Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-531/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Q Ə R A R D A D İş № e-2-2(103)-531/2021 “04” may 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1244/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04 mart 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən vurduğu zərərə görə 372000 manat, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 372030 manat pul məbləğinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı MMC-dən 84273 manat məbləğində pulun (ƏDV xaric) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı MMC iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin (VÖEN-**********) h/h AZ97KABA******************** saylı, “X3 Azərbaycan” QSC-də olan bank hesabının üzərinə 372000 manat, ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 372030 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04 mart 2021-ci il tarixli, e-2-2(113)-1244/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “xxxx” QSC, kod 509987, hesablaşma hesabı AZ97KABA******************** saylı olan bank hesabı üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 372000 manat həcmində həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 15.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi Cavabdeh MMC-nin bank hesabındakı hesabı üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi yüksək məbləğin, yəni 372000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındaki pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin həbs cavabdehin işçilərinin əmək haqlarının və dövlət büdcəsinə zəruri ödənişlərin aparılmasına məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsindən müəyyən olunur ki, əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, faktiki fəaliyyət göstərən cavabdeh MMC-nin əməkdaşlarına ödənilən əmək haqları və dövlət büdcəsinə zəruri ödənişlər bilavasitə istehsalatda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabı üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır. Birinci instansiya məhkəməsi də məsələni bu qaydada həll etmişdir. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayətdə göstərilən dəlillər isə mübahisənin mahiyyətinə aid olmaqla əsassızdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1244/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-531/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-531/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver