmamışdır. Təsisçi tərəfindən ona məxsus olan və təmir tələb edilən, buna görə də istifadəsi qeyri-mümkün olan İphone x **********26914 markalı mobil telefon "xxxx" MMC tərəfindən xx.xx.2023 tarixində təmir edilmiş və ona həmin tarixində ST2023/43 saylı Qaimə verilmişdir. Cavabdeh bu sənədi məhkəməyə təqdim etmiş, məhkəmə bu sübutu qəbul etməmişdir. Təsadüfən həmin telefonun yaddaş kartına baxış keçirilərkən məlum olmuşdur ki, telefonun yaddaşında iddiaçının iddia etdiyi halları və ekspert rəyini təkzib edən video və foto şəkillər vardır. Bu video və fotoşəkillər işin faktiki hallarını obyektiv şəkildə araşdırılması üçün vacibdir, çünki burada hər bir blok üzrə məhz cavabdehin günahından blokların özülləri müqavilədə nəzərdə tutulduğundan çox gec olaraq cavabdehə təqdim edilməsi və buna görə də cavabdehin müqavilə üzrə işlərə gec başlamasının səbəbinin iddiaçının hərəkətləri olduğu sübut edilir. Təqdim olunan fotolardan görünür ki, C və D bloklarında cavabdeh xx.xx.2019-cu il tarixində işə başlamalı olduğu halda xx.xx.2019-cu il tarixində hələ iddiaçı obyekti cavabdehə işə başlamaq üçün təhvil verməmişdir. Digər fotodan da müəyyən olunur ki, E blokunda xx.xx.2019-cu il, F-G bloklarında isə xx.xx.2019-cu il tarixində cavabdehin işə başlamalı olduğu halda xx.xx.2020-ci il tarixində iddiaçı hələ obyekti hazır vəziyyətə gətirərək cavabdehə işə başlamaq üçün təhvil verməmişdir. Təkcə bu fotolarda ekspertin C və D blokları üzrə ən azı 2 ay, E bloku üzrə 7 ay, F-G blokları üzrə isə 6 ay müddətinə əsassız olaraq cərimə hesablanması müəyyən edilir. Digər tərəfdən bu fotolardan obyektin hələ hazır olmaması görünür, yəni hələ bilinmir ki, bundan sonra hansı tarixdə iddiaçı obyekti işə başlamaq üçün cavabdehə təhvil vermişdir. Bu faktın özü bir daha ekspert rəyinin obyektiv reallığı əks etdirmədiyini, əsassız və qanunsuz olduğunu sübut edir və təkrar ekspertiza keçirilməsini labüd edirdi. Lakin məhkəmə əsassız olaraq bu sübutu rədd etmiş, qətnamədə isə bu barədə mövqeyini bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətini etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

15. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Əmək Məcəlləsinin 233-cü maddəsinin 1 və 3-cü bəndlərinə əsasən işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.

17. Əmək Məcəlləsinə 2-ci əlavənin 8-ci bəndinə əsasən işlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

18. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

20. Həmin Məcəllənin 154.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

23. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

24. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

25. Hazırkı işdə də bu əsasların mövcudluğu təsdiq olunur.

26. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4.9-cu bəndinə əsasən işlərin icra qrafikinə uyğun vaxtda və keyfiyyət tələbnaməsinə uyğun keyfiyyətdə yerinə yetirilməməsinə, habelə digər səbəblərə görə onun təqsiri üzündən sifarişçinin məruz qaldığı bütün cərimələri, onlara görə dəbbə pulunu, iddiaları, maddi və mənəvi zərərləri, işgüzar nüfuza vurulmuş zərərləri, real və əldən çıxmış faydanın əvəzini sifarişçinin tələbi ilə 1 ay ərzində ödənilməsini təmin etmək podratçının öhdəliyidir.

27. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən podratçı bu müqaviləyə əlavə edilmiş işlərin icrası qrafiki ilə müəyyən edilmiş müddət ərzində işləri bitirib təhvil vermədikdə o, hər gecikdirilmiş günə görə bu müqavilə üzrə müəyyən olunmuş ümumi dəyərin 1 (bir) faizi məbləğində sifarişçiyə cərimə ödəyir. Cərimənin ümumi məbləği müqavilə üzrə təyin olunmuş ümumi dəyərin 10% (on faiz)-ni aşmamalıdır.

28. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən tərəflərdən birinin hazırkı müqavilə üzrə digər öhdəliklərini (üzürsüz səbəbdən) yerinə yetirməməsi və ya (üzürsüz səbəbdən) lazımı qaydada yerinə yetirməməsi halında günahkar olan tərəf qarşı tərəfə əldən buraxılan qazanc da daxil olmaqla zərərləri ödəyir.

29. İddiaçı işlərin iddia ərizəsində qeyd olunan müddətlərdə gecikmələrlə təhvil verildiyini bildirir, cavabdeh də gecikmənin olduğunu bildirir, lakin bunun məhz iddiaçının təqsiri üzündən baş verdiyini qeyd etmişdir.

30. Göründüyü kimi işlərin iddiaçının istinad etdiyi tarixlər üzrə gec təhvil verilməsi işin mübahisəsiz halıdır.

31. Hazırda mübahisələndirilən məsələ cavabdehin istinad etdiyi hallara görə həmin gecikmənin olmasında sifarişçinin-iddiaçının məkanın tikintiyə başlamaq üçün gec təhvil verilməsi kimi hər hansı təqsirli hərəkətsizliyinin, o cümlədən işin gecikməsi üçün hər hansı digər obyektiv halın (havanın şiddətli küləkli olması) olub-olmaması ilə bağlıdır.

32. Aşağıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi dəlillər əsassızdır.

33. Belə ki, tərəflər arasında bağanan müqavilə üzrə işlərin icrası qrafikinə əsasən: A, B blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; C, D Blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; E bloku üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il; F, G blokları üzrə işin icrasına başlama tarixi xx.xx.2019-cu il, işin icrasının bitiş tarixi xx.xx.2020-ci il və təhvil tarixi xx.xx.2020-ci il olaraq müəyyənləşdirilmişdir.

34. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi Tikintidə Dövlət Nəzarət jurnallarından görünür ki, mübahisəli yaşayış binasının “A” və “B” bloklarının tikintisinin başlanması 04 mart 2019-cu il tarixdə, “C” blokunun tikintisinin başlanması 01 iyul 2019-cu il tarixdə, “D”, “F”, “G” və “E” bloklarının tikintisinin başlanması 06 noyabr 2019-cu il tarixdə həmin Müfəttişlik tərəfindən dövlət qeydiyyatına alınmışdır (cild 1, i/v 120- 248).

35. Göründüyü kimi müqavilənin bağlandığı xx.xx.2019-cu il tarixdən 3 gün sonra, yəni 04 mart 2019-cu il tarixdə, yaşayış binasının tikintisinin başlanması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

36. Bu isə onu deməyə əsas verir ki, yaşayış binasının tikintisinə başlamaq üçün sahə vaxtında podratçıya təhvil verilmişdir. Əks halda yuxarıda qeyd olunan jurnallar tərtib olunmazdı.

37. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 3.3.2-ci bəndinə əsasən podratçının sifarişçidən işlərin yerinə yetirilməsi üçün öncədən razılaşdırılmış malmaterialı, məlumatları, işlərin icrası üçün sahəni və digər hazırkı müqavilə və qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasını tələb etmək hüququ vardır.

38. Həmin müqavilənin 3.4.12-ci bəndinə əsasən işlərin gedişatını ləngitməmək və belə hallar baş verdikdə, bu barədə sifarişçini dərhal məlumatlandırmaq podratçının öhdəliyidir.

39. Həmin müqavilənin 3.4.13-cü bəndinə əsasən sifarişçinin bu müqavilə və qüvvədə olan qanunvericiliyə uyğun göstərişlərinə və tapşırıqlarına əməl etmək və ya onların icrasının hər hansı səbəbdən mümkünsüz olması barədə əsaslı bildiriş vermək podratçının öhdəliyidir.

40. Göründüyü kimi müqavilə şərtlərinə görə işlərin gedişatı ləngidildiyi halda bu barədə sifarişçini dərhal məlumatlandırmaq podratçının öhdəliyidir.

41. Lakin cavabdeh işlərin icrası üçün sahənin tikintiyə başlamaq üçün gec təhvil verildiyinə, dolayısı ilə işin iddiaçı tərəfindən ləngidiyinə istinad etsə də, müqavilə şərtinə uyğun öhdəliyinin icrası kimi bu barədə sifarişçiyə hər hansı pretenziya irəli sürməmişdir. Çünki bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

42. Göründüyü kimi yaşayış binasının tikintisinə başlamaq üçün sahənin gec təhvil verilməsi ilə bağlı cavabdehin istinad etdiyi hallar tam təkzib olunur.

43. Eyni zamanda, təhvil verilməli olan işlərin təhvil verilməsində gecikdirilən günlərin sayına uyğun həmin günlər üzrə müqavilə şərtlərinə müvafiq hesablanmalı cərimənin məbləğinin, gecikdirilmiş müddət ərzində binadan köçürülən sakinlərə ödənilən kirayə haqlarının məbləğinin, həmin gecikdirilən müddət ərzində və ya müddətdən sonra binada ev alan sakinlər tərəfindən iddiaçıya ödənilməsi gecikdirildiyi iddia olunan ödənişlərin gecikdirildiyi müddət və məbləğinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə iqtisadi-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 dekabr 2022-ci il tarixli, 9/7893 saylı ekspert rəyi verilmişdir.

44. Həmin rəyə əsasən, təqdim edilmiş iş materiallarında olan məlumatlar, həmçinin ekspert vəsatətinə cavab olaraq təqdim edilmiş əlavə sənədlər əsas götürülməklə, podrat müqaviləsinə edilmiş 01 mart 2019-cu il tarixli 2 saylı əlavəyə əsasən podratçı tərəfindən A, B blokları üzrə xx.xx.2020-ci il tarixə, C, D Blokları üzrə xx.xx.2020-ci il tarixə, E bloku üzrə xx.xx.2020-ci il tarixə, F,G blokları üzrə isə xx.xx.2020-ci il tarixə təhvil verilməli olan işlərin təhvil verilməsində gecikdirilən günlərin sayına uyğun həmin günlər üzrə müqavilə şərtlərinə müvafiq hesablanmalı cərimənin məbləği 453790 manat müəyyən edilir. Bundan başqa iş materialları əsasında yuxarıda qeyd olunan gecikdirilmiş müddət ərzində binadan köçürülən sakinlərə ödənilən kirayə haqlarının məbləği 236648 manat müəyyən edilir. Bundan başqa həmin gecikdirilən müddət ərzində binada ev alan sakinlər tərəfindən iddiaçıya ödənilməsi gecikdirildiyi iddia olunan ödənişlərin məbləği 5756939,27 manat, gecikdirilən müddətdən sonra binada ev alan sakinlər tərəfindən iddiaçıya ödənilməsi gecikdirildiyi iddia olunan ödənişlərin məbləği 136364,00 manat müəyyən edilir.

45. Cavabdeh həmin rəyə etiraz edir və bildirir ki, ekspert iş üzrə heç bir araşdırma aparmamış və məhz iddia ərizəsində qeyd olunanlara istinad edərək, rəy vermişdir. Eyni zamanda ekspert Bakı şəhərində küləkli günlərin olması səbəbindən işlərin dayandırıldığı günləri və sakinlərlə müqavilənin bağlandığı tarixləri nəzərə almamışdır.

46. Kollegiya aşağıdakılara əsasən cavabdehin həmin dəlilləri ilə də razılaşmır.

47. Belə ki, əvvəla iddia ərizəsində qeyd olunanlara istinad etməsi ilə bağlı qeyd olunanların aydınlaşdırılması üçün hazırki apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında yuxarıda istinad olunan rəyi vermiş ekspert X4 məhkəmə iclasında dindirilmiş və sonuncu bildirmişdir ki, o, verdiyi rəyi təsdiq edir və onun qarşısında qoyulmuş suallara heç bir hüquqi cavab verməmişdir. Belə ki, bu işə baxan məhkəmənin səlahiyyətindədir. O, sadəcə olaraq rəydə iddia ərizəsində qeyd olunanların düzgünlüyü yalnız məhkəmə tərəfindən sübuta yetirildiyi təqdirdə, gecikmə günlərinin mümkün sayını qeyd etmişdir.

48. İş üzrə verilmiş ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində də qeyd olunmuşdur ki, “Ekspert qarşısında qoyulmuş suala cavab olaraq bildirilir ki, tərəflər arasında imzalanmış 01 mart 2019-cu il tarixli SBH-003 nömrəli “Dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə” podrat müqaviləsinin 1.3-cü bəndinə əsasən işlərin görülməsi faktı tərəflərlə razılaşdırılmış qaydada təhvil-təslim aktı ilə rəsmiləşdirilməli idi. Tədqiqata təqdim edilmiş iş materiallarında isə bununla bağlı təhvil-təslim aktlarının olmadığı müəyyən edildi. Lakin, iddia ərizəsində qeyd olunanların düzgünlüyü məhkəmə tərəfindən sübuta yetirildiyi təqdirdə, 01 mart 2019cu il tarixli 2 saylı əlavəyə əsasən podrat müqaviləsində nəzərdə tutulan işlər podratçı tərəfindən “A” və “B” blokları üzrə 15 gün gecikmə ilə, “C” bloku üzrə 194 gün gecikmə ilə, “D” bloku üzrə 155 gün gecikmə ilə, “E” bloku üzrə 399 gün gecikmə ilə, “F” və “G” bloku üzrə 463 gün gecikmə ilə təhvil verildiyi müəyyən edildi”.

49. Göründüyü kimi ekspert öz səlahiyyət həddini aşmamış və iddia ərizəsində qeyd olunanların düzgünlüyü məhkəmə tərəfindən sübuta yetirildiyi təqdirdə gecikmə günlərinin sayını rəydə qeyd etmişdir.

50. Həmin hala qiymət vermək isə hazırki məhkəmənin səlahiyyətindədir və məhkəmə də hesab edir ki, həmin günlərin sayı işin hallarına uyğun düzgün hesablanmışdır.

51. İddiaçının tikinti meydançasını cavabdehə xx.xx.2020-ci il tarixində təhvil verməsinin evləri sökülməli olan sakinlərlə bağlanılan 2 müqavilənin tarixlərinə görə mümkün ola bilməməsi ilə bağlı dəlilləri də kollegiya əsassız hesab edir.

52. Belə ki, ərazinin podratçıya təhvil verilmə tarixi məhz sakinlərlə müqavilə bağlanma tarixindən hesablana bilməz. Çünki müqavilə bağlanılan tarixə qədər evləri sökülməli olan sakinlərlə razılıq üçün kifayət qədər uzun çəkən prosedur başlanılır və davam edir. Həmin hal özü-özlüyündə sadəcə müqavilənin bağlandığı tarixi təsdiq edir və gecikmə müddətinin hesablanması üçün əsas ola bilməz.

53. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bununla bağlı bildirdi ki, vətəndaşlarla ilkin olaraq razılaşmalar əldə olunmuş və söküntü işləri aparılmış, müqavilələr isə sonra rəsmiləşdirilmişdir.

54. İşlərin ləngimənin əsaslarından biri kimi cavabdehin istinad etdiyi digər hal, yəni Bakı şəhərində küləkli günlərin olması səbəbindən işlərin dayandırılması ilə bağlı dəlillər də hazırda qəbul edilə bilməz.

55. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 1 və 3-cü bəndlərinə əsasən işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.

56. Əmək Məcəlləsinə 2-ci əlavənin 8-ci bəndində isə təsbit olunmuşdur ki, işlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

57. Göründüyü kimi əmək qanunvericiliyinə əsasən şiddətli külək şəraitində açıq havada işlərin dayandırılması istisna olunmur.

58. Cavabdeh də həmin hallara istinad etdiyi üçün həmin halı, yəni xx.xx.2020xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə, 143 gün ərzində Bakı şəhərində şiddətli küləyin olmasını, məhz bu səbəbdən işlərin dayandırılması ilə bağlı onunla həmkarlar ittifaqları təşkilatının birgə qərarının qəbul edilməsini və bununla bağlı sifarişçiyə məlumat-bildirişin verilməsini sübutetmə yükü onun üzərinə düşür.

59. Lakin o, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda isə cavabdehin həmin hallara istinad etməsi tamamilə əsassızdır.

60. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən cavabdehin istinad etdiyi hallar, yəni işlərin məhz iddiaçının təqsiri ucbatından və küləkli günlərin çox olması səbəbindən gecikməsi halları öz təsdiqini tapmır.

61. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı işlərin gecikdirilməsi üçün müqavilə 5.2ci bəndinin şərtlərinə uyğun olaraq öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən cərimənin tutulmasını tələb etməkdə tam haqlıdır.

62. Həmin cərimənin həcmi isə yuxarıda qeyd olunan ekspert rəyi ilə 453790 manat müəyyən olunur.

63. Qeyd olunan ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi üçün isə heç bir əsas mövcud deyildir.

64. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia əsaslıdır.

65. Həmçinin kollegiya hesab edir ki, sakinlərə ödənilmiş 233361 manat məbləğində kirayə haqqının dəymiş zərər olaraq cavabdehdən tutulması barədə tələblər də əsaslıdır.

66. Belə ki, ekspert rəyinin tədqiqi hissəsində göstərilən 2-ci cədvəl formasında adları qeyd olunan sakinlərlə İddiaçı MTK arasında bağlanmış alqı-satqı müqavilələrindən də göründüyü kimi, həmin müqavilələr iddiaçının iddia ərizəsində göstərdiyi işlərin təhvilinin gecikdiyi müddətdən sonra imzalanmışdır.

67. Kollegiya nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin icrası gecikdirilməsəydi, iddiaçı qeyd olunan məbləğdə kirayə haqları ödəmək məcburiyyətində qalmayacaqdı.

68. Ona görə də məhkəmə kollegiyası gecikdirilmiş müddət ərzində sakinlərə ödənilən kirayə haqlarını iddiaçının zərəri kimi qiymətləndirir və belə qənaətə gəlir ki, ödənilmiş kirayə haqlarına görə 233361 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (ekspert rəyində ödənilən kirayə haqlarının məbləği 236648 manat müəyyən edilsə də, tələb 233361 manat məbləğində kirayə haqqının tutulmasından ibarətdir).

69. Təqdim olunmuş sübutların qəbul edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 154.4-cü maddəsində isə göstərilmişdir ki, işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. Lakin cavabdehin istinad etdiyi hallar qeyd olunan normaların tələblərinə uyğun deyil. Belə ki, hazırki iş üzrə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, işin məhkəmədə baxılmağa hazırlanması prosesi xx.xx.2023-cü il tarixdə yekunlaşmış iş üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi işin məhkəmədə baxılmağa hazırlanması prosesi 10 ay davam etmişdir. Cavabdeh MMC-nin təsisçisinə məxsus mobil telefonun məhz həmin müddət ərzində işlək olmamasını təsdiq edən sübutlar isə təqdim edilməmişdir. Ona görə də, həmin mobil telefonun xx.xx.2023-cü il tarixdə təmir edilməsi onun işin məhkəmədə baxılmağa hazırlanması prosesinin bütün dövrü ərzində işlək olmaması anlamına gəlmir. Bundan əlavə, cavabdeh tərəfindən Mülki Prosessual Məcəllənin 154.4-cü maddəsinə də riayət edilməmişdir.

70. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

71. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-59/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar