Məhkəmə qərarları › İş №2-2(103)-49/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-49/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-49/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam) hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 141/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. **********2 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi və ona əlavə olunan cədvəl 1-ə əsasən "xxxx" MMC-yə məxsus, “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dövr üzrə sığortalanmışdır.

2. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Toyota Camry” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddənin tələbinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.

3. xx.xx.2023-cü il tarixli, AZ0015371 nömrəli ödəniş tapşırığından görünür ki, 77- PU-728 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 9971,58 manat məbləğinə ödəniş edilmişdir.

4. "xxxx" MMC-nin təmir aktından görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri cəmi 10171,58 manat təşkil edir.

5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 196.5 nömrəli qiymətləndirmə aktından görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirbərpa xərcləri cəmi 6369 manat təşkil edir.

6. xx.xx.2023-cü il tarixli, 353/23 nömrəli sığorta aktından görünür ki, sığortalı “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Camry” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 10171,58 manat, çıxılmış şərti azadolma məbləği 200 manat və sığorta ödənişinin məbləği 9971,58 manat təşkil edir.

7. "Sərraf-M" Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli, 0325/23 nömrəli mütəxəssis rəyinə əsasən “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın və üzərində aparılmış təmir-bərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması üçün rəyin verilən günə olan xərclərin ümumi dəyəri 6050 manat təşkil edir.

8. "xxxx" MMC tərəfindən “Kəngərli və partnyorları” vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2021-2022-ci il buraxılışlı “Skoda Rapid” markalı avtomobilin ehtiyat hissələrinin qiyməti aşağıdakı kimidir: 1. A/C (Air Conditoner) radiatoru – 532,18 manat; 2. antifriz radiatoru – 375,24 manat; 3. qabaq şveller - 411,82 manat; 4. qabaq oblisovka xromu - 781 manat; 5. qabaq sağ fara sadə model – 1036,04 manat, full – 1484,44 manat; 6. elektrovintelatorun korpusu – 84,96 manat; 7. qabaq bufer – 868,48 manat.

9. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-ci il tarixli, BS-S-23/0836 nömrəli pretenziya məktubundan görünür ki, 5171,58 manat vəsaitin 5 (beş) gün müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5171,58 manat məbləğində sığorta ödənişi, 100 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5281,58 manat pul vəsaitinin tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 ASC-yə məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən “Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC-də avtokasko risklərindən sığortalanmış “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Skoda Rapid” markalı, ** PU *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 10171,58 manat məbləğində qiymətləndirilmiş, tərəfimizdən 200 manat azadolma məbləği çıxılmaqla 9971,58 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş **********2 saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil və “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan (forma 4) müəyyən olunur ki,“Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" ASC-yə məxsusdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" tərəfindən verilmiş təmir aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10171,58 manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində“Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 200 manat azadolma məbləği çıxılmaqla 9971,58 manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 9971,58 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışdan müəyyən olunur ki,“Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. xx.xx.2023-cü il tarixli, BS-S-23/0014 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, ASC tərəfindən "xxxx" ASC tərəfindən ödənilməli məbləğ çıxıldıqdan sonra qalıq 2833,85 manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehdən tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023cü il tarixli, BS-S-23/0836 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün "xxxx" MMC tərəfindən ödənilmiş 4800 manat (200 azn məbləğində ASC tərəfindən qarşılanmamış azadolma məbləği həddində zərər vurandan tələb hüququ zərər çəkən şəxsə aiddir) çıxıldıqdan sonra qalan 5171,58 (beş min yüz yetmiş bir manat,əlli səkkiz qəpik) manat məbləğində pulun ASC-yə geri ödənilməsi onlardan müştərək qaydada tələb edilmişdir. Mübahisənin mediasiya qaydasında həlli mümkün olmamışdır

12. Bakı Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, e-2-2(113)-2823/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 3940,14 manat sığorta ödənişi, 84 manat mediasiya xərci olmaqla, cəmi 4024,14 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 152 manat hissəsi Cavabdeh1, 48 manat hissəsi isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab etmişdir ki, sığorta ödənişini vermiş iddiaçı subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir. Son rəydən göründüyü kimi, "xxxx" və "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Skoda Rapid" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 9520,0 manat müəyyən edilmişdir. Rəydən göründüyü kimi, "xxxx" və "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktlarında 29 adda ehtiyyat hissələri, "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 20 adda ehtiyyat hissələri qiymətləndirilmiş və bu səbəbdən də qiymətlər arasında fərq yaranmışdır. Rəydə qeyd olunur ki, "Sərraf-M" Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən işlər haqqında ətraflı məlumat (ehtiyyat hissələrinin miqdarı, dəyişilməli hissələrin və təmir-bərpa işlərinin ayrı-ayrılıqda qiyməti) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Rəy verildikdən sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim təqdim etdiyi, "xxxx" MMC tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2021-2022-ci il buraxılışlı “Skoda Rapid” markalı avtomobilin 2 ehtiyat hissəsinin – A/C (Air Conditoner) radiatorunun qiymətinin 532,18 manat (rəydəki qiymət 910 manatdır), elektrovintelatorun korpusunun qiymətinin isə 84,96 manat (rəydəki qiymət 287 manatdır) olduğu qeyd olunmuşdur. Həmin ehtiyat hissəslərinin qiyməti rəydə (eləcə də qüsur aktlarında) müvafiq olaraq 910 və 287 manat göstərilmişdir (digər ehtiyat ehtiyat hissələrinin qiyməti rəydə daha aşağıdır). Məhkəmənin qənaətinə əsasən həmin fərqlər müəyyən olunmuş 9520 manatdan çıxılmalıdır. Fərqlər aşağıdakı kimidir: 910-532,18=377,82; 287-84,96=202,04. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, dəymiş zərərin məbləği 8940,14 manat (9520- (377,82+202,04)=8940,14) olmuşdur. Beləliklə, tutulacaq məbləğ 3940,14 manat (8940,14-200-5000=3940,14 manat) təşkil edir. Məhkəmə hesab etmişdir ki, müəyyən olunmuş məbləğ nəqliyyat vasitəsinə qanuni əsasla sahiblik edən Cavabdeh1 tutulmalıdır. Belə ki, digər cavabdeh mülkiyyətçi olsa da, hadisə baş verən zaman avtomobili idarə edən Cavabdeh1 olmuşdur. Ona görə də məhkəmənin qənaətinə əsasən hazırkı halda iddia digər cavabdehə münasibətdə təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3940,14 manat sığorta ödənişi iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən 84 manat mediasiya xərci Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 152 manat hissəsi Cavabdeh1, 48 manat hissəsi isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

14. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 936.1-ci, 936.2-ci, 936.5-ci, 1096-cı, 1097-ci, 1108.1-ci, maddələrinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci, 13.2-ci, 15.1-ci, 15.3.1-ci, 20.1-ci, 22.1.5ci, 52.1-ci, 52.2-ci, 56.1-ci, 56.1.1-ci, 56.1.2-ci maddələrinə istinad etmişdir.

15. Həmin qətnamədən iddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdirlər.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir mötəbər sübuta istinad etmədən Cavabdeh1 avtomobili qanuni əsaslarla idarə etməsi və buna görə də iddianın digər Cavabdeh2ASC-yə münasibətdə təmin edilməli olmaması qənaətinə gəlmişdir. İşin hallarından müəyyən olunur ki,yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. Tərəfimizdən “elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş etibarnamənin surətindən müəyyən olunur ki, (iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahıısnda 14-cü sırada göstərilmişdir) "xxxx" MMC-nin mülkiyyətində olan **-PU-*** dövlət nömrə nişanlı “Skoda Rapid” markalı avtomobil etibarnamə ilə idarəetmə hüququ əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi X1 verilmişdir. Etibarnamədə həmin səlahiyyətlərin başqa şəxslərə verilə bilməməsi göstərilmişdir. Belə olduğu halda məhkəmənin hansı əsasla Cavabdeh1 avtomobili qanuni əsaslarla idarə etməsi və buna görə də iddianın digər Cavabdeh2 ASC-yəmünasibətdə təmin edilməli olmaması qənaətinə gəlməsi maraq doğurur. Qeyd edilənlərlə yanaşı məhkəməyə təqdim edilmiş təmir aktı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6963/2023saylı rəyi alınmışdır. Qüsur aktında dəymiş zərəin məbləği 10171.58 manat, ekspert rəyində isə 9.520 manat müəyyən edilmişdir. Lakin məhkəmə heç bir əsas olmadan "xxxx" MMC tərəfindən Cavabdeh1 nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmiş zərər məbləğini əsas götürərək, Cavabdeh1 tutulmalı olan sığorta ödənişinin məbləğini 3940.14 manat müəyyən etmişdir.

17. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisədə iddiaçı tərəfindən ilk mütəxəssis rəyini Skaz Auto house tərəfində, 2-ci rəy isə mülkiyyətçi BakıSığorta ASC tərəfindən verilmişdir. Bu hallar məhkəmənin diqqətinə çatdırılsa da, yekun qərarda məhkəmə bu maddi normanın tələblərini nəzərə almamışdır. Qanununvericiliyə əsasən sığorta ödənişinin məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Hazırda isə “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 9971,58 manatın ödənilməsi, o cümlədən Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə dəymiş zərəri 8940,14 manat dəyərində qiymətləndirməsi tamamilə əsassızdır. Belə ki, həmin avtomobilə vurulmuş ziyanın məbləği ümumilikdə 6300 manatdan çox ola bilməz. Məlum olduğu kimi, tərəfimizdən “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın və üzərində aparılmış təmir-bərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması üçün xərclərin ümumi dəyərinin müəyyən olundğu Sərraf-M" Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli, 0325/23 nömrəli mütəxəssis rəyi təqdim edilmişdir. Rəyin verilən günə olan xərclərin ümumi dəyəri isə 6050 manat təşkil edir. Göründüyü kimi ekspert rəylərində zərərin məbləği şişirdilmiş formada göstərilmişdir. Ekspert iddiaçının verdiyi rəyi olduğu saxlasa da, cavabdehin təqdim etdiyi mütəxəssis rəyində qeyd edilən rəqəmləri heç bir əsaslandırma aparmadan artırmışdır. Bunun səbəbləri barəsində isə məhkəmə iclasında bildirmişdir ki, onun məqsədi iddiaçı və cavabdehin rəylərini uyğunlaşdırmaq olmuşdur. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 05 oktyabr 2023-cü il tarixli 9/6963 №-li ekspert rəyi verilmiş, bu rəydə tərəfimizdən təqdim olunmuş mütəxəssis rəyi nəzərə alınmamış, yalnız iddiaçı tərəfin təqdim etdiyi rəylər nəzərə alınmaqla münasibət bildirilmişdir. Biz isə obyektiv və neytral ekspert rəyinin alınması üçün iş üzrə təkrar ekspertiza aparılması üçün məhkəməyə vəsatətlə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ilə vəsatət təmin olunmuş və təkrar ekspertiza təyin olunmuşdur. Təkrar ekspertizanın nəticəsi olaraq 23 fevral 2024-cü il tarixli 9/9684 №-li ekspert rəyi verilmişdir. Qeyd etmək lazımdır ki, həm 5 oktyabr 2023-cü il tarixli, həm də 23 fevral 2024-cü il tarixli rəydə tərəfimizdən təqdim olunmuş mütəxəssis rəyi nəzərə alınmamış və zərərin məbləği şişirdilmiş qiymətlərlə göstərilmişdir. Bakı Kommersiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verərək yalnız həmin ekspert rəylərini nəzərə almaq yerinə, işin faktiki hallarını və təqdim olunmuş bütün sübutları nəzərə alaraq qətnamə qəbul etməli idi. Lakin, məhkəmə təqdim olunmuş ekspert rəyləri ilə kifayətlənərək formal qətnamə qəbul etmişdir. Digər tərəfdən iddiaçının təqdim etidiyi rəqəmlərin real qiymətində yuxarı olmasını Vəkil sorğusuna cavab olaraq Skaz Autohouse MMC tərəfindən göndərilən 18 aprel 2024-cü il tarixli məktub da təsdiq edir. Onlar 2023-cü ildə təqdim etdiyi mütəxəssis rəyindəki qiymətlərlə 18 aprel 2024-cü il tarixli cavab məktubunda olan qiymətlər arasında olan fərq bir daha onların rəyinin əsassız olduğunu sübut edir.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(103)-740/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətini mümkün hesab edilmişdir.

20. 27.01.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə iddiaçı LPO "xxxx"ASC tərəfindən iddiadan imtina edilməsi ilə bağlı ərizə daxil olmuşdur.

21. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

23. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

24. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

25. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

26. Maddə 370.1 Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

27. Məhkəmə kollegiyası ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, İddiaçı LPO "xxxx"ASC-nin öz iddiasından imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə iş üzrə icraata xitam verilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264, 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı LPO "xxxx"ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı LPO "xxxx"ASC-nin öz iddiasından imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-141/2024 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Apellyasiya instansiyasında keçirilmiş ekspertiza tətqiqatının dəyəri olaraq 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar