Məhkəmə qərarları › İş №2-2(103)-466/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-466/2021

18.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-466/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Cavabdeh qarşı kredit borcunun tutulması və sair tələblərə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-12/2018 nömrəli iş üzrə 28 mart 2018-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış 28.02.2012-ci il tarixli 19/K12 nömrəli təminatlı kredit müqaviləsi və girov (ipoteka) müqaviləsinin ləğv edilməsi, cavabdehdən kredit üzrə İddiaçı-nin xeyrinə 685.440,03 manat əsas borc, 87.868,94 manat məbləğdə faiz borcu və 26.433,13 manat məbləğdə dəbbə borcu olmaqla, cəmi 790.974,21 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin girov qoyulmuş cavabdehə məxsus 13 ədəd DAEWOO BS090 markalı avtobuslara yönəldilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğdən tələbin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə aralarında bağlanmış 28.02.2012-ci il tarixli 19K/12 nömrəli “Təminatlı kredit müqaviləsi” üzrə süni şişirdilmə nəticəsində yaranmış faiz borclarının və dəbbə pulunun silinməsi və tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 557.1-ci maddəsində nəzərdə tutulan vəziyyətin, yəni dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrasının tamamilə və ya qismən qeyri-mümkün olduğuna görə iddiaçı ilə İddiaçı arasında bağlanmış 28.02.2012-ci il tarixli 19K/12 nömrəli “Təminatlı kredit müqaviləsi”nin yeni ödəmə qrafiki tərtibi yolu ilə öhdəliyin icrası müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-845/2016 nömrəli iş üzrə 29.08.2016-cı il tarixli qərardadı ilə ilk və qarşılıqlı iddia ərizələri üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilib, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2017-ci il tarixli qərardadı ilə 29.08.2016-cı il tarixli qərardad ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsindən imtina etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-12/2018 nömrəli iş üzrə 16.03.2018-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.03.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 28.02.2012-ci il tarixli 19K/12 nömrəli təminatlı kredit müqaviləsi və 28.02.2012-ci il tarixli 19/12 nömrəli girov müqaviləsi ləğv edilmiş, cavabdehdən 637.440,03 manat əsas borc, 87.868,94 manat məbləğdə faiz borcu və 500 manat məbləğdə dəbbə borcu, cəmi 725.808,97 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçıya ödənilməklə borc tələbinin ödənilməsi üçün cavabdehə məxsus olan 13 ədəd DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı və DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hər bir nəqliyyat vasitəsinin ilkin satış qiyməti 82.000 manat məbləğdə müəyyən edilməklə, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış girov predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehdən 150 manat ekspertiza tədqiqatının dəyərinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın ekspert rəyində göstərilmiş həddə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2018-ci il tarixli 29359 nömrəli rəyinə əsasən cavabdehin borcunun cəmi 530.972 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan sənədlər əsasında cavabdehin real kredit borcunu müəyyən etmək mühasibatlıq sahəsində xüsusi bilik tələb edir. Bu səbəbdən də hesab edir ki, həmin ekspert rəyi iş materiallarında olan əsas sübutdur. Lakin, birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən əsassız olaraq həmin rəyi nəzərə almamış və iddia tələbini həqiqi rəqəmlərdən xeyli artıq təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-124/2019 nömrəli iş üzrə 27.08.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.03.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdeh ilə iddiaçı arasında bağlanmış 28.02.2012-ci il tarixli 19K/12 nömrəli təminatlı kredit müqaviləsi və 28.02.2012-ci il tarixli 19K/12 nömrəli girov müqaviləsinin ləğv edilməsi, iddiaçıdan 482.972,24 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin ödənilməsi üçün cavabdehə məxsus olan 13 ədəd DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı 10- TG-775 qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı; DAEWOO BS090 markalı **-TG-*** qeydiyyat nişanlı və DAEWOO BS090 markalı **-TG- *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, hər bir nəqliyyat vasitəsinin ilkin satış qiyməti 82.000 manat məbləğdə müəyyən edilməklə, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış girov predmetlərinin hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehdən 295 (150 + 145) manat ekspertiza tədqiqatının dəyərinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 48/2020 nömrəli iş üzrə 12.02.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27.08.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-315/2020 nömrəli iş üzrə 27.08.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.03.2018-ci il tarixli qətnaməsi qismən - cavabdehdən iddiaçının xeyrinə əsas borc və faiz borcu tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdehdən iddiaçının xeyrinə 28.02.2012-ci il tarixli 19K/12 nömrəli təminatlı kredit müqaviləsi üzrə 569.953,59 manat əsas borc tutulmuş və cavabdehdən əsas borcun tutulması barədə iddia tələbi qalan hissədə və 87.868,04 manat faiz borcu tutulması hissədə rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2- 2(102)74/2021 nömrəli iş üzrə 10.02.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27.08.2020-ci il tarixli qətnaməsi qismən - əsas və faiz borcu hissəsində ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 10.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 27.08.2020-ci il tarixli qətnaməsi qismən - əsas və faiz borcu hissəsində ləğv edildiyi və iş həmin hissələrdə təkrar baxılması üçün göndərildiyi üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız əsas və faiz borcu hissələrdə yoxlanılmalıdır. Ali Məhkəmənin 10.02.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “74. Bu baxımdan əlavə məhkəmə ekspertizası rəyi alındıqdan sonra cavabdehin kredit müqaviləsi üzrə istinad edilən normaların tələbləri də nəzərə alınmaqla əsas borc, faiz borcu məbləğləri dəqiq müəyyən edilməli, əldə edilmiş sübutların məcmusundan asılı olaraq mübahisənin obyektiv həlli təmin olunmalıdır.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin məcburi göstərişlərinin icrası ilə bağlı iş üzrə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Mərkəzin 05.08.2021-ci il tarixli 9/4622 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin iddiaçıya əsas borcu 482.972,24 (698.852,24-215.880) manat təşkil edir. Bundan əvvəl isə, birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə 16.01.2018-ci il tarixli 29359 nömrəli rəydən, 19K/12 nömrəli kredit müqaviləsinin şərtləri və müqavilənin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla, o cümlədən cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatlarına əsasən onun banka olan əsas borcu 530.972,24 manat (698.852,24-167.880) məbləğdə müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı da cavabdehin vəsatətinə əsasən iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 22.07.2019-cu il tarixli 24037 nömrəli rəyi ilə 19K/12 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan əsas borcunun 482.972,24 manat məbləğdə olması, faiz borcunun isə tam ödənildiyi müəyyənləşdirilmişdir. Həmin ekspert rəyində cavabdeh tərəfindən kredit öhdəliyi üzrə 2014-cü il 16 yanvar tarixinədək 605.442,81 manat, 2014-cü il 17 fevral tarixindən 2018-ci il 14 fevral tarixinədək 215.880 manat, cəmi 821.322,81 manat ödəniş edildiyi qeyd olunmuşdur. İlkin ekspert rəyi (530.972,24 manat) ilə sonrakı ekspert rəyi (482.972,24 manat) arasında yaranmış 48.000 manat borc məbləği fərqi cavabdeh tərəfindən 2018-ci ilin 17 yanvar tarixində 40.000 manat, 2018-ci ilin 14 fevral tarixində 8.000 manat məbləğdə ödənişlər edilməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən aldığı pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan əsas borcunu ödəməlidir. Belə ki, hər üç ekspert rəyində cavabdehin iddiaçıya faiz borcunun olmadığı göstərilmiş, aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, rəylərin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar iş üzrə müəyyən edilməmişdir (MPM-in 103.1 və 88-ci maddələri). Ekspert rəyləri arasında yaranmış 48.000 manat əsas borc məbləği fərqi də cavabdeh tərəfindən 2018-ci ilin 17 yanvar tarixində 40.000 manat, 2018-ci ilin 14 fevral tarixində 8.000 manat məbləğdə ödəniş edilməsi nəticəsində yaranmışdır ki, texniki məsələ olmaqla, əlavə sual doğurmur. Əsas borcun məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, baxmayaraq ki, cavabdeh apellyasiya şikayətində konkret ilk ekspert rəyində əks olunan məbləğdə iddia ilə razılaşmışdır, onun razılaşdığı 530.972,24 manat sonradan 48.000 manat məbləğdə ödəniş etməsi nəticəsində 482.972,24 manata azaldığından və sonrakı iki ekspert rəyi ilə də həmin məbləğ müəyyən edildiyindən, bu da öz növbəsində cavabdehin ekspert rəyi (rəyləri) ilə gəlinən nəticəyə (nəticələrə) istinadən apellyasiya şikayəti verdiyi demək olduğundan, iddia da apellyasiya şikayəti həddində, yəni ekspert rəyində (rəylərində) təsbit olunan və sonradan dəqiqləşdirilən həcmdə təmin olunmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc və faiz borcu hissələrdə ləğv edilməli (MPM-in 385.1.4 və 390-cı maddələri), həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə 482.972,24 manat məbləğdə əsas borc tutulmalı, iddia faiz borcunun tutulması hissədə rədd edilməli (MPM-in 384.0.2ci maddəsi), apellyasiya şikayəti təmin edilməli, ekspertiza xərci cavabdehə aid edilməlidir (MPM-in 119.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-12/2018 nömrəli iş üzrə 28 mart 2018-ci il tarixli qətnaməsi əsas borc və faiz borcu hissələrdə ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 482.972,24 manat məbləğdə əsas borc tutulsun. İddia 87.868,94 manat məbləğdə faiz borcunun tutulması hissədə təmin edilməsin. 145 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar