Məhkəmə qərarları › İş №2-2(103)-535/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-535/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-535/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdеh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-664/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2021-ci il tarixli TECH-ARM-001 nömrəli Sahə səthinin hazırlanması və rənglənməsi işlərinə dair müqavilə bağlanmışdır.

2. Müqaviləyə əsasən iddiaçı cavabdeh üçün qumlama və rəngləmə xidmətlərini həyata keçirməyi, cavabdeh isə müqavilədə müəyyən edilmiş qiymətləri iddiaçıya ödəməyi öhdələrinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borc qismində 178761,14 manat borcun və ödənilmiş rüsum olaraq 469 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, tərəflər işlərin yekununda üzləşmə aktı imzalamış və bu aktla görülən bütün işlər cavabdeh tərəfindən qəbul edilmişdir. Qeyd edilən aktla xidmətin ümumi dəyəri müəyyənləşdirilmiş və cavabdehin ödədiyi məbləğ nəzərə alınmaqla, son qalıq borc üzrə elektron qaimə göndərilmiş lakin bugünə qədər də həmin qalıq borc cavabdeh tərəfindən ödənilməmişdir. Xidmətlərin yekun dəyəri 992777,93 manat təşkil etmiş, cavabdeh tərəfindən 814016,79 manat ödənilmiş, 178761,14 manat məbləğində isə borc qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən ödənişin edilməsini tələb etsə də, bu günə qədər qalıq borc məbləği ödənilməmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-664/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilməmişdir. Həmin qaimələr sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin, malların-təhvil qəbul aktı yoxdur. İddiaçı tərəfindən müqavilə üzrə mallar cavabdehə təhvil verilməmişdir. Eyni zamanda "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəmə bildirişlərini almadığından, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil və iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz etdilər.

11. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 13.Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

14. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 15.Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. 18.Həmin Məcəllənin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (259.0.5).

19. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, hazırkı mübahisənin bir tərəfi – iddiaçı Azərbaycan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən İddiaçı MMC, digər tərəfi - cavabdeh isə Türkiyə Respublikasının hüquqi şəxsi olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olduğundan mübahisə xarici elementli mübahisədir.

24. Eyni zamanda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 saylı Qərarındakı göstərişlər nəzərə alınaraq məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin hazırki mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.

25. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli TECH-ARM-001 nömrəli müqavilə 6.5-ci bəndində müəyyən edilmişdir ki, mübahisələr ilk olaraq danışıq yolu ilə həll ediləcək, bu mümkün olmadıqda X2 (İSTAC) Arbitraj Qaydalarına uyğun olaraq tək arbitr tərəfindən arbitraj yolu ilə həll ediləcək (X4 (İSTAC) Tahkim Kuralları uyarınca tek hakem tarafından nihai olaraq tahkim yoluyla çözümlenecekdir).

26. Bununla yanaşı, tərəflər Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsinə uyğun olaraq mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etməmişlər.

27. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 443.0-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda (443.0.2).

28. Bu baxımdan, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Məhkəmələri hazırki mübahisəyə baxmağa səlahiyyətlidir.

29. Müəyyən edilməli olan digər məsələ isə xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

30. Tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən müqavilə Türk Hüququna tabedir.

31. “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 32.Həmin Qanunun 2.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. 33.Hazırki iş üzrə tərəflər isə öz tələb və etirazlarını əsaslandırmaq üçün Türkiyə Respublikasının qanunlarına istinad etməmişlər, iddiaçı iddia ərizəsində və cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikasının qanunlarına istinad etmişlər, habelə məhkəmə iclasında iddiaçının nümayəndəsi mübahisəyə Azərbaycan Respublikasının qanunlarının tətbiq edilməsini xahiş etmişdir.

34. Qeyd olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır.

35. Mübahisənin mahiyyətinə dair isə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə mahiyyət etibarı ilə Mülki Məcəllənin 752.1-ci maddəsində nəzərdə tutulmuş podrat müqaviləsidir.

36. Belə ki, həmin müqaviləyə görə icraçı sifarişçi üçün qumlama və rəngləmə xidmətlərini həyata keçirməyi, sifarişçi isə görülmüş xidmətlərin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

37. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 753.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

38. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

39. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə əsasən podrat müqaviləsi üzrə nəzərdə tutulan işlərin icra edilməsi öhdəliyi podratçıya, muzdun ödənilməsi öhdəliyi isə sifarişçiyə aid olduğuna görə, birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut etməlidir.

40. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBG seriyalı 670954 nömrəli, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 850879 nömrəli, xx.xx.2022-ci il tarixli EBBP seriyalı 388056 nömrəli, xx.xx.2022-ci il tarixli EBBR seriyalı 944389 nömrəli, xx.xx.2022-ci il tarixli EBBT seriyalı 723104 nömrəli, xx.xx.2022-ci il tarixli EBBV seriyalı 970044 nömrəli ,xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 392483 nömrəli, xx.xx.2022-ci il tarixli EBCA seriyalı 009309 nömrəli, xx.xx.2023-cü il tarixli EBDC seriyalı 614141 nömrəli, xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 564152 nömrəli elektron qaimələr göndərilmişdir.

41. Həmin elektron qaimələrin cəmi 992.777,93 manat təşkil edir.

42. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən həmin elektron qaimələr üzrə 814.016,79 manat məbləğində ödənişlər edilmiş, qalıq borc isə 178.761,14 manat təşkil edir.

43. Cavabdeh tərəfindən iddiaçının etiraf etdiyi 814.016,79 manat məbləğində ödənişlərdən əlavə ödəniş edilməsi ilə bağlı sübut təqdim edilməmişdir.

44. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh 178761,14 manat dəyərində işlərin dəyərini ödəməmişdir.

45. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən ödənilməyən 178761,14 manat məbləğində muzdun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

46. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, işdə olan “AVİS” X1 Sistemindən çıxarışa əsasən məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi cavabdehin elektron kabinetində yerləşdirilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən isə müəyyən edilir ki, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Lakin, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsində gedən icraatdan məlumatlı olsa da, iddiaya etiraz etməmiş və iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmişdir. Apellyasiya şikayətində isə müqavilə üzrə malların təhvil verilməməsinə istinad etmişdir. İlk olaraq kollegiya qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsi bağlandığı üçün malların təhvil verilməməsinə istinad edilməsi anlaşılan deyil. Eyni zamanda, hazırda cavabdehin iddiaya etiraz edilməsi qəbil edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı podrat işlərini yerinə yetirməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil, əksinə cavabdeh qismən ödənişlər etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə iddiaçının qanuni nümayəndəsi Nümayəndə2 məxsus mailto:orxan.xalilov@arminedustri.comElektron ünvan 1 e-mail adresindən cavabdehin layihə meneceri Cem Cukurluya məxsus mailto:C.Cukurlu@technicon.azElektron ünvan 2 e-mail adresinə məktub göndərilmiş və həmin məktuba 3 ədəd fayl əlavə edilmişdir. Həmin fayllarda işlərin görülməsi barədə hakediş raporu və excel formatında yığılmış cədvəllər əlavə edilmişdir (i/v 26- 28, 49). Qeyd olunan hakediş raporu cavabdehin baş direktoru Burhan Tekdemir tərəfindən imzalanmışdır. Eyni zamanda, məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Nümayəndə2 məxsus noutbuka baxış keçirilmiş və həmin e-mail məktubunun həqiqətən göndərilməsi yoxlanılmışdır. Həmçinin iddiaçının nümayəndəsinə məxsus mobil telefona baxış keçirilmiş və cavabdehin baş direktoru Burhan Tekdemirlə whatsapp sosial şəbəkəsi ilə aparılan yazılı mesajlara baxış keçirilmiş, habelə sesli mesajlar dinlənilmişdir. Həmin mesajlardan da müəyyən edilir ki, iddiaçı tərəf ödənişlərin aparılmasını tələb etmiş, cavabdeh tərəf isə ödənişlərin aparılacağını bildirmişdir (i/v 50-52). Kollegiya qeyd edir ki, həmin sübutlar birinci instansiya məhkəməsində təqdim edilmiş, lakin cavabdeh həmin sübutları mübahisələndirməmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-664/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar