Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-510/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdeh ASC-yə qarşı kommersiya işi Açar söz: podrat müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Firmasının Cavabdeh ASC-yə (hazırda “İri şəhərlərin X6 Xidməti” X4rşı “podrat müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-82/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin hallarında görünür ki, cavabdeh “Azərsu" ASC ilə və “ALKE-İnshaat&Neftchi- Kirs” Birgə müəssisəsi arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə 5/619-1 nömrəli 07 iyul 2017-ci il tarixli müqaviləyə 01 saylı əlavəyə əsasən sifarişçi və podraçı 2017-ci il 07 iyul tarixdə Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin yerinə yetirilməsi məqsədi ilə tender yolu ilə 107.808.797,78 manat məbləğində 5/619-1 nömrəli podrat müqaviləsini imzalamışdır. xx.xx.2019-cu ildə həmin müqaviləyə əlavə imzalanmış, əlavədə müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, müqavilənin dəyəri ƏDV daxil 126.049.016 manat müəyyən edilmişdir.
2. “Alke İnşaat Sanayi ve Ticaret A.Ş”, "xxxx" MMC və İddiaçı firması arasında bağlanmış birgə müəssisə sazişinə əsasən birgə müəssisə tərəfindən görüləcək işlər əvvəlcədən müqavilə adlandırılan və yuxarıda göstərilən layihə ilə əlaqədar işəgötürənlə bağlanmış sazişdən və hər hansı dəyişiklik sifarişlərindən və ya əlavə razılaşmalardan ibarətdir və “Alke-İnsaatçı və Neftçi-Kirs” BM adı altında fəaliyyət göstərən birgə müəssisə tərəfindən həyata keçirilməlidir.
3. İşin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən Xırdalan şəhər su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində cavabdehin şifahi sifarişləri əsasında podrat müqaviləsi ilə görülməsi nəzərdə tutulmuş işlərdən 7.938.286,72 manat məbləğində əlavə işlər görülmüş, bu işlərlə bağlı əlavə smeta tərtib edilmədiyi və büdcədən əlavə maliyyə vəsaiti ayrılmadığı üçün dəyəri Cavabdeh ASC tərəfindən ödənilməmişdir.
4. İş materiallarına əlavə edilmiş Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarından görünür ki, ümumilikdə ƏDV daxil 7.938.286,72 manat məbləğində iş görülməsi barədə aktlar iddiaçı tərəfindən təsdiq edilərək təsdiq üçün Cavabdeh ASC-yə göndərilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il 07/07-1/2/6639 nömrəli məktubdan görünür ki, “Xırdalan şəhəri su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrasının tamamlanması məqsədilə əlavə vəsaitin ayrılmasına ehtiyac yaranmışdır. Tələb olunan əlavə vəsaitin alınması üçün hal-hazırda Cavabdeh ASC tərəfindən müvafiq tədbirlər görülür. Vəsaitin ayrılması halında şirkətiniz tərəfindən icra olunmuş əlavə işlərin dəyərinin ödənilməsi məsələsinə baxılacaqdır.
6. Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə Cavabdeh ASC və “ALKE-İnshaat&Neftchi-Kirs” Birgə müəssisəsi arasında imzalanmış müqaviləyə 1 saylı Əlavə barədə arayışdan görünür ki, Cavabdeh ASC-nin tələblərinə uyğun olaraq, layihəyə əlavələrin edilməsi, su təchizatı və kanalizasiya sistemlərinin iş həcmlərinə dəyişikliklərin olunmasını nəzərə alaraq podratçı və məsləhətçi şirkətlərin müraciətləri əsasında podrat müqaviləsinin müddəti 167 gün uzadılması və dəyərinin artırılması zərurəti yaranmışdır.Müqaviləyə 1 saylı X7 Fondunun 21 aprel 2019- cu il tarixli OD-2019/2/860 nömrəli razılaşma məktubu əsasında hazırlanmışdır.
7. Xırdalan şəhəri su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layuihəsi çərçivəsində İddiaçı firması tərəfindən vurulmuş asfaltın hesabatından görünür ki, dəyəri ödənilməyən asfaltın sahəsi 152939 m2 təşkil edir.
8. Xırdalan iş həcmlərin cədvəlləri yekunundan görünür ki, ümumilikdə məbləğ 102.675.045,50 manat təşkil edir.
9. İddiaçı tərəfindən təqdim edilmiş 26 saylı kanalizasiya nasos stansiyası ərazisində siyirtmə və əks klapanlar üçün kameranın tikintisi işlərinə dair forma 2-yə əsasən görülmüş işlərin dəyəri 34776,72 manat, ƏDV dəyəri 6259,81 manat, ümumilikdə 41036,53 manat təşkil edir.
10. İddiaçı tərəfindən cavabdehə tələb edilən borcla bağlı EBDC 578705 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 587183 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 586522 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 580326 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 580037 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 585732 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 583960 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 581084 saylı, xx.xx.2023-cü il tarixli, EBDC 579597 saylı, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Firması Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehdən iddiaçının xeyrinə 6.762.137,32 manat işin dəyəri və 1.217.184,9 manat ƏDV omaqla, cəmi 7.979.323,22 manat pulun, həmin pulun ödənilməsi ilə bağlı icranı gecikdirdiyinə görə 7.938.286,69 manatın illik 5 faiz olmaqla, 2 il üçün cəmi 793.828,67 manat, 5157 manat məbləğində dövlət rüsumunun və 400 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 8.778.708,89 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 oktyabr 2022-ci il tarixli, AK-10/2022-01saylı podrat müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli, AK-10/2022- 01 saylı podrat müqaviləsinə əsasən subpodratçı podratçının təchiz etdiyi metal materialı ilə podtarçının istehsal sahəsində müqavilənin əlavəsində qeyd edilən metal konstruksiya (qaynaq emalı, metal konstruksiyanın yığılması, emalatxanadan iş sahəsinə daşınması və quraşdırılması) işlərinin görülməsi və xidmətlərinin göstərilməsini, podratçı isə işlərin yerinə yetirilməsinin əvəzində subpodratçıya haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü maddəsinə əsasən müqavilənin qiyməti və işlərin həcmi bu müqavilənin əlavəsindəki qiymətlərə əsasən, yerinə yetiriləcək işlərə müvafiq olaraq müəyyən ediləcəkdir. Subpodratçı tərəfindən iş sahəsində istənilən növ materialın quraşdırılması işin miqdarının bir hissəsi kimi qəbul olunacaq və qiymət razılaşma protokolundakı razılaşdırılmış qiymət ilə hesablanacaqdır. Müqavilə imzalandıqdan sonra podratçı mobilizasiya işlərinin yerinə yetirilməsi üçün subpodratçıya müqavilə qiymətinin 20%-i məbləğində avans ödənişi həyata keçirəcəkdir. Ödənişin qalan hissəsi yerinə yetirilmiş işlərin qəbulu aktı (forma 2) əsasında hər forma 2 məbləğindən müvafiq avans ödənişi saxlanılmaqla elektron qaimə əsasında 10 təqvim günü ərzində təmin ediləcəkdir. Tərəflər arasında müqavilənin əlavəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumi dəyəri ƏDV daxil 294292 AZN olan metal konstruksiyaların yığılması və quraşdırılması işlərinin görülməsi nəzərdə tutulmuşdur. Subpodratçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Əlavə görülən işlərin dəyəri ödənilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-82/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh ASC-dən 6745258,96 manat əsas borc, 1214146,61 manat ƏDV, ödənilmiş 5157 manat dövlət rüsumu, ümumilikdə 7964562,57 manat məbləğində pulun tutularaq İddiaçı Firmasına ödənilməsi qət edilmişdir.
14. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertiza keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli 3-16-16-2/10/6715-9/6907 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan məlumatlara, foto şəkillərə, layihə sənədlərinə əsasən sifarişçi Cavabdeh ASC, icraçı İddiaçı Firması qeyd edilmiş yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarında (Forma 2) qeyd edilmiş işlərin iddiaçı tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Baxış zamanı əldə olunmuş və iş materiallarında olan məlumatlara, foto şəkillərə əsasən sifarişçi cavabdeh icraçı iddiaçı kimi qeyd edilmiş avadanlıqların iddiaçı tərəfindən quraşdırıldığı müəyyən olunmuşdur. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin və avadanlıqlarının ümumi dəyəri icra edildiyi və quraşdırıldığı dövr üçün orta bazar qiyməti (istifadə edilmiş material və usta haqqı daxil olmaqla) nəzərə almaqla 7918369,7 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda iş materiallarında qeyd olunmayan, lakin baxış zamanı təqdim olunmuş və İddiaçı Firması tərəfindən görülmüş əlavə tikinti-təmir işlərinin ümumi dəyəri ƏDV-siz 34776,72 manat, ƏDV ilə 41036,53 manat məbləğində müəyyən olunur. Qeyd olunur ki, Forma 2 aktlarında göstərilən qiymətlər araşdırılarkən həmin qiymətlərin bazar qiymətlərinə uyğun olduğu müəyyən olunmuşdur.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə podrat müqaviləsi, xx.xx.2019-cu ildə əlavə imzalanmış, iddiaçı öz öhdəliklərini lazımınca yerinə yetirsə də, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi, sifariş verilmiş və görülmüş əlavə işlərin dəyərini ödəməməsi iddiaçıya həmin podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Məhkəmə ekspert rəyini nəzərə almaqla iddianın təmin edilməli olması qənaətinə gələrək qeyd etmişdir ki, ekspert rəyində görülmüş işlərin dəyəri 6745258,96 manat, ƏDV hissəsi isə 1.214.146,61 manat (Xırdalan şəhəri, 1 saylı KNS-in yenidən qurulması – 57.197,33 manat, ƏDV 10.295,52 manat, Xırdalan şəhəri, 12(26) saylı KNS-in yenidən qurulması – 2873067,90 manat, ƏDV 517152,22 manat, B.Səfəroğlu küçəsi və ətrafında kanalizasiya xətlərinin çəkilişi – 688912,04 manat, ƏDV 124004,17 manat, Xırdalan şəhəri, çoxmərtəbəli binaların yeni kanalizasiya sisteminə qoşulması – 50299,90 manat, ƏDV 9053,98 manat, H.Əliyev prospektində DN325 təzyiqli polad kanalizasiya xəttinin çəkilişi – 16746,72 manat, ƏDV 3014,41 manat, 2020-ci ilin dekabr ayınadək su şəbəkəsi tikintisi – 12412,83 manat, ƏDV 2234,31 manat, Masazır su anbarında yerinə yetirilmiş işlər – 90933,12 manat, ƏDV 16367,96 manat, Sulutəpə qəsəbəsində su xəttinin çəkilişi – 182426,22 manat, ƏDV 32836,72 manat, asfalt örtüyünün bərpası – 2.738.486,18 manat, ƏDV 492.927,51 manat, iddiaçı tərəfində görülmüş digər işlər (DN280/225 PE su xətti) – 34776,72 manat, ƏDV 6259,81 manat) müəyyən edilmişdir.
17. İddiaçı iddia tələbində cavabdehdən iki il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 793.828,67 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 793828,67 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-82/2024 nömrəli qətnaməsinin iddianın rədd edildiyi hissədə (illik 5 faizlə zərərin tutulması) ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi ekspertiza rəyi və sübut kimi qiymət verilməyən cavabdehin işçısı olan, sənədlərində adı keçən və işlərin görülməsinə sifarişçinin nümayəndəsi olaraq təyin edilmiş və məhkəmə prosesində etibarnamə əsasında cavabdehin nümayəndəsi qismində iştirak edən X1 verdiyi izahatında mübahisələndirilən məbləğ üzrə işlərin 2020- ci ildə təhvil verildiyi müəyyən olunur. Nümayəndə qeyd etmişdir ki, o, cavabdehin layihə rəhbəri olmuşdur. Həmin müqavilə üzrə işlərin icrasına 2017- ci ildə başlanılmış, 2019-cu ilin sonunda bitmişdir. Əlavə işlər tərəflərindən sifariş edilib cavabdeh tərəfindən icra edilsə də, həmin işlərə dair ayrıca yazılı müqavilə bağlanmadığı və dəyəri razılaşdırılmadığı üçün ödənilməmişdir. İddiaçının təqdim etdiyi təhvil aktlarında göstərilmiş bütün işlərin cavabdehin şifahi sifarişləri əsasında tam icra edildiyini təsdiqləyir, lakin həmin işlərin görülməsi müvafiq dövlət orqanları ilə razılaşdırılmadığı, rəsmiləşdirilmədiyi və dövlət büdcəsindən bununla bağlı vəsait ayrılmadığı üçün dəyərinin ödənilməsi mümkün olmamışdır. İş materiallarında olan ekspertiza aktı və şahid ifadəsi ilə işlərin iddiaçı tərəfindən vaxtında təhvil verildiyini göstərir. Bundan başqa, iş materiallarında olan iddiaçının xx.xx.2022-ci il tarixli G7 saylı məktubu və cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 07/07-1/2/6639 nömrəli cavab məktubunda iddiaçıya verilmiş sifarişləri və görülmüş işləri qəbul etsələr də, layihənin tamamlanması üçün tələb olunan vəsait ayrılmadığından tələbin təmin edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Məktubda həmçinin tələb olunan vəsaitin alınması üçün zəruri tədbirlər görüldüyü, vəsait ayrıldıqdan sonra pulun ödənilməsi məsələsinə baxılacağı bildirilmişdir. Başqa sözlə hazırda tələb olunan məbləğ cavabdeh tərəfindən etiraf olunmuş, ödənilməmə maliyyə vəsaitinin ayrılmaması ilə əlaqələndirilmişdir. Həmçinin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat üzrə qətnamədə göstərilən “İddiaçının təqdim etdiyi təhvil aktlarında göstərilmiş bütün işlərin cavabdehin şifahi sifarişləri əsasında tam icra edildiyini təsdiqləyir, lakin həmin işlərin görülməsi müvafiq dövlət orqanları ilə razılaşdırılmadığı, rəsmiləşdirilmədiyi və dövlət büdcəsindən bununla bağlı vəsait ayrılmadığı üçün dəyərinin ödənilməsi mümkün olmamışdır” kimi cavabdehin etirafını da məhkəmə nəzərə almamışdır.
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-82/2024 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 2596,10 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi tərəflər arasında sözügedən mübahisə ilə bağlı heç bir müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsində isə şifahi razılaşmaya əsasən sözügedən işlərin görüldüyünü bildirmiş və bunun əsasında 7.979.323.22 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. Bundan əlavə müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma 2 və Forma 3 sənədləri, podratçı tərəfindən təqdim edilməli olan elektron qaimə, invoys və digər zəruri sənədlərin heç birinin mövcud olmaması iddianın əsassızlığını bir daha sübut edir. Məlum olduğu kimi Cavabdeh ASC-nin səhmləri bütövlükdə dövlətə məxsusdur. Odur ki, Qərarın tələblərinə uyğun olaraq tərəflər arasındakı müqavilələr yalnız yazılı formada tərtib olunmalıdır. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddənin tələbindən aydındır ki, sübut qismində təqdim edilmiş sübutlar işə baxan hakim tərəfindən baxılmalı və tədqiq olunmalıdır. Lakin bununla bağlı heç bir hərəkət edilməmiş və maddənin tələbləri pozulmuşdur
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
23. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
24. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddə-əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 769-cu maddə- əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddə-əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.7-ci maddə- (tərəflər arasında müqavilə münasibəti yaranarkən qüvvədə olan redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 106.3-cü maddə-tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
26. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-82/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin sifarişi ( elektron poçt vasitəsi ilə və rəsmi məktubla göndərilmiş sifarişlər iş materiallarına əlavə edilmişdir) əsasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya Sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə xx.xx.2017-ci il tarixli podrat müqaviləsi çərçivəsində “COVİD 19” pandemiyası zamanı karantin dövründə layihədə nəzərdə tutulmayan ümumilikdə ƏDV daxil 7.938.286,72 manat dəyərində işlər görülmüş, həmin işlərin dəyəri ödənilməmişdir. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə (Cavabdeh ASC-nin TOOM-un Planlaşdırma və Layihələndirmə şöbəsinin rəisi) tərəfindən podrat müqaviləsi üzrə əlavə işlərin görülməsi barədə sifarişlərin verilməsi və həmin işlərin görülməsi faktı və görülən işin həcmi işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında qəbul edildiyindən iddiaçı bu halı sübut etmək vəzifəsindən azaddır.
28. Layihə rəhbəri olmuş Qanuni nümayəndə izahatında bildirmişdir ki, Binəqədi rayon ərazisində 100-200 nəfərin yığılıb Cavabdeh ASC-yə şikayətə gəldiyindən iddiaçıya təcili olaraq həmin işlərin görülməsi ilə bağlı tapşırıq verilmişdir. İşlərin bir hissəsi Sulutəpə ərazisində görülmüşdür. Çünki həmin ərazidə də əhalinin narazılığı olmuşdur.
29. Bu halda məhkəmə tərəfindən araşdırılmalı olan məsələ görülmüş işlərin dəyərinin sifarişçidən hansı qiymətlə tutulmasıdır. Görülmüş işlərin dəyəri iddiaçı tərəfindən cavabdehə göndərilmiş forma 2 aktlarında və elektron qaimələrdə əks olunmuş, cavabdehin layihə rəhbərinin birinci instansiya məhkəməsində verdiyi izahata əsasən işlərin dəyəri X8 uyğun hesablanmışdır.
30. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin sifarişi ilə görülmüş, hazırda dəyəri tələb edilən işlərin dəyərinin hansı qiymətlə ödəniləcəyi barədə təsdiq edilmiş smeta olmadığından bu işlərin bazar dəyəri (MM-nin 753.1-ci maddəsinə əsasən smeta olmadıqda podrat işlərinin dəyərinin adi muzdla ödənilməli olduğu nəzərə alınaraq) ekspertiza təyin edilməklə müəyyənləşdirilə bilər. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 3-16-16-2/10/6715-9/6907 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin və avadanlıqlarının icra edildiyi və quraşdırıldığı dövr üçün orta bazar qiyməti (istifadə edilmiş material və usta haqqı daxil olmaqla) nəzərə alınmaqla 7918369,7 manat təşkil edir.. Eyni zamanda iş materiallarında qeyd olunmayan, lakin baxış zamanı təqdim olunmuş və İddiaçı Firması tərəfindən görülmüş əlavə tikinti-təmir işlərinin ümumi dəyəri ƏDV-siz 34776,72 manat, ƏDV ilə 41036,53 manat məbləğində müəyyən olunmuşdur.
31. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, tender yolu ilə bağlanmış podrat müqaviləsi üzrə razılaşdırılmış smetadan əlavə görülməsi üçün tapşırıq verilmiş işlərin və onların dəyərinin müqaviləyə əlavələr edilməklə rəsmiləşdirilməsi və əlavə smetanın tərtib edilməsi sifarişçi Cavabdeh ASC-nin öhdəliyi olduğundan cavabdehin öz vəzifələrini icra etməməsi podratçı tərəfindən görülmüş işlərin dəyərinin ödənilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, “Dövlət satınalamaları haqqında” Qanunun 18.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 3.8-ci maddəsində göstərilən hallar istisna olmaqla, satınalan təşkilat satınalmanı yalnız təsdiq edilmiş satınalma planına uyğun olaraq təşkil edir. Satınalma planına daxil edilməyən hər hansı satınalma predmetinin satın alınmasına təcili tələbat yarandıqda, satınalan təşkilat əsaslandırılmış müraciətlə nəzarət orqanına müraciət edir. Nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra satınalan təşkilat həmin satınalma predmetinin satın alınmasını həyata keçirə bilər. Nəzarət orqanı bu maddədə qeyd olunan hallarla bağlı 3 (üç) iş günü ərzində qərar qəbul edir. Hazırkı halda Cavabdeh ASC-nin vəzifəli şəxsləri tərəfindən satınalan təşkilat olaraq qanunun bu tələbinin pozulduğu müəyyən edilsə də, bu hal podratçını faktiki görülmüş işlərə görə muzd almaq hüququndan məhrum etmir.
32. İddiaçının apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə MM-nin 445.7-ci maddəsinə əsasən illik 5%-lə iki il üçün 793828,67 manat faiz borcu tutulması hissəsində tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən podrat işlərinin görülməsi 2020-ci ilin dekabr ayında başa çatdırılsa da həmin işlərlə bağlı elektron qaimələr cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilmiş, işlərin dəyərinin ödənilməsi ilə bağlı elektron hesab fakturaların hansı tarixdə göndərildiyi barədə sübutlar isə ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən elektron hesab faktura göndərilmədən həmin işlərin dəyərinin nağdsız qaydada ödənilməsi mümkün olmadığı üçün ödənişin cavabdeh tərəfindən iki il gecikdirildiyi sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslıdır.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-82/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-82/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.