Məhkəmə qərarları › İş №2-2(103)-49/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-49/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-49/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: “pulun ödənilməsi” tələbi) X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili Nümayəndə1 Akif oğlunun Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-2(113)-3865/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC və podratçi – “X5 ve Ticaret” ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işlərini 21.714.000 manat (ƏDV daxil) məbləğində icra etməyi qəbul etmişdir. Podratçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər podratçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uvğun olmadıqda, podratçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

2. LWC-2018/30 nömrəli, 2018-ci il 16 mart tarixli “İşlər üzrə satınalma” müqaviləsinin xüsusi şərtlərinə əsasən müqavilənin icra müddəti 2018-ci il 29 dekabr tarixədək müəyyən edilmişdir.

3. Müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndinə əsasən Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir.

4. 2018-ci il 20 fevral tarixli, MFF-032-T3-NCB-1.02 nömrəli müqaviləyə 2018-ci il 24 aprel tarixli 1 saylı Düzəlişə əsasən “Layihənin uğurla tamamlanması və kanalizasiya sisteminin funksionallığının təmin edilməsi məqsədilə iş həcmləri cədvəlinə fərqli diametrlərdə ümumi uzunluğu 19909,05 m olan kanalizasiya xəttinin əlavə olunması ilə əlaqədar müqavilə müddəti dəyişdirilmədən müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranmışdır.” Müqavilənin yekun dəyəri 29.484.234,54 manat təşkil etmişdir.

5. Cavabdeh ASC və “X5 ve Ticaret” ASC arasında bağlanmış LWC2018/14 nömrəli, 2018-ci il 5 sentyabr tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənilmişdir.

6. 2018-ci il 7 iyun tarixli, 07/07-1/2/9014 nömrəli Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisinə dair Cavabdeh ASC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış məktubuna əsasən müqavilənin yekun dəyəri 29.484.234,54 manat təşkil etmişdir.

7. 2019-cu il 30 sentyabr tarixə qədər Ağdaş rayon küçələrinə iddiaçı tərəfindən vurulan asfalt örtüyünün iş həcmləri barədə arayışa əsasən vurulan asfalt örtüyü 91452 kv.metr təşkil etmişdir.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 iyul tarixli Sərəncamına əsasən Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli, 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 22.000.000 manatı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə qarşı 2022-ci il 4 iyul tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli, 2018-ci il 20 fevral tarixli müqaviləyə əsasən cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə, cavabdehdən 3.631.862,4 manat (ƏDV) məbləğinin, iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən 2018-ci il 21 fevral tarixində təqdim edilən avans ödəniş sertifikatı üzrə X4 tərəfindən 2018-ci il 19 mart tarixində 3.394.768,24 manat, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2018- ci il 29 mart tarixində 202.283,83 manat əsas məbləğ və 647.469,37 manat ƏDV ödənilmiş, 2018ci il 20 mart tarixindən 2018-ci il 31 may tarixinə qədər təqdim edilən 5 ödəniş sertifikatına əsasən X4 tərəfindən 2018-ci il 18 aprel tarixində 4.746.280 manat, 2018-ci il 1 iyun tarixində 2.213.278,83 manat, 2018-ci il 24 iyul tarixində 7.878.490,77 manat, 2018-ci il 26 sentyabr tarixində 2.981.784,26 manat və 2018-ci il 29 sentyabr tarixində 2.357.178,16 manat ödənilmişdir. X4 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinmişdir. Yuxarıda qeyd olunmuş 5 ödəniş sertifikatı üzrə qalan hökumət payını və ƏDV hissəsini Azərbaycan Respublikası Maliyyə Nazirliyi bir dəfəyə 5.050.560,24 manat (ƏDV ilə birlikdə) 2019-cu il 8 yanvar tarixində ödəmişdir. Müqavilənin icrası zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi vaxtında ödənişləri həyata keçirmədiyinə görə iddiaçıya 3.631.862,4 manat ziyan dəymişdir. Eyni zamanda, Ağdaş şəhərinin su və kanalizasiya xəttlərinin tamamlanması və rəsmi açılış tədbirinə hazırlamaq barədə razılaşmaya əsasən cavabdehin sifarişi əsasında bu müqavilə üzrə 90155 kv.metr asfalt işləri və digər işlərin 2019-cu ilin sentyabr ayında təsdiq edilmiş akt əsasında cavabdehə təhvil verilmişdir. Lakin, qarşılıqlı təsdiqlənmiş akt əsasında cavabdehin TOOM ilə F2-nin dəyəri 2.397.371,88 manat (ƏDV-siz) olduğu dəqiqləşdirilsə də, F2-nin təsdiq olunması prosesi cavabdeh tərəfindən bu günə qədər süni olaraq uzaldılır və ödənişlər həyata keçirilmir. Cavabdeh tərəfindən həmin işlərin dəyəri hazırki vaxtadək iddiaçıya ödənilməmiş, cavabdeh tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir.

11. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli, 2018-ci il 20 fevral tarixli müqaviləyə əsasən cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə, cavabdehdən 3.631.862,4 manat (ƏDV) məbləğinin, iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, 2018-ci il 20 fevral tarixli, MFF032-T3-NCB1.02 saylı müqavilə üzrə ƏDV məbləği olan 3.631.862,4 manat məbləği Maliyyə Nazirliyi tərəfindən 2019-cu il 8 yanvar tarixində ödənilmişdir. Müqavilənin 50-ci bəndinə əsasən ödənişlər 28 gün ərzində həyata keçirilmədikdə növbəti tarixdən etibarən gecikmiş ödənişlər üzrə faiz məbləği hesablana bilər. Göründüyü kimi sözügedən müqavilədə nəzərdə tutulan məbləğlərlə bağlı bütün ödəmələr həyata keçirilmişdir. Bundan əlavə ƏDV məbləğinin sonuncu ödəniş tarixi 2019-cu il 8 yanvar tarixində həyata keçirildiyindən bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 2022-ci il 8 yanvar tarixədək mübahisəli hesab etdiyi məbləği tələb edə bilərdi. ƏDV əvəzi olaraq silinmiş tələb üzrə iddia müddəti ötürülmüş və buna görə də həmin tələb üzrə iddia müddəti tətbiq edilməlidir. Digər tərəfdən, iddiaçı sözügedən müqaviləyə istinad etsə də, asflat işləri üzrə tərəflər arasında heç bir əlavə razılaşma bağlanmamışdır. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçının iddia ərizəsində asfalt və digər işlər üzrə tələb etdiyi məbləğin əsasının nədən ibarət olması sual doğurur. Həmçinin, həmin işlər üzrə iddiaçı tərəfindən Cəmiyyətə Forma 2, Forma 3, hesab-faktura, elektron qaimələr təqdim edilməmiş və bu məbləğ cavabdehin mühasibat uçot sənədlərində öz təsdiqini tapmamışdır. Görülmüş işlərin cavabdeh tərəfindən sifariş olunmasına dair hər hansı bir sübut təqdim olunmamışdır

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli, e-2-2(113)-3865/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).

14. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçı asfalt işləri və digər podrat işlərinin gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki görülmüş işlər və onların dəyəri yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. MM-nin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndində də qeyd olunmuşdur ki, “Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir”. MM-in 754.1 və 754.2-ci maddələrinin məzmununa əsasən təqribi smetadan kənaraçıxma halında belə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, yəni, muzd razılaşdırılmalıdır. 2-ci şərt isə ondan ibarətdir ki, kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Lakin işlərin gedişatı zamanı podratçı tərəfindən sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin, cavabdeh və iddiaçı arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənildiyi, müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyi təsdiqini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1 və 176-cı maddələrinin məzmununa əsasən tərəflərin hər ikisinin də vergi ödəyicisi olan hüquqi şəxs olması nəzərə alınmaqla elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, iddiaçı tərəfindən bu tələbə əməl olunması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Tərəflər arasında yazılı formada deyil, şifahi razılaşmanın olması qəbul olunsa belə, işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 2.397.371,88 manat məbləğində pul vəsaitinin xərclənməsini əsaslandıran sənədlər də məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyətinin olması müəyyən edilmir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin tutulması hissəsində təmin oluna bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin iddianın digər hissəsinə (cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3.631.862,4 manat məbləğində pul vəsaitinin ödənilməsi) münasibətdə ilkin olaraq iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağdakıları qeyd etmişdir. İddia müddəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün müddətin axımının hansı vaxtdan hesablanmalı olduğu müəyyən edilməlidir. MFF032-T3- NCB-1.02 nömrəli, 2018-ci il 20 fevral tarixli müqavilə üzrə sonuncu ödəniş 2019-cu il 8 yanvar tarixidir. Yəni, borcu etiraf etməsini göstərən hərəkət sonuncu dəfə 2019-cu il 8 yanvar tarixində icra olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 2022-ci il 8 yanvar tarixədək həmin məbləğin ödənilməsi ilə bağlı iddia irəli sürülə bilərdi. Cavabdehin iddianı müddətinin tətbiqi ilə bağlı ərizəyə etirazının əsasını o təşkil etmişdir ki, daşınmaz əşyalarla bağlı iddia müddəti 6 il təşkil etdiyindən müddət ötürülməmişdir. Lakin məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, müqavilənin predmetini hər hansı bir daşınmaz əmlak deyil, podrat müqaviləsi üzrə işlərin görülməsi təşkil etmişdir. İddianın bu hissəsinin əsasını təşkil edən hal ondan ibarət olmuşdur ki, ödənişin aparılması Maliyyə Nazirliyi tərəfindən gecikdirilmişdir. İşin hallarına əsasən, cavabdehin mübahisə predmeti olan müqavilə üzrə pul vəsaiti ödəmək öhdəliyi nəzərdə tutulmamış, görülmüş işlərin dəyəri Maliyyə Nazirliyi tərəfindən ödənilmişdir. Yəni, müqavilə öhdəliklər tam yerinə yetirilmədiyi, gecikdirilməklə yerinə yetirildiyi təqdirdə belə buna görə cavabdeh məsuliyyət daşıya bilməz. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia rədd edilməli və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 375.2, 377.1, 380.1, 380.2, 754.1, 754.2-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11- 6, 71-1, 176-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli, e-2-2(113)-3865/2022 saylı qətnaməsini ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, 20 fevral 2018-ci il tarixində İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında MFF032-T3-NCB-1.02 saylı müqaviləyə əsasən cavabdehin sifarişi ilə “Ağdaş şəhərinin su və kanalizasiya xəttlərinin tamamlanması” və rəsmi açılış tədbirinə hazırlıq ilə bağlı Cavabdeh ASC-nin sifarişi əsasında 91452 kv.metr asfalt işləri və digər işlər “Akelik” tərəfindən görülüb və 2019-cü ilin sentyabr ayında təsdiq edilmiş yekun akt əsasında Cavabdehya təhvil verilib. Bundan əvvəl, 05 fevral 2019-cu il tarixində Ağdaş rayon İcra Hakimiyyətindən (telefon № +**********000) Cavabdeh ASC-yə sonuncuda 49 nömrəsi ilə qeydə alınmış faksməlumat daxil olub. “Ağdaş şəhəri üzrə kanalizasiya və su çəkilişi zamanı qazılmış, lakin bərpa olunmamış (asfaltlanmayan) küçələr haqqında Məlumat adlanan sənəddə Ağdaş şəhərinin mərkəzi hissəsini əhatə edən H.Əliyev prospekti və ona birləşən küçələr ilə birlikdə cəmi uzunluğu 14520 m olan əraziyə asfalt döşənilməsinin zəruruliliyi göstərilib. Məhz bu zərurətlə əlaqədar cavabdeh tərəfindən İddiaçı- a həmin işlərin də görülməsi sifariş verilib. Cavabdeh ASC-də xx.xx.2019-ci il tarixli 49 nömrəsi ilə qeydə alınmış faks-məlumat ilə tərəflər arasında imzalanmış yekun Aktın məzmunu eynidir. İşlərin tam və keyfiyyətli görülməsi, eləcə də göstərilən akta əsasən Cavabdeh ASC-nin Tikilməkdə olan obyektlərin müdiriyyəti, habelə Ağdaş rayon icra hakimiyyəti nümayəndələri tərəfindən həmin işlərin 91452 kv.metr sahədə asfalt işlərinin görülməsi təsdiqlənsə də, bu işlərin dəyəri ƏDV-siz 2.397.371,88 manat müəyyən olunsa da, Forma 2 sənədinin təsdiq olunması prosesi Cavabdeh ASC tərəfindən bu günə qədər süni olaraq uzadılır və ödənişlər həyata keçirilmir. Asfalt işləri və digər işlərin görülməsinin təmin edilməsi üçün “Akelik Group“ MMC "xxxx" MMC ilə 26 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq, sonuncudan ümumi qiyməti 2.219.686 manat dəyərində materiallar, o cümlədən 228m3 - M400 betonu, 25000ton asfalt, 1958 m3 qravil, 1675 m3 qırmadaş alaraq, həmin materiallardan bilavasitə Ağdaş rayonunda asfalt və sair işlər görülməsində istifadə edib. Bundan başqa, ərizəçi həmin işlərin görülməsi üçün əsasən Ağdaş rayonun sakinləri olan şəxslərlə əmək müqavilələri bağlayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-204/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli, e-2-2(113)-3865/2022 saylı qətnaməsi qismən, yəni 90155 kv.m asfalt işlərinin dəyərinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh ASC-dən 2.298.952,5 (iki milyon iki yüz doxsan səkkiz min doqquz yüz əlli iki manat əlli qəpik) manat (ƏDV-siz) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, həmin iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh kassasiya şikayəti verərək, 2023-cü il 17 mart tarixli, 2-2(103)-204/2023 saylı qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv, iddia tələbinin rədd olunmasını və ödənilmiş 1.902,31 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Həmçinin iddiaçı da kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)- 204/2023 saylı qətnaməsini qismən ləğv, ödəniş vaxtında aparılmadığına görə cavabdehdən 3.631.862,4 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2-2(102)-386/2023 saylı qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2- 2(103)-204/2023 saylı qətnaməsi qismən, Cavabdeh ASC-dən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış, İddiaçı MMC-nin kassasiya şikayəti isə təmin edilməmişdir.

23. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı asfalt işləri və digər podrat işlərini gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, görülmüş işlər və onların dəyəri isə yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı olduğu halda, həmin sənədlər, görüləcək asfalt işlərinə və onların dəyərinə dair tərəflər arasında razılaşdırılmış müqavilə olmadığından, apellyasiya məhkəməsinin iddia tələbinin bu hissəsində gəldiyi nəticə MM-in 385, 752 və 753-cü maddələrinin tələblərinə cavab vermir. Podratçı olaraq iddiaçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirməli olmadığını bildiyi halda, yerli icra hakimiyyətinin göstərişinə əsasən gördüyü işlərin dəyərini cavabdehdən tələb etməsi, apellyasiya məhkəməsinin isə müqavilənin icrası vaxtı rəsmi sənədlər (F2, F 3, işlərin təhvil verilməsi və s.) olmadan pul vəsaitinin ödənilməsi halları olmadığı halda MM-in 404.1 və 404.2-ci maddələrinə əsaslanaraq iddianı həmin hissədə təmin etməsi bu maddələrin pozuntusu kimi qiymətləndirilir. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyətinin olması müəyyən edilmir və müqaviləyə xitam verildikdən, bütün razılaşdırılmış ödənişlər həyata keçirildikdən bir il sonra iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin olunması işə kassasiya qaydasında baxan məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilmir. Apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia tələbi əsassızdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən MM-in 21.2-ci maddəsinin, habelə iddiaçının istinad etdiyi hallara əsasən hazırkı iddia üzrə xüsusi norma kimi çıxış edən MM-in 443.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir, çünki cavabdeh tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilməmişdir. Belə ki, iddiaçı özü bildirmişdir ki, X4 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinmişdir. İddiaçının özünün istinad etdiyi hallara əsasən ona məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3.631.862,4 manat silinməsinin səbəbi cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödənişin aparılmaması olmuşdur. Göründüyü kimi həmin iddia tələbləri özlüyündə əsassızdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iddiaçı Qanuni nümayəndə və onun nümayəndəsi və vəkili Nümayəndə1 Akif oğlu hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

25. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin tam ləğv olunmasını və iddiasının təmin edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2-2(102)-386/2023 saylı qərarı ilə Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2- 2(103)- 204/2023 saylı qətnaməsi qismən, Cavabdeh ASC-dən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alındığından birinci instansiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Kollegiya ilk növbədə qeyd ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin ləğv edilən hissə ilə bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

32. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırda qətnamənin yenidən yoxlanılan hissəsi ilə bağlı hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

33. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən hüquqi mövqeyi nəzərə almaqla vurğulayır ki, iddiaçı asfalt işləri və digər podrat işlərini gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, görülmüş işlər və onların dəyəri isə yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı olduğu halda, həmin sənədlər, görüləcək asfalt işlərinə və onların dəyərinə dair tərəflər arasında razılaşdırılmış müqavilə mövcud deyil. Digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. MM-nin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

34. MM-in 754.1 və 754.2-ci maddələrinin məzmununa əsasən təqribi smetadan kənaraçıxma halında belə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, ikinci şərt isə ondan ibarətdir ki, kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. İşlərin gedişatı zamanı podratçı tərəfindən sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.

35. Digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndində isə qeyd olunmuşdur ki, “Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir”. İş materiallarından da göründüyü kimi cavabdeh və iddiaçı arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10.681.109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənildiyi, müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyi təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə 2018-ci il 6 sentyabr tarixindən xitam verildiyindən, müqaviləyə xitam veriləndən bir il sonra hər hansı müqavilə və razılaşdırma, sifariş olmadan aparılmış asfalt işlərinə görə cavabdehdən iddiaçının xeyrinə bununla bağlı pulun tutulmasının təmin edilməsi mülki qanunvericiliyin yuxarıda qeyedilən müddəalarının tələblərinə əsasən də əsaslı sayıla bilməz.

36. İş materiallarına əsasən, görülmüş işlərin həqiqi həcminə dair hər iki tərəfin təsdiq etdiyi F2 aktları, rəsmi müqavilə, sifariş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1 və 176-cı maddələrinə uyğun olaraq tərtib olunmuş elektron qaimə-faktura, işlər görülməmişdən əvvəl layihənin smeta dəyərinin müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 2.397.371,88 manat məbləğində pul vəsaitinin xərclənməsini, asfalt örtüyünün məhz tərəflər arasında bağlanmış LWC-2018/14 nömrəli, 2018-ci il 4 aprel tarixli müqaviləyə əsasən su və kanalizasiya xətləri çəkilmiş küçələr üzrə çəkildiyini təsdiq edən sənədlər də məhkəməyə təqdim olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən iddiaçının müraciətinə əsasən məhkəməyə ünvanlanan 2023-cü il 13 mart tarixli, 5-32-12/2- 92/2023 nömrəli məktuba istinad etməklə isə məhz həmin işlərin cavabdeh qurumun sifarişi əsasında görülməsi qənaətinə gəlinə bilməz. Həmin məktub belə bir sifarişin cavabdeh tərəfdən verilməsi və aralarında belə bir razışmanın mövcudluğuna dələlət etmir. Eyni zamanda kollegiya qeyd edir ki, işdə olan xx.xx.2019-cu il tarixli aktda İddiaçı MMC ilə yanaşı Ağdaş rayon İcra Hakimiyyəti və Cavabdeh ASC-nin TOOM-nin tikintiyə texniki nəzarət mühəndisi E.Salahovun izma etməsi də həmin işlərin Cavabdeh ASC-nin sifarişi ilə görülməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz və bu iddianın həmin hissədə təmin edilməsi üçün əsas ola bilməz. Kassasiya instansiya məhkməsi də qeyd etmişdir ki, podratçı olaraq iddiaçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirməli olmadığını bildiyi halda, yerli icra hakimiyyətinin göstərişinə əsasən gördüyü işlərin dəyərinin cavabdehdən tələb edilməsi barədə iddianın təmin edilməsi qanuni hesab edilə bilməz.

37. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyətinin olması müəyyən edilmir və müqaviləyə xitam verildikdən, bütün razılaşdırılmış ödənişlər həyata keçirildikdən bir il sonra iddiaçı tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2.397.371,88 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində iddianın təmin olunması qanuni və əsaslı hesab edilə bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən (iddianın Cavabdeh ASCdən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsinin təmin edilməməsi ilə bağlı hissədə) əsaslı sayıla və həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh ASC-dən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsinin təmin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3865/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi iddianın Cavabdeh ASC-dən 2.298.952,5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar