Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-535/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1778/2021-ci il tarixli, 11 mart 2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24000 manat əsas borc, 589,58 manat məbləğində faiz və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, "xxxx" ASC-nin Mərkəzi filialında yerləşən cavabdehə məxsus AZ92İBAZ******************** nömrəli bank hesabına iddia tələbi həcmində, yəni 24619,58 manat məbləğində həbs qoyulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia təmin edildiyi təqdirdə tələb edilən məbləğ yüksək olduğundan qətnamənin qısa müddətdə və tam həcmdə icrası məsələsi sual altına düşür və bu sahədə müəyyən çətinliklər yarana bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1778/2021-ci il tarixli, 11 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxx” ASC-nin Mərkəzi filialında yerləşən cavabdehə məxsus AZ92İBAZ******************** saylı hesablaşma hesabında olan pul vəsaiti üzərinə - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, iddia tələbinin əsas borc tələbi həcmində, yəni 24000,00 manat (iyirmi dörd min manat) məbləğində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1778/2021-ci il tarixli, 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun MPM-nin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair qərarında göstərilmişdir ki, “iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Bununla da qeyd edir ki, iddiaçı iddianın təmini tədbiri haqqında ərizəsini kifayət qədər əsaslandırmamış, bu tədbirə ehtiyacın yaranması zərurətini ümumiyyətlə göstərməmiş, cavabdehin vicdansızlığına dəlalət edən məlumatlar təqdim edə bilməmişdir. Məhkəmə iddianın təmini tədbiri ərizəsini kifayət qədər əsaslandırma olmadan təmin edilməsi barədə qanunsuz qərar qəbul etmiş, iddianın əsassız olduğunu nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin 09.04.2021-ci il tarixli, e-2-2(113)-1778/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması 05.05.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1778/2021-ci il tarixli, 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göstərilən normaların məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə hesab edir ki, hazırkı halda iş üzrə görülmüş iddianı təmin etmə tədbiri iddia tələbinə mütənasib olduğundan birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Məhkəmənin iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə baxarkən iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verməsi prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan cavabdehin şikayəti əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1778/2021-ci il tarixli, 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1778/2021-ci il tarixli, 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-535/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-535/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver