Məhkəmə qərarları › İş №2-2(103)-538/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-538/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-538/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, icarə predmetinin qaytarılması, zərərin ödənilməsi, zərərçəkənin zərərin artmasına şərait yaratması, iddia müddəti, sübutetmə) Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi X2, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh Şirkətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Şirkəti) “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı (podratçı) ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış 26 noyabr 2012-ci il tarixli BHİ-FM/2012/01 nömrəli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus olan obyektlərdə tikinti-təmir işləri görmüş, eləcə də avadanlıqlar icarəyə vermiş, mallar təqdim etmişdir. Görülmüş işlərə, təqdim olunmuş mallara, avadanlığın icarəyə verilməsinə görə cavabdeh tərəfindən ödənişlər edilmişdir.

2. 19 sentyabr 2017-ci il tarixli Q085/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, 25 avqust – 25 sentyabr tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə Sanqaçal Landfall ərazisindəki icarəyə verilmiş ofis üçün konteynrlərin ümumilikdə icarə haqqı dəyəri (3825 manat + 3185 manat + 850 manat = 7860 – 1572 ƏDV xaric) 6288 manat təşkil edir.

3. 01 noyabr 2017-ci il tarixli ********** sifariş əmrindən (purchase order) görünür ki, (3825 manat + 3185 manat + 850 manat = 7860 – 1572 ƏDV xaric) 6288 manat dəyərində ofis üçün konteynrlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir.

4. DR051117 nömrəli təslim aktından (delivery note) görünür ki, İddiaçı ilə Cavabdeh Şirkəti arasında 25 avqust 2017 – 25 sentyabr 2017-ci il tarixləri arası dövrdə “Sanqaçal Landfall” ərazisi üçün konteynerlərin icarəsi ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh Şirkətinin adından Paul Harvey tərəfindən imzalanmışdır.

5. 19 oktyabr 2017-ci il tarixli Q095/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, 25 sentyabr – 25 oktyabr tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə “Sanqaçal Landfall” ərazisindəki icarəyə verilmiş ofis üçün konteynrlərin ümumilikdə icarə haqqı dəyəri (5740 manat + 4250 manat + 1700 manat = 11 690 – 2338 ƏDV xaric) 9352 manat təşkil edir

6. 21 noyabr 2017-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (5740 manat + 4250 manat + 1700 manat = 11690 – 2338 ƏDV xaric) 9352 manat dəyərində ofis üçün konteynrlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir.

7. DR101117 nömrəli təslim aktından (delivery note) görünür ki, İddiaçı ilə Cavabdeh Şirkəti arasında 25 sentyabr 2017 – 25 oktyabr 2017-ci il tarixləri arası dövrdə Sanqaçal Landfall ərazisi üçün konteynerlərin icarəsi ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh Şirkətinin nümayəndəsi tərəfindən imzalanmışdır

8. 24 oktyabr 2017-ci il tarixli Q088/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinə sürücülər üçün 20 futluq konteynerin təchiz edilməsinin ümumi dəyəri (4500 manat + 300 manat = 4800 – 960 ƏDV xaric) 3840 manat təşkil edir

9. 11 yanvar 2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (4500 manat + 300 manat = 4800 – 960 ƏDV xaric) 3840 manat dəyərində sürücülər üçün 20 futluq konteynerin təchiz edilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir.

10. 24 oktyabr 2017-ci il tarixli Q089/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinə 20 futluq konteynerin təchiz edilməsinin ümumi dəyəri (4300 manat + 450 manat + 180 manat + 1560 manat + 320 manat + 520 manat + 450 manat + 550 manat + 300 manat = 8630 – 1726 ƏDV xaric) 6904 manat təşkil edir

11. 15 yanvar 2018-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (4300 manat + 450 manat + 180 manat + 1560 manat + 320 manat + 520 maant + 450 manat + 550 manat + 300 manat = 8630 – 1726 ƏDV xaric) 6904 manat dəyərində 20 futluq konteynerin təchiz edilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir.

12. 05 mart 2018-ci il tarixli 002/BH18 saylı invoysdan (invoice) görünür ki, İddiaçı tərəfindən görülmüş işlərin (o cümlədən DR010118 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 3840 manat dəyərində 20 futluq konteynerin təchiz edilməsi və DR040118 nömrəli təslim aktına (delivery note) əsasən 6904 manat dəyərində sürücülər üçün 20 futluq konteynerin təchiz edilməsi, DR030118 nömrəli nömrəli təslim aktına (delivery note) əsasən 9732 manat dəyərində 25 dekabr 2017 - 25 yanvar 2018-ci il tarixlərində “Sanqaçal Landfall” ərazisi üçün konteynerlərin icarəsi haqqısı daxil) ümumi dəyəri 53 680 manat təşkil edir (müştəri Cavabdeh Şirkətidir (BHİ).

13. 19 noyabr 2017-ci il tarixli Q096/BH17 nömrəli qiymət təklifindən (quotation) görünür ki, 25 oktyabr - 25 noyabr tarixlərində İddiaçı tərəfindən Cavabdeh Şirkətinə “Sanqaçal Landfall” ərazisindəki icarəyə verilmiş ofis üçün konteynerlərin ümumilikdə icarə haqqı dəyəri (5740 manat + 4250 manat + 2175 manat = 12 165 – 2433 ƏDV xaric) 9732 manat təşkil edir.

14. 20 dekabr 2017-ci il tarixli ********** sifariş əmrindən (puchase order) görünür ki, (5740 manat + 4250 manat + 2175 manat = 12165 – 2433 ƏDV xaric) 9732 manat dəyərində ofis üçün konteynerlərin icarəyə verilməsi Cavabdeh Şirkəti tərəfindən sifariş edilmişdir.

15. V6368 nömrəli (Vertex) arayış xarakterli sənəddən görünür ki, 40 funt ölçülü ofis tipli boş konteynerin 1 ədədinin qiyməti 21 087,50 manat, 20 funt ölçülü standart konteynerin 1 ədədinin qiyməti 16 362,50 manat təşkil edir.

Məhkəmə icraatları

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı MMC (iddiaçı) Cavabdeh Şirkətinə (cavabdeh) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “Baker Huges Services İnternational LLC” Şirkətindən İddiaçı MMC-nin xeyrinə kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd sürüşmə qapılarına görə yaranmış 86 152 manat əsas borcun və hesablanmış 10 473,1 manat faiz borcunun, cəmi 96 625,1 manat pulun; yeni sement bazasında kimyəvi anbarın (66x15x5m) tikintisinə görə yaranmış 65 056 manat əsas və 8552,9 manat faiz borcunun, cəmi 73 608,9 manat pulun; emalatxana arxasına beton plitələrin (33x25m) qurşadırılmasına görə yaranmış 60 425 manat əsas və 9478,7 manat faiz borcunun, cəmi 69 903,7 manat pulun; anbar və emalatxana arasında beton plitələrin (17x21m) quraşdırılmasına görə yaranmış 26 405 manat əsas və 3598,1 manat faiz borcunun, cəmi 30 003,1 manat pulun; ehtiyat hissələri anbarının (15x15m) inşasına görə yaranmış 45 717 manat əsas və 6229,5 manat faiz borcunun, cəmi 51 946,5 manat pulun; kimyəvi anbar üçün əlavə sahənin (15x15m) inşasına görə yaranmış 37 625 manat əsas və 5126 manat faiz borcunun, cəmi 42 751 manat pulun; kimya anbarının (24x20m) inşasına görə yaranmış 64 282 manat əsas və 9006.5 manat faiz borcunun,cəmi 73 288,5 manat pulun; yeni sementləmə sahəsində beton plitələrin (4387 m2) quraşdırılmasına görə yaranmış 353 575 manat əsas və 43 711 manat faiz borcunun, cəmi 397 286 manat pulun; yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin (2.430 m2) quraşdırılmasına görə yaranmış 182 230 manat əsas və 22 528,4 manat faiz borcunun, cəmi 204 758,4 manat pulun; yeni yuma sahəsi arxasında çınqılların (81x81m) döşənməsinə görə yaranmış 15 240 manat əsas və 1800 manat faiz borcunun, cəmi 17 040 manat pulun; yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların (5.008 m2) döşənməsinə görə yaranmış 114 840 manat əsas və 14 197,4 manat faiz borcunun, cəmi 129 037,2 manat pulun; yeni yuma sahəsi hasarının (60x3m) quraşdırılmasına görə yaranmış 15 128 manat əsas və 2061 manat faiz borcunun, cəmi 17 189 manat pulun; icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə hesablanmış 525 528 manat borcun, cəmi 1 736 785,8 manat pulun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 10 ilə yaxın müddəti əhatə edən etibarlı əməkdaşlıq münasibətləri mövcud olmuşdur. Sonuncu dəfə 2019-2020-ci illərdə iddiaçı tərəfindən cavabdeh üçün müxtəlif xarakterli işlər görülmüş, 9 ədəd konteyner icarəyə verilmişdir. Lakin podrat işlərin əvəzi bu günədək ödənilməmiş, icarəyə götürülmüş konteynerlərin özü qaytarılmamış və bu müddət üçün icarə haqqının ödənilməsindən də imtina edilmişdir.

18. Sonradan iddiaçı “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək, “Baker Huges Services İnternational LLC” Şirkətindən İddiaçı MMC-nin xeyrinə: 1) Kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapı üçün 86 152 manat əsas borc və 12 755,8 manat faiz borcu, cəmi 98 907,8 manat; 2) Yeni sement bazasında Kimyəvi anbarın tikintisi (66x15x5m) işlərinə görə, 108 820 manat əsas borc və 19 235,9 manat faiz borcu, cəmi 128 055,9 manat; 3) Emalatxana arxasına beton plitələrin quraşdırılması (33x25m) işlərinə görə, 60 425 manat və 11 849 manat faiz borcu, cəmi 72 274 manat; 4) Anbar və emalatxana arasında beton plitələrin quraşdırılması (17x21m) işlərinə görə, 26 405 manat əsas borc və 5202 manat faiz borcu, cəmi 31 607 manat; 5) Ehtiyat hissələri anbarının inşası (15x15 m) işlərinə görə, 45 622 manat əsas borc və 8190 manat faiz borcu, cəmi 53 812 manat; 6) Kimyəvi anbar üçün əlavə sahənin inşası (15x11m) işlərinə görə, 27 305 manat əsas borc və 4776,7 manat faiz borcu, cəmi 32 081,7 manat; 7) Kimya anbarının inşası (24x20m) işlərinə görə, 67 586 manat əsas borc və 12. 429,2 manat faiz borcu, cəmi 80 015,2 manat; 8) Yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması (106,6m x 42m = 4387 m2) işlərinə görə 358 955 manat əsas borc və 60 319 manat faiz borcu, cəmi 419 274 manat; 9) Yeni yuyucu üçün (81x30m) kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması (2.430 m2) işlərinə görə, 160 350 manat əsas borcu və 27 615,9 manat faiz borcu, cəmi 187 965,9 manat; 10) Yeni yuma sahəsi arxasında çınqılların döşənməsi (81x8m) işlərinə görə, 15 240 manat əsas borc və 2462 faiz borcu, cəmi 17 702 manat; 11) Yerləşdirmə sahəsində (“Lay down area”) çınqılların döşənməsi (107m x 51m =5 .457 m2) işlərinə görə 115 340 manat əsas borc və 19 449,8 manat faiz borcu, cəmi 134 789,8 manat; 12) Yeni yuma sahəsi hasarının quraşdırılması (60x3m) işlərinə görə 16 236 manat əsas borc və 2906,2 manat faiz borcu, cəmi 19 142,2 manat; 13) İcarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642 312 manat əsas borc, ümumilikdə, ƏDV-siz 1 917 939,5 manat məbləğində pulun tutulması; 14) Ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqının cavabdehə aid edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir

19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdehə müxtəlif formalarda icarə haqqının ödənilməsi ilə bağlı bildirişlər verilsə də, cavabdeh öhdəliyini icra etməkdən yayınır. Belə ki, cavabdeh 2024-cü ilin fevral, mart və aprel aylarına görə icarə haqqlarını ödəməmiş, ümumilikdə 10 068,5 icarə haqqı üçün borcu yaranmışdır. Müqavilə üzrə icarə haqqı məbləğləri tərəflər arasında imzalanmış təhvil-təslim aktları ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.4cü bəndinə görə icarəçi icarə haqqının ödənişini 15 gündən artıq gecikdirdikdə icarə haqqı ödənişinin hər gecikdirildiyi gün üçün vurulmuş zərərin əvəzi olaraq 230 manat məbləğində boşdayanma xərci ödəməlidir. Müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödənilməli vəsaitin 10 iş günü ərzində ödənilməsi ilə bağlı cavabdehə 16 aprel 2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, pretenziyanın verilməsindən sonra cavabdeh tərəfindən 02 may 2024-cü il tarixində 3000 manat ödəniş edilmişdir. Halbuki tələb məbləğin tam ödənilməsi ilə bağlı olmuşdur. Müqavilənin 4.4-cü bəndi nəzərə alınmaqla hazırda cavabdeh tərəfindən ödənilməli boşdayanma məbləği aşağıdakı qaydada hesablanır: 7 mart 2024-cü il tarixli akt üzrə 30 günlük gecikməyə görə 6900 manat. 2 may 2024-cü il tarixinə qədər icarəçinin müqaviləyə əsasən ödəməli olduğu vəsait ümumilikdə 16 968,5 manat təşkil edir.

20. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən mübahisəli tikintitəmir işlərinin görülməsini inkar etməsə də, görülmüş işlərin dəyərinin tam olaraq ödənildiyini, quraşdırılmış 11 ədəd sürüşmə qapılarının keyfiyyətsiz olduğundan quraşdırıldıqdan 2 ay sonra - 2020-ci ilin fevral ayında baş vermiş külək nəticəsində yararsız vəziyyətə düşdüyünü, eləcə də icarəyə verilmiş konteynerlərin 2018-ci ilin martında iddiaçıya qaytarıldığını, bununla yanaşı konteynerlərlə bağlı tələbin bir hissəsi üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyün əsas gətirərək iddianın rədd olunmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən kimyəvi saxlama anbarı üçün quraşdırılmış 11 ədəd qapıya görə 86 152 manat əsas borc, 4897,68 manat faiz borcu, cəmi 91 049,68 manat məbləğində pul vəsaiti, kimyəvi anbarının inşası işlərinə görə 108 820 manat məbləğində əsas borc, 6186,34 manat məbləğində faiz borcu, cəmi 115 006,34 manat məbləğində pul vəsaiti, emalatxana arxasına beton plitələrin quraşdırılması işlərinə görə 60 425 manat əsas, 2739,82 manat faiz borcu, cəmi 63 164,82 manat məbləğində pul vəsaiti, anbar və emalatxana arasında beton plitələrin quraşdırılması işlərinə görə 26 405 manat əsas borc, 1197,27 manat faiz borcu, cəmi 27 602,27 manat məbləğində pul vəsaiti, ehtiyat hissələri anbarının inşası işlərinə görə 45 622 manat əsas borc, 2068,61 faiz borcu, cəmi 47 690,61 manat məbləğində pul vəsaiti, kimyəvi anbar üçün əlavə sahənin inşası işlərinə görə 27 305 manat əsas borc, 1238,08 manat faiz borcu, cəmi 28 543,08 manat məbləğində pul vəsaiti, kimya anbarının inşası işlərinə görə 67 586 manat əsas borc, 3064,52 faiz borcu, cəmi 70 650,52 manat məbləğində pul vəsaiti, yeni sementləmə sahəsində beton plitələrin quraşdırılması işlərinə görə 358 955 manat əsas borc, 16 275,9 manat faiz borcu, cəmi 375 230,9 manat məbləğində pul vəsaiti, yeni yuyucu üçün kimyəvi anbarın arxasında beton plitələrin və kanalizasiya sisteminin quraşdırılması işlərinə görə 160 350 manat əsas borc, 7270,66 manat faiz borcu, cəmi 167 620,66 manat məbləğində pul vəsaiti, yeni yuma sahəsi arxasında çınqılların döşənməsi işlərinə görə 15 240 manat əsas borc, 691 manat faiz borcu, cəmi 15 931 manat məbləğində pul vəsaiti, yerləşmə sahəsində çınqılların döşənməsi işlərinə görə 115 340 manat əsas borc, 5229,8 manat faiz borcu, cəmi 120 569,8 manat məbləğində pul vəsaiti, yeni yuma sahəsinin hasarının quraşdırılması işlərinə görə 16 236 manat məbləğində əsas borc, 736,18 manat məbləğində faiz borcu, cəmi 16 972,18 manat məbləğində pul vəsaiti, ümumilikdə 1 140 031,86 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 480 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 570 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 60 manat hissəsi Cavabdeh Şirkətindən, 40 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət olunmuşdur.

22. Məhkəmə konteynerlərdən istifadəyə görə dəymiş zərərin ödənilməsi tələb ilə bağlı aşağıdakıları qeyd etmişdir:

- 9 ədəd konteynerlərin 2017-ci ilin avqustunda iddiaçı tərəfindən cavabdehin icarəsinə verilməsi və 2018-ci ilin mart ayına kimi “Sangachal Landfall” adlı ərazidə cavabdehin icarəsində olması, sözügedən müddət üçün konteynerlərin icarə haqqının cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz halları olmuşdur. İddiaçı tərəflər arasında icarə münasibətlərinin 2018-ci ilin mart ayında bitməsinə baxmayaraq sözügedən konteynerlərin onlara qaytarılmadığını iddia etmiş və 2018-ci ilin aprel ayından 2023-cü ilin dekabr ayınadək olan müddət üçün konteynerlərdən istifadəyə görə icarə haqqı məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. Cavabdeh isə konteynerlərin 2018-ci ilin mart ayında iddiaçıya qaytarıldığını bildirmişdir. - Göründüyü kimi, həmin hissədə işin mübahisəli halı icarəyə verilmiş konteynerlərin iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlı olmuşdur. - Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında icarəyə verilmiş konteynerlərin icarəyə verənə (iddiaçıya) qaytarılması ilə bağlı təhvil-təslim aktı imzalanmasa da, işin mübahisəsiz hallarından müəyyən olunanlara görə, 2018ci ilin mart ayında cavabdeh tərəfindən “Sangachal Landfall” adlı ərazidən 9 ədəd mübahisəli konteynerin "sökülməsi və yerləşməsi” (dissemble and locate) işlərinin görülməsi iddiaçıya tapşırılmış və həmin sifariş əsasında 2018-ci ilin mart ayında sözügedən işlər görülmüşdür. Göstərilən işlərin sifariş edilməsi və görülməsi müvafiq olaraq 06 aprel 2018-ci il tarixli ********** nömrəli sifariş orderi və DR050418 nömrəli təslim aktı ilə təsdiq olunmuşdur. İddiaçı 2018-ci ilin mart ayında tərəfindən sifariş orderinə əsasən görülmüş işlərin yalnız konteynerlərin sökülməsindən və daşınmaya hazır vəziyyətə gətirilməsindən ibarət olmasını və konteynerlərin ərazidən daşınmasını həyata keçirməmələrini iddia etsə də, birincisi, sifariş orderində, onun əsasında verilmiş elektron qaimədə və digər sənədlərdə konteynerlərin “yerləşdirilməsi” ifadəsinin göstərilməsi, eləcə də “sifariş orderi”ndə CPT daşınma şərtinin yer alması ona dəlalət etmişdir ki, sökülmüş konteynerlərin daşınması da iddiaçı tərəfindən icra olunmuşdur. Digər tərəfdən, konteynerin icarəsi ilə bağlı invoysların da məhz konteynerlərin sökülərək Sangachal Landfall adlı yerdən daşındığı vaxtadək göndərilməsi, konteynerlər sökülərək daşındığı vaxtdan hal-hazıradək iddiaçının konteynerlərin qaytarılmasını tələb etməməsi də konteynerlərin söküldükdən sonra iddiaçı tərəfindən aparılmasına dəlalət edən hallardandır. - İddiaçının konteynerlərin hal-hazıradək cavabdehin sahiblik və istifadəsində qalmasını sübuta yetirmək üçün istinad etdiyi yerində müayinə zamanı cavabdehin istifadəsində olan ərazidə 3 ədəd konteynerlərin aşkar edilməsi və aşkar olunmuş konteynerlərin ikisinin “birka” nömrəsinin cavabdehə icarəyə verilmiş mübahisəli konteynerlərdən ikisinin nömrəsinə uyğun gəlməsi barədə dəlillərə gəldikdə qeyd edilməlidir ki, işə cavabdeh tərəfindən əlavə olunmuş sifariş orderləri və invoyslardan görünür ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə ölçüləri ərazidə aşkar edilmiş konteynerlərin ölçüsünə uyğun gələn 3 ədəd konteyner satılmışdır. Həmin konteynerlərin yalnız biri mübahisəli konteynerlərin Sangachal ərazisində olduğu dövrdə - 2018-ci ilin fevralında cavabdehə təhvil verilmişdir. Odur ki, cavabdehə alqı-satqı müqaviləsi əsasında təqdim olunmuş qalan iki konteynerin əvvəllər cavabdehə icarəyə verilmiş konteynerlərdən olması, yəni icarə müddəti bitdikdən və konteynerlər iddiaçıya təhvil verildikdən sonra həmin konteynerlərin alqı-satqı müqaviləsi əsasında cavabdehə təqdim edilməsi istisna olunmamış və belə olan halda həmin konteynerlərin hazırda cavabdehin ərazisində yerləşməsi icarəyə verilmiş konteynerlərin qaytarılmaması faktını sübut etmişdir. - Məhkəmə yuxarıda istinad olunan halların məcmusu ilə icarəyə verilmiş konteynerlərin 2018-ci ilin mart ayında cavabdehə qaytarıldığının öz təsdiqi tapdığını hesab edərək, konteynerlərin saxlanılmasına görə dəymiş zərərin tutulması hissəsində iddianın əsassız olması qənaətinə gəlmişdir. - Konteynerlərin saxlanmasına görə dəymiş zərərin ödənilməsi hissəsində iddianın əsassız olması müəyyən edildiyindən, məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə zərurət olmaması qənaətinə gəlmişdir.

23. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 43.1-ci, 44.1-ci, 53.2-ci, 53.3-cü, 385.1-ci, 390.4-cü, 440.1-ci, 442-ci, 443-cü, 443.1-ci, 445.7-ci, 448.1-ci, 450.1-ci, 450.2-ci, 587.1-ci, 587.2-ci, 588.1-ci, 752.1-ci, 753.1-ci və 753.3-cü maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə maddələrinə istinad etmişdir.

24. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya məhkəməsindəki birinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə 9 ədəd konteynerlərlə bağlı qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ehtimallar üzərində qurulmuşdur. Apellyator hesab etmişdir ki, “cavabdehin prosesin sonunda iddia müddətinin tətbiq olunması barədə ərizə verməsi iddianın konteynerlə bağlı tələbi etiraf etməsi kimi qəbul olunmalıdır”. Halbuki, bu yanaşma prosessual hüquqa ziddir. Mülki prosesdə müdafiə vasitələrindən biri olan müddətin tətbiqi ərizəsinin cavabdehin ziyanına şərh edildiyi təqdirdə bu vasitənin istifadəsiz qalmasına gətirib çıxarardı.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1-ci, 385.1-ci, 442-ci, 445.7-ci, 567-ci və 752.1-ci maddələrinə, MPM-in 206.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

28. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya məhkəməsində icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 25 iyul 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin rədd edilmiş hissəsində qismən - yəni ilkin iddia tələbinin icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642 312 manat əsas borcun tutulması hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

30. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

- Hazırda iddiaçı görülmüş 11 adda podrat işinə görə muzdun, cavabdehin təqdim edilərəkən kimyəvi saxlama anbarına quraşdırılmış 11 ədəd sürüşmə qapısının dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də müqavilə əsasən iddiaçı tərəfindən cavabdehin icarəsinə 9 ədəd konteyner icarəyə verildiyini, lakin icarə münasibətlərinə 2018-ci ilin mart ayında xitam verilməsinə baxmayaraq konteynerlərin hal-hazıradək qaytarılmadığını əsas göstərərək 11 adda podrat işinin, 11 ədəd sürüşmə qapısının dəyərinin və həmin öhdəliklərinin ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin, eləcə də konteynerin qaytarılmasına görə 2018-ci ilin aprelindən 2023-cü il noyabrına qədər olan tarixi əhatə edən 66 aylıq dövr üçün icarə haqqı həcmində dəymiş zərərin cavabdehdən tutulmasını tələb edir. - Məhkəmə kollegiyası kassasiya şikayətinin 11 adda podrat işinə görə muzdun, 11 ədəd sürüşmə qapısının dəyərinin cavabdeh tərəfindən ödənilməməsi, eləcə də qeyd edilən öhdəliklərin ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin cavabdehdən tutulması hissəsində dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin adı çəkilən mübahisələndirilən hissəsində həmin hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. - Həmçinin kassasiya şikayətinin qeyd olunmuş dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəfindən həmin dəlillərə prosessual qanunvericiliyin sübuetmə yükününün bölüşdürülməsi və sübutların qiymətləndirilməsi ilə bağlı normalarına müvafiq olaraq tam, hərtərəfli, obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hesab edir ki, qətnamə həmin hissələrdə qüvvədə saxlanılmalıdır. - Bununla belə kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddia tələbinin 9 ədəd konteynerin icarə münasibətlərinə xitam verildiyi halda iddiaçıya qaytarılmaması ilə bağlı hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. - Belə ki, iş materiallarına əsasən 9 ədəd konteynerin 2017-ci ilin avqust ayından iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş və bu konteynerlər 2018-ci ilin mart ayına kimi “Sangachal Landfall” adlı ərazidə cavabdeh tərəfindən icarə münasibətlərindən irəli gəlməklə istifadə olunmuşdur. - İddiaçı həmin konteynerlərin 2018-ci ilin aprel ayından 2023-cü ilin dekabr ayınadək qaytarılmadığını və göstərilən müddət üçün onlardan istifadəyə görə icarə haqqı məbləğində dəymiş zərərin ödənilməsini tələb edir. Cavabdeh isə qeyd olunan konteynerlərin 2018-ci ilin mart ayında iddiaçıya qaytarıldığını bildirir. - Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında doğrudan da icarə münasibətləri daxilində verilmiş konteynerlərin iddiaçıya qaytarılması ilə əlaqədar imzalanmış hər hansı təhvil-təslim aktı mövcud deyildir. - Bununla belə o da qeyd edilməlidir ki, “Sangachal Landfall” adlı ərazidəki 9 ədəd mübahisəli konteynerlərin sökülməsi və yerləşdirilməsi (“disassemble” and “locate”) işləri iddiaçı tərəfindən yerinə yetirilmişdir. - İş materiallarında olan 06 aprel 2018-ci il tarixli ********** nömrəli satınalma sifarişindən (Purchase order) isə görünür ki, çatdırılma şərti CPT, ödəniş şərtləri xalis ödənişlə 90 gün ərzində olmaqla 9 ədəd konteynerin sökülməsi və yerləşdirilməsi də daxil ümumi dəyəri 6344 manat olan icrası Cavabdeh şirkəti tərəfindən sifariş edilmişdir (bax: İ cild, səhifə 188). - Yuxarıda göstərilən 9 ədəd konteynerin də sökülməsi və yerləşdirilməsi daxil olmaqla görülmüş işlərin DR050418 nömrəli təslim aktından (Delivery note) isə görünür ki, bu işlər bütövlükdə icra edilməklə təhvil verilmişdir (bax: İ cild, səhifə 198). - Beləliklə əvvəldə göstərilən hər 3 sənədin təhlilindən belə qənaətə gəlinir ki, 9 ədəd konteynerin cavabdehin etdiyi sifariş əsasında sökülməsi və yerləşdirilməsi icra olunmuşdur. - Bununla belə adı çəkilən konteynerlərin məhz iddiaçı tərəfindən sifarişi yerinə yetirdikdən sonra sifariş orderlərində, onun əsasında verilmiş elektron qaimədə və digər sənədlərdə onların (konteynerlərin) “yerləşdirilməsi” ifadəsinin göstərilməsi, eləcə də “sifariş orderi”ndə CPT şərtinin yer almasının sökülmüş konteynerlərin daşınmasının da iddiaçı tərəfindən icra olunmasına dəlalət etməsi kimi aşağı instansiya məhkəmələrinin mövqeyini əsaslı hesab etmək olmaz. - Belə ki, DR050418 nömrəli təslim aktına görə “Sangachal Landfall” bazasının tərxisetmə işləri, o cümlədən 9 ədəd konteynerin sökülməsi və yerləşdirilməsi ilə bağlı sifarişin icrası iddiaçı tərəfindən təhvil verilmiş və cavabdehin adından isə M.Sergeyev adlı şəxs tərəfindən imzalanmaqla təhvil alınmışdır. Bu hal isə birmənalı olaraq konteynerlərin söküldükdən sonra onların iddiaçı tərəfindən aparılması kimi qəbul edilə bilməz. - Yuxarıda da göstərildiyi kimi konteynerlərin birbaşa iddiaçıya təhvil verilməsi ilə bağlı tərəflər arasında rəsmiləşdirilmiş təhvil-təslim aktı iş materiallarında mövcud deyil. Digər tərəfdən ehtimal edilsə də ki, DR050418 nömrəli təslim aktı özündə, həmçinin mübahisəli konteynerlərin söküldükdən sonra aparılması üçün iddiaçıya təhvil verilməsini nizamlayır, o zaman təhvil alma qrafasında imzanın cavabdehin nümayəndəsinə məxsus olması anlaşılan deyil. Buradan belə bir nəticə çıxır ki, faktiki olaraq cavabdehin sifarişi icra edildikdən sonra həmin mübahisəli konteynerlər elə cavabdehin özünə də təhvil verilmişdir. - Bundan başqa iş materiallarından da görünür ki, tərxisetmə zamanı mübahisəli konteynerlərin olduğu “Sangachal Landfall” adlı ərazidə xüsusi mühafizə rejimi tətbiq edildiyindən həmin əraziyə nəqliyyat vasitələrinin də giriş-çıxışı xüsusi qaydalara əsasən mümkün idi. Belə olan təqdirdə mübahisəli konteynerlərin iddiaçıya təhvil verilməsi ehtimal edilsə də, bu cür vəziyyətdə onların çəkisi də nəzərə alınmaqla aparılması üçün cəlb edilmiş nəqliyyat vasitələrinin də bu əraziyə daxil olması, qalması, çıxması vaxtı və tarixi, onların sayı, dövlət qeydiyyat nişanları da göstərilməklə müvafiq icazənin (razılaşdırılmanın) alınması labüddür. Lakin iş materiallarında bununla bağlı hər hansı sənəd mövcud deyildir. - Digər tərəfdən iş materiallarında olan Bakı Kommersiya Məhkəməsi tərəfindən “BP Exploration (Caspian Sea) Limited” şirkətinə 2023-cü il 24 may tarixində belə məsələlərin cavablandırılması üçün sorğu göndərilsə də, hər hansı cavab alınmamış, bu məsələlər aşağı instansiya məhkəmələri tərəfindən araşdırılıb qiymətləndirilərək aydınlaşdırılmamışdır. - Məhkəmə kollegiyası, həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin 2023-cü il 13 mart tarixli qərardadı ilə Bakı şəhər Salyan şossesinin 22-ci kilometrliyində yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin yerində müayinəsi zamanı iddiaçının onlara məxsusluğu bildirilən 3 ədəd konteynerin aşkarlanması faktından irəli gəlməklə bu konteynerlərin iddiaçı tərəfindən cavabdehə satıldığının (1 ədədinin mübahisəli konteynerlərin “Sangachal Landfall” ərazisində olduğu vaxt, 2017-ci ilin fevralında cavabdehə təhvil verilməsi, 2 ədədinin isə mübahisəli konteynerlərin iddiaçıya təhvil verildikdən sonra alqı-satqı müqaviləsi əsasında cavabdehə təhvil verilməsinin istisna edilməməsi qeyd olunmaqla), onların hazırda cavabdehin ərazisində yerləşməsinin icarəyə verilmiş konteynerlərin qaytarılmaması faktını sübut etməməsi kimi qiymətləndirilməsi ilə də razılaşmaq olmaz. - Belə ki, iş materiallarında olan 2018-ci il 11 yanvar tarixli, ********** nömrəli satınalma sifarişindən görünür ki, 20 futluq konteyner PPS bazasına təchiz edilmiş, 2018-ci il 15 yanvar tarixli, **********3 nömrəli satınalma sifarişi ilə isə 20 futluq konteyner PPS bazasına təchiz edilmişdir. Həmçinin 2019-cu il 19 mart tarixli, ********** nömrəli satınalma sifarişi ilə isə 20 futluq konteynerin təchiz edilmişdir. - “BP Exploration (Caspian Sea) Limited” şirkətinin qaydalarına əsasən mübahisələndirilən 9 ədəd konteynerin sertikatlaşdırılması tələbinə uyğun olaraq iş materiallarında həmin konteynerlərin sertifikatlaşdırılması ilə bağlı sənədlər vardır. Lakin bundan fərqli olaraq satılmış 3 ədəd konteynerin sertifikatlaşdırılması ilə bağlı hər hansı tələbin mövcud olması və belə tələbə riayət edilməklə onların sertifikatlaşdırılması ilə bağlı iş materiallarında hər hansı sənəd mövcud deyildir. Əksinə aşkar olunmuş 3 ədəd konteynerin 2-i sertifikatlaşdırılmış mübahisəli 9 ədəd konteynerə aid olduğu görünür. - Bununla belə məhkəmələr tərəfindən satılmış və aşkar olunmuş konteynerlərin sertifikatlaşdırma tələbi baxımından eynilik təşkil edib-etməməsi məsələsi, ümumiyyətlə, araşdırılmamışdır. - Beləliklə, yuxarıda göstərilənlərdən belə qənəatə gəlinir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən halların araşdırılması və qiymətləndirilməsi baxımından kifayət qədər prosessual fəallıq göstərməmiş, iş materiallarında olan hallarla 9 ədəd konteynerin cavabdeh tərəfindən iddiaçıya qaytarılması faktı birmənalı olaraq öz təsdiqini tapmadığı halda apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanunvericiliyin müvafiq normalarının tələblərini pozmaqla həmin konteynerlərin iddiaçıya qaytarılması qənaətinə gəlmişdir.

Təkrar apellyasiya baxışı, izahatlar

31. İddiaçı və cavabdeh iş üzrə müxtəlif izahatlar və mülahizələr təqdim etmişdir.

32. İddiaçı izahatlarını Ali Məhkəmənin yuxarıda göstərilən mövqeyinə uyğun olaraq əsaslandıraraq bildirmişdir ki, cavabdeh tərəfindən konteynerlərin qaytarılması müəyyən olunmur. Cavabdeh buna etiraz edərək bildirmişdir ki, 2018-ci ildə "xxxx" Şirkəti üçün “Sangachal Landfall” ərazisində işlər yekunlaşdıqdan sonra sözügedən konteynerləri saxlamaqda heç bir maraq olmamış və işlər bitdikdən sonra onlar iddiaçıya qaytarılmışdır. Həmçinin cavabdeh onu da göstərmişdir ki, iddiaçının müqavilə bitdikdən 4 il sonra iddia tələbi ilə müraciət etməsi vicdanlılıq prinsipinə ziddir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 15 (İİ). Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

34. Maddə 29 (İ). Hər kəsin mülkiyyət hüququ vardır.

35. Maddə 29 (İİİ). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

37. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

38. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

39. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

40. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

41. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

42. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

43. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

46. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

50. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.

51. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

52. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

61. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın “icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642 312 manat əsas borc vəsaitinin tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı qətnamə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılaraq, yalnız “icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642 312 manat əsas borc vəsaitinin tutulması” hissəsində ləğv olunmaqla yeni apellyasiya baxışına qaytarılmışdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin olunması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır – bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız “icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642 312 manat əsas borc vəsaitinin tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə yoxlanılacaqdır.

62. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

a) Ümumi məsələlər

63. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının müvafiq iddia tələbi (“icarəyə verilmiş konteynerlərin qaytarılmamasına görə 642 312 manat əsas borc vəsaitinin tutulması” tələbi) üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.

64. Kassasiya instansiyası məhkəməsi müvafiq iddia tələbi üzrə işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

65. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

66. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

67. İşin faktiki hallarından görünür ki, iddiaçı, cavabdehlə bağladığı icarə müqaviləsinə istinadla cavabdeh tərəfindən konteynerlərin ona qaytarılmamasına görə kompensasiyanı tələb edir; cavabdeh isə konteynerlərin qaytarıldığını və iddiaçının müqavilə münasibətləri bitdikdən 4 il sonra tələbi irəli sürməsinin vicdanlılıq prinsipinə zidd olduğunu bildirir.

68. Beləliklə, tərəflər arasında münasibətlərin xarakterinə görə iddianın qanuni əsası kimi icarə münasibətləri, habelə zərərin vurulması ilə bağlı normalar nəzərdən keçirilə bilər. Bu baxımdan iddiaçı, konteynerlərin qaytarılmamasını; cavabdeh isə iddiaçıya konteynerlərin qaytarıldığını sübut etmək vəzifəsi daşıyır. b) Konteynerlərin qaytarılması ilə bağlı

69. İş materiallarını araşdıran kollegiya hesab edir ki, cavabdeh tərəfindən konteynerlər qaytarılmamışdır və bu baxımdan iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.

70. Belə ki, icarə müqaviləsinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü əşyanı icarə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Əks təqdirdə icarəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş icarə haqqının verilməsini tələb edə bilər (§ 49, 50, 52).

71. Hazırkı halda isə tərəflər arasında 2018-ci ildə icarə münasibətlərinin yekunlaşmasına baxmayaraq, cavabdeh sözügedən konteynerləri təqdim etməmişdir.

72. Kollegiya, cavabdehin “Sangachal Landfall” ərazisində işlər yekunlaşdıqdan sonra sözügedən konteynerləri saxlamaqda heç bir marağı olmaması ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, cavabdehin marağının olmaması, ümumiyyətlə, hansı səbəbə görə konteynerlərinin istifadə etməməsi cavabdehin niyyətini müəyyən etməkdə önəmli olsa da, həlledici meyar deyil.

73. Çünkü cavabdehin bu niyyəti işin digər halları ilə uzlaşmır. Cavabdeh konteynerlərdən istifadə etməməsini bildirsə də, yekun olaraq konteynerlərin iddiaçıya təhvil verilməsi barədə hər hansı sübut (təhvil-təslim aktı, danışıqlar, yazışma və s.) təqdim etməmişdir. Cavabdehin sadəcə özünün marağının olmamasını və niyyətinin bildirilməsi onu bununla bağlı hər hansı mötəbər, eləcə də təkzibedilməz sübut təqdim etməkdən azad etmir.

74. Qeyd olunanlara əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı 9 ədəd konteynerin qaytarılmamasını sübuta yetirmişdir və cavabdehin bununla bağlı təqdim etdiyi dəlillər əsassızdır. Belə olan halda isə iddiaçı 9 ədəd konteynerin qaytarılmaması ilə bağlı kompensasiya tələb etməkdə haqlı olmuşdur.

c) Qaytarılmayan konteynerlərə görə kompensasiya tələbi barədə

75. İddiaçının “konteynerlərin qaytarılmamasına görə 642 312 manat zərərin ödənilməsi” tələbi ilə bağlı kollegiya ilk növbədə iddia müddəti, daha sonra isə tutulmalı olan məbləğlə əlaqədar məsələlərə aydınlıq gətirməyi zəruri hesab edir.

76. İddiaçı icarə müqaviləsi üzrə icarə haqqını deyil, tərəflər arasında öhdəlik münasibətləri yekunlaşdıqdan sonra konteynerlərin qaytarılmamasına görə dəymiş zərəri tələb edir və razılaşdırılmış icarə haqqının məbləğini yalnız zərərin məbləğinin hesablanması zamanı meyar kimi ortaya qoyur.

77. Belə olan halda isə müvafiq iddia tələbinə müqavilədən yaranan tələblərə şamil olunan müddət deyil, ümumi 10 illik iddia müddəti (§ 41) şamil edilməlidir və bu baxımdan iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir.

78. Zərərin məbləğinə münasibətdə isə kollegiya hesab edir ki, müvafiq məbləğ hesablanarkən iddiaçının uzun müddət ərzində konteynerlərin mülkiyyətçisi kimi öz hüquqlarını həyata keçirmədiyi və onları qaytarmağa cəhd etmədiyi, beləliklə də zərərin artmasına şərait yaratdığı nəzərə alınmalıdır.

79. Belə ki, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır (Konstitusiya Məhkəməsinin Plenumu “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 iyun 2015-ci il tarixli Qərarı).

80. Lakin nəzərə almaq lazımdır ki, mülkiyyətçi öz hüquqlarını həyata keçirərkən yalnız dövlətdən və ya üçüncü şəxslərdən onun konstitusion hüququna hörmət edilməsini gözləməli deyil, özü də aktiv şəkildə bu hüququnu qorumalıdır və bununla bağlı hərəkətlər etməlidir.

81. Bu müstəvidə kollegiya, xüsusilə onu da nəzərə alır ki, iddiaçı kommersiya subyekti olaraq bu sahədə peşəkar fəaliyyət göstərən hüquqi şəxsdir. Belə olan halda isə o öz əmlakının qorunması barədə xüsusi qayğı, onların qaytarılması, qorunması və ondan gəlir əldə etmək üçün əlavə sayıqlıq göstərməlidir.

82. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 38). Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

83. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyekt kimi, 4 il ərzində konteynerlərin qaytarılması ilə bağlı tələb irəli sürmək imkanı olduğu halda bununla bağlı hər hansı tələb irəli sürməmiş, bununla da kommersiya subyekti kimi lazımı sayıqlıq göstərməmişdir.

84. Məhkəmə pozulmuş hüququnun bərpası institutudur və kommersiya subyekti olan iddiaçının nöqsanlarını düzəltmək vəzifəsi yoxdur. Konstitusiyada "azad sahibkarlığa təminat" məhz təminatdır (§ 33) və sahibkarların daşımalı olduğu risklərin onlarla birgə bölüşdürülməsi kimi şərh edilə bilməz.

85. Kollegiya iş materiallarında olan invoysları, qiymət təkliflərini və sifariş əmrlərini (§ 2-14) bu kontekstdə qarşılqlı təhlil edərək hesab edir ki, iddiaçı konteynerlərin qaytarılmadığı müddətin 6 aylıq dövrü üçün zərər tələb etməkdə haqlı görünə bilər və 9 ədəd qaytarılmamış konteynerə görə 58 392 manat (9732 manat x 6 ay) manat cavabdehdən onun xeyrinə tutulmalıdır.

86. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

87. Kollegiya, apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləğini apellyatorun özünə aid etməyi məqsədəuyğun sayır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-402/2023 nömrəli qətnaməsi konteynerlərin saxlanılmasına görə dəymiş zərərin tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Şirkətindən 58.392 (əlli səkkiz min üç yüz doxsan iki) manat pul vəsaiti İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar