Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-515/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Milli Konservatoriyasına qarşı (Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) üçüncü şəxslər qismində cəlb edilməklə görülmüş işin dəyərinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-275/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Milli Konservatoriyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, görülmüş işlərin dəyəri olan 2.886.103,00 manat məbləğində vəsaitin cavabdeh Azərbaycan Milli Konservatoriyasından iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 26.02.2021-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianın təmini tədbiri barədə ərizəni təqdim edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmini tədbiri kimi cavabdeh Azərbaycan Milli Konservatoriyasına məxsus Bakı şəhəri, H.Cavid prospekti 506-cı məhəllədə yerləşən təhsil kompleksinin A, B, D və E bloklarında, həmçinin həyətdə hər hansı təmir, tikinti, montaj-quraşdırma, yenidənqurma və ya söküntü, rəngləmə işlərinin aparılması, həmçinin avadanlıqların yerinin və mövcud vəziyyətinin dəyişdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-275/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-275/2021 saylı, 26 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Milli Konservatoriyanın rəsmi açılışı A, B və D bloklarında işlər tamamlanandan sonra olmuş, E bloku yarımçıq qalmış, eləcə də A, B və D bloklarında qalıq işlər olmuşdur. Bu barədə 27 fevral 2013-cü il tarixli aktdan məlumat almaq olar. Daha sonra cavabdeh 04 fevral 2013- cü il tarixdə onlara müraciət edərək E blokunda siniflərin yerinə yataqxananın tikilməsini, musiqi alətlərinin Çexiyanın “Petrof” şirkətindən sifariş verilməsini, hovuz və idman zallarının daha müasir şəkildə qurulmasını və s. sifariş etmişdir. Daha sonra 20 may 2014- cü ildə, eyni zamanda 30 iyul 2014-cü ildə FHN Dövlət Baş Ekspertiza idarəsinə müraciət edərək, kompleksin gələcək istismarı ilə əlaqədar binanın daxili planlaşdırma həllində müəyyən dəyişikliklərin aparılmasını məqsədəuyğun hesab etmiş, dəyişikliklər barədə layihə smeta sənədlərinin tərtib olunduğunu bildirmiş və həmin layihə - smeta sənədlərinin ekspertizadan keçirilib rəy verilməsini xahiş etmişdir. Həmin məktuba layihə tapşırığı, qüsur aktı, layihənin memarlıq bölməsi, konstruksiya cizgiləri, mühəndis bölməsi, smetalar, həmçinin toplu smeta əlavə edilmişdir. Həmin idarədən 04.11.2014-cü ildə müsbət rəy alınmışdır. 30.10.2018-ci il tarixdə görülmüş işlərin və quraşdırılmış avadanlıqların üzləşmə aktı imzalanmışdır. Həmin aktdan görünür ki, mebel təchizatı, canlı yayım üçün TV çıxışları, idman avadanlıqları iddiaçı tərəfindən quraşdırılmışdır. Hazırda cavabdeh bizə olan borcunu ödəmədən, gələcəkdə yarımçıq qalmış işlərin başqa təşkilata sifariş verilməsini nəzərdə tutur. Belə olan halda onların vəsaiti ilə tikilən və quraşdırılan mal-materialın cavabdeh tərəfindən toxunulmaz saxlanılmasına zərurət var. Həmçinin görülmüş işlərin toxunulmaz qalması, görülmüş işlərin həcminin və keyfiyyətinin olduğu kimi saxlanması üçün həmin kompleksdə hər hansı təmir, tikinti, yenidənqurma, söküntü işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 11.03.2021-ci il tarixli, e-2-2 (113)-275/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 28.04.2021-ci il tarixə təyin edilmiş, üçüncü şəxslərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-275/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsində görülməsi xahiş edilən tədbirin tətbiq edilməsinin gələcəkdə məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi baxımından zəruriliyini əsaslandırmamışdır. İddiaçının cavabdehə qarşı irəli sürdüyü maddi tələb –pul tələbidir və bu tələb təmin edilərsə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün ərizədə qeyd edilmiş tədbir iddiaçının tələbinə mütənasib olan tədbir deyil. Şikayət ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçının bu tədbirin görülməsi barədə ərizə ilə müraciət etməsinin məqsədi iddia təmin edildiyi təqdirdə qətnamənin gələcəkdə icrasını təmin etmək deyil, işə baxılanadək iddiaçı tərəfindən tikilən obyektlərin və quraşdırılan mal-materialın ekspertiza tədqiqatının həyata keçirilməsi üçün toxunulmaz saxlanılmasıdır. Bu isə “iddianı təmin etmə tədbiri” institutunun qanunla müəyyən edilmiş prinsiplərinə və məqsədinə ziddir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-275/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-275/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-515/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-515/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver