Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-479/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-781/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Təşkilatçı İddiaçı MMC ilə Eksponent Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 31-0205/23-CP16 saylı müqavilə bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən təşkilatçı bu müqaviləyə uyğun olaraq xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində keçiriləcək “X2 and X5 2023” sərgisində iştirak üçün Eksponentə 20 kv.m. təchiz olunmamış boş sahənin ayrılmasını təmin edir. Eyni zamanda sərginin keçirilmə müddətində Eksponentə qeydiyyat xidmətlərini və texniki xidmət olaraq minimum elektrik birləşməsi 220V-3kWt təqdim edir.
3. Müqavilənin 1.3-cü bəndinə əsasən Eksponent isə təqdim edilmiş xidmətlər müqabilində Təşkilatçıya bu müqavilənin 2-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqını ödəməyi öhdəsinə götürür.
4. Müqavilənin 2.1-ci bəndinə əsasən Eksponentin sərgidəki iştırakı üzrə Təşkilatçının xidmətlərinin ümumi qiyməti 20803,40 manat, o cümlədən 3173,40 manatdır (18% ƏDV bu məbləğin içində olmaqla).
5. Müqavilənin 2.2-ci bəndinə əsasən Eksponent Təşkilatçı tərəfindən təqdim olunmuş hesaba əsasən ümumi xidmət haqqını bir ödənişlə (100 %) 23 iyun 2023-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür.
6. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş hər-hansı səbəbdən sərgidən sonra həyata keçirildiyi halda, Eksponent təqdim olunmuş elektron fakturanı aldığı tarixdən əsasən ümumi məbləği bir dəfəyə 5 iş günü ərzində ödəməlidir. Ödəniş üçün əsas sənəd qismində elektron-qaimə istifadə olunur və bu sənədə istinad olunmalıdır.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31-0205/23-CP16 saylı 30 may 2023-cü il tarixli müqavilə üzrə ödənilməli olan 15813,40 manat pulun (xidmət haqqının), gecikdirilmiş vaxt üçün hesablanmış 606,76 manat faizin, habelə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 210 manat və hüquqi xidmətlərin/yardımın göstərilməsi üçün çəkilmiş 2000 manat xərcin, cəmi 18.630,16 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı bildirir ki, müqavilə üzrə öz öhdəliyini lazımınca yerinə yetirməsinə baxmayaraq cavabdeh göstərilmiş xidmətlərin dəyərini ona ödəməmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-781/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 15813,40 manat borc məbləği, 462 manat faiz məbləği, 140 manat mediasiya xərcinin əvəzi və hüquqi yardımın göstərilməsinə çəkilmiş xərcin əvəzi olaraq 700 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməmiş və nəticə olaraq iştirakı təmin olunmadığından işin mahiyyəti ilə bağlı sübutları təqdim edə bilməmişdir. Belə ki, ödəniş tapşırıqlarından göründüyü kimi Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixində əsas borc üzrə 5600 AZN, xx.xx.2023-cü il tarixində 1600 AZN, xx.xx.2023-cü il tarixində 1500 AZN, xx.xx.2023-cü il tarixində 2078 AZN, ƏDV üzrə isə xx.xx.2023-cü il tarixində 1008 AZN, xx.xx.2023-cü 393,30 AZN, xx.xx.2023-cü il tarixində 288 AZN, xx.xx.2023-cü il tarixdə 374,79 AZN, xx.xx.2024-cü il tarixində isə 761,19 AZN ödənilmişdir. Bununla da xx.xx.2023-cü il tarixli, 31-0205/23-CP16 saylı Müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə əsas borc üzrə 15006,81 AZN, ƏDV borcu üzrə isə 2825,28 AZN məbləğində vəsait ödənilmişdir. Nəticə olaraq xx.xx.2023-cü il tarixli, 31-0205/23-CP16 saylı müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan faktiki borcu 5796,59 AZN (əsas borc üzrə) və 348,12 AZN-dir (ƏDV üzrə). Göründüyü kimi İddiaçı MMC hüquqlarından sui-istifadə etmiş, müqavilə üzrə Cavabdeh MMC tərəfindən ona ödənilmiş məbləğlər olmasına rəğmən həmin ödənişləri məhkəməyə təqdim etməmiş, bununla da əsassız varlanmağa çalışmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi.
15. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
17. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur
18. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
19. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
22. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
23. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
26. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 31-0205/23-CP16 saylı müqavilənin bağlanması işin mübahisəsiz halını təşkil edir.
27. Həmin müqavilə isə mahiyyət etibarı ilə Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulmuş icarə müqaviləsidir. 28.Belə ki, iddiaçı cavabdehin sərgidə iştirakı ilə bağlı boş sahənin ayrılmasını, sərginin keçirilmə müddətində eksponentə qeydiyyat xidmətlərini və texniki xidmət olaraq minimum elektrik birləşməsi 220V-3kWt təqdim edir, cavabdeh isə görülmüş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürür.
29. Bu baxımdan, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
30. Eyni zamanda, həmin maddənin dispozisiya şərtlərinə görə icarə obyektinin təhvil verilməsi halını icarəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
31. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EBDİ549467 saylı eqaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 20803,40 manat dəyərində xidmət göstərilmiş və e-qaimə təsdiq edilmişdir.
32. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən etiraf edilmişdir ki, xx.xx.2024cü il tarixdə cavabdeh 4228,81 manat məbləğində ödəniş etmişdir.
33. Bununla bağlı iddiaçı tərəfindən "xxxx" ASC-də olan bank hesabından xx.xx.2024-cü il tarixə aid çıxarış təqdim edilmişdir.
34. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş ödəniş tapşırıqlarından isə müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixində əsas borc üzrə 5600 manat, xx.xx.2023-cü il tarixində 1600 manat, xx.xx.2023-cü il tarixində 1500 manat, xx.xx.2023-cü il tarixində 2078 manat, xx.xx.2024-cü il tarixində 4228,81 manat, ƏDV üzrə isə xx.xx.2023-cü il tarixində 1008 manat, xx.xx.2023-cü 393,30 manat, xx.xx.2023-cü il tarixində 288 manat, xx.xx.2023-cü il tarixdə 374,79 manat, xx.xx.2024-cü il tarixində isə 761,19 manat ödənilmişdir.
35. Göründüyü kimi xx.xx.2023-cü il tarixli, 31-0205/23-CP16 saylı müqavilə üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə əsas borc üzrə 15006,81 manat, ƏDV borcu üzrə isə 2825,28 manat məbləğində vəsait ödənilmişdir.
36. Belə olan halda həmin müqavilə üzrə əsas borc 2623,19 manat, ƏDV üzrə borc isə 348,12 manat təşkil edir (17630 – 15006,81 = 2623,19; 3173,40 – 2825,28 = 348,12).
37. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ödənilməyən ƏDV daxil 2971,31 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
38. Faiz borcunun tutulması tələbinə dair qeyd edilir ki, iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehdən illik beş faiz olmaqla 7 ay üçün (xx.xx.2023xx.xx.2024-cü il tarixə kimi) 606,76 manat məbləğində vəsaitin tutulması tələbini irəli sürmüşdür.
39. Tərəflər arasında bağlanmış müqavilənin 2.1 və 2.2-ci bəndlərində müəyyən edilmişdir ki, cavabdeh 20803,40 manat məbləğində xidmət haqqını bir ödənişlə (100 %) 23 iyun 2023-cü il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür.
40. Lakin yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdeh 2971,31 manat məbləğində pul vəsaitini ödəməmişdir.
41. Mülki Məcəllənin 445.7-ci maddəsində isə təsbit edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur
42. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 2971,31 manat məbləğində borca illik 5 faizlə hesablanmış 86,1 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır (2971,31 x 5%:12=12,3 manat (1 ay) x 07 ay = 86,1 manat).
43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli və cavbdehdən iddiaçının xeyrinə 2971,31 manat əsas borc və 86,1 manat faiz borcu tutulmalıdır.
44. Eyni zamanda, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutların (ödəniş tapşırıqlarının) apellyasiya icraatında qəbul edilməsi Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinin tələblərinə uyğundur.
45. Belə ki, həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
46. İş materillarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Lakin ona bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması müəyyən edilmir.
47. Eyni zamanda, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdehə məxsus elektron kabinetdə təsdiq edilmiş elektron ünvan (e-mail) mövcüd deyil.
48. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də bildirdi ki, məhkəmə prosesi barədə məlumatları olmamışdır.
49. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehə göndərilmiş bildirişlər Mülki Prosessual Məcəllən 135.5-ci maddəsinə uyğun olaraq rəsmi qaydada verilmiş hesab edilə bilməz və ona görə də, həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən apellyasiya icraatında təqdim edilmiş sübutlar qəbul edilməlidir.
50. Eyni zamanda, kollegiya nəzərə alır ki, iddiaçı işin halları barədə tam və dolğun məlumat, yəni cavabdehin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə etdiyi ödənişlər barədə məhkəməyə məlumat verməmişdir. Nəticədə birinci instansiya məhkəməsi həmin ödənişlərdən məlumatsız olmuş və yalnız xx.xx.2024-cü il tarixdə edilmiş ödənişi nəzərə almışdır.
51. Göründüyü kimi, iddiaçı öz hüquqlarından Mülki Məcəllənin 425.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni vicdanla istifadə etməmişdir.
52. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, əsas borca aid hissədə ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, faiz borcuna və məhkəmə xərclərinə aid hissədə isə qətnamə dəyişdirilməlidir.
53. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin 82 faizi iddiaçıya, 18 faizi isə cavabdehə aid edilməlidir.
54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-781/2024 saylı qətnaməsi qismən, yəni 15813,40 manat borc məbləğinin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Qətnamə 462 manat faiz məbləğinin tutulması və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə ƏDV daxil 2971,31 manat əsas borc və 86,1 manat faiz məbləği, iddiaçının çəkdiyi məhkəmə xərclərinə görə 397,8 manat, cəmi 3455,21 manat məbləğində pul vəsaiti tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Elbəy Allahverdiyev
Ziya Şirinov