Məhkəmə qərarları › İş №2-2(103)-458/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-458/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-458/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair Açar söz: podrat müqaviləsi üzrə pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-576/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 26 fevral 2021-ci il tarixli LA-PT/2021-020 R saylı və xx.xx.2021-ci il tarixli LA-PT/2021-021R saylı podrat müqavilələri bağlanmış, iddiaçı (sifarişçi) tərəfindən cavabdehə (podratçıya) LA-PT/2021- 020R saylı podrat müqaviləsi üzrə 33926 manat (ƏDV daxil), LA-PT/2021-021R saylı saylı müqavilə üzrə 118596,27 AZN (ƏDV daxil) avans ödənilmiş, xx.xx.2021-ci il tarixdə hər iki müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdir.

2. xx.xx.2021-ci il tarixli LA-PT/2021-021R saylı podrat müqaviləsi üzrə əməkdaşlığa xitam verilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli 01 nömrəli razılaşmaya əsasən cavabdeh 26 fevral 2021-ci il tarixli LA-PT-2021-021R saylı podrat müqaviləsinə əsasən ödənilmiş 118596,27 AZN (ƏDV daxil) avans məbləğindən cəmi 38808,02 manat dəyərində işlər gördüyünü təsdiq edərək gələcəkdə müqavilə üzrə işlərin davam etdirilməsi mümkün olmadığından sifarişçiyə 79788,25 manat məbləği xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür.

3. xx.xx.2021-ci il tarixli LA-PT/2021-020R saylı podrat müqaviləsi üzrə əməkdaşlığa xitam verilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli 01 nömrəli razılaşmaya əsasən cavabdeh 26 fevral 2021-ci il tarixli LA-PT-2021-020R saylı podrat müqaviləsinə əsasən sifarişçi podratçıya işlərin görülməsi məqsədi ilə ödədiyi 33926 manat (ƏDV daxil) avans məbləğindən podratçı cəmi 8645,12 manat dəyərində işlər gördüyünü təsdiq etmiş, gələcəkdə müqavilə üzrə işlərin davam etdirilməsi mümkün olmadığından sifarişçiyə 25280,88 manat məbləği xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sifarişçiyə geri ödənilməmiş 105069.13 manat məbləğində vəsaitin, əlavə 5 faiz hesablanmaqla 5253 manat pul vəsaiti, 10000 manat əldən çıxmış fayda və iddia ərizəsinə görə ödənilmiş 410.32 manat dövlət rüsumu, ümumilikdə cəmi 120732,45 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-020 saylı və 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-021R saylı Podrat müqavilələri (işlərin görülməsinə dair) imzalanmışdır. Müqavilələrə əsasən “Sifarişçi” qismində İddiaçı MMC, “Podratçı” qismində Cavabdeh MMC çıxış etmişdir. 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-020 saylı Podrat müqaviləsinə əsasən işlərin görülməsi məqsədi ilə 33.926.00 AZN (ƏDV daxil) avans xx.xx.2021-ci il tarixində Podratçının bank hesabına ödənilmişdir. Əlavə olaraq Cavabdeh MMC ilə "xxxx" MMC arasında 26 fevral 2021-ci il tarixli, LA-PT/2021-021R saylı “Podrat” müqaviləsinə əsasən xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində isə ümumi olaraq işlərin görülməsi üçün 118.596.27 AZN (ƏDV daxil) məbləğində avans məbləğ podratçının bank hesabına ödənilmişdir. Bağlanmış müqavilələrdə podratçı, yəni Cavabdeh MMC Sifarişçinin sifarişi, bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan Sifarişçinin təqdim etdiyi lahiyə sənədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 göstərilən işləri yerinə yetirməyi və iş üçün tələb olunan mal-materialı təhciz etməyi, Sifarişçi isə Podratçının müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşlər. İstinad olunan müqavilələrin şərtlərinə əsasən görülməsi nəzərdə tutulan iş müqabilində ödənilən pul miqdarı qədər işlər yerinə yetirilməli və təhvil-təslim aktı ilə təhvil verilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, hazırkı vaxta qədər cavabdeh Cəmiyyətin yuxarıda sözügedən müqavilələr üzrə ümumilikdə 105.069.13 AZN İddiaçı MMC-yə borcu yaranmışdır. Cavabdeh MMC 105.069.13 manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 5 253 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Operativ xidmət göstərən, daim müasir standartlarla çalışan bir şirkət kimi iddiaçıya məxsus olan pul vəsaitinin vaxtında iddiaçıya ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, əmək haqqı və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratdı, həmçinin bir sıra layihələrdə şirkət olaraq iştirak etmələrini mümkünsüz hala gətirdi. Yaranmış bu çətinlik şirkət daxilində gərginlik yaratdı və işçilər arasında motivasiyanın aşağı düşməsinə səbəb oldu. Bu səbəbdən əldən çıxmış faydanı minimum 10 000 manat olaraq dəyərləndirir. Cavabdeh iddiaçını aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş razılaşmalara əməl etmir və iddiaçıya məxsus vəsaiti geri ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddiaçı tərəf işlərin görülməsi üçün vacib olan avans məbləğini 2 ay sonra ödəmişdir. Bu zaman ölkəmizdə və dünyada baş verən siyasi və iqtisadi proseslər nəticəsində tikinti bazarında müqavilə bağlanan zaman mövcud olmuş qiymətlərin orta hesabla 40-45% artımı müşahidə edilmişdir. Yerinə yetiriləcək işlər bilavasitə tikinti sahəsində istifadə olunmalı malmateriallarla birbaşa bağlılıq təşkil etdiyindən tərəflərindən müqavilə münasibətləri üzrə qiymətlərin artıma uyğun olaraq yenidən razılaşdırılması üçün dəfələrlə şifahi və yazılı şəkildə sifarişçiyə məlumatlar verilmişdir. Eləcə də tərəflərindən ödənilən avans üzrə görülmüş işlərin həcmi və dəyəri bardə təhvil-təslim aktları tərtib edilərək sifarişçiyə göndərilmişdir. Lakin sifarişçi şirkət həmin göndərilən sənədlərə dair hər hansı bir reaksiya verməmişdir. Bundan sonra mövcud şərtlər daxilində müqavilə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması barədə qarşı tərəfə dəfələrlə e-mail yazışmaları və şifahi qaydada məlumatlar verilmiş və bu şərtlər daxilində podrat müqaviləsinin davam etdirilməsinin iqtisadi cəhətdən rentabeliliyinin olmamasına görə ləğv edilməsi təklif edilmişdir. İddiaçı tərəf hazırda iddia edir ki, onun tərəfindən ödənilmiş avans məbləğinə mütənasib olaraq işlər yerinə yetirilməmişdir. Bunla bağlı qeyd edilməlidir ki, iddia ərizəsinə etiraza əlavə edəcəyi görülmüş işlər barədə təhvil-təslim aktlarından görünür ki, verilmiş avans məbləğləri podratçı tərəfindən tam şəkildə işlərin görülməsinə yönəlmişdir. İddiaçı tərəf öz iddiasının əsasını bağlanmış müqavilələrə xitam verilməsi haqqında razılaşmalara istinad etmiş və həmin razılaşmalar üzrə podratçı olaraq cavabdehin sifarişçiyə borcunun olmasına istinad etmişdir. Hesab edir ki, adıçəkilən razılaşmalar görülmüş işləri tam şəkildə əhatə etmədiyindən nəzərə alınmamalıdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi respublikada mövcud olan tikinti bazarındakı qiymətlər üzrə sifarişçi tərəfindən ona ödənilmiş pul vəsaitləri podrat müqaviləsi üzrə işlərin görülməsinə sərf edilmişdir. Cavabdeh Mülki Məcəllənin 753.2, 754.1, 754.2, 759.1, 760.2, 767.1, 776.1-ci maddələrini əsas gətirməklə, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda iddia müddəti ötürülmüşdür.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-576/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 105.069,13 manat pul və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə işdəki sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış podrat müqavilələrinə xx.xx.2021-ci il tarixdə xitam verilərkən cavabdeh iddiaçıya olan 105069,13 manat borcu ödəməyi öhdəsinə götürdüyündən iddia həmin hissədə təmin edilməlidir.

9. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, , Mülki Məcəllənin 776.1-ci madəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Hazırkı iddia tələbi podratçı tərəfindən görülmüş işlərin qüsurları ilə bağlı deyil, podratçı tərəfindən müqavilədə nəzərdə tutulan işin vaxtında icra edilməməsi nəticəsində iddiaçı qarşısında yaranmış borcunun ödənilməsi tələbi ilə bağlı olduğundan bir illik müddət tətbiq edilə bilməz.

10. İddiaçının avansın qaytarılmasının gecikdirilməsinə görə tələb etdiyi illik 5 % faizlə 5253 manat əldən çıxmış fayda tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu məbləğin hansı qaydada və hansı müddət üçün hesablanması barədə sübut təqdim edilmədiyindən bu tələb təmin edilə bilməz.

11. 10.000 manat əldən çıxmış faya tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələblə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə əsassızdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-576/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri mövcud olmuş və bununla bağlı xx.xx.2021-ci il tarixli, 2 ayrı podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqavilələrinə əsasən podratçı olaraq sifarişçinin tapşırığına əsasən cavabdeh tərəfindən müəyyən işlər görülməli idi. Mübahisə predmeti olan podrat müqavilələri iddiaçı tərəfindən elan edilmiş tender nəticəsində bağlanmışdır. Bağlanmış podrat müqavilələri üzrə ödənişlər isə 2 ay sonra həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, müqavilə bağlanan zaman yəni Fevral ayında cavabdeh tərəfindən tender komissiyasına görüləcək işlərin və istifadə ediləcək mal materialların həmin tarixə olan qiymətləri iddiaçı tərəf təqdim olunmuşdur. Lakin iddiaçı tərəf işlərin görülməsi üçün vacib olan avans məbləğini 2 ay sonra ödəmişdir. Bu zaman ölkəmizdə və dünyada baş verən siyasi və iqtisadi proseslər nəticəsində tikinti bazarında müqavilə bağlanan zaman mövcud olmuş qiymətlərin orta hesabla 40-45% artımı müşahidə edilmişdir. Yerinə yetiriləcək işlər bilavasitə tikinti sahəsində istifadə olunmalı mal materiallarla birbaşa bağlılıq təşkil etdiyindən cavabdeh tərəfindən müqavilə münasibətləri üzrə qiymətlərin artıma uyğun olaraq yenidən razılaşdırılması üçün dəfələrlə şifahi və yazılı şəkildə sifarişçiyə məlumatlar verilmişdir. Eləcə də cavabdeh tərəfindən ödənilən avans üzrə görülmüş işlərin həcmi və dəyəri bardə təhvil-təslim aktları tərtib edilərək sifarişçiyə göndərilmişdir. Lakin sifarişçi şirkət həmin göndərilən sənədlərə dair hər hansı bir reaksiya verməmişdir. Bundan sonra mövcud şərtlər daxilində müqavilə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması barədə qarşı tərəfə dəfələrlə email yazışmaları və şifahi qaydada məlumatlar verilmiş və bu şərtlər daxilində podrat müqaviləsinin davam etdirilməsinin iqtisadi cəhətdən rentabeliliyinin olmamasına görə ləğv edilməsi təklif edilmişdir. İddiaçı tərəf hazırda iddia edir ki, onun tərəfindən ödənilmiş avans məbləğinə mütənasib olaraq işlər yerinə yetirilməmişdir. İddia ərizəsinə etiraza əlavə cavabdehin edəcəyi görülmüş işlər barədə təhvil-təslim aktlarından görünür ki, verilmiş avans məbləğləri podratçı tərəfindən tam şəkildə işlərin görülməsinə yönəlmişdir. İddiaçı tərəf öz iddiasının əsasını bağlanmış müqavilələrə xitam verilməsi haqqında razılaşmalara istinad etmiş və həmin razılaşmalar üzrə podratçı olaraq bizim sifarişçiyə borcumuzun olmasına istinad etmişdir. Adıçəkilən razılaşmalar görülmüş işləri tam şəkildə əhatə etmədiyindən nəzərə alınmamalıdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi respublikada mövcud olan tikinti bazarındakı qiymətlər üzrə sifarişçi tərəfindən bizə ödənilmiş pul vəsaitləri podrat müqaviləsi üzrə işlərin görülməsinə sərf edilmişdir. Cavabdeh tərəfindən təqdim ediləcək sübutlar əsasında işin tam, hərtərəfli və obyektiv şəkildə həllinə nail olunması üçün iş üzrə məhkəmə-tikinti və məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Belə ki, ekspert tərəfindən cavabdehin gördüyü işlərin həcmi və dəyəri müəyyən edildikdən sonra cavabdehin mübahisə predmeti olan podrat müqaviləsi üzrə hər-hansı bir borcunun olmayacağı müəyyən ediləcəkdir. Məhkəmə qeyd edilən xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddə-sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 776.1-cı maddə-Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 373.2-ci maddə-.müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddə-iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan göründüyü kimi, qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-576/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 26 fevral 2021-ci il tarixli LA- PT/2021-020 R saylı və xx.xx.2021-ci il tarixli LA-PT/2021-021R saylı podrat müqavilələri bağlanmış, iddiaçı tərəfindən cavabdehə LA-PT/2021-020R saylı podrat müqaviləsi üzrə 33926 manat (ƏDV daxil), LA-PT/2021-021R saylı saylı müqavilə üzrə 118596,27 AZN (ƏDV daxil) avans ödənilmiş, xx.xx.2021-ci il tarixdə hər iki müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, podrat müqavilələri ləğv edilərkən tərəflər arasında tərtib edilmiş və cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş 06 oktyabr 2021-ci il tarixli 01 nömrəli razılaşmalarda cavabdehin gördüyü işlərin dəyəri və sifarişçi tərəfindən ödənilmiş avansın qaytarılmalı olan məbləği 105.069,13 manat müəyyən edildiyindən, qeyd edilən razılaşmalar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən bu borcun cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır.

20. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edildiyi üçün avans ödənişi ödənişlərində gecikmələrin olub-olmamasının araşdırılması işin həlli üçün əhəmiyyətli deyil.

21. Müqaviləyə xitam verildiyi xx.xx.2021-ci il tarixdən sonra cavabdeh tərəfindən hər hansı iş görülmədiyindən qeyd edilən tarixdə tərtib edilmiş razılaşmaların görülmüş işləri tam şəkildə əhatə etmədiyi və bu səbəbdən nəzərə alınmamalı olmadığına və müqavilə üzrə görülmüş işlərin dəyərinin və borcun hesablanması üçün ekspertiza təyin edilməli olduğuna dair dəlillər əsassızdır. Cavabdehin etirazının əsaslı olduğu sübutlarla təsdiq edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 576/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-576/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar