Məhkəmə qərarları › İş №2-2(103)-443/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-443/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-443/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh“ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-2523/2020 saylı qətnaməsindən (hakim F.Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh“Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən onun xeyrinə 11827,95 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında 08 may 2019cu il tarixli, KKTX 57/0519 sayl xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı 1 ədəd ** DR *** markalı nəqliyyat vasitəsi ilə Sifarişçinin verdiyi sifariş əsasında nəqliyyat xidmətərini icra edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. 30.12.2019-cu il tarixli 08 saylı xidmətlərin təhvil-təslim aktına, 08 may 2019-cu il tarixli KKTX 57/0519 saylı xidmət müqaviləsinə 01.09.2019-cu il tarixli 2 saylı Əlavəyə əsasən icraçı tərəfindən Gəncə - Qazax - Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu il dekabr ərzində işlər tam təmin edilmiş və müqaviləyə əsasən 11827,95 manat xidmət haqqı hesablanmışdır. Lakin, hal – hazıra kimi həmin xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-2523/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-2523/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə sənədlər təqdim edilməklə izah edilmişdir ki, iddiaçı ilə bağlanmış 08 may 2019-cu il tarixli KTTX 57/0519 saylı xidmət müqaqviləsinə əsasən xidmət haqqı 8500 manat, 03 iyun 2019-cu il tarixli, 1 saylı əlavəyə əsasən 10500 manat, 01 oktyabr 2019-cu il tarixli, 2 saylı əlavəyə əsasən 11827,95 manat müəyyən edilmiş və cavabdeh tərəfindən iddiaçıya 3 dəfə oktyabr, noyabr və dekabr ayları üçün hər ay 11827, 95 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə bu faktlara qiymət verməmiş, yalnız cavabdehin rəhbərliyi tərəfindən diqqətsizlik nəticəsində 3 ay əvəzinə 4 ay (sentyabr, oktyabr, noyabr və dekabr ayları) üçün 11827,95 manat xidmət haqqı ilə təhvil-təslim aktının imzalandığını əsas götürmüşdür. Halbuki, sentyabr ayı üzrə xidmət haqqı 10500 manat olmuş və həmin məbləğ də sentyabr ayında iddiaçıya ödənilmişdir. İşin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə MPM-nin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir İşə apelyasiya qaydasında baxılması 05.05.2021-ci il tarixə təyin edilmiş, tərəflər işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün heaab etmişdir. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-2523/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 08.05.2019-cu il tarixli KKTX 57/0519 saylı xidmət müqaviləsindn görünür ki, fərdi sahibkar İddiaçı 1 ədəd 99DR924 markalı nəqliyyat vasitəsi ilə sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi və bunun müqabilində sifarişçi kimi “xxxx” MMC ona xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.05.2019-cu il tarixli KKTX 57/0519 saylı xidmət müqaviləsinə 01 saylı əlavəyə əsasən müqavilə üzrə aylıq xidmət haqqı vergilər daxil 10500 manat, 02 saylı əlavəyə əsasən müqavilə üzrə aylıq xidmət haqqı vergilər daxil 11827,95 manat müəyyən edilmişdir. İddiaçı hazırkı iddia ilə 2019-cu ilin dekabr ayı üçün göstərilmiş xidmətin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini iddia edərək həmin borcun tutulmasını xahiş etmişdir. İş materiallarının 45-ci vərəqinə əlavə edilmiş 08 saylı aktdan görünür ki, 30.12.2019-cu il tarixdə 2019-cu ilin dekabr ayında iddiaçı tərəfindən 11827.95 manat dəyərində xidmət göstərildiyi cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Həmin xidmətin dəyərinin ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb edilən borc tam ödənildiyi və bu barədə sübutlar təqdim edildiyi halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini əsassız hesab edir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardanödəniş tapşırıqlarından görünür ki, 20.11.2019-cu il tarixli, 149638 saylı ödəniş tapşırığına əsasən iddiaçıya 2019-cu ilin oktyabr ayında göstərilmiş xidmətə görə 11827,95 manat ödəniş edilmişdir. 09.01.2020-ci il tarixli 16851 saylı ödəniş tapşırığı ilə iddiaçıya 11828 manat ödəniş edilmiş, lakin ödənişin təyinatı göstərilməmişdir. İddiaçı tərəfindən həmin ödəniş 2019-cu ilin noyabr ayı üçün göstərilmiş xidmətin dəyəri olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.3-cü maddəsinə əsasən əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. Məhkəmə kollegiyası qeyd edilən normanın tələbini nəzərə alaraq hesab edir ki, iş materiallarında 30.11.2019-cu il tarixdə iddiaçı tərəfindən cavabdehə xidmət göstərildiyini təsdiq edən akt olduğu, həmin ilin noyabr və dekabr aylarında cavabdeh tərəfindən iddiaçıya ödəniş edilmədiyi nəzərə alınarsa, 09.01.2020-ci il tarixli 16851 saylı ödəniş tapşırığı ilə iddiaçıya ödənilmiş vəsaitin 2019-ci ilin noyabr ayında göstərilmiş xidmətə görə ödənildiyi, 2019-cu ilin dekabr ayı üzrə xidmət haqqının ödənilmədiyi müəyyən olunur. Qeyd edilən normalara əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra Şöbəsinin 09.02.2021-ci il tarixli icraat xitam verilməsi barədə qərarından və əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh məhkəmə qətnaməsini mübahisələndirsə də, qətnamə ilə tutulmuş məbləği iddiaçıya tam ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, e-2-2 (113)- 2523/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, e-2-2 (113)-2523/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar