Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-517/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsi və "xxxx" MMC-yə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1895/2015 nömrəli iş üzrə 04 aprel 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, iddiaçının istifadəsində və sahibliyində olan ünvan 1 ünvanda yerləşən Bakı 49 hərbi şəhərciyinin yerləşdiyi 0,47 ha torpaq sahəsi və həmin ərazidə yerləşən inzibati binanın (2-ci mərtəbəli qeyri-yaşayış sahəsi) AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh3-yə satılaraq özgəninkiləşdirilməsinə dair 06.09.2013-cü il tarixli 5049 nömrəli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin, həmçinin, həmin qeyri-yaşayış sahəsinin altında və ətrafında olan 0,47 ha torpaq sahəsinin 4602 nömrəli 23.10.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu əmlaka dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən edilmiş müvafiq qeydi və qeyd əsasında verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən Cavabdeh3-nin adına özəlləşdirilmiş və mülkiyyətində olan əmlakın iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.09.2015-ci il tarixli qərardadına əsasən ünvan 1 ünvanda yerləşən Bakı 49 hərbi şəhərciyinin yerləşdiyi 0,47 ha torpaq sahəsində Cavabdeh3 tərəfindən aparılan tikinti işləri dayandırılmış və Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətində Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində 21.11.2013-cü il tarixli ********** nömrəli qeydiyyat nömrəsi ilə Cavabdeh3-nin adına mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinin və üzərində tikintisinə başlanmış yüksək mərtəbəli yaşayış binasının üzərinə həbs qoyulmuş, həmin tarixdə icra vərəqəsi tərtib edilərək icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.05.2016-cı il tarixli nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, qərardad 19.05.2016-cı il tarixdə AR Müdafiə Nazirliyi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.09.2015-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.04.2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.09.2015-ci il tarixli qərardadı ləğv edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı qaydada göstərilməli olması müəyyən edilmişdir. İşdən görünür ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Həmçinin, MPM-in 361.1.2-ci maddəsinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Hazırkı şikayətdə isə sözügedən normanın və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin tələblərinə zidd olaraq, “Apellyasiya şikayəti verən şəxs” hissəsinə aid şikayət verən şəxsin hüquqi və faktiki ünvanları qeyd olunmamışdır. Bundan əlavə, MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə də tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən məlum olur ki, şikayətdə mülki prosessual qanunvericiliyin sözügedən göstərişinə də əməl olunmamış, şikayətdə qərardadın ləğvi xahiş edilsə də, cavabdehin ərizəsinin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələb ifadə olunmamışdır. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-1895/2015 nömrəli iş üzrə 04 aprel 2022ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-517/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-517/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver