Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-457/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə2 Hüseyn qızının, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 957/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 25.000 manat məbləğdə pul vəsaitinin və pul vəsaitinin vaxtında qaytarılmadığına görə illik 5% hesablanmaqla 2.500 manatın, cəmi 27.500 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər müvafiq işlərin görülməsi ilə bağlı şifahi qaydada razılığa gələrək podrat müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2019-cu il tarixdə 25.000 manat pul köçürülmüşdür. Lakin cavabdehlə aralarında olan şifahi razılaşma sonradan pozulmuş, o, heç bir iş görməmiş, hər hansı xidmət göstərilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya xidmət göstərilməsi və ya iş görülməsini təsdiq edən hər hansı sənəd, sübut yoxdur. Göründüyü kimi, mülkiyyətdə olan 25.000 manat pul vəsaiti əsassız olaraq cavabdeh MMC tərəfindən ona geri qaytarılmır. Pulun qaytarılması barədə dəfələrlə yazılı formada müraciət olunsa da, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Həmçinin, uzun müddətdir cavabdeh 25.000 manat məbləğdə pulu qaytarmır. Bu səbəbdən Mülki Məcəllənin 445.7-ci maddəsini rəhbər tutaraq 25.000 manat üçün illik 5%, yəni 2.500 manat məbləğdə pul vəsaiti də tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “... tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır və hazırki işin həllinə əsassız varlanma müddəaları tətbiq edilməlidir. ... Hazırki işdən də göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə yanlışlıqla pul köçürülmüş, cavabdeh tərəfindən isə iddia müddətinin axımını kəsən hər hansı bir hərəkət edilməmiş, iddiaçı isə Məhkəməyə xx.xx.2021-ci il tarixədək müraciət etməli olduğu halda xx.xx.2022-ci il tarixdə, yəni 1095-ci maddədə nəzərdə tutulmuş müddətin keçməsindən təxmini 9 ay sonra müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsassız varlanma üzrə iddia müddəti keçdiyindən, iddia rədd edilməlidir.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, podrat işi X3 ünvanda kompüter, server avadanlığının quraşdırılması üçün razılaşdırılmışdır. Bununla bağlı, cavabdehə 25.000 manat avans ödəniş etsə də, cavabdeh bu işi görə bilməyəcəyini bildirdi. O da ödədiyi pulun geri qaytarılmasını xahiş etdi. İddianın hüquqi əsasını əsassız varlanma təşkil etmir ki, məhkəmə tərəfindən əsassız varlanmaya dair iddia müddəti tətbiq edilməklə iddia rədd edilsin. 25.000 manat məbləğdə pul onun mülkiyyətidir və mülkiyyətində olan əşyanı cavabdehin qanunsuz sahibliyindən tələb edir. Həmin tələblərə iddia müddəti tətbiq edilmir (AR Mülki Məcəlləsinin 384.0.4-cü maddəsi). Cavabdehin vəkili və nümayəndəsi 25.000 manat pul vəsaitinin hazırda da cavabdehin qanunsuz sahibliyində olduğunu məhkəmə iclasında etiraf etmişdir. Lakin bu hallar işə baxan hakim tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Apellyasiya şikayətinə əlavədə iddiaçı göstərmişdir ki, iş üzrə tərəflər arasında həqiqətən də X3 ünvanda tikinti işlərinin görülməsi ilə bağlı podrat müqaviləsi barədə şifahi razılaşma əldə olunmuşdur. Cavabdeh həmçinin tikinti layihəsinin hazırlanması və ilkin tikinti hazırlıq işlərinin görülməsi üçün iddiaçıdan avans pul istəmişdir. Cavabdehin təklifi ilə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehin hesabına 25.000 manat avans köçürülmüşdür. Sözügedən avans bank hesabına köçürüldüyü günün səhərisi cavabdeh ona tapşırılmış işləri bilavasitə özünün görə bilməyəcəyini, həmin işlərin aparılmasını başqa hüquqi şəxsə həvalə edəcəyini bildirmişdir. İddiaçı isə işlərin subpodratçı tərəfindən görülməsi ilə bağlı cavabdehin bildirdikləri ilə razılaşmamışdır. Çünki, iddiaçının özünün də imkanı var ki, başqa podratçı tapıb işlərin görülməsini ona tapşırsın. Lakin iddiaçı işlərin aparılmasını məhz cavabdehə etibar etmək istəmiş, seçimini də onun xeyrinə etmişdir. Görüləcək işlərin cavabdeh tərəfindən bilavasitə aparılmayağacını və ümumiyyətlə tikinti podrat işlərində səriştəsinin olmadığını bildikdən sonra, iddiaçı cavabdehə müqavilə münasibətlərini davam etdirilməsinin qeyri-mümkün olduğunu bəyan etmişdir. Bundan sonra avans şəklində ödənilmiş 25.000 manat məbləğdə pulun qaytarılması üçün iddiaçı cavabdehlərə şifahi və yazılı formada müraciət etmişdir. Lakin cavabdeh onunla iddiaçı arasında olan müqavilə münasibətlərinin pozulmasına baxmayaraq, həmin 25.000 manatı iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının köçürdüyü 25.000 manat müqabilində cavabdeh müəyyən işlər görmüşdür. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli elektron məktubunda iddiaçı qeyd etmişdir ki, “Salam. xx.xx.2019 tarixində yanlışlıqla sizin hesaba 25000 AZN pul köçürülmüşdür. Xahiş edirəm həmin ödənişi bizim hesaba geri qaytarasınız. Rekvizitləri aşağıda qeyd edirəm.” Cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli elektron məktubunda iddiaçı göstərmişdir ki, “Salam. xx.xx.2019 tarixində yanlışlıqla sizin hesaba 25000 AZN pul köçürülmüşdür. xx.xx.2019-cu il tarixində Sizə yazaraq bu barədə məlumat vermiş və ödənişin geri qaytarılması üçün müraciət etmişik. Lakin həmin tarixdən bugünədək ödənişi geri ödəməmisiniz. Bir daha Sizdən ödənişin geri ödəməyinizi xahiş edirik.” İddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda cavabdeh qeyd etmişdir ki, “Sizin xx.xx.2021-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, ödədiyiniz 25.000 (iyirmi beş min) manat vəsaitin müqabilində şirkətimiz tərəfindən 2019-2020 illər ərzində, əlavə olunmuş siyahıya uyğun olaraq, X1 sizə aid istehsalat sexi üçün müxtəlif mallar təhvil verilmişdir və xidmətlər göstərilmişdir. Bununla bağlı, sizə sistem vasitəsi ilə müvafiq E-qaimələri göndərmək niyyətində olduğumuzu dəfələrlə bildirməyimizə baxmayaraq, siz hər zaman müxtəlif bəhanələrlə E-qaimələrin göndərilməsi prosesini uzatmısınız. Məhz, bu səbəbdən də indiyədək tərəfimizdən sizə təhvil-təslim etdiyimiz mal və xidmətlərə görə heç bir E-qaimə göndərilməmişdir.” Cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli elektron məktubunda iddiaçı göstərmişdir ki, “xx.xx.2021 tarixli məktubumuza xx.xx.2021 tarixli məktubunuzda cavab olaraq bildirmisiniz ki, şirkətiniz tərəfindən 2019-2020-ci illər ərzində X2 bizə aid olduğunu iddia etdiyiniz istehsalat sexi üçün müxtəlif mallar və xidmətlər təhvil vermisiniz. İlk olaraq onu qeyd etmək istərdik ki, “Profix" MMC-nin tabeliyində X4 ərazisində heç bir istehsalat sexi yoxdur. Digər tərəfdən məktuba əlavə etdiyiniz siyahıda müxtəlif adda tikinti işləri ilə bağlı olaraq mal və xidmətlərin adlarını görmək olur. Lakin bizim mühasibatlıq sənədlərinin arxivində həmin mal və xidmətlərlə bağlı nəinki hər hansısa bir hesab-faktura, təhvil-təslim aktı (forma 2) sənədləri, ümumiyyətlə “Profix’’ MMC ilə Cavabdeh MMC arasında tikinti işləri ilə bağlı malların alqı-satqısı, xidmətlərin göstərilməsi Müqaviləsi belə yoxdur. Əgər Sizdə belə bir sənəd varsa zəhmət olmasa həmin sənədlərin surətini bizə göndərin. Əlavədə Cavabdeh MMC ilə tərəfdaşlığımız çərçivəsində bizə göndərdiyi E-qaimələr və həmin E-qaimələrin ödənişini əhatə edən cədvəli sizə göndəririk. E-qaimələrdən də görə bilərsiniz ki, tərəfinizdən bizə müxtəlif ofis avadanlıqlarının alqı-satqısı və bununla bağlı olaraq xidmətlər göstərilmişdir. Həmin E-qaimələr üzrə borclar bizim tərəfdən ödənilib. Amma Sizin bizə göndərdiyiniz cədvələ əsasən həmin E-qaimələrdə qeyd olunmuş mal və xidmətlər üzrə guya borclu olduğumuz göstərilir. (Məs. Siyahının 55-ci sətirində göstərilən Xiomi A2 LİTE 3GB 32GB telefon üzrə xx.xx.2019 tarixində EAAP 147135 nömrəli Eqaimə göndərilmiş və həmin E-qaimə üzrə borc tərəfimizdən xx.xx.2019 tarixində ödənilmişdir. Siyahının 42-ci, 114-cü, 106-cı, 83-cü, 84-cü və digər sətirlərində də həmin hallar ortaya çıxır.) Bir daha Sizdən şirkətimiz tərəfindən Cavabdeh MMC-yə yanlışlıqla ödənilmiş məbləği geri qaytarmağınızı xahiş edirik.” İddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli elektron məktubunda cavabdeh qeyd etmişdir ki, “Nəzərinizə çatdırırıq ki, sizin xx.xx.2021-ci il tarixli məktubunuzdaki əsassız iddialarınızla gəti razı deyilik. Sizin yalnış hesab etdiyiniz ödəniş tam düzgün olaraq xidmət və mallara görə avans şəklində ödənilmişdir. Hesab edirik ki, sizin bu cür iddialarınızın heç bir əsası yoxdur və bununla siz yalnız öz şəxsi maraqlarınızı güdürsünüz. Çünki, vaxtı ilə elektron system vasitəsi ilə dəyəri 25.000 (İyirmi beş min) manat məbləğində olan malların və xidmətlərin qaiməsinin göndərilməsi bir neçə dəfə sizə təklif olunmuşdur. Lakin, siz hər dəfə həmin E-qaimənin “biraz sonra” göndərilməsini xahiş etmişdiniz. Bildirmək istəyirik ki, bütün təhvil verilmiş malların imzalı təhvil-təslim sənədləri mövcuddur. Həmin malların hansı ərazidə və sahədə quraşdırılması bəllidir. Şirkətimizin əməkdaşları və sizin şirkətinizin nümayəndələri bunu təsdiq edə bilərlər. Malların təhvil-təslimi ilə bağlı bütün yazışmalar da mövcuddur. Şirkətinizin, edilmiş ödənişin hər-hansı dələduzluq yolu ilə geri qaytarmaq niyyəti varsa, bildiririk ki, bu məsələ Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində tənzimlənə bilər. Sözügedən bütün təhvil-təslim sənədləri sizdə də mövcud olmalıdır, əks halda qanunvericiliyin tələbləri tərəfinizdən pozulmuş hesab edilərdi. Bizim üçün çox təəccüblidir ki, əgər sizin belə bir probleminiz vardısa, onun həlli üçün niyə görə iki il gözləmək lazım idi. Yagin ona görə ki, ödədiyiniz vəsait əvəzinə sizə mal və xidmətlər tam şəkildə təhvil verilmişdir. Bəlkə yanlışlıq sizin mühasibatlığınızdadır (bizdə olan məlumata görə şirkətinizin oxşar problemləri bizimlə əməkdaşliq edən "xxxx" MMC ilə də yaşanmaqdadır). Bundan əlavə bildiririk ki, "X5”nda yerləşən sizə aid sahədə bizim şirkət tərəfindən görülmüş işlərə (patç-panellərin yığılması, Rack Cabinların yığılması və tənzimlənməsi, orqanayzerlərin quraşdırılması və digər şəbəkə avadanlıqların sazlanması) və bu işlər üçün istifadə olunmuş mallara görə ödənişlər hələ də tərəfinizdən tam şəkildə həyata keçirilməmişdir. Bu məsələnin həll yolarından biri kimi, təhvil-təslim edilmiş mallar və xidmətlər üzrə qarşılıqlı üzləşmə aktının bir yerdə hazırlanmasında görürük. Sonda qeyd etmək istəyirik ki, dələduzluqla və şər atmaqla mənfəət əldə etmək insanlığa yaraşan bir hal deyil və şirkətinizin əməkdaşlarının dələduz olmadığına da hər zaman inanmışıq.” Cavabdeh Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma ilə əlaqədar 2 illik tələbetmə müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Beləliklə, işdən müəyyən edilir ki, tərəflər hazırkı mübahisədən də əvvəl mülki hüquq münasibətlərində olmuş, iddiaçı 2019-cu ilin aprel ayında cavabdehə 25.000 manat ödəmiş, ödəniş günündən bir gün sonra sonuncuya müraciət edərək, həmin pulun qaytarılmasını xahiş etmiş, bu barədə qarşılıqlı yazışmalar olmuşdur. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı cavabdehə ünvanladığı iki məktubda 25.000 manatı yanlışlıqla sonuncunun hesabına köçürdüyünü bildirmiş, həmin iki məktuba cavabında cavabdeh pulun yanlışlıqla köçürülmədiyini, iddiaçıya aid istehsalat sexi üçün təhvil verilmiş mallar və göstərilmiş xidmətlərlə bağlı ödənildiyini qeyd etmişdir. Lakin hazırkı iddia qaldırılmaqla tərəflər mövqelərini 180 dərəcə dəyişərək, bu dəfə iddiaçı pulu yanlışlıqla köçürmədiyini, aralarında podrat hüquq münasibətinin olduğunu, cavabdeh isə pulun yanlışlıqla köçürüldüyünü, həmin məbləğlə bağlı aralarında heç bir hüquq münasibətinin olmadığını bildirmişlər. İşdən həmçinin müəyyən olunur ki, iddia ərizəsində iddiaçı tələbinin faktiki əsası kimi podrat müqaviləsinə istinad etsə də, birinci instansiya məhkəməsi iddianı əsassız varlanma müddəalarına əsaslanmaqla rədd etmişdir. Halbuki, MPM-in: Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks olunan hüquqi mövqeləri rəhbər tutaraq izah edir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Belə ki, MPM-in 53-cü maddəsinə uyğun olaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Burada nəzərə alınmalıdır ki, həmin maddədə qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Dispozitivlik prinsipi baxımından pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız MPM-in 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. MPM-in 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının mübahisə etmədiyi predmet barədə qətnamə qəbul etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla mülki prosesin təməl prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarını mübahisənin müzakirə edilən faktiki hallarına tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddiaya mahiyyəti üzrə hüquqi qiymət verildikdə isə məlum olur ki, iddia 25.000 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsi hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, qanunvericilikdə podrat müqaviləsinin yazılı formada bağlanmalı olması barədə şərt olmadığından, hazırkı iş üzrə də podrat müqaviləsi şifahi formada bağlanmış qəbul edilir. Bu barədə qənaətə gəlməyə cavabdehin xx.xx.2021-ci il tarixli elektron məktubu əsas verir, hansı ki, həmin məktubda sonuncu “Sizin yalnış hesab etdiyiniz ödəniş tam düzgün olaraq xidmət və mallara görə avans şəklində ödənilmişdir.” məzmunda mövqe bildirmişdir. Cavabehin iddia qaldırıldıqdan sonra mövqeyini dəyişməsi isə, özünün dediyi kimi, avans şəklində ödənilən, lakin bunun qarşılığında onun tərəfindən heç bir iş görülməyən və görülməyəcəyi də ödənildikdən dərhal sonra bəlli olan pul məbləğinin qaytarılmasından yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. Bütün bunlar da o deməkdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış podrat müqaviləsinə əsasən öhdəlik-hüquq münasibətləri yaranmış, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuş, cavabdehin müqaviləni başqa şəxsə icra etdirmə niyyəti aşkara çıxmaqla iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olacağı və bununla da cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğu sabit olduqdan sonra iddiaçının müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə bildirir ki, birincisi, həmin ərizə Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma ilə əlaqədar 2 illik tələbetmə müddətinin tətbiqi ilə bağlı olmuşdur, lakin baxılan iddianın predmeti əsassız varlanma ilə əlaqədar deyil. İkincisi, əgər fərz olunsa ki, cavabdeh iş üzrə ümumi qaydada iddia müddətinin tətbiq edilməsini istəmişdir, o halda Mülki Məcəllənin 776.1-ci maddəsində, o cümlədən “Podrat” adlı 39-cu fəslində yalnız iki (bir illik və beş illk) iddia müddətləri nəzərdə tutulmuşdur ki, onların hər ikisi qüsurla icra olunan işin qəbul edildiyi podrat müqavilələrinə aiddir. Hazırkı işdə isə iş ümumiyyətlə görülməmiş və qəbul edilməmişdir. Odur ki, mübahisəyə yalnız Mülki Məcəllənin 373.2-ci maddəsində təsbit olunan müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq edilə bilərdi ki, 25.000 manat 2019-cu ilin aprel ayında ödənildiyi, iddia isə 2022-ci ilin yanvar ayında qaldırıldığı üçün, bu müddət keçməmişdir. Pul vəsaitinin vaxtında qaytarılmadığına görə illik 5% hesablanmaqla 2.500 manatın cavabdehdən tutulması tələbi hissədə isə iddia əsassızdır. Belə ki, kreditorun Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən borcluya qarşı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi tələbini irəli sürə bilməsi üçün borcun həmin Məcəllənin 445.2-ci maddəsində təsbit olunan iki (öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi) halına uyğun qaydada icra edilməməsi tələb olunur ki, bu şərtlər də iş üzrə yerinə yetirilmir. Başqa sözlə, Mülki Məcəllənin 445.7-ci maddəsinin iddia tələbinin maddi hüquqi əsası kimi çıxış edə bilməsi üçün konkret məbləğdə pulun ödənilməsi öhdəliyi mövcud olmalı və bu öhdəliyin icrası müddəti müəyyənləşdirilmiş olmalıdır. İş üzrə isə cavabdehin iddiaçı qarşısında indiki vaxta belə bir öhdəliyi müəyyən edilmir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia müzakirə edilən qaydada qismən təmin ediməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-957/2022 nömrəli iş üzrə 02 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 25.000 (iyirmi beş min) manat məbləğdə pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-457/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-457/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver