Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-542/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-390/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 mart 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabından 47200 manat əsas borcun və 232 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli e-2-2(113)-390/2022 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 28.03.2022-ci il tarixli e-2-2(113)-390/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı "xxxx" MMC həmin qərardaddan da şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə haqqında məlumatı 21.02.2022-ci il tarixdə saat 11:35-dən sonra, yəni məhkəmənin elektron poçt ünvanına etdiyi müraciətə cavab olaraq işə əlavə edildikdən sonra məlumatı olmuşdur. Bundan sonra qeyd olunan kommersiya işi üzrə materiallarla 14.03.2022-ci il tarixdə tanış olmuşdur. Bu zaman məlum olmuşdur ki, qeyd olunan qətnamə 09.02.2022-ci il tarixdə bu iş üzrə iddiaçını təmsil edən Vəkil1 elektron şəxsi kabinetinə yerləşdirmişdir. Lakin, işdən də görünür ki, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətnamə məhkəmə tərəfindən iddiaçıya hazıradək rəsmi qaydada təqdim edilməmişdir. Buna görə də qətnamənin rəsmi qaydada təqdim edilməsi haqqında məhkəməyə ərizə ilə müraciət edilmişdir. Həmin ərizəyə cavab verilməmişdir. Vəkil1 tərəfindən isə iddiaçıya qətnamə barədə məlumat verilməmişdir. Belə ki, qeyd olunan kommersiya işi üzrə işi udmağı vəd verən Vəkil1 iddia tələbi təmin edilmədikdən sonra iddiaçı vəkilə ödədiyi 2000 manat qonorarı geri tələb etmiş, vəkil ilə iddiaçının arasında problemlər yaranmış və nəticə etibarı ilə vəkil qətnamə haqqında iddiaçını məlumatlandırmamışdır. Bakı Kommersiya Məhkəməsinin 26.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 08.02.2022-ci il tarixli e-2-2(113)-390/2022 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 09.02.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 16.03.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 09.03.2022-ci il tarixdə bitdiyi halda, iddiaçının apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 16.03.2022-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən Mülki Prosessual Məcəllənin 135-ci maddəsinin hərfi məzmununa uyğun məhkəmə sənədlərinin yalnız işdə iştirak edən şəxslərə təqdim olunması barədə qaydaya istinad etməsi, habelə nümayəndənin işdə iştirak edən şəxs olmaması ilə bağlı dəlilləri isə əsassızdır. Belə ki, qanunun bu şəkildə təfsiri mülki prosesdə nümayəndəlik institutunu əhəmiyyətsiz edir. Eyni zamanda, "xxxx" MMC tərəfindən Vəkil1 verilən etibarnamədə "xxxx" MMC-nin adına olan bütün sənədləri almaq, həmin sənədləri aldığına dair imza etmək səlahiyyətləri xüsusilə göstərilmişdir. Hazırki işdə də Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə riayət olunmuş və 08.02.2022-ci il tarixli qətnamə iddiaçının nümayəndə və vəkilinin elektron kabinetlərində yerləşdirilərək ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-390/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-542/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-542/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver