Məhkəmə qərarları › İş №2-2(103)-479/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-479/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-479/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və qanuni nümayəndəsi Ali Bayramın iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-105/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə müqavilədən irəli gələn 95000 manat məbləğində əsas borcun (17100 manat ƏDV daxil olmaqla), borcu vaxtında icra etmədiyi üçün illik 7,25 faiz olmaqla 6887,5 manat məbləğində öhdəliyin icrasını gecikdirməyə görə faiz və ödənilmiş dövlət rüsumu qismində 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 1733-A.BAY-001 nömrəli podrat müqaviləsinə xitam verilməsi, müqavilə və onun 1 saylı əlavəsinə əsasən daşların qırılması üçün cavabdehin hesabına köçürülmüş 85000 manat məbləğindən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması üçün müqaviləyə uyğun olaraq hər ton üçün nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 40107 manat məbləğində hissəsinin çıxarılaraq, qalan 44893 manat məbləğində vəsaitin İddiaçı MMCdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli e-2-2(113)-2164/2021 nömrəli qərardadı ilə həmin işlər bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-105/2022 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pulun tutulması və müqaviləyə xitam verilməsi tələbinə dair iddia müqaviləyə xitam verilməsi hissəsində baxılmamış saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-105/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiasının rədd edilməsi, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə iddiasının təmin edilməsi, 44893 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Cavabdehnə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Cavabdehnə ödənilməsi, məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 102 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, onun iddiasının təmin, Cavabdeh MMC-nin iddiasının isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və qanuni nümayəndəsi Ali Bayram apellyasiya şikayətini müdafiə etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, sifarişçi Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında 18 noyabr 2019-cu il tarixli 1733-A.Bay-001 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən podratçı sifarişçinin Bakı şəhərində yerləşən “Crescent cofferdam” tikinti obyektində təsdiq olunmuş layihəyə uyğun daşın qırılmasını öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə əsasən, ümumilikdə 60000 ton daşın qırılması nəzərdə tutulmuş, 1 ton daşın qırılması üçün işçilik qiyməti 3 manat, ümumi qiymət 180000 manat razılaşdırılmışdır. Müqavilə üzrə "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına 29 noyabr 2019-cu il tarixdə ƏDV-siz 85000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı bildirir ki, müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi olaraq Cavabdeh MMC sifariş olunan işin dəyərinin 100% həcmində avans ödənişini podratçının bank hesabına köçürmə ilə həyata keçirilməli idi. Lakin həmin müqavilə şərtləri pozularaq cəmi 85000 manat məbləğində vəsait ödənilmişdir ki, bu da müqavilə razılaşdırılmış məbləğin 47 faizini təşkil etmişdir. Lakin buna baxmayaraq, işgüzar münasibətləri və cavabdeh təşkilatın rəhbərinin şəxsi xahişini nəzərə alaraq, iddiaçı tərəfindən müqavilə şərtləri tam olaraq icra edilmiş, cavabdehin öz avtomaşınları ilə iddiaçıya məxsus daşqıran kompleksinə gətirilmiş 60000 tondan artıq daş, müqaviləyə 1 nömrəli əlavəyə uyğun olaraq qırılmışdır. Müqavilənin icrası çərçivəsində daşların qırılması həyata keçirildikdən sonra cəmiyyət tərəfindən 14200 ton həcmində qırılmış daş aparılmış, qalan 46000 tona yaxın qırılmış daş hal-hazırda daşqıran avadanlığın yaxınlığında yığılmış vəziyyətdə qalmaqdadır. Podratçı olaraq iddiaçının müqavilə şərtləri tam icra edilməsinə və xidmət haqqının ödənilməsi ilə bağlı cavabdehlə aparılmış telefon danışıqlarına baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödəməli olduğu 95000 manat hal-hazıra kimi ödənilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə işlər tam həcmdə başa çatdıqdan sonra podratçı ilə sifarişçi arasında təhviltəslim aktı imzalanır. Lakin müraciət edilməsinə baxmayaraq, cavabdeh nə təhvil-aktını imzalamış, nə də ödənişi həyata keçirməmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia irəli sürərək bildirir ki, müqavilənin 2.4.4-cü bəndinə əsasən sifarişçi tərəfindən alınmış və podratçıya verilmiş hər hansı material keyfiyyətsiz və yararsız olduqda, eləcə də, materialın möhkəmliyi və yararlılığı barədə şübhə yarandıqda sifarişçiyə bu barədə dərhal məlumat vermək podratçının öhdəliyidir. Bundan əlavə, müqavilənin 2.4.5-ci bəndinə əsasən sifarişçi tərəfindən verilmiş materialların istifadə edilməsi barədə sifarişçiyə yazılı hesabat vermək və işlər yerinə yetirildikdən sonra qalan materialları və fərdi mühafizə vasitələrini təhvil-təslim aktına əsasən sifarişçiyə geri qaytarmaq podratçının öhdəliyidir. Həmçinin, müqavilənin 5-ci bəndi işlərin təhvil-təslim aktına əsasında həyata keçirilməli olduğunu bildirir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən işlər tam həcmdə başa çatdıqdan sonra, podratçı ilə sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Bununla əlaqədar, podratçının müraciəti alındıqdan sonra, sifarişçiyə təhvil-təslim aktını imzalayır, ya da yeddi təqvim günü ərzində yazılı surətdə podratçıya hər hansı aradan qaldırılmamış qüsurlar barəsində məlumat verir və bu qüsurların aradan qaldırılmasını tələb edir. Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixli pretenziya məktubu göndərilərək, İddiaçı MMC tərəfindən cəmi 13369 ton daşın qırılaraq Cavabdeh MMC-yə verildiyi bildirilmiş, bundan əlavə İddiaçı MMC-dən hansı səbəblərə görə işlərin tam həcmdə yerinə yetirilmədiyi barədə hesabat təqdim edilməsi tələb etmişdir. Həmçinin, pretenziya məktubunda cavabdehə ödənilmiş 85000 manat avans məbləğindən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması üçün sərf edilmiş məbləğin 40107 manat hissəsinin çıxılaraq, 44893 manat məbləğində vəsaitin “Gilan İnşaat" MMC-yə geri qaytarılması tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən əsaslıdır. Belə ki, həmin iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırkı işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, iddiaçı bildirir ki, o, bütün işi lazımınca icra etmiş, yəni müqavilə üzrə razılaşdıqları 60000 ton miqdarından da artıq bərk dağ süxur-daş qırmış, lakin cavabdeh tərəfindən cəmi 14200 ton həcmində qırılmış daş aparılmış, qalan 46000 tona yaxın qırılmış daş hal-hazırda daşqıran avadanlığın yaxınlığında yığılmış vəziyyətdə qalmaqdadır. Cavabdeh isə həmin hallara etiraz edir və bildirir ki, İddiaçı MMC tərəfindən işlər tam həcmdə yerinə yetirilməmiş, cəmi 13369,2 ton daş qırılaraq Cavabdeh MMC-yə verilmişdir. Göründüyü kimi ilk növbədə müqavilədə nəzərdə tutulan işin İddiaçı MMC tərəfindən görülüb-görülmədiyi müəyyənləşdirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 avqust 2021ci il tarixli 10/1943 №-li ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, İddiaçı MMC-yə məxsus daşqıran kompleksinin yaxınlığında 17224 m3 həcmində, 45.643,6 kq çəkidə qırılmış dolomit süxurunun olduğu müəyyən edilir. Göründüyü kimi İddiaçı MMC tərəfindən ona məxsus daşqıran kompleksinin yaxınlığında 45643,6 kq çəkidə dolomit süxurunun qırıldığı və yerləşdiyi ekspert rəyi ilə öz təsdiqini tapır. Bununla belə Cavabdeh MMC həmin işlərlə bağlı tərəflər arasında hər hansı təhviltəslim aktının tərtib olunmamasına istinad edir. Tərəflər arasında bağlanan podrat müqaviləsinin 5.1-ci bəndində də müəyyən edilmişdir ki, işlər tam həcmdə başa çatdıqdan sonra, podratçı ilə sifarişçi arasında təhviltəslim aktı imzalanır. Bununla əlaqədar, podratçının müraciəti alındıqdan sonra, sifarişçi ya təhvil-təslim aktını imzalayır, ya da yeddi təqvim günü ərzində yazılı surətdə podratçıya hər hansı aradan qaldırılmamış qüsurlar barəsində məlumat verir və bu qüsurların aradan qaldırılmasını tələb edir. Lakin kollegiya hesab edir ki, Cavabdeh MMC-nin istinad etdiyi həmin dəlillər əsassızdır. Belə ki, Cavabdeh MMC tərəfindən 13369 ton qırılmış daşın heç bir təhvil-təslim aktı olmadan İddiaçı MMC-dən götürülməsi işin mübahisəsiz halını təşkil edir. Birinci instansiya məhkəməsində də məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən qırılmış daş Cavabdeh MMC-yə məxsus avtomaşınlarla aparılırdı (i/v 140). Göründüyü kimi təhvil-təslim aktı tərtib olunması müqavilə şərti kimi nəzərdə tutulsa da, tərəflər arasında olan işgüzar adətlərə əsasən qırılmış daşların bir qismi sifarişçi Cavabdeh MMC tərəfindən heç bir təhvil-təslim aktı olmadan ona məxsus avtomaşınlarla daşınmışdır. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu qaydada müqavilə təfsir edilərkən isə müəyyən edilir ki, tərəflər qırılmış daşların məhz Cavabdeh MMC tərəfindən heç bir təhvil-təslim aktı tərtib olunmadan götürülməsini şərtləşmişlər. Mülki Məcəllənin 770-ci maddəsində də təsbit olunmuşdur ki, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı MMC tərəfindən 45643,6 kq çəkidə qırılmış dolomit süxuru - daşının Cavabdeh MMC tərəfindən qəbul edilmiş sayılmalıdır. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi Cavabdeh MMC tərəfindən 13369,2 ton qırılmış daşın İddiaçı MMC-dən götürülməsi işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi İddiaçı MMC podrat müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirmiş, yəni ümumilikdə 59012,8 ton daşın qırılması işini icra etmişdir (45643,6 + 13369,2 = 59012,8). Cavabdeh MMC isə həm də görülmüş işlərin keyfiyyətsiz olması ilə bağlı müqavilə şərtlərinə, habelə xx.xx.2020-ci il tarixli pretenziya məktubunun göndərildiyinə istinad etsə də, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan qəbul edilir ki, podratçı tərəfindən işlər lazımi keyfiyyətdə həyata keçirilmişdir. Podratçı tərəfindən görülmüş işlərin dəyəri isə ümumilikdə 177038,4 manat təşkil edir (59012,8 x 3 manat = 177038,4). Lakin Cavabdeh MMC tərəfindən işlərə görə cəmi 85000 manat ödəniş həyata keçirilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin işlərə görə ödənilməli olan lakin ödənilməyən 92038,4 manat məbləğində ödənişin həyata keçirilməsini tələb etməkdə haqlıdır (177038,4 - 85000 = 92038,4) və ona görə də, həmin hissədə iddia qismən əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca hesablanmış faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Qeyd olunan maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" MMC tərəfindən İddiaçı MMCnin hesabına 29 noyabr 2019-cu il tarixdə 85000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində əsasən sifarişçi sifariş olunan işin dəyərinin 100% həcmində avans ödənişini podratçının bank hesabına köçürmə ilə həyata keçirilməli idi. Göründüyü kimi "xxxx" MMC 92038,4 manat məbləğində ödənişi ən azı 29 noyabr 2019-cu il tarixdə həyata keçirməli idi. Lakin o, bunu etməmiş və ödənişi təxminən 1 il 2 ay 18 gün (29 noyabr 2019-cu il tarixdən hazırki iddianın qaldırıldığı 16 fevral 2021-ci il tarixədək) gecikdirmişdir. Bununla belə iddiaçı həmin müddət üçün deyil, yalnız 1 il gecikdirilmiş vaxt üçün faizin tutulmasını tələb etmişdir. Həmin müddət üçün hesabladıqda isə müəyyən olunur ki, gecikdirilmiş faiz borcunun məbləği cəmi 4601,9 manat təşkil edir (92038,4 x 5 % = 4601,9). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş 1 il vaxt üçün cəmi 4601,9 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə həmin hissədə də iddia qismən əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, Cavabdeh MMC-nin pulun tutulması barədə iddia tələbi əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırki işdə isə bu əsaslar müəyyən olunmur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, podrat müqaviləsi üzrə İddiaçı MMC-nin Cavabdeh MMC-yə deyil, sonuncunun İddiaçı MMC-yə ödənilməmiş 92038,4 manat borcu mövcuddur. Göründüyü kimi Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə öhdəlikdən kənar hər hansı pulun ödənilməsi halı müəyyən olunmur. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə İddiaçı MMC-nin iddiası qismən təmin, Cavabdeh MMC-nin iddiası isə rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri Cavabdeh MMC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-105/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 92038,4 manat əsas borc və 4601,9 manat faiz borcu tutulsun. Həmin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı 44893 manat məbləğində vəsaitin İddiaçı MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 102 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar