Məhkəmə qərarları › İş №2-2(103)-497/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-497/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-497/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı icarə müqaviləsi üzrə borcun tutulması Açar söz: icarə müqaviləsi üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı X1 Cavabdehnə qarşı müqavilə üzrə yaranmış icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2-2(113)- 6663/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, X5 ilə Cavabdeh MMC arasında 16 aprel 2015-ci il tarixli icarə müqaviləsi bağlanmış, X5 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində 531,1 kv.m. və 3- cü mərtəbədə 178,2 kv.m., cəmi 709,3 kv.m. olan sahəni Cavabdeh MMC-yə hər ay 8000 manat məbləğində icarə haqqı müqabilində icarəyə vermişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən icarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayının 15-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər gecikdirilmiş günü üçün ödənilməyən aylıq icarə haqqının məbləğinin 0,1 faiz həcmində icarəyəverənə cərimə ödəyir.

2. 16 yanvar 2020-ci il tarixdə bağlanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinə 2 №-li əlavəyə əsasən müqavilənin müddəti 31 dekabr 2023-cü il tarixə kimi uzadılmış və icarə haqqı 6000 manat müəyyən olunmuşdur.

3. X1 nümayəndəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 08 iyul 2022-ci il tarixli, 13 iyul 2022-ci il tarixli, 19 iyul 2022-ci il tarixli məktublarda icarə obyektinin təhvil verilməsi və 01 may 2022-ci il tarixdən yaranmış icarə haqqı borcunun ödənilməsi xahiş edilmişdir.

4. Cavabdeh MMC tərəfindən X3 ünvanlanmış 10 may 2022-ci il tarixli bildirişdə icarə müqaviləsinə 20 iyun 2022-ci il tarixdən xitam verilməsinə etiraz etməmişdir. Bu bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil təqdim edilmişdir.

5. Cavabdeh MMC tərəfindən X3 ünvanlanmış 14 iyul 2022-ci il tarixli məktubda icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq xahiş olunmuş, əks təqdirdə daşınmaz əmlakın vaxtında təhvil verilməməsinə görə məsuliyyət daşımadığı bildirilmişdir. İşin mübahisəsiz halıdır ki, obyekt faktiki olaraq icarəçi tərəfindən icarəyəverənə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinin icarəsi ilə bağlı cavabdehdən 22400 manat icarə borcu, icarə obyekti təhvil vermədiklərinə görə 60.000 manat təzminat, icarə haqqının ödənilmədiyinə görə 2724 manat cərimə, işıq borcu üzrə 547 manat, mediator təşkilatına ödənilmiş 200 manat və 190 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, X5 ilə Cavabdeh MMC arasında 16 aprel 2015ci il tarixdə iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahənin icarəyə verilməsi ilə bağlı müqavilə bağlanmışdır. İcarə məbləği ilkin olaraq 8000 manat, sonradan isə tərəflərin razılığı ilə 6000 manat müəyyən edilmişdir. Həmin müqavilənin müddəti dəfələrlə və son dəyişikliyə əsasən 31 dekabr 2023-cü il tarixədək uzadılmışır. 2021-ci ildən başlayaraq cavabdehin icarə haqqının ödənilməsi ilə bağlı çətinlikləri yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən bir necə dəfə yazılı müraciətlər olmuş, 2022ci ilin may ayında cavabdeh icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciət etmişdir. Onunla razılaşaraq, cavabdeh bir ay öncədən müqaviləyə xitam verilməsi bildirişi, yəni 20 may 2022-ci il tarixdə təqdim etmişdir. İcarə obyekti 20 iyun 2022-ci il tarixdə təhvil verilməli idi. Lakin hal – hazıradək cavabdehin artıq iddiaçıya may ayı və iyun ayının 20 gününə görə icarə borcu ödənilməmişdir. Bundan sonra, təhvil vermək tarixinə yaxınlaşanda, cavabdehin maliyyə müdiri Ceyhun müəllim bildirmişdir ki, təhvil verməyə hazır deyil, bir müddət tələb olunur. İddiaçı da bununla da razılaşmış və bildirmişdir ki, əlavə qaldığı müddətə görə də icarə haqqı ödənilməlidir. Artıq 08 iyul 2022ci ildə iddiaçı cavabdehə sahənin təhvil verilməsi, sahə təhvil verilməyənədək icarə müqaviləsi davam etdrilməsi ilə bağlı rəsmi müraciət etmiş və cavabdehin nümayəndələri iddiaçının səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlayaraq sahəni təhvil vermək istəyəndə cavabdehin hüquqşunası Ülvi müəllim sahənin təhvil-təslim aktının yalnız 20 iyun 2022-ci il tarixi ilə imzalamaq şərtilə təhvil verəcəyini bildirmişdir. Cavabdehə 13 iyul 2022-ci il tarixdə bir daha məktub yazılmış və yenə də sahənin təhvil verilməsi və cari icarə borcunun ödənilməsi xahiş olunmuşdur. Cavabdeh öz növbəsində 14 iyul 2022-ci il tarixdə məktub ünvanlamış və bildirmişdir ki, iddiaçının səlahiyyətli nümayəndəsi ilə 20 iyun 2022ci il tarixdə sahənin təhvil-təslim edilməsinə hazır olduğunu bildirmiş və güya iddiaçının səlahiyyətli nümayəndəsi buna etiraz etmişdir. Buna görə icarə sahəsinin 20 iyun 2022-ci tarixi hesab olunmaqla, təhvil-təslim edilərək xitam verilməsi haqqında qarşılıqlı razılaşma imzalamasını xahiş edirlər. Əks halda daşınmaz əmlakın vaxtında təhvil edilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Yəni, bu məktubla cavabdeh təsdiq edir ki, əgər 20 iyun 2022-ci il tarixi ilə təhvil-təslim aktı imzalanmazsa, bu halda sahə təhvil verilməyəcək və bunun üçün məsuliyyətdən azaddırlar. Bundan sonra, iddiaçı elə həmn gün, yəni 14 iyul 2022-ci il tarixdə nümayəndəsi vasitəsilə həm cavabdehin müdiri Əhəd Əsgərova, həm də maliyyə müdiri Ceyhum müəllimin telefon nömrələrinə whatsappla “Xahiş edirəm, bu gün, xx.xx.2022-ci il tarixində icarəyə götürdüyünüz sahəni təhvil verin” sözləri yazıldı, lakin təəsüflər olsun ki bu mesajlar cavabsız qaldı. Sonradan 19 iyul 2022-ci il tarixdə bir məktub və nəhayət 01 avqust 2022- ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh iddiaçının mülkiyyətində olan sahəni təhvil verməkdən imtina etmişdir. Mübahisənin həlli üçün mediator qurumuna müraciət olunmuş, tərəfin nümayəndələri mediatorun təyin etdiyi vaxt gəlmiş, barışıq sazişi bağlamağa, obyekti təhvil verməyə söz vermişlər. 22 avqust 2022-ci il tarixdə obyekt təhvil verildi. Obyekt təhvil verilən zaman videoçəkiliş aparılmışdır. Həmin videoçəkilişdə vaxt, obyektin kim tərəfindən təhvil verilməsi əks olunmuşdur. Bundan sonra artıq necə zaman danışıqlıqlar aparılarsa, barışığa doğru heç bir addım cavabdeh tərəfindən görülməmişdir. Bundan sonra 18 oktyabr 2022-ci il tarixdə elektron qaydada növbəti dəfə pretenziya göndərilmiş, lakin buna da cavab verilməmişdir. Buna görə, mediasiya təşkiları 03 noyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verildi. Ona görə, icarə obyekti iddiaçıya geri qaytarılanadək, yəni 22 avqust 2022-ci il tarixədək hər ay 6000 manat icarə haqqı ödənilməlidir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən, icarə müqaviləsi bitdikdə və ya icarə müqaviləsinə xitam verildikdə sahəni təhvil verməkdən imtina etdikdə, İcarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 30000 manat təzminat ödəyir. İcarə müqaviləsinin 7.2-ci maddəsinə əsasən icarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayın 10-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər gecikdirilmiş günü üçün ödənilməyən aylıq icarə haqqının məbləğinin 0,1% həcmində icarəyə verənə cərimə ödəyir. 2022-ci ilin may ayının icarə haqqısının ödənilməməsi üçün (178 gün) cərimə 1068 manat, 2022-ci ilin iyun ayının icarə haqqının ödənilməməsi üçün 147 gün) cərimə 882 manat, 2022-ci ilin iyul ayının icarə haqqının ödənilməməsi üçün (117 gün) cərimə 702 manat və 2022-ci ilin avqust ayının 22-dək icarə haqqının ödənilməməsi üçün (12 gün) cərimə 72 manat, cəmi 04 noyabr 2022-ci il üçün cərimə 2724 manat təşkil edir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6663/2022 nömrəli qətnaməsi ilə (Fərrux Qasımov) iddia tələbi qismən təmin edilərək 22400 manat əsas borc və 1000 manat cərimə olmaqla, ümumilikdə 23400 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X3 ödənilməsi qət edilmişdir.

9. Məhkəmə ilk olaraq onu qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinin 6.2 və 6.2.3-cü bəndlərində qeyd olunmuşdur ki, müqaviləyə birtərəfli qaydada, digər tərəfi ən azı 1 ay qabaqcadan yazılı (poçt bildirişi vasitəsilə) xəbərdar etmək şərtilə xitam verilə bilər.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan münasibətlər şifahi danışıqlar yolu ilə deyil, rəsmi yazışmalar üzərindən tənzimlənmişdir. Belə ki, ilkin olaraq Cavabdeh MMC tərəfindən X3 ünvanlanmış 20 may 2022-ci il tarixli bildirişlə icarə müqaviləsinə 20 iyun 2022-ci il tarixdən xitam verilməsi bildirilmişdir. Cavabdehin nümayəndəsi icarə obyektinin həmin tarixdə təhvil verilməyə hazır olduğunu və təhvil – təslimin məhz iddiaçının təqsiri üzündən baş verdiyini bildirsə də, bununla bağlı həmin vaxt iddiaçıya rəsmi müraciət olunmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, X1 nümayəndəsi tərəfindən icarə obyektinin təhvil verilməsi və 01 may 2022-ci il tarixdən yaranmış icarə haqqı borcunun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə 08 iyul 2022-ci il tarixli və 13 iyul 2022-ci il tarixli müraciətlər göndərilsə də, həmin müraciətə yalnız 14 iyul 2022- ci il tarixli məktubla cavab verilərək icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq, əks təqdirdə daşınmaz əmlakın vaxtında təhvil verilməməsinə görə məsuliyyət daşımadığı bildirilmişdir. Qeyd olunan xüsusatın özü də bunu təsdiq edir ki, cavabdeh tərəfindən iddiaçıya obyektin təhvil verilməsi ilə bağlı müraciət ilkin müraciət 14 iyul 2022-ci il tarixdə olmuş və həmin müraciətdə də icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq şərti irəli sürülmüşdür.

11. Məhkəmə icarə obyektinin təhvil verilməsi ilə bağlı cavabdeh tərəfindən ilkin müraciətin 14 iyul 2022-ci il tarixdə edildiyini və icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq şərti irəli sürməsini əsas götürməklə hesab etmişdir ki, icarə haqqı borcunun 20 iyun 2022-ci il tarixə qədər hesablanmalı olması ilə bağlı cavabdehin arqumenti əsassızdır və icarə haqqı borcu obyektin təhvil verildiyi günə – 22 avqust 2022-ci il tarixədək hesablanmaqla 22400 manat müəyyən olunmalıdır.

12. Məhkəmə Cavabdeh MMC tərəfindən sahənin razılaşdırılmış tarixdən daha gec təhvil verilməsini sahənin təhvil verilməsindən imtina kimi qəbul etmir. Belə ki, Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış bildirişlərdə sahənin təhvil verilməsinə razı olduğu qeyd olunmuş, sahənin hər hansı səbəbdən təhvil verilməyəcəyi qeyd edilməmiş, digər şərt irəli sürülmüşdür. Bundan başqa, müqavilədə təzminat ödənilməsi şərtinin nəzərdə tutulduğuna baxmayaraq, məhkəmə cavabdehdən həm icarə borcunun, həm də cərimə və təzminatın tutulmasını ədalətli hesab etməmişdir.

13. Məhkəmə iddianın cərimə hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci maddəsinə əsasən icarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayın 10-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər gecikdirilmiş günü üçün ödənilməyən aylıq icarə haqqının məbləğinin 0,1% həcmində icarəyə verənə cərimə ödəyir. Bununla da, hesablanmış cərimənin miqdarı 2724 manat müəyyən olunur. Lakin, məhkəmə 22400 manat əsas borca 2724 manat cərimənin hesablanmasını əsaslı hesab etməmiş, qeyd etmişdir ki, cərimənin miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6663/2022 nömrəli qətnaməsinin 22400 manat əsas borc və 1000 manat cərimə olmaqla, ümumilikdə 23400 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq X3 ödənilməsi hissədə ləgv edilməsi barədə ləğv edilməsi barədə qətanmə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh MMC-dən 22400 manat əsas borc və 1000 manat cərimə olmaqla, ümumilikdə 23400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissədə mülki qanunvericlilyin nörmalarına əsasən əsassız və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X5 ilə Cavabdeh MMC arasında bağlanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən – X5 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində 531,1 kv.m. və 3cü mərtəbədə 178,2 kv.m., cəmi 709,3 kv.m. olan sahəni icarəçi – Cavabdeh MMC-yə ofis kimi istifadə etmək üçün icarəyə verməyi, sonuncu isə sahəni qəbul edərək hər ay 8000 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür; 16 yanvar 2020-ci il tarixdə bağlanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinə 2 №-li əlavəyə əsasən müqavilənin müddəti 31 dekabr 2023-cü il tarixə kimi uzadılmış və icarə haqqı 6000 manat müəyyən olunmuşdur;. Tərəflər arasında imzalanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinin 6.2 və 6.2.3-cü bəndlərində qeyd olunmuşdur ki, müqaviləyə birtərəfli qaydada, digər tərəfi ən azı 1 ay qabaqcadan yazılı (poçt bildirişi vasitəsilə) xəbərdar etmək şərtilə xitam verilə bilər. Cavabdeh MMC tərəfindən X3 ünvanlanmış 10 may 2022ci il tarixli bildirişdə icarə müqaviləsinə 20 iyun 2022-ci il tarixdən xitam verilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin iddiaçıya ünvanlanladığı bildirişdə qeyd olunmuşdur ki, Cavabdeh MMC ilə aranızda bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 709,3 (m2 ) kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəsi barədə 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinə 20 iyun 2022-ci ildə xitam verəcəyimiz barədə, sizi xəbərdar edirik. Sahə, tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında 20 iyun 2022-ci il tarixdə təhvil verilir. İş materiallarına əlavə edilmiş 16 aprel 2015-ci il tarixli icarə müqaviləsi üzrə 03 №-li Razılaşmadan görünür ki, icarə müqaviləsinə 20 iyun 2022-ci il tarixdə vaxtından əvvəl xitam verilir və sahə, tərəflər arasında imzalanmış təhviltəslim aktına əsasında 20 iyun 2022-ci il tarixdə təhvil verilir. Həmin Razılaşma Cavabdeh MMC-nin direktoru X9 tərəfindən imzalansa da, icarəyə verən X2 adından etibarnaməyə əsasən çıxış edən Vəkil həmin razılaşmanı imzalamağa gəlməmiş və icarə obyektini təhvil almamışdır. İcarəçı əgər müəssisə ödəniş apara bilmirsə, həmin əmlakı özündə saxlamağının əsası ola bilməzdi. İcaəçi öz sahənin qısa müddət ərzində icraəçiyə təhvil verilməsində maraqlı olmuş və dəfələrlə icarə obyektinin təhvil verilməsinə görə icarəyə verənin səlahiyyətli nümayəndəsi ilə danışıqlar aparılmışdır. Lakin, iddiaçı tərəfindən müxtəlif bəhanələr gətirərək, icarə obyektini təhvil almaqdan imtina etmişdir. Cavabdeh MMC tərəfindən X3 ünvanlanmış 14 iyul 2022-ci il tarixli məktubda icarə sahəsinin 20 iyun 2022-ci il tarixi hesab olunmaqla təhvil – təslim edilərək xitam verilməsi barədə qarşılıqlı razılaşmanı imzalamaq xahiş olunmuş, əks təqdirdə daşınmaz əmlakın vaxtında təhvil verilməməsinə görə məsuliyyət daşımadığı bildirilmişdir. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 705-ci maddə- əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 421.1-ci maddə-müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 445.5-ci maddə- əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 462.1-ci maddə- dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddə- dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

19. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6663/2022 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, iddia Cavabdeh MMC-dən 12400 manat icarə haqqı borcu və 500 manat cərimə tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. İşin məhkəmə tərəfindən sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, X5 ilə Cavabdeh MMC arasında 16 aprel 2015-ci il tarixli icarə müqaviləsi bağlanmış, X5 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində 531,1 kv.m. və 3- cü mərtəbədə 178,2 kv.m., cəmi 709,3 kv.m. olan sahəni Cavabdeh MMC-yə hər ay 8000 manat məbləğində icarə haqqı müqabilində icarəyə vermiş, 16 yanvar 2020-ci il tarixdə bağlanmış 16 aprel 2015-ci il tarixli icarə müqaviləsinə 2 №-li əlavəyə əsasən müqavilənin müddəti 31 dekabr 2023-cü il tarixə kimi uzadılmış və icarə haqqı 6000 manat müəyyən olunmuş, icarə haqqı ödənişlərində gecikmələr olduğuna görə icarəyəverən tərəfindən müqaviləyə vaxtından əvvəl 2023-cü ilin iyun ayında xitam verilməsi barədə bildiriş göndərilmiş, icarəçi bildirişə cavab məktubundan müqaviləyə 2023-cü ilin iyun ayında xitam verilməsi və sahənin təhvil verilməsi ilə razılaşmış, lakin sahənin təhvil -təslimi 2023-cü ilin avqust ayında baş tutmuşdur.

22. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixədək iddiaçıya 10.000 manat icarə haqqı borcu olduğunu qəbul edir. Buna görə də mübahisələndirilən qətnamə cavabdehdən 10.000 manat məbləğində borcun tutulması hissəsində qanuni və əsaslı hesab edilir.

23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, icarə obyektinin təhvil verilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya ilkin müraciət 14 iyul 2022-ci il tarixdə edildiyindən, Cavabdeh MMC sahəni razılaşdırılmış tarixdən gec təhvil verdiyindən xx.xx.2023-cü il tarixədək hesablanmış icarə haqqı cavabdehdən tutulmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara, o cümlədən icarə obyektinin təhvil verilməsində icarəçinin təqsirli olubolmaması məsələsinə düzgün hüquqi qiymət vermədiyindən məhkəmənin iddianın təmin edildiyi hissədə iş üzrə gəldiyi nəticə qismən əsaslı olmuşdur.

25. Belə ki, birinci instansiya iş materiallarının 30-cü vərəqinə əlavə edilmiş Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixdə icarəyəverənin nümayəndəsinə təqdim edilmiş müqavilənin xx.xx.2023-cü il tarixdən ləğv edilməklə sahənin təhvil verilməsinə razılıq məktubunu nəzərə almadan düzgün olmayaraq qeyd etmişdir ki, icarə obyektinin təhvil verilməsi ilə bağlı cavabdeh tərəfindən ilkin müraciət 14 iyul 2022-ci il tarixdə edilmişdir. Cavabdehin nümayəndəsinin işə apellyasiya qaydasında verdiyi izahata əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsində icarəyəverənin ünvanı qeyd edilmədiyindən icarəçi məcbur olaraq müqavilənin ləğv edilməsinə razılıq məktubunu nümayəndəyə təqdim etmişdir.

26. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil təsdiq etmişdir ki, iş materiallarının 30-cü vərəqinə əlavə edilmiş Cavabdeh MMC-nin müqavilənin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinə razılıq məktubu xx.xx.2022-ci il tarixdə ona təqdim edilmiş, lakin həmin tarixdə obyekti təhvil almaq üçün getməmiş, 2-3 gün sonra getmiş, həmin vaxt sahə boş olmamışdır.

27. Cavabdeh bütün məktublarında icarəyə götürülmüş sahəni xx.xx.2022-ci il tarixdən təhvil verməyə etiraz etmədiyi ifadə etdiyindən iddiaçı və ya səlahiyyətli nümayəndəsi həmin tarixdə sahəni təhvil almaq üçün obyektə getməli və obyektin qeyd edilən tarixdə boş olmadığına dair və məhz cavabdehin təqsiri nəticəsində təhvil-təslimin baş tutmadığına dair sübutları təqdim etməli idi. İddia ərizəsində sahənin təhvil verilmə tarixi yaxınlaşanda, cavabdehin maliyyə müdiri Ceyhun müəllimin təhvil verməyə hazır olmadıqları üçün bir az vaxt verilməsini xahiş etdiyi qeyd edilsə də, bu bərədə işdə sübutlar yoxdur. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, icarə müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edildiyi 20 iyun 2023-cü il tarixdən sonra Cavabdeh MMC-nin icarəyə verilmiş obyektdə fəaliyyət göstərdiyini təsdiq edən sübutlar (fotoşəkil, videogörüntü) olmadığından, həmin tarixdən sonra obyektin icarəçiyə gec təhvil verilməsində icarəçinin təqsirli olduğu iddiaçının nümayəndəsinin izahatlarından başqa mötəbər sübutlarla təsdiq olunmadığından müqavilə ləğv edildiyi tarixdən sonra hesablanmış 12400 manat borcun cavabdehdən tutulması hissəsində mübahisələndirilən qətnamə ləğv edilərək iddia həmin hissədə rədd edilməli, cavabdehdən 10.000 manat icarə haqqı borcunun ödənişinin gecikdirilməsinə görə müqavilənin 7.2-ci bəndinə əsasən tutulmuş cərimə məbləği MM-nin 467-ci maddəsinə əsasən azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6663/2022 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, iddia Cavabdeh MMC-dən 12400 manat borc və 500 manat cərimə tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6663/2022 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə qismən ləğv edilsin. İddia Cavabdeh MMC-dən 12400 manat borc və 500 manat cərimə tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar