Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-51/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2141/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Sifarişçi İddiaçı MMC ilə icraçı Cavabdeh MMC arasında bağlanmış 10 fevral 2021-ci il tarixli İddiaçı MMC də iş və xidmətlərin göstərilməsi haqqında” podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC tərəfindən həyata keçirilən çoxmərtəbəli yaşayış binalarının bütün bloklarının və mərtəbələrinin tikintisində müqavilədə adları göstərilən iş və xidmətlərin göstərilməsini, sifarişçi isə iş və xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə əsasən yerinə yetiriləcək iş və xidmətlər və onların həcmi bu müqavilədə aşağıdakı qaydada müəyyənləşdirilmişdir: 1.2.1. Çoxmərtəbəli yaşayış binalarının bütün bloklarının, mərtəbələrinin, standart ölçüləri 2.20 X 1.0 metr həcmində olmaqla, ümumi sayı 424 ədəd təşkil edən mənzillərin giriş dəmir seyf qapıları və ümumi sayı 180 ədəd təşkil edən yanğından çıxış qapıları ilə idxal yolu ilə gətirməklə təchiz olunması. 1.2.2. Çoxmərtəbəli yaşayış binalarınının bütün bloklarında, mərtəbələrində mənzillərin 424 ədəd mənzillərin giriş dəmir seyf və 180 ədəd yanğından çıxış qapılarının quraşdırılması.
3. Həmin müqavilə üzrə 337 ədəd qapı iddiaçıya təhvil verilmiş, 267 ədəd qapı isə təhvil verilməmişdir.
4. İddiaçı tərəfindən cavabdehə cəmi 133000 manat məbləğində pul vəsaiti ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 17590 manat məbləğində vurulmuş zərərin və 143 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 17733 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 337 ədəd qapının əvəzində iddiaçı tərəfindən cavabdehə 341 ədəd qapının müqavilə ilə razılaşdırılmış qaydada dəyəri (haqqı), ümumilikdə 133000 manat məbləğində vəsait (341 ədəd qapı x 390 manat = 133000 manat) ödənilmişdir. Beləliklə də, tərəflərindən 341 ədəd qapının dəyəri ödənildiyi halda cavabdeh tərəfindən cəmi 337 ədəd qapı iddiaçıya təhvil verilmişdir. Bu isə o deməkdir ki, tərəflərindən cavabdehə 1570 manat (337 ədəd qapı x 390 manat = 131430 manat, ödənilmiş 133000 manat – 131430 manat /təqdim edilmiş qapıların dəyəri/ = 1570 manat) məbləğində artıq vəsait də ödənilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə iddiaçıya təhvil verilməli olan giriş qapılarından 267 ədədi isə təhvil verilməmişdir. Öhdəliyin icrası üçün nəzərdə tutulmuş 3 aylıq müddət başa çatdıqdan sonra da icra edilməmiş, öhdəliyin icrası ilə bağlı cavabdehlə dəfələrlə şifahi və yazılı formada danışıqlar aparılmış, lakin bütün bu danışıqlar da heç bir fayda verməmişdir. Beləliklə də cavabdeh müqavilə üzrə öhdəliyini pozmuşdur. İddiaçı məcburiyyət qarşısında qaldığı üçün 11 noyabr 2021-ci il tarixində üçüncü bir şirkətlə iş və xidmətlərin göstərilməsi haqqında müqavilə imzalayaraq cavabdehin onlara təqdim etmədiyi 267 ədəd qapını birinin dəyəri 450 manatdan olmaqla həmin şirkətdən əldə etmişlər. Beləliklə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi nəticəsində təqdim etməli olduğu, lakin təqdim etmədiyi 267 ədəd mənzilin giriş qapılarının hər biri üçün əlavə olaraq 60 manat ödəmək məcburiyyətində qalaraq ümumilikdə 16020 manat məbləğində zərərə düşmüşdür.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sifarişçi üzərinə götürdüyü öhdəlikləri müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada yerinə yetirməməsi səbəbindən cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə həmin öhdəlikləri yerinə yetirə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1, 6.2, 6.1.2 və 6.1.3cü bəndlərinin tələblərinə əsasən icraçı tərəfindən bu müqavilə üzrə razılaşdırılmış qaydada idxal yolu ilə qapıların gətirilməsi, sifarişçinin ünvanına çatdırılması 2 mərhələ üzrə hər mərhələdə ən geci 45 gün olmaqla 90 gün müddətində həyata keçirilməsi, birinci mərhələdə 45 gün müddətində malların 50 faizini, ikinci mərhələdə isə 45 gün ərzində razılaşdırılmış malların qalan 50 faizini idxal yolu ilə gətirilərək sifarişçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Tərəflər müqavilənin 6.1, 6.2, 6.1.2 və 6.1.3-cü bəndində nəzərdə tutulmuş öhdəliklərini o halda yerinə yetirə bilərdi ki, hər bir tərəf həmin müqavilənin 4-cü bəndində üzərinə götürdüyü öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirmiş olsun. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, iddiaçı müqavilənin 4.1.2-ci bəndində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə bağlandıqdan sonra xx.xx.2021-ci ildə 17.000 manat, xx.xx.2021-ci ildə 3.000 manat, cəmi 20.000 manat ödəmiş etmiş olsa da, müqavilə bağlandığı gündən ən geci 30 gün müddətində 25.000 manat da ödəməli olduğu halda müqavilənin şərtlərini pozaraq müqavilə bağlandıqdan 2 ay 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə 17.000 manat, xx.xx.2021-ci il tarixdə isə 3.000 manat, cəmi 20.000 manat ödəniş etmiş, bu səbəbdən də Türkiyədən idxal olunan malın 50 faizi olan qapılar 23 apreldən sonra respublikaya idxal edilmişdir. Etiraz ərizəsinə əlavə edilmiş gömrük sənədlərindən məlum olur ki, 1-ci partiya üzrə sifariş olunan qapılar Türkiyədən respublika gömrük məntəqəsinə xx.xx.2021-ci ildə daxil olmuş, həmin gün sifarişçi müqavilə üzrə nəzərdə tutulmuş 25.000 manat vəsaiti ödəmiş və həmin gün də gətirilən mallar sifarişçiyə təhvil verilmişdir, lakin iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən məlum olur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qapıları təhvil alan kimi 40.000 manat ödəməli olduğu halda həmin vəsaiti xx.xx.2021-ci ildə 10.000 manat, xx.xx.2021-ci ildə 25.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat vəsaiti 1 ay 4 gün ərzində hissə-hissə ödəmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən 1-ci partiya qapıların dəyəri gecikdirmələrlə və vaxtında ödənilməməsi səbəbi ilə 2-ci partiya qapıların gətirilməsi üçün iddiaçının xx.xx.2021-ci il tarixdə ödədiyi 10.000 manat və xx.xx.2021-ci il tarixdə ödədiyi 10.000 manat, cəmi 40.000 manat ilkin ödəniş müqabilində iddiaçıya 72 ədəd qapı təhvil verilmişdir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş 133.000 manat vəsait hesabına axırıncıya hər birinin dəyəri 390 manat olmaqla 341 ədəd qapı təhvil verilmiş və müqavilə üzrə götürdükləri öhdəliklər tam yerinə yetirilmişdir. Qalan partiya qapıların respublikaya gətirilməməsi və iddiaçıya təhvil verilməməsinin səbəbi iddiaçı tərəfindən sifariş olunan malların dəyərinin ödənilməməsi, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi olmuşdur.
8. İddiaçının nümayəndəsi cavabdehin dəlillərinə etiraz edir və bildirir ki, tərəflərindən üzərilərinə düşən bütün öhdəliklər vaxtında və tam həcmdə yerinə yetirilmiş, lakin cavabdeh qapıları vaxtında onlara təhvil vermədiyi üçün digər bir şirkətlə müqavilə bağlamağa və daha artıq vəsait ödəməyə məcbur olmuşlar. Qapılar onlara təhvil verilsəydi, həmin müqaviləni bağlamazdılar.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2141/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 1570 (bir min beş yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan müqavilələri tam, obyektiv və hərtərəfli araşdırmadığı üçün iddiaçının 2021-ci ilin fevral ayında sifariş etdiyi qapıların dəyərinin 390 manat, həmin ilin noyabr ayında, yəni ötən 9 ay ərzində cavabdehlə şifahi və yazılı danışıqların aparılmasına rəğmən öhdəliklərini icra etmədiyi üçün iddiaçının digər şirkətdən sifariş etdiyi qapıların dəyərinin 450 manat olduğunu, nəticədə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş hər qapıya görə iddiaçının ən azı 60 manat ziyana düşməsinə qiymət verməmişdir. Məhkəmə tərəfindən mülki qanunvericiliyin 21.2-ci maddəsinin tələbləri nəzərə alınmamış və həmin maddədə zərər dedikdə yalnız əldən çıxmış faydanın deyil, həm də real zərərin nəzərdə tutulduğuna qiymət verilməmişdir. Belə ki, iddiaçıya vurulmuş zərər real zərər olub, iddiaçının pozulmuş hüquqlarını bərpa etməsi üçün – müqavilə ilə razılaşdırılmış qapıları vaxtında ala bilməməsi səbəbindən qapıları digər şirkətdən daha baha qiymətə almaq məcburiyyətində qalmışdır. Bu da iddiaçının real zərərə düşməsinin təsdiqidir. Müqavilə şərtlərindən də göründüyü kimi öhdəliyin icrası üçün 3 aylıq müddət müəyyən edilmişdir. Lakin, cavabdeh tərəfindən müqavilə ilə razılaşdırılmış öhdəliklər müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Buna baxmayaraq iddiaçı cavabdehə əlavə vaxt versə də, həmin müddət ərzində də öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Beləliklə də borclu nəinki icranı gecikdirmiş, hətta icra etməmişdir. Lakin, işə baxan məhkəmə bu hala da qiymət verməmişdir. Məhkəmə proseslərində müzakirə edilməsinə və araşdırılmasına, o cümlədən iddia ərizəsində də vurğulanmasına baxmayaraq məhkəmə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmiş və Mülki Məcəllənin 442-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə prosesi zamanı qapıların eyniliyi ilə bağlı məsələ mübahisə və müzakirə predmeti olmamış və bununla bağlı nə tərəflər, nə də məhkəmə hər hansı bir məsələ qaldırmamışdır. Lakin, işə baxan məhkəmə iddia tələbini qismən təmin edərkən məhkəmə prosesində mübahisə və müzakirə edilməyən eynilik məsələsinə əsaslanmışdır. Məhkəmə tərəfindən iddiaçının cavabdehlə və üçüncü şirkətlə bağladığı müqavilələrdə göstərilmiş qapıların ölçüləri ilə bağlı razılaşdırdıqları halları, müqavilələrdə qapıların çatdırılması və quraşdırılması ilə bağlı şərtləri, müqavilələrdə qapıların sifariş edildiyi tarixləri və həmin tarixlərdə qapıların idxal edildiyi ölkədə (Türkiyə Cümhuriyyətində) dollar və TL məzənnəsinin və inflyasiyanın hansı diapozonda dəyişdiyi araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz iddiaya qarşı etirazla eyni qaydada əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
16. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
17. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
18. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
19. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
20. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır.
24. Belə ki, tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi kimi adlandırılsa da, müqavilənin şərtlərindən müəyyən edilir ki, həmin müqavilə Mülki Məcəllənin 390.4cü maddəsində göstərilmiş qarışıq müqavilədir.
25. Çünki, müqavilənin 1.2.1-ci bəndi (qapıların idxal yolu ilə gətirməklə təchiz olunması) alqı-satqı müqaviləsinə aid ünsürləri, müqavilənin 1.2.2-ci bəndi isə (qapılarının quraşdırılması) podrat müqaviləsinə aid ünsürləri əhatə edir.
26. Eyni zamanda, müqavilənin 4.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, çoxmərtəbəli yaşayış binalarının blok və mərtəbələrinin 424 ədəd mənzillərin giriş seyf, 180 ədəd yanğından çıxış qapıları ilə təchiz edilməsi və qapıların quraşdırılması zamanı yerinə yetirilmiş işlərin dəyəri, ümumi sayı 604 ədəd olacaq qapıların bir ədədi üçün 390 manat qiyməti ilə hesablanacaqdır. Yerinə yetiriləcək ümumi işlərin dəyəri 235560 manat təşkil edir. Malın satışı və xidmətin göstərilməsi üzrə 235560 manatlıq müqavilə dəyərinin bir hissəsi, 67080 manat məbləğ, icraçıya sifarişçi tərəfindən ona məxsus olan tikintisi aparılan binanın 18-ci mərtəbəsində yerləşən 1 ədəd sahəsi 67,08 m2 olan bir otaqlı, 85 nömrəli mənzillə barter yolu ilə əvəzləşdirilməklə ödəniləcəkdir. Hesablaşma, mənzilin hər kvadrat metr üçün qiyməti 1000 manat olmaqla aparılacaqdır. Malın satışı və xidmətin göstərilməsi üzrə 235560 manatlıq müqavilə dəyərinin qalan 168480 manat məbləği isə 2 mərhələ üzrə sifarişçi tərəfindən nəğd qaydada və ya bank köçürməsi vasitəsi ilə icraçıya ödəniləcəkdir.
27. Müqavilənin 4.1.2-ci bəndində isə göstərilmişdir ki, razılaşdırılmış qaydada icraçı tərəfindən idxal yolu ilə qapıların gətirilməsi və sifarişçiyə təhvil verilməsi 2 partiya üzrə nəzərdə tutulduğundan, sifarişçi tərəfindən podratçıya ödəniş edilməsi də müvafiq olaraq 2 mərhələ üzrə aşağıdakı qaydada həyata keçiriləcəkdir. Bu müqavilədə göstərilən qaydada sifarişçi tərəfindən icraçıya hər partiya üzrə malın gətirilməsi zamanı 20000 manat olmaqla, cəmi 40000 manat ilkin ödəniş ödəniləcəkdir. Bu müqavilənin bağlandığı gündən ən geci 30 gün müddətində idxal yolu ilə gətiriləcək qapıların xarici ölkədə yükləndiyi zamanında, sifarişçi tərəfindən icraçıya hər partiya üzrə 25000 manat olmaqla, 2 partiyada cəmi 50000 manat ödəniş ödəniləcəkdir. Bu müqavilədə göstərilən qaydada idxal yolu ilə gətiriləcək mallar respublika ərazisinə daxil olduqda yükü gətirən malın gömrük məntəqəsinə daxil olarkən sifarişçi tərəfindən icraçıya 1-ci partiya zamanı 25000 manat, qapılar sifarişçiyə təhvil verildikdə 40000 manat, 2-ci partiya zamanı qapılar sifarişçiyə təhvil verildikdə isə 13480 manat ödəniş ödəniləcəkdir. İş və xidmətlərin yerinə yetirilməsi tam başa çatdıqdan sonra sifarişçi tərəfindən əvəzləşdirilmə yolu ilə satılmış mənzil icraçıya təhvil veriləcək və icraçı tərəfindən yerinə yetirilmiş iş və xidmətlərin son hesablaşma üzrə haqq-hesabı aparılacaqdır.
28. Qeyd olunan şərtlər təsdiq edir ki, müqavilədə Mülki Məcəllənin 601.1-ci maddəsinə uyğun olaraq əşyaların dəyərinin hissə-hissə ödənilməsi, habelə Mülki Məcəllənin 441.1-ci maddəsinə uyğun olaraq öhdəliklərin qarşılıqlı icrası razılaşdırılmışdır.
29. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməyərək 267 ədəd mənzilin giriş qapılarını təqdim etmədiyi üçün o, 267 ədəd mənzilin giriş qapılarının hər biri üçün əlavə olaraq 60 manat ödəmək məcburiyyətində qalmış və bunun nəticəsində ümumilikdə 16020 manat məbləğində zərərə düşmüşdür.
30. Cavabdeh isə bildirir ki, qapıların təhvil verilməməsi səbəbi iddiaçı tərəfindən sifariş olunan malların dəyərinin vaxtında ödənilməməsi olmuşdur.
31. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 600.3 və 441.2-ci maddələri təşkil edir.
32. Həmin maddələrin tələblərinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir (600.3).
33. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (441.2).
34. Qeyd olunan maddələrin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: iddiaçı üzərinə düşən öhdəliyi, yəni ilk mərhələdə əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini icra etsə də, cavabdeh əşyaların təhvil verməsi öhdəliyini icra etməmiş və iddiaçı digər öhdəliklərinin icrasından imtina edərək başqa şəxslə müqavilə bağlamış və hazırda dəymiş zərərin ödənilməsini tələb edir.
35. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
36. Hazırki işdə də həmin halların mövcudluğu öz təsdiqini tapır.
37. Belə ki, yuxarıda da qeyd olunduğu kimi 267 ədəd qapı iddiaçıya təhvil verilməmişdir.
38. Hazırda müəyyən olunmalı birinci məqam cavabdehin istinad etdiyi halların, yəni iddiaçının ödənişləri gec həyata keçirib-keçirmədiyi ilə bağlıdır.
39. Aşağıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsassızdır.
40. Belə ki, iş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdehə 17000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 17000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 25000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 25000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat pul ödənilmişdir.
41. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə 17000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 17000 manat, xx.xx.2021ci il tarixdə 3000 manat olmaqla ümumilikdə 40000 manat ilkin ödəniş həyata keçirilmişdir. Həmin ödəniş tarixləri arasında isə çox cüzi, yəni 4 və 2 gün olmaqla vaxt fərqi mövcuddur.
42. Bu isə təsdiq edir ki, müqavilənin 4.1.2-ci maddəsinin ilkin ödənişlə bağlı tələblərinə iddiaçı tərəfindən riayət edilmişdir.
43. Daha sonra isə müqavilə şərtinə uyğun olaraq onda göstərilən qaydada idxal yolu ilə gətiriləcək mallar respublika ərazisinə daxil olduqda yükü gətirən malın gömrük məntəqəsinə daxil olarkən sifarişçi tərəfindən icraçıya 1-ci partiya zamanı 25000 manat ödəniş həyata keçirilməli idi.
44. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi ümumilikdə 259 ədəd qapının Bakıya yola salınması üçün 06 may 2021-ci il tarixində Türkiyə Respublikasından yola çıxdığını, 17 may 2021-ci il tarixində Azərbaycan gömrüyünə daxil olduğunu və iddiaçıya təhvil verildiyini bildirmişlər.
45. İşdə olan xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən isə görünür ki, mallar 17 may 2021-ci il tarixdə Azərbaycan gömrüyünə daxil olmuş və 07 iyun 2021-ci il tarixdə gömrükdən çıxmışdır.
46. Göründüyü kimi mallar məhz 17 may 2021-ci il tarixində Azərbaycan gömrüyünə daxil olmuş və 07 iyun 2021-ci il tarixdə iddiaçıya təhvil verilmişdir.
47. İşdə olan kassa məxaric orderindən isə görünür ki, iddiaçı tərəfindən cavabdehə 25000 manat ödəniş xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir.
48. Göründüyü kimi iddiaçı müqavilə şərtinə uyğun olaraq 25000 manatı qapıların Azərbaycan gömrüyünə daxil olduğu 17 may 2021-ci il ödəniş tarixindən 1 gün əvvəlcədən ödənişi həyata keçirmişdir.
49. Daha sonra müqavilə şərtinə uyğun olaraq qapılar sifarişçiyə təhvil verildikdə 40000 manat ödəniş həyata keçirilməli idi.
50. Qeyd olunduğu kimi 1-ci partiya qapılar 07 iyun 2021-ci il tarixdə iddiaçıya təhvil verilmişdir.
51. İşdə olan kassa məxaric orderlərindən də görünür ki, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilməmişdən 16 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə 10.000 manat, mallar təhvil verildikdən dərhal sonrakı gün, yəni xx.xx.2021-ci il tarixdə 25000 manat olmaqla, cəmi 35000 manat, bundan qısa müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat pul ödənilmişdir
52. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müqavilə üzrə 1 qapının dəyəri 390 manat olaraq müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən sonra təqdim edilmiş 259 ədəd qapının ümumi dəyəri 101.010 manat edir. İddiaçının isə 259 ədəd qapının ona təhvil verilməsindən ən azı 2 gün öncəyə qədər, yəni xx.xx.2021-ci il tarixinədək Cavabdeh MMC-yə ödədiyi ümumi məbləğ qəbzlər üzrə 75.000 manat təşkil edir.
53. Yəni, iddiaçı müqavilə üzrə razılaşdırılmış qaydada qapıları hələ təhvil almamışdan öncə cavabdeh MMC-yə həmin qapıların dəyərini ödəməli olduğu həddən də artıq ödəmişdir.
54. Halbuki, müqavilə şərtlərinə əsasən 40000 manat hələ qapılar sifarişçiyə təhvil verildikdən sonra ödənilməli idi.
55. Göründüyü kimi iddiaçı müqavilə şərtinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək, ödənişləri vaxtında və tam olmaqla həyata keçirmişdir.
56. Cavabdeh isə müqavilə şərtlərini pozmuşdur.
57. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1, 6.1.2 və 6.1.3-cü bəndlərinə əsasən icraçı tərəfindən bu müqaviə üzrə razılaşdırılmış qaydada idxal yolu ilə qapıların gətirilməsi, sifarişçinin ünvanına çatdırılması 2 mərhələ üzrə hər mərhələdə ən geci 45 gün olmaqla 90 gün müddətində həyata keçiriləcəkdir. İlk mərhələdə razılaşdırılmış qaydada 45 gün müddətində malların 50 faizi, idxal yolu ilə gətirilərək, sifarişçiyə təhvil verilməlidir. İkinci mərhələdə isə müqavilədə razılaşdırılmış qaydada malların qalan 50 faizi növbəti 45 gün müddətində icraçı tərəfindən idxal yolu ilə gətirilərək sifarişçiyə təhvil verilməlidir.
58. Cavabdeh MMC isə birinci partiya üzrə ümumilikdə sifariş edilmiş 604 ədəd qapının 50%-ni, yəni 302 ədədini deyil, yalnız 259-nu gətirmişdir.
59. Bundan əlavə cavabdeh həmin qapıları müqavilədə razılaşdırılmış müddətdən daha gec gətirmişdir.
60. Belə ki, Cavabdeh MMC müqavilənin 4.1.2-ci bəndinin tələblərinə uyğun olaraq sifariş edilmiş qapıları müqavilənin bağlandığı gündən ən geci 30 gün müddətində, yəni ən geci 10 mart 2021-ci il tarixinədək yükləyərək Bakıya gətirməli olduğu halda, iddiaçıdan xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə ilk partiya üçün nəzərdə tutulmuş 20000 manat ilkin ödənişi almış, lakin qapıları yalnız 06 may 2021-ci il tarixdə, yəni müqavilə tarixindən 3 aya yaxın müddət keçdikdən sonra yükləyərək yola salmışdır.
61. Halbuki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı tərəfindən qapıların 50%-nin, yəni 302 ədədinin yükləndiyi zaman ödənilməli olan vəsait həmin qapılardan cəmi 259 ədədinin, yəni 50%-dən daha az sayda qapıların yüklənməsindən hələ 14 gün əvvəl ödənilmişdir.
62. Bundan əlavə, Cavabdeh MMC 2-ci partiya qapıları özünün də bildirdiyi kimi 2021-ci ilin sentyabr ayının sonlarında natamam şəkildə (cəmi 72 ədəd qapı) təhvil vermişdir.
63. Halbuki, Cavabdeh MMC həmin qapıların dəyərini 3 ay öncədən iddiaçıdan almışdır.
64. Göründüyü Cavabdeh MMC müqavilə şərtlərini pozaraq ödənişləri vaxtında və tam almasına baxmayaraq, qapıları vaxtında və tam həcmdə təhvil verməmişdir.
65. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-nin ödənişləri vaxtında və tam həcmdə həyata keçirməməsi ilə bağlı dəlilləri əsassızdır.
66. Eyni zamanda işin halları ilə müəyyən olunur ki, qapıları vaxtında və tam həcmdə ala bilməyən iddiaçı Mülki Məcəllənin 441.2-ci maddəsində təsbit edilmiş hüququndan istifadə edərək, müqavilədən imtina etmiş və təhvil verilməyən qapıların əldə olunması ilə bağlı digər şəxslə müqavilə bağlamışdır.
67. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında 11 noyabr 2021-ci il tarixli “iş və xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı sifarişçi tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarının sifarişçi tərəfindən müəyyənləşdirilmiş bloklarının və mərtəbələrinin tikintisində aşağıda adları göstərilən iş və xidmətlərin göstərilməsini, sifarişçi isə müəyyənləşdirilmiş iş və xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən çoxmərtəbəli yaşayış binalarının blok və mərtəbələrinin 272 ədəd mənzilin giriş seyf qapıları ilə təchiz edilməsi və qapıların quraşdırılması zamanı yerinə yetirilmiş işlərin dəyəri, ölçüləri 96x2,06 metr olan ümumi sayı 272 ədəd olacaq qapıların bir ədədi üçün 450 manat qiyməti ilə hesablanacaqdır. Yerinə yetiriləcək işlərin və xidmətlərin ümumi dəyəri 122400 manat təşkil edir.
68. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 20000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 20.000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 27400 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 32000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 23000 manat vəsait "xxxx" MMC-yə ödənilmişdir.
69. İddiaçı ilə "xxxx" MMC arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən gətirilən qapılar xx.xx.2021-ci il tarixində İddiaçı MMC şirkəti tərəfindən təhvil alınmışdır.
70. Göründüyü kimi "xxxx" MMC-dən alınan qapıların 1 ədədinin qiyməti 450 manat təşkil etmiş, bu isə tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilən qapıların 1 ədədinin qiymətindən 60 manat artıqdır. İddiaçı da ödədiyi həmin artıq məbləği ona dəymiş zərər kimi qiymətləndirir.
71. Kollegiya qeyd edir ki, həmin məbləğ o vaxt zərər kimi qiymətləndirilə bilər ki, tərəflər arasında bağlanan 10 fevral 2021-ci il tarixli müqavilədəki qapılar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanan 11 noyabr 2021-ci il tarixli müqavilədəki qapılardan texniki və keyfiyyət göstəricilərinə görə eyni və ya aşağı olsun. Əks halda, yəni ikinci müqavilədəki qapıların texniki və keyfiyyət göstəriciləri yüksək olduğu halda artıq ödənilmiş məbləğ zərər kimi qiymətləndirilə bilməz.
72. İlk olaraq qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilədə qapıların ölçüləri 2.20 x 1 metr, iddiaçı ilə "xxxx" MMC arasında bağlanan 11 noyabr 2021-ci il tarixli müqavilədə isə 2,06 x 0,96 metr müəyyən edilmişdir. Göründüyü kimi ikinci müqavilədəki qapıların ölçüləri daha kiçik olmuşdur.
73. Bununla yanaşı, həmin qapıların digər texniki göstəriciləri ilə bağlı məlumatlar iş materiallarında mövcüd deyil və birinci instansiya məhkəməsində bu məsələ araşdırma predmeti olmamışdır.
74. Həmin qapıların, yəni İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanan 10 fevral 2021-ci il tarixli podrat müqaviləsinə əsasən quraşdırılan mənzillərin giriş qapıları ilə İddiaçı MMC və "xxxx" MMC arasında bağlanan 11 noyabr 2021-ci il tarixli “İş və xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən quraşdırılan mənzillərin giriş qapılarının texniki və keyfiyyət göstəricilərinin (ölçü, çəki, rəng, istifadə olunan avadanlıqlar və s.) eynilik təşkil edib-etməməsinin, əgər eynilik təşkil etmirsə, texniki və keyfiyyət göstəricilərinə görə hansı qapıların bazar dəyəri daha yüksək olduğunun müəyyən edilməsi məqsədi ilə hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 iyun 2023-cü il tarixli 9/3063 saylı ekspert rəyi verilmişdir.
75. Həmin rəyə əsasən qapı ölçüləri: 220mx1mx10sm, dəmirin qalınlığı çərçivədə və qanadlarda – 1,5m, qanad içi – 1,5 mm, bütöv list və daş yunu, çəkisi 100 kq, istehsal yeri Türkiyə olan seyf qapının orta bazar qiyməti təxminən 400,0 manat. Qapı ölçüləri: 2,06m x 0,96m x10sm, dəmirin qalınlığı çərçivədə və qanadlarda – 1- 1,2m, qanad içi 1-1,2 mm, bütöv list və daş yunu, çəkisi 75-80 kq, istehsal yeri Türkiyə olan seyf qapının orta bazar qiyməti təxminən 450,0 manat təşkil edir.
76. İlk olaraq kollegiya qeyd edir ki, ekspert qarşısında qoyulmuş birinci suala (qapıların texniki və keyfiyyət göstəricilərinin eynilik təşkil edib-etməməsi) cavab verilməmişdir.
77. Habelə, ekspert rəyindən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanan 11 noyabr 2021-ci il tarixli müqavilədəki qapıların ölçüsü, çəkisi və dəmirin qalınlığı daha kiçik olsa da, qiyməti daha çox göstərilmişdir.
78. Qeyd olunanların aydınlaşdırılması üçün həmin rəyi vermiş ekspert X3 məhkəmə iclasında dindirilmiş və o, izahatında bildirmişdir ki, qapıların daxili təchizatından məlumatsız olduğun görə hansıların daha keyfiyyətli olmasını dəqiq müəyyən edə bilməz. Qapıların qiymətini isə ümumi bazardakı mağazalar, internet saytları və mərkəzdəki baza məlumatlarına əsasən müəyyən etmişdir.
79. Kollegiya qeyd edir ki, qapıların keyfiyyətinin müəyyən edilməsi məqsədilə hazırki iş üzrə əlavə və ya təkrar məhkəmə ekspertizasının təyin edilməsinə də zərurət mövcud deyildir.
80. Belə ki, ekspertin izahatı alındıqdan sonra həm iddiaçı, həm də cavabdehin nümayəndəsi Cavabdeh MMC-dən alınmış qapıların "xxxx" MMC-dən alınmış qapılardan daha keyfiyyətli olduğunu bildirdi.
81. Ekspert rəyindəki texniki göstəricilərdən də göründüyü kimi Cavabdeh MMC-dən alınmış qapıların ölçüsü və texniki göstəriciləri "xxxx" MMC-dən alınmış qapıların ölçü və texniki göstəricilərindən daha yüksəkdir.
82. Göründüyü kimi qapıları cavabdehdən vaxtında və tam həcmdə ala bilməyən iddiaçı müqavilədən imtina edərək digər şəxsdən daha aşağı keyfiyyətli qapıları alsa da, daha çox vəsait ödəmiş və bununla da, ona maddi zərər dəymişdir.
83. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 441.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona dəymiş zərərin cavabdehdən tutulmasını tələb etməkdə tam haqlıdır.
84. Dəymiş zərərin məbləği isə qapıların hər biri üçün əlavə olaraq ödənilmiş 60 manat məbləğə münasibətdə hesablanmalı və bu zaman, müəyyən olunur ki, iddiaçı cavabdehdən onun müqavilə şərtlərini pozduğuna görə görə ala bilmədiyi 267 ədəd qapıya görə əlavə 16020 manat ödəməklə ona həmin məbləğdə zərər dəymişdir (267 x 60 = 16020).
85. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, zərərin əvəzi kimi Cavabdeh MMC-dən 16020 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
86. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və mübahisələndirilən hissədə səhv nəticəyə gəlmişdir.
87. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilməyən və məhkəmə xərclərinin bölünməsi hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməlidir.
88. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
89. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2141/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh MMC-dən 16020 manat məbləğində pul vəsaiti, 200 manat mediasiya xərci və ödənilmiş 115 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Fərrux Qasımov