Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-46/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı QSC-nın (əvvəlki adı “X8” QSC) cavabdeh X5 qarşı “müqavilələrin ləğv edilməsi, borcun ödənilməsi haqqında» ilkin, eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı «X3» (VÖEN **********) cavabdeh İddiaçı QSC-yə qarşı “əldən çıxmış faydanın, maddi və mənəvi ziyanın tutulması, avtomobillərin geri qaytarılması barədə» qarşılıqlı – iddia tələblərinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-166/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş, hər iki tərəfin apellyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İlk İddiaçı QSC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 4xx/xx/2012 saylı xx.xx.2012- ci il tarixli və 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinqi müqavilələrinin ləğv edilməsi, X2 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə ödənilməmiş lizinq ödənişləri üzrə 21916.53 manat əsas borc, 4187.35 manat faiz borcu, 7889.95 manat cərimə borcu; 512 manat sığorta borcu, cəmi, 34505.83 manat pulun tutularaq İddiaçı QSC-nin xeyrinə köçürülməsi, eyni zamanda, 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə ödənilməmiş lizinq ödənişləri üzrə 27916.43 manat əsas borc, 7137.74 manat faiz borcu, 10049.91 manat cərimə borcu, 1040 manat sığorta borcu, cəmi, 46144.08 manat tutularaq İddiaçı QSC-nin xeyrinə köçürülməsi, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub onun xeyrinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddianın əsaslarına görə daxili maliyyə lizinqi müqavilələrinə əsasən, H023714 dövlət qeydiyyat nişanlı HOWO markalı və 90JV714 dövlət qeydiyyat nişanlı HOWO markalı yük avtomobilləri cavabdehə lizinqə təhvil verilmiş, lakin sonuncu lizinq ödənişlərini lazımınca həyata keçirməmiş, hazırda onun 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq haqqı borcu 34.505,83 manat, 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq haqqı borcu 46144.08 manat təşkil edir. Müqavilənin ləğv edilməsi və borcun ödənilməsi barədə cavabdehə xx.xx.2018-ci il tarixdə müvafiq pretenziya göndərilmiş, lakin cavabdeh həmin pretenziyaya heç bir cavab verməmişdir. ( İddia tələbinin hüquqi əsası kimi, Mülki Məcəlləsinin 748- 1.12, 748.1.12.4-cü maddələrinə istinad edilir) Qarşılıqlı iddia üzrə iddiaçı X6 da həmçinin cavabdeh İddiaçı QSC-yə qarşı məhkəməyə iddia ərizəsi və ona əlavələrlə müraciət edərək məhkəmədən cavabdehdən onun xeyrinə əldən çıxmış fayda olaraq 75 000 manat məbləğində pul vəsaitinin, H023714 dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə və ** JV *** dövlət nömrə nişanlı 1 ədəd “Hovo” (8x4) markalı özüboşaldan yük avtomobilinə dəymiş maddi zərərin əvəzi kimi 30 000 (otuz min) manat məbləğində pul vəsaitinin, vurulmuş mənəvi zərərin əvəzi kimi isə 15. 000 manatın tutulması və həmin avtomobillərin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə müqavilələrin icrası məqəsdilə hazıradək 115 000 manata yaxın pul vəsaiti ödəmiş, lakin 2016-cı ilin may ayında hər iki avtomobil cavabdeh tərəfindən heç bir məhkəmə qərarı olmadan ondan məcburi qaydada alınmışdır. Bu da ona külli miqdarda maddi zərər vurulması ilə nəticələnmişdir. Cavabdeh ona bildirir ki, guya hazırda olan borcu, təxminən, 80.600 manat təşkil edir. Halbuki, o, hazırda külli miqdarda pul vəsaitindən həm məhrum olmuş, həm də nəqliyyat vasitələri əlindən alınmış, saxlama yerinə qoyulmuşlar. Ona görə də məcbur qalaraq maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Həmin vaxta kimi onun tərəfindən orta hesabla 3 000 manat ödənişlər edilmiş, bu isə onun 3 ildən artıq müddətdə onun həmin gəlirlərdən məhrum olunması deməkdir. 3 il ərzində vurulmuş zərərin cəmi isə 120 000 manatdan artıq təşkil edir. Əgər qrafik üzrə banka olan 45 000 manat borcunu ödənildikdən sonra, yerdə qalan 75.000 manat gəlir əldə etmiş, həmçinin lizinq predmeti olan avtomaşınlar onun istifadəsində qalmış olardı və bu gün hazırki mübahisə yaranmazdı. Avtomaşınların onun əlindən alınaraq naməlum yerdə saxlanılması nəticəsində onların bir sıra qiymətli detalları sökülmüş, dəyişdirilmiş və ya 3 ildən artıq müddətdə istifadə olunmadığı üçün yararsız hala düşmüşdür. Bu zərəri də ilkin olaraq 30 000 manat həddində qiymətləndirir. Həmin avtomaşınların yararsız hala salınmasına görə də, hüquqi məsuliyyət birbaşa cavabdehin üzərinə düşür. Bundan əlavə avtomobilin aşması nəticəsində 12 000 manata yaxın zərər dəymiş, həmin zərərin 10.000 manatı Beynəlxalq Sığorta şirkəti tərəfindən ödənilmiş, lakin cavabdehin əməkdaşları tərəfindən həmin məbləğ götürülərək, yalnız 5 000 manat məbləbində hissəsi ona verilmiş, qalan xərci öz hesabına çəkmişdir. Hətta onun ölkədən çıxışına da qadağa qoyulmuş, bu səbəbdən Gürcüstana yaxın qohumunun hüzrünə gedə bilməmiş, bununla da ona mənəvi ziyan da yetirilmişdir. Ona vurulmuş mənəvi zərəri 15 000 manat həddində qiymətləndirir. Eyni zamanda, qarşılıqlı iddiaçı E.Hacıyev iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət edərək, «ilkin İddiaçı QSC tərəfindən lizinq müqavilələri üzrə üç illik iddia müddətinin ötürüldüyünü mübahisələndirərək iddia müddətinin tətbiq edilməsini və ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-166/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə: - ilk İddiaçı QSC-nin iddia tələbi qismən təmin edilmiş və X2 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə görə 21.266,59 manat əsas borc, 3.200,52 manat faiz borcu, 425,33 manat cərimə borcu tutularaq İddiaçı QSC-nin xeyrinə köçürülməsi; -qalan hissələrində ilkin iddianın rədd olunması; -eyni zamanda, iddiaçı X3 cavabdeh İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia tələblərinin rədd edilməsi və onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilməsi; -aparılmış ekspertiza ilə bağlı 100,00 manat ekspertiza xərcinin müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə ödənilməsi - qət olunmuşdur. Həmin qətnamə ilə tərəflər razılaşmamış və apellyasiya şikayəti ilə məhkəməyə mraciət etmişlər. İlkin İddiaçı QSC şikayətində qətnaməni, iddianın təmin edilməyən hitssəsində ləğv edib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin olunmayan hissəsində qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ekspert rəyinə istinad etmiş, lakin ekspertiza gecikdirilmiş və natamam aparılmışdır. Ekspertiza təyin olunması barədə qərardadda dəbbə pulunun hesablanması barədə sual qoyulsa da, rəydə həmin məbləğ müəyyən edilməmişdir. Bundan əlavə, rəydə ekspert hansı hesablama metodlarından istifadə etdiyini qeyd etməmiş, hər bir ödənişdən sonra qalıq əsas, faiz, dəbbəni əks etdirən cədvəli də rəyə əlavə etməmişdir. Məhkəmə ümumiyyətlə, xx.xx.2012-ci il tarixli 4xx/xx/2012 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə iddia tələbi təmin edilməmiş, bu zaman məhkəmə müqavilə üzrə iddia müddətinin ötürülməsi barədə cavabdehin ərizəsinə əsaslanmış və hesab etmişdir ki, iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Çünki,xx.xx.2015-ci ildə iddiaçı şəxsən QSC-yə ərizə ilə müraciət edərək, hər iki müqavilə üzrə borcunu etiraf etmiş və müqavilənin uzadılmasını xahiş etmişdir. Mülki Məcəllənin 380-cı maddəsinin tələblərindən isə göründüyü kimi,cavabdehin ərizəsi borcun etiraf edilməsi kimi qiymətləndirilməli və həmin tarixdən sonra iddia müddətinin yenidən başlanması müəyyən edilməlidir. Belə olduqda,iddia müddəti xx.xx.2018-ci il tarixdə bitmiş hesab olunmalı və iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməməli idi. Qarşılıqlı iddiaçı E.Hacıyev isə apellyasiya şikayətində qətnaməni ilkin iddianın təmin edilən hissəsini ləğv edib, onun qarşılıqlı iddia tələblərinin tam həcmdə təmin olunmasını xahiş etmişdir. E.Hacıyev şikayətini onunla əsaslandırmışdır ki, əsassız və qanunsuz olaraq iddia tələbləri təmin edilməmişdir. Belə ki, müqavilələrin icrası olaraq tərəfindən 115.000 manata yaxın pul vəsaiti ödənilmiş, bununla yanaşı yeganə gəlir mənbəyi olan avtomobillər 2016-cı ilin may ayında ondan məcburi qaydada götürülmüşdür. Lizinq obyekti lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və itstifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də, onun lizinq obyektinə dəymiş zərərin əvəzini tələb etmək hüququ idə bağlı bəzi məsələlərə aydınlıq gətirilməlidir. Lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır. Üzərində sahiblik və istifadə hüquqlarının mövcud olduğu daşınar əmlakın zorla əlindən alınaraq, baxımsız yerdə saxlanılması, bununla da, həmin əmlakın fiziki aşınmaya məruz qalması, yararsız vəziyyətə düşməsi halları göz qabağındadır. Beləliklə də 75.000 manat əldən çıxmış faydanın, 30.000 manat maddi və 15.000 manat mənəvi zərərəin cavabdehdən onun xeyrinə tutulmasını və avtomobillərin ona geri qaytarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh E.Hacıyev apellyasiya şikayətininə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia tələbi rədd edilməli, qalan hissələrində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, tərəflər arasında bağlanmış 4xx/xx/2012 saylı xx.xx.2012-ci il və 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinqi müqavilələrinin 1.2-1.5-ci bəndlərinə və həmin müqavilələrin 1 saylı Əlavələrinə ( ödəniş cədvəllərinə) əsasən aşağıdakılar müəyyən olunur: -iddiaçı (hüquq sələfi "X8" QSC) tərəfindən qalıq dəyərinə illik 20% dərəcəsi ilə sabit lizinq haqqı odənilməklə, H023714 dövlət qeydiyyat nişanlı HOWO markalı və 90JV714 dövlət qeydiyyat nişanlı HOWO markalı iki ədəd özüboşaldan yük avtomobili - 36 ay müddətinə cavabdeh E.Hacıyevə lizinqə verilmişdir - xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən avtomobilin dəyəri 63.000 manat, həmin məbləğini 15.750 manatını ödənilməli olan avans, qalan 47.250 manatını kredit məbləği, 17.187 manat lizinq haqqı kimi da nəzərə alınmaqla və avans çıxılmaqla, 36 ay müddətində hissə-hissə lizinq verənə ödəniləcək ümumi məbləğ 66.998 manat təşkil edir. -xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən isə avtomobilin dəyəri 64.000 manat, həmin məbləğin 19.200 manatını avans, qalan 44.800 manatını kredit məbləği, 16.230 manat lizinq haqqı da nəzərə alınmaqla (avans çıxılmaqla) 36 ay müddətində hissə-hissə ödəniləcək ümumi borc məbləği 63.632 manat təşkil edir. - iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4155 nömrəli, xx xxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, lizinq alanın lizinq verənə borcu aşağıdakı kimidir: xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə: 13.234,67 manat əsas borc; 2.350,32 manat faiz borcu. -xx.xx.2012-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə: 21.266,59 manat əsas borc; 3.200,52 manat faiz borcu. Belə olan halda, lizinq alan E.Hacıyev tərəfindən ödədiyi avans da nəzərə alınmaqla: -xx.xx.2012-ci il tarixli müqavilə üzrə ödəməli olduğu 82748 (15750+47250+17187) manat ümumi borcundan 66.312,81 (avans qarışıq) manatını ödəmiş, 15.584,99 manat (13.234,67əsas+2350,32%) borcu qalmış; -xx.xx.2012-ci müqavilə üzrə ödəmli olduğu 82.632 (19200+44800+16230) manat ümumi borcundan 58.364,89 (avans qarışıq) manatını ödəmiş, 24.467,11 manatı isə ödənilməmiş qalmışdır. Halbuki, tərəflər arasında bağlanmış hər iki daxili maliyyə müqavilənin 3.4-cü bəndində isə nəzərdə tutulur ki, E.Hacıyev lizinq alan kimi lizinq haqlarını ödəmə cədvəlinə uyğun olaraq ödəməyə borclu idi. Mülki Məcəllənin 747.1-ci maddəsinin tələbində də nəzərdə tutulur ki, lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Beləliklə də işin qeyd olunan hallarından göründüyü kimi lizinq alan E.Hacıyev tərəfindən daxili maliyyə müqavilələrindən irəli gələn öhdəliklərini müqavilə müddəti (36 ay) ərzində lazımınca yerinə yetirilməmişdir. Həmin müqavilələrin 5.3-cü bəndlərindən isə görünür ki, müqavilə müddəti bitdikdə və lizinqalan bu müddət ərzində müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklər qaldıqda lizinqalan lizinq obyektini qaytarmağı tələb edə bilər və bu halda lizinq alan 3 iş günü ərzində lizinq obyektini lizinq verənə verməyə borcludur. Lizinq alan E.Hacıyevin iddia ərizəsindən və onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, lizinq verən tərəfindən 2016-cı ilin may ayında lizinq obyektləri olan avtomobillər ondan geri alınmışdır. Lizinq verən İddiaçı QSC-nin həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, avtomobillərin onun tərəfindən geri alındığını mübahisələndirmir. Beləliklə də sübuta yetirilir ki, qarşılıqlı iddiaçı E.Hacıyev tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyi təqdirdə onun əldən çıxmış fayda, maddi və mənəvi ziyan və lizinq obyektlərinin ona qaytarılması haqqında iddia tələbləri əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələblərinin rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbini nəzərə alaraq həmin hissədə qətnaməni əsaslı sayır. Ona görə də onun apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun iddia tələbinin rədd olunmasının əsassız və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə də razılaşmır. Bununla yanaşı, məhkəmə kollegiyası E Hacıyevin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ilkin iddianın qismən təmin edilən hissəsinin əsassız olduğunu mübahisələndirən dəliləri ilə razılaşaraq hesab edir ki, məhkəmənin ilkin iddianın qismən təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarınnın 140-cı vərəqindən görünür ki, lizinq alan E.Hacıyev işə baxılarkən birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək lizinq müqavilələri üzrə iddia müddətinin keçdiyini mübahisələndirərək, ilkin iddiaya münasibətdə iddia müddətinin tətbiq edilərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddia müddəti yalnız bir müqaviləyə – 4xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə münasibətdə tətbiq olunaraq, həmin müqavilə öhdəliyinə görə yaranmış (cəmi 34.505,83 manat) borc tələbinə hissəsində ilkin iddianı rədd etmiş, digər 5xx/xx/2012 saylı xx.xx.2012-ci il tarixli müqaviləyə münasibətdə isə borc tələbi qismən təmin edilmişdir. Lakin təmin edilən hissəyə münasibətdə hər hansı əsasla iddia müddətinin tətbiq olunmamasına qiymət verilməmişdir. İşə apellyasiya qaydasınqda baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh E.Hacıyevin iddia müddətinin tətbiqi barədə ərizəsinin bütövlükdə ilkin iddia tələbinə münasibətdə tətbiq olunmaması əsassızdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında bağlanmış hər iki daxili maliyyə müqaviləsinin 1.4-cü bəndlərinə əsasən lizinq müddəti bu müqavilə imzalandığı gündən 36 ay (yəni 3 il) təşkil edir. Belə olan halda, xx.xx.2012-ci il tarixdə imzalanmış müqavilə üzrə lizinq müddəti xx.xx.2015-ci il tarixdə, xx.xx.2012-ci il tarixdə imzalanmış müqavilə üzrə isə lizinq müddəti xx.xx.2015-ci il tarixində bitir. Həmin tarixlərdən hesablanan üç illik iddia müddətinin son günü müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərinə düşür ( xx.xx.2018-ci il tarixi həftənin iş gününə təsadüf edir.) İş materiallarından isə görünür ki, ilkin iddiaçı cavabdehə qarşı lizinq müqavilələrindən irəli gələn borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, ilk iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən olunan üç illik iddia müddəti buraxılmışdır. Belə olan halda, həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərar çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun imperativ tələbindən göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilən ərizə iddianın rədd olunması üçün əsas sayılır. İlkin iddiaçı apellyasiya şikayətinin dəlillərində isə onun tərəfindən iddia müddətinin ötürülmədiyini mübahisələndirərək qeyd edir ki, xx.xx.2015-ci il tarixdə cavabdeh şəxsən QSC-yə ərizə ilə müraciət edərək, hər iki müqavilə üzrə borcunu etiraf etmiş və müqavilənin uzadılmasını xahiş etdiyini bildirərək Mülki Məcəllənin 380-cı madddəsinə istinadən hesab edir ki, həmin ərizə borcun etiraf edilməsi kimi qiymətləndirilərək iddia müddətinin bitdiyi vaxt xx.xx.2018-ci il tarixi hesab olunmalıdır. Məhkəmə kollegiyası ilk iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, MPM-in 89.3-cü maddəsinin tələbinə müvafiq olaraq onun istinad etdiyi ərizənin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətini şikayətinə əlavə etməmişdir (kserosurət əlavə olunmuşdur). İkincisi, ərizədə göstərilənlər məhkəmə tərəfindən nəzərə alınsa belə, ərizəçinin həmin ərizədə ifadə olunan əsas məqsədinin və istəyinin müqavilələrin müddətinin uzadılmasına nail olmaqdan ibarət olduğu aydın görünür. İşin hallarından isə göründüyü kimi, onun həmin istəyi və xahişi lizinq verən tərəfindən nəzərə alınmamış, əksinə, lizinq obyektləri ondan geri alınmışdır. Belə olan halda, ərizədə qeyd edilənlərin cavabdehin Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulduğu kimi, borcunu etiraf edən hərəkətləri kimi qəbul edilə bilməz. Həm də ən azından ona görə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş olsun. Konkret halda, məhz, ərizəçinin yazılı müqavilənin bağlanması barədə xahişini lizinq verən təmin etməmiş, beləliklə də borcunun etirafı və müqavilələrin uzadılması barədə onlar arasında yazılı müqavilə bağlanmamış, əksinə, ərizəçidən lizinq obyektləri geri alınmaqla faktiki olaraq aralarındakı müqavilə münasibətlərinə xitam verilmişdir. Onu da qeyd etmək lazımdır ki, hər iki lizinq obyektinə görə lizinq verən cəmi 92050 (47250+44800) manat pul vəsaiti sərf etdiyi halda, məhkəmə ekspertizasının rəyi nəzərə alınmaqla hesablama aparıldıqda, lizinq alan tərəfindən ona ödənilən məbləğ 124.677,7 (66 312,81+58364,89) manat təşkil etmişdir. Yəni, lizinq alan verən müqavilə öhdəliyini lazımınca yerinə yetirməsə belə, lizinq verənin 32.627,70 manat məbləğində gəlir əldə etmiş, həm də lizinq obyektləri olan özüboşaldan yük avtomobilləri də onun tərəfindən geri alınmış, onun mülkiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, ilkin İddiaçı QSC-nin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnaməsinin onun iddiasının rədd olunan hissəsində qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Həm də hesab edir ki, onun iddia tələbinin qismən təmin olunan hissəsində qətnamə əsassız hesab edilməli və Mülki Məcəllənin 375.2-ci maddəsi qaydasında iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsi nəzərə alınmaqla, həmin hissədə qətnamə ləğv olunaraq, iddia rədd olunmalıdır. Beləliklə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, ilkin iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, qarşılıqlı iddiaçının isə apellyasiya şikayəti qismən təmin olunaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-166/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) X4 apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019 tarixli 2-2(81)-166/2019 saylı qətnaməsi - ilkin iddianın qismən təmin edilən, yəni, "X5 21.266,59 (iyirmi bir min iki yüz altmış altı manat, 59 qəpik) manat əsas borc, 3.200,52 (üç min iki yüz manat, 52 qəpik) manat faiz borcu, 425,33 (dörd yüz iyirmi beş manat, 33 qəpik) manat cərimə borcun tutularaq iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə köçürülməsi" hissəsində ləğv edilsin. Həmin hissədə ilkin iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-46/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-46/2020
16.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver