Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-486/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X7” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi Açar söz: delikt, maddi ziyan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “X7” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “boruların bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ya dəyərinin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-328/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarına əlavə edilmiş Kommersiya Qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X7” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2005-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı “X8 Məmulatı zavodu”nun özəlləşdirilməsi nəticəsində yaranmışdır.
2. "xxxx" İB ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı adları və qiymətləri bu müqavilənin 01 nömrəli qoşmasında göstərilən istehsalat fəaliyyəti nəticəsində aşınmış, funksionallığını itirmiş, korlanmış, demontaj olunmuş, istismara yararsız olan metal boruların, istifadəyə yararsız sayğacların və digər metal konsruksiyaların silinməsi nəticəsində əmələ gələn qara metal qırıntılarını satmağı, alıcı isə həmin məhsulu almağı öz öhdələrinə götürürlər.
3. Müqavilənin 2.4.4-cü bəndinə əsasən alıcı istifadəyə yararsız metal boru hissələrinin torpağın alt hissəsindən qazıb çıxarılmasını və yenidən boş sahənin torpaqla doldurulmasını öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən istifadəyə yararsız metal boruların bir tonunun qiyməti 118 manat müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "X7" ASC yaradılarkən emissiya prospektində (özəlləşdirmə planında) müəssisədə yaradılmış özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış əsas vəsaitlərin inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair aktda və “X8 Məmulatı zavodu”nun balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışda qaz xətti haqqında heç bir məlumat qeyd edilməmişdir.
5. "xxxx" X1 İstismarı İdarəsinin xx.xx.2020-ci il tarixli əmlakın ləğvi aktından görünür ki, Şəmkir rayonu Sarıtəpə kəndinə gedən 159x4.0 mm-2524 p/m yerüstü, 159x4.0 mm-26 p/m yeraltı qaz kəmərlərinin istismar vəziyyəti yoxlanılmış, mübahisə predmeti olan qaz boruları yararsız hala düşdüyü və istismara yararsız hesab edildiyindən ləğv edilməsi qərara alınmışdır.
6. xx.xx.2020-ci il tarixli "xxxx" İB tərəfindən ünvanlanmış telefonoqramdan görünür ki, "xxxx" İB və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Şəmkir RQİİ-nin balansından silinmiş, Şəmkir XS ərazisindən (Sarıtəpə, Şiştəpə, Düyərli kəndləri) 159 mm-lik 4564 p/m, 219 mm-lik 1922 p/m, 273 mm-lik 113 p/m polad qaz borularının sənədləşdirilərək müqavilənin icrasını təmin etmək üçün Cavabdeh MMCyə təhvil verilməsi qeyd olunmuşdur.
7. xx.xx.2020-ci il tarixli aktlara əsasən "xxxx" İB-nin xx.xx.2020-ci il tarixli telefonoqrammasına əsasən Şəmkir RQİİ-nin Şəmkir XS-nin ərazisindən demontaj edilmiş (159 mm – L =1218.98 p/metr) və (159 mm – L =1295.03 p/metr) metal borular Cavabdeh MMC-yə təhvil verilmiş və Cavabdeh MMC tərəfindən 2514 p/metr boru qazılaraq çıxarılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı “X7” Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən sökülmüş, əvvəllər X7 zavodunun təchizatı üçün çəkilmiş qaz kəmərinin tam həcmdə eyni növlü və keyfiyyətli borularla əvvəlki vəziyyətində bərpa edilməsinin təmin edilməsi, qaz kəmərinin bərpası mümkün olmadıqda, iddiaçıya dəymiş maddi ziyan qismində 666.580 manat və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi qismində 100 manat, cəmi 666.680 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, sabiq Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1982-ci ildə sabiq Azərbaycan SSR Kənd Təsrrütatı Nazirliyinin Şamxor Morul kəndinin Nərimanov adına sovxozunda 1 saylı Şərab zavodunun tikintisinə qərar verilmişdir. Nərimanov adına sovxozun 1 saylı Şərab zavodunu qazla təmin etmək üçün, Şamxor (Şəmkir) rayonu Dəllər qəsəbəsində mövcud olan AQRP-dən Şamxor Maşın kanalı (Sarıtəpə) qəsəbəsi istiqamətinə diametri 159x8 mm olan, uzunluğu 4,5 km polad borularla Orta təzyiqli müstəqil Maqistral qaz kəməri çəkilmişdir. Həmin qaz kəmərinin çəkilməsinə razılığı sabiq Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsinin xx-xx/3013 saylı xx.xx.1984-cü il tarixli məktubu ilə verilmişdir. SSRİ Yeyinti Nazirliyi “İttifaqyeyintisənayelayihə” İnstitunun, “Dövlətyeyintisənayelayihə” 2 Saylı Bakı filialının 1983- cü ildə verdiyi Layihədəki qeydiyyat və Azərbaycan Kəndtikinti Laihə İnstutu tərəfindən işlənmiş layihə əsasında çəkilmiş, uzunluğu 4,5 km d-159x8 mm olan orta təzyiqli müstəqil maqistral qaz kəməri "X7" ASC-yə məxsus olmuşdur. Nazirlər Kabinetinin qərarına əsasən 1984-cü ildən çəkilmiş qaz kəməri həmin tarixdən də “X7” zavodunun sahibliyində və istifadəsinə verilmişdir. Lakin 10 avqust 2020- ci il tarixdə Cavabdeh MMCnin işçiləri tərəfindən gizlincə, "X7" ASC-yə bildirilmədən fabrikə gedən uzunluğu 4,5 km d- 159x8 mm olan orta təzyiqli müstəqil maqistral qaz kəmərinin boruları qaynaq vasitəsi ilə kəsilərək, yük avtomobilləri vasitəsi ilə onlara məlum olmayan ünvana daşınmışdır. "X7" ASC-yə məxsus qaz xəttinin boruları kəsildikdən sonra fabrikdə istehsalat prosesi dayandırılmışdır və bu günə qədər də qazın veriməməsi səbəbindən istehsalın bərpası mümkün olmamışdır. Bundan başqa Cavabdeh MMC-nin rəhbərliyi ilə qaz borularının tam həcmdə və əvvəlki vəziyyətdə bərpa edilməsinin təmin edilməsi ilə bağlı aparılmış çoxsaylı danışıqlar heç bir nəticə vermədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi Cavabdeh MMC-nin iddiaçıya məxsus qaz borularının kəsilib götürülməsi ilə bağlı hərəkətləri mülki hüquq pozuntusundan irəli gəlmişdir. Belə ki, cavabdeh təqsirli, qanunazidd hərəkətlərlə "X7" ASC-yə birbaşa zərər vurmaqla özü əsassız varlanmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-328/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf Cavabdeh tərəfindən çıxarılmış qaz borularının məhz "X7" ASC-yə məxsus olmasına dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir.\
12. Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi tərəfindən verilmiş məktuba münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qeyd edilən məktub qaz borularının "X7" ASC-yə məxsusluğunu yox, qaz xəttinə qoşulmaya razılıq məzmunu daşıyır.
13. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh MMC yalnız xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, yəni, "xxxx" İB tərəfindən ləğv edilmiş qaz borularını sonuncunun sifarişi əsasında çıxarılmasını təmin etmişdir. Belə olan halda Cavabdeh MMC tərəfindən "X7" ASC-yə hər hansı qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində zərər vurması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, Cavabdeh MMC-nin təqsirli olması kimi hallar olmadığından iddia təmin edilə bilməz.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-328/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, “X7" ASC-yə cavabdeh tərəfindən birbaşa zərər vurulmaqla onun hüquqlqrı kobud şəkildə pozulmuşdur. Qanunvericilikdən də göründüyü kimi, cavabdeh tərəfindən cəmiyyətin qaz borularının kəsilib götürülməsi delikt nəticəsində baş verdiyinə görə "xxxx" MMC tərəfindən qaz borularının tam həcmdə eyni növlü və keyfiyyətli borularla əvvəlki vəziyyətdə bərpa edilməsi təmin edilməli olduğu halda, məhkəmə əksinə cavabdehin hüquqazidd hərəkətlərinə haqq qazandıraraq, guya ki, həmin hərəkətlərin qanuni olduğunu əsaslandırmağa çalışmışdır. 10 avqust 2020-ci il tarixdə cavabdeh "xxxx" MMC tərəfindən gizlincə, "X7"ASC-yə bildirilmədən, onun təsərrüfat məqsədilə istifadə etdiyi fabrikə gedən uzunluğu 4,5 km d-159x8 mm olan orta təzyiqli müstəqil maqistral qaz kəmərinin boruları qaynaq vasitəsi ilə kəsilərək, daşınması zavodun istehsal prosesini iflic etmiş və halhazıradək də istehsalın bərpası mümkün olmamışdır. Məhkəmə Azərbaycan Kəndtikinti Laihə İnstutu tərəfindən işlənmiş layihə əsasında çəkilmiş, uzunluğu 4,5 km d-159x8 mm olan orta təzyiqli müstəqil maqistral qaz kəmərinin "X7" ASC-yə məxsus olmasını, Nazirlər Kabinetinin qərarına əsasən 1984-cü ildən çəkilmiş qaz kəməri həmin tarixdən də “X7” zavodunun sahibliyində və istifadəsinə verilməsini, 10 avqust 2020- ci il tarixdə Cavabdeh MMC-nin işçiləri tərəfindən gizlincə, "X7" ASC-yə bildirilmədən fabrikə gedən uzunluğu 4,5 km d-159x8 mm olan orta təzyiqli müstəqil Maqistral qaz kəmərinin boruları qaynaq vasitəsi ilə kəsilməsini, "X7" ASC-yə məxsus qaz xəttinin boruları kəsildikdən sonra fabrikdə istehsalat prosesi dayandırılmasını və bu günə qədər də qazın verilməməsi səbəbindən istehsalın bərpasının mümkün olmamasını hallarını araşdırmamışdır. Məhkəmənin istinad etdiyi telefonoqrammaya (telefon zənginə) əsasən başqa şəxsin, yəni “X7” zavodunun isifadəsində və sahibliyində olan qaz xəttinin kəsilməsini, sonradan satılmasına hüquq verib-verməməsini, "xxxx" MMC ilə Azəriqaz istehsalat birliyi arasında bağlanmış müqavilədə işlək vəziyyətdə olan qaz kəmərlərinin kəsilib satılması deyil, yalnız metal qırıntıların toplanması hüququnun cavabdehə verilməsi halları sübut edilməmişdir. Cavabdeh MMC-nin iddiaçıya məxsus qaz borularının kəsilib götürülməsi ilə bağlı hərəkətlərinin mülki hüquq pozuntusundan irəli gəlməsini, onun təqsirli, qanunazidd hərəkətlərlə "X7" ASC-yə birbaşa zərər vurmaqla özünün əsassız varlanmasını əsassız olaraq qanuna uyğun hərəkət kimi qiymətləndirmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İ məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
17. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-328/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin hallarından görünür ki, xx.xx.2005-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmış və “X8 Məmulatı zavodu”nun özəlləşdirilməsi nəticəsində yaranmış “X7” Açıq Səhmdar Cəmiyyəti cavabdeh tərəfindən delikt törədilərək “X8 Məmulatı zavodu”nun balansında olmuş və sonradan ASC-nin mülkiyyətinə keçmiş qaz borularının bərpa edilməsini və ya dəyərinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, "X7" ASC yaradılarkən emissiya prospektində (özəlləşdirmə planında) müəssisədə yaradılmış özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış əsas vəsaitlərin inventarlaşdırılmasına və qiymətləndirilməsinə dair aktda və “X8 Məmulatı zavodu”nun balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışda qaz xətti haqqında heç bir məlumat qeyd edilməmişdir. Məhkəmə bu sübuta əsasən qeyd edir ki, hətta cavabdeh tərəfindən çıxarılmış qaz kəmərlərinin vaxtilə “X8 Məmulatı zavodu”nun balansında olduğu sübut edilmiş olsaydı belə zavod özəlləşdirilərkən hüquqi şəxsin emissiya prospektində öz əksini tapmamışsa ASC həmin borular üzərində mülkiyyət hüququ əldə etməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, işdə qaz kəmərlərinin “X8 Məmulatı zavodu”nun istifadəsində olması barədə sübutlar olsa da, iddiaçının mülkiyyətinə keçməsi barədə sübutlar olmadığından iddia təmin edilə bilməz.
23. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" QSC-nin X10 İdarəsinə daxil olmuş iddiaçının müraciətinə cavab məktubunda da qeyd edilmişdir ki, müraciətdə qeyd edilmiş d159 mm-lik qaz xətti Şəmkir RQİİ-nin balansındadır.
24. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sözügedən qaz boruları cavabdeh tərəfindən qanunsuz deyil, "xxxx" İB ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə əsasında çıxarılmışdır. Belə olan halda hətta həmin borular iddiaçının mülkiyyətində olsaydı belə, bu halda iddia cavabdehə qarşı deyil, qaz borularının ona məxsus olması əsası ilə onların özgəninkiləşdirilməsi barədə müqavilə bağlamış "xxxx" İBnə qarşı qaldırılmalı idi. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll edildiyindən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 328/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı “X7” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-328/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.