Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-533/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə borcun tutulmasına dair Açar söz: podrat müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması podrat müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-477/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə “Heydər Əliyev adına X2rulması layihəsində elektrik işlərinin görülməsi barədə podrat müqaviləsi bağlanmışdır.
2. İddiaçı xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə 327747,6 manat ödəniş edildiyini, 45036,4 manat borcun cavabdeh tərəfindən ödənilmədiyini iddia edir. Cavabdeh isə etirazında bu məbləğin 40.000 manat hissəsinin Cavabdeh MMCnin əvəzindən "xxxx" MMC tərəfindən avans olaraq, qalan hissəsinin isə MMCnin direktoru tərəfindən nəqd şəkildə ödənildiyini bildirir.
3. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC (subpodratçı) arasında 30 sentyabr 2021-ci il tarixdə 027/21 saylı subpodrat müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilədə işlərin dəyərinin 15 faizinin avans olaraq ödənilməsi nəzərdə tutulmuşdur.
4. Həmin müqaviləyə əlavə olan HAOR PKB layihəsi üçün qeyd olunan həcmdə təklif olunan elektrik işlərinin qiymət razılaşma cədvəlinə əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş elektrik işlərinin miqdarı və qiymətləri 40.000,21 manat olaraq razılaşdırılmışdır.
5. İşdəki ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2021-ci il tarixli 598840-619 nömrəli ödəniş tapşırığı əsasında 10.000 manat, xx.xx.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığı əsasında 10.000 manat, xx.xx.2021-ci il tarixli OD2 nömrəli ödəniş tapşırığı əsasında 10.000 manat, xx.xx.2021-ci il tarixli OD5 nömrəli ödəniş tapşırığı əsasında 10.000 manat olmaqla, ümumilikdə 40.000 manat pul ödənilmişdir. Ödənişin təyinatı “avans” ödənişi olaraq qeyd edilmişdir.
6. "xxxx" MMC (baş direktor Nuşravan Cəlilov) xx.xx.2021-ci il tarixli 281 nömrəli məktubla Cavabdeh MMC-yə (direktor Qanuni nümayəndə) müraciət edərək, bildirmişdir ki, “Heydər Əliyev adına X11 Modernizasiya və Rekonstruksiyası Layihələri çərçivəsində Əsas Tikinti işləri- Paket B” layihəsi üzrə xx.xx.2021-ci il tarixli müraciəti əsasında xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında subpodrat müqaviləsi bağlanmış, yerinə yetirilmiş işlərə görə İddiaçı MMC-yə ƏDV daxil 47.200 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. İş materiallarında olan “whatsapp” yazışmaları və “whatsapp” səsli danışıqların qeyd edildiyi flash-diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “X8” adlı “whatsapp” istifadəçisi (İddiaçının qanuni təmsilçisi Ramil Həmidov) ilə cavabdehin qanuni təmsilçisi Tolqa Atıcı arasında aparılan “whatsapp” yazışmalarında X12 Atıcıya müraciət edərək, istədiyi təqdirdə onun tərəfindən yerindən və həcmindən asılı olmayaraq elektrik işlərini yerinə yetirə biləcəyini bildirmiş, daha sonra X13 Həmidova Azfenə görə hesaba 10.000 manat avans və 48.000 manat pul vəsaitinin köçürüləcəyini bildirmiş, eləcə də xx.xx.2022ci il tarixdə Qanuni nümayəndə Ramil Həmidova pulun hesaba vurulması və yaxud əlbəəl verilməsi üçün bankın 28 may filialının önünə gəlməsini təklif etmişdir. “Whatsapp” vasitəsilə ilə aparılan danışıqlarında isə Ramil Həmidov ilə Qanuni nümayəndə aralarında müqavilə bağlanması barədə razılığa gəlmiş, Qanuni nümayəndə müqavilənin bağlanmasına razılıq vermiş, vaxtı yubatmadan işə başlamağı Ramil Həmidova bildirmiş, eləcə də tərəflər arasında X9 Atıcıya mart, aprel və may ayları üzrə “Forma 2”-lər üzrə ödənişlərin edilməsini xahiş etməsini, Qanuni nümayəndə tərəflərindən bütün ödənişlərin ediləcəyinin vəd edilməsini, o cümlədən Ramil Həmidova ödəmək üçün 20.000 ayırmasını bildirməsini əhatə edən digər danışıqlar aparılmışdır.
8. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdehnə müraciət edərək, borcun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45036,4 manat məbləğində borcun, həmçinin ödənilmiş 230 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qərar cıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq, Cavabdeh MMC ilə aralarında 01 dekabr 2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən, konkret olaraq, 1-ci bəndinə əsasən subpodratçı yəni İddiaçı MMC, podratçı, yəni Cavabdeh MMC-nin təchiz etdiyi materialla podratçı üçün həmin müqaviləyə əlavədə göstərilən qiymətlərə müvafiq elektrik işlərini yerinə yetirməyi, podratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, cavabdeh təşkilata 372.784 manat dəyərində işlər görülmüş, bununla əlaqədar elektron qaimə göndərilərək rəsmiləşdirilmiş, cavabdeh şirkət isə bu məbləğdən onlara 327.747,6 manat məbləğində ödəniş edərək, 45.036,4 manat pul məbləğini ödəməmişdir. Cavabdeh şirkətdən dəfələrlə borcun ödənilməsi barədə tələb edilsədə, cavabdeh şirkət bu pulu ödəməkdən imtina etmişdir. Qeyd edir ki, bununla bağlı cavabdehə dəfələrlə yazılı formada ərizə və pretenziyalar göndərərək, borc öhdəliklərini könüllü olaraq yerinə yetirmələrini xahiş etsələr də və həmin şirkət pretenziya, ərizələri və iddia ərizəsinin surətini qəbul etsə də borcunu ödəməkdən yayınmışdır. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, “Mediasiya haqqında” qanunun tələblərinə uyğun olaraq, mübahisə ilə bağlı barədə mediasiya sessiyası aparılsa da, cavabdeh sessiyada iştirak etməyərək borc pul məbləğini ödəməkdən imtina etdiyini açıq-aşkar göstərmişdir. Bütün bunları rəhbər tutaraq, qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmişlər.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-477/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi təmin edilmişdir.
12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə ƏDV xaric cəmi 320.106,1 manat dəyərində işlərin görülməsi ilə bağlı “Yerinə yetirilmiş işlərinin dəyəri haqqında aktlar” tərtib edilərək hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin aktlar əsasında İddiaçı MMC tərəfindən cəmi ƏDV xaric cəmi 320.106 manat məbləğində işlərin görülməsinə dair elektron qaimələr, o cümlədən 100.151,25 manat (ƏDV xaric 84873,94) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 589414 saylı; 133.276,58 manat (ƏDV xaric 112.946,25 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 189854 saylı; 117.973,52 (ƏDV xaric 99.977,56) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022ci il tarixli, EBBU seriyalı, 235982 saylı; 20.476,69 (ƏDV xaric 17353,13 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 351803 saylı və 5.847,04 manat (ƏDV xaric 4955,12 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 616647 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. Sözügedən elektron qaimələr əsasında Cavabdeh MMC tərəfindən 276.747,56 manat məbləğində ödəniş edilmiş və hal-hazırda yuxarıda göstərilən görülmüş işlərin dəyəri barədə aktlar və elektron qaimələr üzrə borc 43.358,4 manat təşkil edir. ƏDV xaric 4678 manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 332764 saylı elektron qaiməyə gəldikdə məhkəmə qeyd edir ki, həmin qaimənin əsasında işlərin görülməsinə dair təhvil-təslim aktı durmasa da, cavabdeh tərəfindən həmin qaimə əsasında xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat olmaqla cəmi ƏDV xaric 3.000 manat məbləğində ödəniş edilmiş və hazırda həmin elektron qaimə üzrə borcƏDV xaric 1678 manat təşkil edir. Sözügedən qaimə üzrə borca münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sözügedən elektron qaimənin düzəliş üçün qaytarılmaması, həmin qaiməyə hər hansı bir formada etiraz edilməməsi, eləcə də qaimənin dəyərinin çox hissəsinin ödənilməsi ona dəlalət edir ki, qaimədə göstərilən işlər cavabdeh tərəfindən yerinə yetirilmişdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli podrat müqaviləsi üzrə görülmüş işlərə görə cavabdehin iddiaçıya borcu ƏDV xaric 45.036,4 manat (43.358,4 manat+1678 manat) təşkil etməsi iş materialları ilə öz təsdiqini tapır.
13. "xxxx" MMC tərəfindən iddiaçıya ƏDV daxil 47.200 manat məbləğində avans ödəniş edilməsi və həmin ödənişin mübahisəli podrat müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmalı olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən ödəniş "xxxx" MMC tərəfindən "xxxx" MMC (sub-subpodratçı) ilə İddiaçı MMC (sub-sub-subpodratçı) arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli 027/21 saylı Sub- Sub-Subpodrat müqaviləsi üzrə aparılmışdır. Göstərilən hal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda da öz təsdiqini tapır. Belə ki, həmin məktubda "xxxx" MMC tərəfindən mübahisəli ödənişin 30 sentyabr 2021-ci il tarixli müqaviə üzrə yerinə yetirilmiş işlərə görə aparıldığı bildirilmişdir. Odur ki, həmin ödənişin mübahisəli podrat müqaviləsi üzrə ödəniş kimi nəzərə alınması üçün əsasların mövcudluğu müəyyən edilmir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-477/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, 1-ci instansiya məhkəməsi qətnamə qəbul edərkən MM-nin 385.1, 386.1-ci maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Tərəflər arasında müqavilə münasibətləri olduğu halda, məhkəmə iddiaçının müqavilə şərtlərinə uyğun formada yerinə yetirilən işlərin qəbulu ilə əlaqədar Forma-2-ləri, nəyə görə təqdim etməməsi faktına qiymət verməməklə, müqavilə şərtlərinə zidd qərar qəbul edilmişdir. İddiaçı həm MM-nin tələbləri baxımından, həm də müqavilə öhdəliklərini yerinə yetirməyərək, e-qaimə təqdim etməklə cavabdehi özünə borclu göstərməsi məqsədli olmuşdur. Məhkəmənin gəldiyi nəticə qanuni və müqaviləyə uyğun hesab edilə bilməz. Qətnamənin 3-4-cü səhifələrində qeyd olunur ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə qaydasında elektrik işlərinin qiymətinin 155.000,35 manat olması göstərilmiş, daha sonra eyni müqavilə üzrə elektrik işlərinin qiymətinin 40.000,21 manat olması göstərilmişdir. Daha sonra yerinə yetirilmiş elektrik işlərinin qiyməti kimi 88416,93 manat olduğu göstərilir. Bu ziddiyyətli hal araşdırılmadan məhkəmə səhv nəticəyə gəlmişdir. Daha sonra iddiaçının qanuni təmsilçisinin fikirləri kimi qətnamədə qeyd olunur ki, 48.000 manat məbləğinə dair verilmiş e-qaimə məbləği ödənilmişdir (Bax.qət.səh3). 4600 manat barədə təhvil-təslim aktı mövcud olmamış, lakin vəsait ödənilmişdir. 17353 manat və 4955 manat e-qaimələr üzrə, məbləğlər və 84.000 manata dair e-qaimə üzrə 21.000 manat dəyərində pul ödənilməmişdir. İddiaçı müəssisənin rəhbəri cəmi 43.308 manat e-qaimə üzrə ödənişlərin edilmədiyini göstərmişdir. Məhkəmə bu hallara gah 155.000, gah 40.000 və gah da 88416,93 manat olmasına aydınlıq gətirməmişdir. Eyni zamanda cavabdehin işgüzar münasibətdə olduğu "xxxx"MMC tərəfindən dörd dəfəyə iddiaçının bank hesabına köçürmə etməsi faktı, mülahizə əsasında rədd edilmişdir. Təqdim olunmuş məktubun məzmunu təhrif edilib. Məktubda qeyd edilmişdir ki, İddiaçı MMC-nin faktiki icra edəcəyi işlərə görə pul öhdəliklərini (avans öhdəlikləri üzrə) CavabdehMMC pul vəsaiti köçürə bilmədiyi üçün, müraciətiniz əsasında tərəfimizdən xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə ödəniş tapşırıqları (hər tapşırıq üzrə 10.000 manat olmaqla) əsasında, dörd ödəniş tapşırığı əsasında tərəfimizdən İddiaçı MMC-nin bank hesabına 40.000 manat pul vəsaiti Sizin müəssisənin öhdəlikləri əvəzində avans qaydasında köçürülmüşdür.”
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
17. İddiaçının qanuni nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
18. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1-ci maddə- borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 442, 443.1 və 448.1-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddə- podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.3-cü maddə- əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
78.1-ci maddə-sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddə-məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-477/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə Heydər Əliyev adına X2rulması layihəsində elektrik işlərinin görülməsi barədə podrat müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçı tərəfindən tələb edilən 45036,4 manat borc müqabilində işlərin görüldüyünü və görülmüş işlərin qiymətini mübahisələndirmədiyindən işlərin görülməsi ilə bağlı forma 2 sənədlərinin, müqaviləyə əlavələrdəki qiymət fərqlərinin araşdırılması mübahisənin həlli üçün hər hansı əhəmiyyət kəsb etmir.
22. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, tələb olunan 45036,4 manat borc ödənilmişdir. Buna sübut olaraq cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına 40.000 manat məbləğində pulun köçürülməsi barədə ödəniş tapşırıqları, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 281 nömrəli məktubu və 5036 manat pulun MMC-nin direktoru tərəfindən nağd ödənilməsi ilə bağlı “Whatsapp” proqramı ilə həyata keçirilmiş yazışmaları təqdim etmişdir.
23. Cavabdeh birinci instansiya məhkəməsində 17.000 (cavabdehin nümayəndəsinin izahatında həmin məbləğin 20.000 manat olmasını bildirmişdir) manat məbləğində pul vəsaitinin iddiaçının qanuni təmsilçisinə əlbəəl verildiyini qeyd etsə də, işə apellyasiya qaydasında baxılarkən nümayəndəsi nağd verilmiş pulun 5000 manat olduğunu, lakin ödənişi təsdiq edən sübut olmadığını bildirmişdir. Məhkəmə kollgiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, qanuni təmsilçilər arasında “whatsapp” vasitəsilə aparılmış yazışmalar ödənişi razılaşdırılmış pul vəsaitinin cavabdehə təqdim edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir.
24. Cavabdeh 40.000 manat borcun onun əvəzinə iddiaçıya "xxxx" MMC tərəfindən (öhdəliyin üçüncü şəxs tərəfindən icrası) ödənilməsi ilə bağlı mülahizələri məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Belə ki, sübutlara əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin özü İddiaçı MMC ilə 30 sentyabr 2021-ci il tarixdə 027/21 saylı subpodrat müqaviləsi bağlamış, xx.xx.2021-ci il tarixli məktubunda cavabdehin istinad etdiyi 40.000 manat ödənişin onun özü ilə bağlanmış 30 sentyabr 2021-ci il tarixli müqaviə üzrə həyata keçirildiyini göstərmişdir. (iş materialları 62-ci vərəq).
25. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda birinci instansiya məhkəməsinə təqdim edilmiş məktubun məzmunundan fərqli məzmunda məktub təqdim edilərək Cavabdeh MMC pul vəsaiti köçürə bilmədiyi üçün şifahi müraciəti əsasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə. xx.xx.2021-ci il tarixdə 4 ödəniş tapşırığı ilə 40.000 manat avans ödənişi həyata keçirildiyi qeyd edilir.
26. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu MPM-nin 78.1-ci və 372.2-ci maddələrinin tələblərinə əsasən birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübut olduğundan qəbul edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, yeni məzmunlu məktub qətnamə qəbul edildikdən sonra cavabdehə təqdim edilsə də, cavabdehin işə birinci instansiya qaydasında baxılarkən "xxxx" MMC-yə müraciət edərək həmin məktubu əldə etmək imkanı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən həyata keçirilmiş ödənişin təyinatında cavabdehlə bağlanmış müqaviləyə istinad edilmədiyindən, həmin ödənişlər həyata keçirilərkən "xxxx" MMC-nin özünün cavabdehlə bağlanmış podrat müqaviləsi üzrə avans ödənişi həyata keçirmək öhdəliyi olduğundan, ödənişlərin Cavabdeh MMC-nin öhdəliyi üzrə silinməsi ilə bağlı İddiaçı MMC-yə yazılı bildiriş təqdim edilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin ödənişlərin cavabdehin borcundan çıxılması üçün əsaslar yoxdur.
27. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-477/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-477/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.