Məhkəmə qərarları › İş №2-2(103)-516/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-516/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-516/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliklərin yerinə yetirilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı pul tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-62/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçındən ödənilməli olduğu 50450 manat məbləğində pulun və 241,35 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-62/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması ilə əlaqədar yaranmış qüsurların (xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qüsur aktları) aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh İddiaçınə qarşı 50450 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 241,35 manat məbləğində pulun tutulması ilə bağlı qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-62/2024 nömrəli qətnaməsinin ləğv edilib ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: ilk iddiaçı iddia tələbini aramızda imzalanmış xx.xx.2019-cu il tarixli «podrat müqaviləsi»nin 2.2.3-cü bəndinin tələbinin pozulmasını əsas gətirərək tərəfimizdən görülmüş işlərdə qüsurların aşkarlanmasını və həmin qüsurların öz işçi qüvvəmiz və maliyyə vəsaitimiz hesabına aradan qaldırılmasını təimin etməyimizi tələb etmişdir. Nəzərinizə çatdırıram ki, cavabdeh tərəfin görülmüş işlərdə qüsur hesab etdiyi bütün çatışmamazlıqlar tərəfimizdən tam şəkildə aradan qaldırılmış, lakin cavabdeh tərəf görülən işlərə görə bizə ödənilməli olan 50.450 (əlli min dörd yüz əlli) manat məbləğində pul borcunu uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə müraciətlər edilsə də, bu günədək ödənilməmiş və aramızda bağlanmış podrat müqaviləsinin şərtlərinə əməl edilməmişdir. Cavabdehin məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi müqavilə öhdəliyini yerinə yetirməmək üçün bəhanədir və məsuliyyətdən yayınmaqla qanunsuz əməllərini pərdələmək məqsədi daşıyır. Cavabdeh tərəfindən mənə və birgə işlədiymiz işçi qrupuna qarşı ödəməli olduğu pul məbləğini ödəmədiyi üçün Əmək Müfəttişliyinin Bakı Ərazi İdarəsinə və Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə həmçinin hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsi ilə müraciət etsək də, bu günə qədər cavabdeh pulumuzu ödəməkdən imtina edir və bundan yayınmaq üçün əsassız tələblə məhkəməyə müraciət etməklə məsuliyyətdən boyun qaçırmağa çalışır. Mən məcburiyyət qarşısında qaldığımdan özümə məxsus avtomobilimi də satıb öz vəsaitim hesabına işə cəlb etdiyim işçi qrupuna ödənilməli olan pul məbləğini onlara ödədim. Nəticədə kommersiya işi üzrə aparılmış araşdırma natamam, qeyri-obyektiv və qərəzli olmuşdur. Odur ki, hesab edirik ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işə apellyasiya qaydasında baxılarkən obektiv, tam və hərtərəfli araşdırma aparıldıqdan sonra yeni qətnamə qəbul edilməlidir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə bu normanı nəzərə almamış, qarşı tərəf olan MTK-nın öz hüquqlarını həqiqətən də vicdanla yerinə yetirib-yetirməməsinə heç bir hüquqi qiymət verməmişdir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi ilə aramızda şifahi olaraq əlavə razılaşma olsa da, məhkəmə bu hala qiymət verməmiş və mənim qarşılıqlı iddiam əsassız olaraq rədd edilmişdir. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Lakin, birinci instansiya məhkəməsi mənim iddiamı rədd edərək bu hüququmu əlimdən almışdır. 1-ci instansiya məhkəməsi mənə öz tələblərimi əsaslandıran dəlilləri, sübutları məhkəmyə təqdim etməyə imkan yaratmamışdır. 1-ci instansiya məhkəməsi mənə sübutlarımı məhkəməyə təqdim etmək imkanı yaratmadığından 1-ci instansiya məhkəməsində proses çəkişmə prinsipi təmin edilmədən, dəlillər, izahatlar, sənədlər tədqiq edilmədən yekunlaşdırılmışdır. 1-ci instansiya məhkəməsi iş üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.

8. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

13. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

14. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

15. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

16. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmış, podradçı Cavabdeh ünvan 3 ünvanında sifarişçi İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması işlərini aparmış, lakin sifarişçi tərəfindən işlər qəbul edilərkən qüsurlar aşkar edilmiş və xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aktlarda dam örtüyündə olan nöqsanlar qeyd edilmiş, podradçı Cavabdeh həmin aktları imzalayarkən qüsurların mövcudluğu ilə razılaşmış, müvafiq olaraq 20 və 10 gün ərzində nöqsanların aradan götürülməsi üçün öhdəlik götürsə də, bunu etməmiş və nəticədə növbəti üçüncü xx.xx.2021-ci il tarixli qüsur aktı tərtib edilmişdir.

23. Bununla yanaşı ünvan 3 ünvanında sifarişçi İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması vaxtı qüsurların mövcudluğu və təmir-tikinti işlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 15 aprel 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Dam örtükləri Layihələndirmə Normaları”nın tələblərinə uyğun aparılmaması xx.xx.2023-cü il tarixli 3-1616/2-10/5936 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində də öz əksini tapmışdır.

24. Göründüyü kimi, ünvan 3 ünvanında sifarişçi İddiaçı MTK tərəfindən inşa olunan hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün quraşdırılması vaxtı qüsurların mövcudluğu həm qüsur aktları, həm də ekspert rəyində öz əksini tapdığına görə məhkəmə hesab etmişdir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir.

25. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia rədd edilməlidir, belə ki, podratçı Cavabdeh görülən işlərin müqabilində təxminən 60000 manat deyil, 120000 manat məbləğində vəsaitin ödəniləcəyi barədə məhkəməyə heç sübut təqdim etməməklə yanaşı (təhvil-təslim, qiymətləndirmə və sair akt və qəbzlər), imzaladığı xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aktlarında hər hansı bir məbləğdə qalıq borcun qalması barədə heç bir qeyd aparmamış, bununla yanaşı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 2.2.23-cü bəndinə əsasən hər 1 m2 görə 10 manat olmaqla ödənişlərin aparılması nəzərdə tutulmuş, podratçı istinad etdiyi kimi 3500 m2 sahədə işlərin görüldüyü təqdirdə ödəniləcək vəsait 35000 manat civarında olmalı idi.

26. Cavabdeh şikayətdə məhkəmənin ona sübut təqdim etmək üçün şərait yaratmadığını qeyd etsə də, iş materiallarından aydın olur ki, o, məhkəmə iclasında iştirak etmiş, sübutları təqdim etmək imkanı olmuş, hətta apellyasiya icraatında iştirak etməməsinə görə ona şərait yaradılaraq iclas təxirə salınmış, lakin cavabdeh yenə istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Cavabdeh qüsuru aradan qaldırdığını qeyd etməsi ilə, əslində iddiaçının qüsurlu işlə bağlı dəlilini qəbul etmiş olur, sadəcə cavabdeh qüsuru aradan qaldırmasını bildirməklə həmin işi yerinə yetirdiyini bildirmişdir. Bu halda qüsuru aradan qaldırmaqla bağlı sübutetmə yükü onun üzərinə keçmişdir. Belə vəziyyətdə qarşılıqlı iddianın da təmin edilməsi mümkünsüzdür.

27. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri məhkəmə iclasında irəli sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-62/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar