Məhkəmə qərarları › İş №2-2(103)-463/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-463/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-463/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X11 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X10, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2-2(113)-214/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mahiyyəti ondan ibarətdir ki, tərflər arasında qum və çınqıl satışına dair alqı satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə cavabdeh hüquqi şəxsin direktorunun polis orqanında verdiyi izahatını əsas tutaraq 134.134 manat borcu qaldığını bildirir.

2. Cavabdeh isə iddia tələbini qismən 94122 manat hissəsində qəbul edərək bildirir ki, Qanuni nümayəndə2 polisdə izahat verən zaman ödəniş sənədləri yanında olmadığından 134.134 manat borcun qalması barədə etirafı mötəbər sübut kimi qəbul edilə bilməz.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 134134 manat məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş 420 manat rüsum, cəmi 134554 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin rəhbəri X4 uzun müddətdir ki, tanıyırlar. O, “beton” satışı ilə məşğul olurdu, iddiaçı isə qum və çınqıl istehsalı və satışı ilə məşğul olur. 2021-ci ildə Qanuni nümayəndə2 iddiaçıya müraciət edərək qum almaq istədiyini bildirdi. Bundan sonra iddiaçı ilə cavabdeh arasında qum və çınqılın alqısatqısına dair 21 yanvar 2021-ci il tarixdə müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 imzalandı. Müqavilə bağlandığı andan etibarən 3-4 ay ərzində cavabdeh iddiaçıdan 119122 manat dəyərində qum aldı, iddiaçı tərəfindən satılan mallara dair cavabdehə qaimələr təqdim olunmuşdur, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək cavabdeh iddiaçıdan aldığı 119122 manat dəyərində olan məhsula görə hissəhissə olmaqla, ümumilikdə 25000 manat ödəniş etmişdir, həmin vaxtadək onların iddiaçıya 94122 manat borcu qalmışdır. Bundan sonra cavabdehin rəhbəri Qanuni nümayəndə2 iddiaçıya müraciət edərək əlavə 46516 manat dəyərində qum aldı və sonuncu aldığı qumla bağlı təkidlə onlara qaima vurmamağı, qaimə ilə ödəniş edə bilməyəcəyini, elektron sistemlərində və vergi ilə bağlı nə isə problem olduğunu, aldığı qumun pulunu nağd ödəyəcəyini bildirdi. İddiaçı onlarla işlədiyindən və çoxdan tanıdığından ona inanaraq dediyi ilə razılaşmış və sonuncu satdıqları quma görə qaimə vurmamışdır. Həmin vaxta cavabdehin iddiaçıya 140638 manat qaytarmalı olduğu borcu yarandı. Həmin vaxtdan hazıradək nə qədər tələb etsələr də iddiaçıya olan borcu ödəməkdən yayınırlar. Bununla bağlı iddiaçı AR DİN-nə müvafiq şikayət ərizəsi ilə müraciət etmiş, müraciət əsasında aparılan yoxlama zamanı cavabdehin rəhbəri Qanuni nümayəndə2 tərəfindən iddiaçıya 10000 manat məbləğində pul ödəndi və ümumilikdə iddiaçıya 130.638 manat borcu qaldı. Lakin DİN-nə etdikləri müraciətin araşdırılması nəticəsində müəyyən olundu ki, aralarında olan mübahisə mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olundu. Beləliklə də iddiaçı pozulmuş hüquqlarının bərpası və satdığı malın dəyərini almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli 15 nömrəli müqaviləyə əsasən, “Satıcı” həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X5 qeyd olunmuş tələb olunan malları “Alıcı”ya satır və “Alıcı” da öz növbəsində alınan malların dəyərini Əlavələrdə qeyd olunmuş qiymətlərə əsasən “Satıcı”ya ödəyir. Həmin Müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavəyə əsasən “Satıcı” bu müqaviləyə edilən əlavələr - X6 əsasında qarşılıqlı razılaşdırılmış malların təhcizatını öz öhdəsinə götürür, “Alıcı” isə bu Müqavilə və müvafiq X7 şərtlərinə əsasən malları qəbul edir və razılaşdırılmış ödənişi “Satıcı”ya ödəyir. Qeyd edilən Müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən “Satıcı” bu Müqaviləyə edilən əlavələr - X3 əsasında razılaşdırılmış malların təchizatını öz öhdəsinə götürmüş, “Alıcı” isə bu Müqavilə və müvafiq X7 şərtlərinə əsasən malları qəbul edir və razılaşdırılmış ödənişi “Satıcı”ya ödəyir. “Satıcı”, yəni iddiaçı üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsinə baxmayaraq “Alıcı”, yəni cavabdeh müqavilə və onun ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavənin öhdəliklərini yerinə yetirməmiş və bunu etməkdən yayınmaqdadır. Borcun ödənilməsi ilə bağlı cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Borcun ödənilməsi xahişi ilə cavabdehə elektron qaydada xx.xx.2022-ci il tarixdə təklif (pretenziya) göndərilmiş, lakin cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmiş, habelə borcun nə vaxt ödəniləcəyi ilə bağlı onlara hər hansı bir məlumat verməmişdir.

5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 01 fevral tarixli e-2-2(113)-214/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 134134 (bir yüz otuz dörd min bir yüz otuz dörd) manat məbləğində pul və ödənilmiş 420 (dörd yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

7. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-214/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 94122 manat məbləğində borcun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə elektron qaimə təqdim edilmədən 46516 manat dəyərində qum satdığını qeyd etsə də, bununla razılaşmırlar. Belə ki, Vergi Məcəlləsinin tələbləri baxımından sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Lakin buna baxmayaraq, iddiaçı heç bir elektron qaimə təqdim etmədən yüksək məbləğdə malı cavabdehə satdığını iddia edir. Məhkəmə həmin hissədə Qanuni nümayəndə2 polis idarəsində verdiyi izahatına istinad edərək iddiaçının tələbini əsaslı hesab etsə də, Qanuni nümayəndə2 həmin izahatı verərkən hazırkı işlə bağlı ödəniş sənədləri yanında olmamış, bu səbəbdən borcu təxmini olaraq göstərmişdir. Lakin məhkəmə yekun qərara gələrkən cavabdehin maraqlarına toxunan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sözügedən qətnamə qəbul edilərkən işin həqiqi hallarına əsaslanmamış, iddiaçı tərəfindən 46516 manat dəyərində qum satıldığını sübut edən mötəbər dəlillər olmadığı halda iddianı həmin hissədə də təmin etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

18. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

25. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

26. Həmin qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir:

27. 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

29. Həmin qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir:

30. 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;

31. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

40. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X5 qeyd olunmuş tələb olunan malları alıcıya satır və alıcı da öz növbəsində alınan malların dəyərini Əlavələrdə qeyd olunmuş qiymətlərə əsasən satıcıya ödəyir.

41. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə məbləğinin 100 %-i alıcı tərəfindən qabaqcadan, qalan hissəsi sonradan satıcıya köçürmə yolu ilə ödənilir.

42. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı Əlavədə (X8) göstərilmiş malları tam təhvil aldıqdan sonra həmin malların dəyərinin 100 %-i satıcının bank hesabına köçürmə yolu ilə 20 gün ərzində ödəməlidir.

43. Müqaviləyə 01 nömrəli Əlavəyə (X2) əsasən satıcı bu müqaviləyə edilən əlavələr – X1 əsasında qarşılıqlı razılaşdırılmış malların təchizatını öz öhdəsinə götürür. Alıcı isə bu müqavilə və müvafiq X7 şərtlərinə əsasən malları qəbul edir və razılaşdırılmış ödənişi satıcıya ödəyir. Tərəflər 1 m3 qumun (daşınma daxil) qiymətinin 17,70 manat (ƏDV daxil), 1 m3 çınqılın (daşınma daxil) qiymətinin 15,70 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər.

44. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə məktub ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmişdir.

45. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallarla bağlı EBAZ 469251 nömrəli, xx.xx.2021-ci il tarixli (45426.04 manat), EBAW 992356 nömrəli, xx.xx.2021-ci il tarixli (11800 manat), EBAY 622641 nömrəli xx.xx.2021-ci il tarixli (17700 manat), EBAZ 570985 nömrəli xx.xx.2021-ci il tarixli (53577,90 manat), EBAZ 750904 nömrəli xx.xx.2021-ci il tarixli (57486,06 manat) elektron qaimələr təqdim edilmişdir.

46. Cavabdehin qanuni təmsilçisi olan Qanuni nümayəndə2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Fuad Şərifovu və atası Qanuni nümayəndə1 uzun müddətdir ki, tanıyır. Fuad Şərifovdan bir neçə dəfə qaimə ilə qum almışdır. Həmin borcdan bir hissəsini ödəmişdir. Borcun qalan hissəsini maddi imkanı yaxşı olduqca qaytaracaqdır. Onun həmin şəxsi aldatmaq niyyəti olmayıbdır, sadəcə maddi vəziyyəti çətin olduğu üçün həmin borcu qaytara bilməmişdir.

47. Cavabdehin qanuni təmsilçisi olan Qanuni nümayəndə2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, əvvəlki izahatlarına əlavə olaraq bildirir ki, Fuad Şərifova olan 144134 manat borcundan 10000 manatını xx.xx.2022-ci il tarixdə qaytarmışdır. Qalan məbləği isə maddi vəziyyəti aşağı olması səbəbindən hissə-hissə qaytaracağına söz verir.

48. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat, 16 dekabr 2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat pul ödənilmişdir.

49. Cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat pul ödənilmişdir.

50. Qeyd edilən sənədlərdən müəyyən edilir ki, tərəflər arasında iki alqı-satqı müqaviləsi olmuşdur.

51. İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 119.122 manat dəyərində mal təhvil verilmiş, cavabdeh tərəfindən 25.000 manat ödəniş edilmiş, cavabdehin 94122 manat borcu qalmış, daha sonra cavabdehə 46516 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən 10.000 manat ödəniş həyata keçirilmişdir.

52. İddiaçı iddia ərizəsində bildirir ki, sonuncu verilən 46516 manat dəyərində mala görə cavabdeh qaimə ilə ödəniş edə bilməyəcəyini bildirdiyindən həmin məbləğə dair elektron qaimə verilməmişdir.

53. Daha sonra iddiaçı Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə2 polisdə verdiyi izahatında 144.134 manat borcunun olması və 10.000 manat ödəniş etməsi məzmununda izahatına uyğun olaraq iddia tələbini artıraraq 134.134 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı həmin ərizəninin əsaslandırmasını da məhz cavabdehin borcu etiraf etməsi ilə əlaqələndirmişdir.

54. Kollegiya ilk növbədə qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

55. İşin müəyyən edilmiş hallarından, eyni zamanda qeyd olunan müqavilənin 3.1-ci bəndindən göründüyü kimi tərəflər arasında münasibətlər mal təhvil verildikdən sonra elektron qaimə-faktura göndərilməklə onun əsasında ödəniş olunmaqla həyata keçirilmişdir.

56. İddiaçı hər nə qədər daha sonra təhvil verilmiş 46516 manat dəyərində mala görə cavabdehin təkidi ilə elektron qaimə faktura göndərilmədiyini bildirsə də bu barədə hər hansı sübut təqdim etməmiş, həmçinin tərəflər arasında yaranmış işgüzar münasibətlər də onu deməyə əsas verir ki, ödənişlər elektron qaimə faktura əsasında həyata keçirilmişdir.

57. Cavabdeh tərəf hüquqi şəxsin direktorunun polisdə verdiyi izahatında 134.134 manat borcu etiraf etməsi ilə bağlı apellyasiya şikayətində və nümayəndənin məhkəmə iclaslarında verdiyi izahatlarında Qanuni nümayəndə2 polisdə izahat verən zaman işlə bağlı ödəniş sənədlərinin yanında olmadığını, bu səbəbdən borcu təxmini olaraq göstərdiyini bildirmişdir.

58. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hüquqi şəxsin direktorunun polisdə verdiyi izahat birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilərək iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilsə də, yuxarıda sadalanan və iş materiallarına əlavə edilən məhkəmə sənədlərindən həmin məbləğin hansı formada əldə edilməsi anlaşılan deyil.

59. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında iki alqı-satqı müqaviləi mövcuddur. İş materiallarına əlavə edilən elektron qaimə-fakturalar və ödəniş sənədləri də məhz hər iki müqaviləyə aiddir. Belə olan halda cavabdeh hüquqi şəxsin direktorunun hansı müqavilə üzrə borcu etiraf etməsi anlaşılan olmadığı kimi, həmin etirafın əsas kimi götürülərək iddia tələbinin təmin edilməsi də əsassızdır.

60. İlkin olaraq iddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər cavabdeh tərəfindən hissə-hissə 25.000 manat ödəniş həyata keçirildiyini və həmin vaxtadək cavabdehin 94.122 manat (cavabdeh də həmin məbləği etiraf edir) borcunun qaldığını bildirir.

61. Bundan sonra iddiaçı cavabdehə 46516 manat dəyərində mal təhvil verildiyini və cavabdehin israrı ilə qaimə-faktura göndərilmədiyini bildirir.

62. Kollegiya bir daha qeyd edir ki, 46516 manat dəyərində malın verilməsinə dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən və qaimə-fakturanın göndərilməməsi də tərflər arasında olan işgüzar münasibətlərə uyğun olmadığından, iddiaçı xx.xx.2021-ci il tarixə cavabdehin 94122 manat borcunun qaldığını bildirdiyindən, cavabdeh isə ümumiyyətlə 94122 manat borcunun olmasını etiraf etdiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci intansiya məhkəməsinin qətnaməsi 40.012 manat (134.134 manat – 94122 manat) borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

63. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia qismən təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı və cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir.

64. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-214/2023 saylı qətnaməsi qismən, yəni 40.012 (qırx min on iki) manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-214/2023 saylı qətnaməsi qismən, yəni 40.012 (qırx min on iki) manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar