Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-487/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: icarə müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2- 2(113)-1029/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 04.-04/2023 nömrəli müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə və onun ayrılmaz hissəsi sayılan X1 əsasən icraçı ona məxsus texnikalar ilə sifarişçinin verdiyi sifarişlər əsasında xidmət göstərir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir.
3. Tərəflər xx.xx.2023-cü il tarixli 01 nömrəli və xx.xx.2023-cü il tarixli 02 nömrəli razılaşma protokolu ilə görüləcək işlərin yeri, məzmunu, ölçü vahidi, qiyməti barədə razılığa gəlmişlər. Müqavilə və protokollar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. xx.xx.2023-cü il tarixli 01 nömrəli təhviltəslim aktına əsasən ƏDV daxil 15.576 manat məbləğində və 02 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil 34.056,31 manat məbləğində xidmətlərin icraçı tərəfindən sifarişçiyə təhvil verilməsini tərəflər öz imza və möhürü ilə təsdiq etmişlər.
5. İddiaçı tərəfindən cavabdehə EBDV seriyalı 569454 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 15.576 manat, EBDU seriyalı 708392 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 34.056,31 manat olan elektron qaimələr göndərilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı “müqavilə üzrə ƏDV daxil 37.832,31 manat, xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 115.388,5455 manat dəbbə pulunun, cəmi 153.220,9 manatın və ödənilmiş 443,22 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı olan “İcraçı” özünə məxsus texnikalar ilə cavabdeh olan “Sifarişçi”nin verdiyi sifarişlər əsasında xidmət göstərir və bunun müqabilində xidmət haqqı alır. Xidmət haqqı, texnikaların siyahısı, icra müddəti xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı “Xidmət müqaviləsi”nin ayrılmaz hissəsi hesab edilən X3 Protokoluna əsasən müəyyən edilir. Qeyd edilən müqavilənin 1 və 2 saylı X3 Protokoluna əsasən “İcraçı” “Sifarişçi”yə 5 texnika ilə xidmət göstərib. Tərəflər arasında imzalanmış 1 saylı təhvil-təslim aktına əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla15 576 manat, 2 saylı təhvil-təslim aktına əsasən görülmüş işlərin dəyəri 34 056.31 manat olmaqla cəmi: 49 632,31 manat təşkil edib. Cavabdeh olan “Sifarişçi” tərəfindən xx.xx.2023-cü il tarixində 10 000 manat avans, 1 800 manat isə avans məbləğin ƏDV-i ödənilmişdir. Hər iki akt üzrə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil37 832.31 manat təşkil edir. Lakin borc bu günə kimi ödənilməyib. Bu isə cavabdehin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi deməkdir. Qeyd edilən məbləğə uyğun iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 569454 nömrəli və EBDU seriyalı, 708392 nömrəli elektron qaimə fakturalar göndərilmişdir. Hal-hazırda ödənilməmiş xidmət haqqı üzrə borc məbləği ƏDV daxil 37 832.31 manat təşkil edir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1029/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 37.832 (otuz yeddi min səkkiz yüz otuz iki) manat 31 (otuz bir) qəpik, cərimə borcu üzrə 1.900 (bir min doqquz yüz) manat olmaqla, ümumilikdə 39.732 (otuz doqquz min yeddi yüz otuz iki) manat 31 (otuz bir) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 209 (iki yüz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi adlansa da, onun əsl mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, qeyd edilmiş müqavilə icarə müqaviləsidir. Belə ki, məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya məxsus texnikaları icarəyə götürdüyünü və üçüncü bir şəxsə xidmət etmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil 15.576 manat məbləğində və 02 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil 34.056,31 manat məbləğində xidmətlərin icraçı tərəfindən sifarişçiyə təhvil verilməsini tərəflər öz imza və möhürü ilə təsdiq etmişlər. Bundan başqa iddiaçı tərəfindən cavabdehə EBDV seriyalı 569454 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 15.576 manat, EBDU seriyalı 708392 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 34.056,31 manat olan elektron qaimələr göndərilmişdir. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 49.632,31 manat təşkil edir. Hazırda iddiaçı cavabdeh tərəfindən 11.800 manat (49.632,31-11.800) məbləğində ödəniş edildiyini, nəticədə 37.832,31 manat borcunun qaldığını bildirir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı əsas borcun tələb edilməsi hissəsində qəbul etdiyini bildirmişdir. Belə olan halda Məhkəmə hesab etmişdir ki, 37.832,31 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 115.388,54 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 1.900 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 443,22 manat məbləğində pulun tələb olunması ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 443,22 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir. Lakin, Məhkəmə qeyd etmişdir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 209,20 manat təşkil edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
10. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.4, 462.1, 467, 675, 697.3, 700.1, 700.2, 700.3-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1029/2025 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddianın yalnız əsas borc olan 37.832 (otuz yeddi min səkkiz yüz otuz iki) manat 31 (otuz bir) qəpik məbləği hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, AR Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İddiaçı tərəfindən təqdim olunan məbləğlər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, göstərilən hallarla bağlı məhkəmənin tam, hərtərəfli və obyektiv araşdırmasını təmin etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləği yenidən hesablanmalı idi. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Cavabdeh tərəfindən öhdəliklər onun təqsiri olmadan gecikdirilmişdir. Cavabdeh şirkətə üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə öhdəliklərin icrası gecikmişdir. Məhkəmə ümumiyyətlə bu hissədə araşdırmanı təmin etməmişdir. AR Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə şirkətimizə qarşı dəbbə pulu ödənilməsinə də qərar verməklə bizim sahibkarlıq fəaliyyətimizə lüzumsuz müdaxilə edilmişdir. Belə ki, məhkəmə tərəfindən dəbbə pulu mütənasibsiz hesablanıb. AR MM-in 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qətnamədə müəyyən olunmuş 1.900 (min doqquz yüz) manat dəbbə pulunun hansı meyarlara uyğun hesablanaraq ağlabatan hesab olunmasına məhkəmə tərəfindən izah verilməmişdir. AR MPM-in 14-cü maddəsinə əsasən, 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tamvə obyektiv tədqiqinə lazımişərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslaraşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. MPM-in 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsindəsəhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-nin 387-ci maddəsi: prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixliQərarları). AR MPM-in 384-cü maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi: qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlarəsasında yeni qətnamə qəbul edə bilər. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1029/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edilməklə AR MPM-in 14, 88-ci maddələri pozulmuşdur. İş üzrə mühasibatlıq ekspertizası təyin olunmalı olduğu halda bu barədə məhkəmə vəsatətin rədd edilməsi barədə qərardad çıxarmış, borcun hesablanması məhkəmə tərəfindən həyata keçirilmişdir. Məhkəmə tərəfindən əsassız olaraq dəbbə pulu hesablanmaqla yanaşı, buna müvafiq olaraq dövlət rüsumu da əsassız olaraq daha artıq məbləğdə cavabdehə aid edilmişdir. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunan əsasları araşdırmış, cavabdeh tərəfin etiraz və vəsatətinə hüquqi qiymət verməmişdir. Məhkəməyə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli xx-xx/2023 saylı “xidmət müqaviləsi”nin şərtlərində ƏDV məbləğinin gecikdirilməsinə görə, dəbbə pulunun hesablanması nəzərdə tutulmaması bildirilmiş, İddiaçı MMC-nin maliyyə arayışına əsasən, tələb etdiyi dəbbə pulunun artıq göstərildiyi üçün, iş üzrə ödənilmiş dövlət rüsumuna da artıq hesablanması və bu səbəbdən iddianın əsassız olduğu bildirilmişdir. Lakin göstərilən hallar məhkəmə tərəfindən araşdırılmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
14. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC tərəfindən dəbbə pulunun və dövlət rüsumunun tutulması hissəsində mübahisələndirildiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 9.02.2025ci il tarixli,e-2-2(113)-1029/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iddiaçı onunla GTG” MMC (sifarişçi) arasında bağlandığı qeyd olunan xx.xx.2023-cü il tarixli, 04.-04/2023 nömrəli müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.
22. Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin edilmiş , müvafiq müqavilə üzrə 37.832,31 manat əsas borc, 1.900 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 209,20 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
24. Cavabdeh apellyasiya şikayətində xx.xx.2023-cü il tarixli, 04.-04/2023 nömrəli müqavilə üzə 37.832,31 manat əsas borcunun olduğunu qəbul etmiş, lakin öhdəliklərin onun təqsiri olmadan, üçüncü şəxslər tərəfindən ödənilməli olan vəsaitlər vaxtında təqdim olunmadığına görə gecikdiyini qeyd etmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin dəlilinə münasbətdə bildirir ki, bu cavabdehin qeyd etdiyi halın müqavilədə üzərinə götürdüyü öhdəliyi təqsirli icra etməməsini istisna etmir.
26. Dəbbə pulunun tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
27. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04.-04/2023 nömrəli 2.7-ci bəndində müəyyən edilmişdir ki, Sifarişçi xidmət haqqının ödənişini gecikdirdikdə xidmət haqqı ödənişinin gecikdirildiyi hər gün üçün borcun bir faizi həcmində İcraçıya dəbbə pulu ödəyir.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR MM-nin 467-ci maddəsinin tələbinə əsasən məhkəmənin yüksək məbləğdə dəbbə pulunu azaltmaq səlahiyyəti borclunun əmlak mənafeyini, əsas borca mütənasibliyini nəzərə alaraq və ədalət, insaf, humanizm prinsiplərinə dayanaraq həyata keçirilir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məcəlləyə əsasən məhkəmə xərclərinə dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər aid edilir.
30. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 443,22 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
31. Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə dövlət rüsumunun əvəzi olaraq 209, 20 manat məbləğində pulun Cavabdehndən tutulması qət edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş məbləğ iddianın təmin olunmuş hissəsinə mütənasibdir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2-2(113)-1029/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəsini alır, qətnamədən kassasiya şikayəti verilə bilməz.