Məhkəmə qərarları › İş №2-2(103)-549/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-549/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-549/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: pul ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2-2(113)-1844/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsinə əsasən, podratçı (İddiaçı) sifarişçinin (Cavabdeh MMC) tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində (1 saylı Əlavədə) göstərilmiş işlərin icrasını, sifarişçi isə həmin işin nəticəsini qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. Podratçı Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksində müqavilənin 1 saylı əlavəsində göstərilən suvaq, hamarlanma və digər işlərin icrasını öhdəsinə götürür (1.2-ci bənd); bu müqavilə ilə nəzərdə tutulmuş işlər tərəflər arasında razılaşdırılacaq müvafiq mərhələlərlə yerinə yetirilməlidir (2.1-ci bənd); sifarişçi hər 30 təqvim günlük dövr üzrə görülmüş işlərin dəyərini tərəflərin müvafiq aralıq aktları (forma 2) təsdiq olunduqdan sonra 10 bank günü ərzində podratçıya aşağıda göstərilən çıxılacaq məbləğlər nəzərə alınmaqla ödəyir: Yerinə yetirilmiş işlərin keyfiyyət zəmanəti kimi sifarişçi tərəfindən podratçıya hər aralıq təhvil-təslim aktları əsasında ödəniləcək məbləğdən 5% tutulacaqdır və müqavilənin 3.3-cü bəndində göstərilən hallar istisna olmaqla, toplanmış məbləğlər yekun təhvil-təslim aktı imzalanma tarixindən etibarən 12 ay keçdikdən sonra 10 bank günü müddətində podratçıya ödəniləcəkdir (3.2-ci bənd və 3.2.1-ci yarımbənd).

2. Tərəflər arasında bağlanmış 2019-cu il 24 iyun tarixli KY-413/2019 nömrəli müqaviləyə görə, cavabdeh ümumi sahəsi 86,02 kv.m olan 333 nömrəli mənzilin əsaslı tikintisini lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək iddiaçıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırkı müqavilədə göstərilmiş müddətdə təhvil verməyi, iddiaçı isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.3.1-ci bəndinə görə, tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyəri bu Müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.

3. 2019-cu il 6 may tarixli 008 nömrəli, 2019-cu il 15 iyul tarixli 025 nömrəli, 2019-cu il 4 sentyabr tarixli 062 nömrəli, 2019-cu il 9 sentyabr tarixli 066 nömrəli icra aktlarından görünür ki, iddiaçı tərəfindən aktlar üzrə müvafiq olaraq 66.627,18 manat, 2.727,81 manat, 2.726,64 manat, 2.726,64 manat, ümumilikdə 74.808,27 manat dəyərində işlər görülmüşdür.

4. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2019-cu il 6 may tarixli 008 nömrəli 67.040,18 və 66.627,18 manat dəyərində olan iki aktdan dəyəri 67.040,18 manat təşkil edən aktın üzərinə əl ilə iri hərflərlə “ləğv edisin” sözləri yazılmışdır.

5. Cavabdeh MMC-nin 2019-cu il 24 iyun tarixli 413/01 nömrəli maliyyə arayışına görə, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6.214,85 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 88.407,15 manat borcu qalmışdır.

6. Cavabdeh MMC-nin 2020-ci il 10 aprel tarixli 413/02 nömrəli maliyyə arayışına əsasən, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ blok 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86,02 kv.m təşkil edən 333 nömrəli mənzilə görə tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli İNT/P/034/18 nömrəli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 8.892 manat mənzilin dəyərinə yönləndirilib silinmiş və cavabdehə 79.515,15 manat borcu qalmışdır.

7. İddiaçı tərəfindən imzalanan 2019-cu il 28 mart tarixli 04956 nömrəli və 2019-cu il 7 may tarixli 04288 nömrəli kassa məxaric orderlərinə görə, Cavabdeh MMC tərəfindən İddiaçı “Komfort” yaşayış kompleksi mənzillərinin təmirinə görə müvafiq olaraq 2.804,66 manat və 60.412,34 manat, ümumilikdə 63.217 manat məbləğdə ödəniş edilmişdir.

8. 2020-ci il 29 aprel tarixli 04983 nömrəli kassa məxaric orderinə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı 214, 250, 252, 256 nömrəli mənzillərin təmirinə dair 2020-ci il 16 mart tarixli 180 nömrəli akta əsasən 8.892,7 manat məbləğdə ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli 034/18 saylı podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən podratçı kimi görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksinin İİİ blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86.02 kv.m təşkil edən 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir. Onun tərəfindən 2018-ci il 10 oktyabr tarixindən 2020-ci il 26 dekabr tarixinədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür. 2019-cu il 24 iyul tarixinədək görülmüş işlərin dəyəri olan 6.214 manat pul vəsaiti 2019-cu il 24 iyun tarixli maliyyə arayışına görə ona ayrılmış mənzilin dəyərindən çıxılmışdır. Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nağd qaydada ödənilməli idi. Lakin cavabdeh öz öhdəliyini pozmuş, mübahisə yaratmış, əsassız olaraq görülmüş işlərin keyfiyyətsiz olduğunu iddia etmişdir. Görülmüş işlər keyfiyyətli olmuş, işlər görüldükdən sonra cavabdeh həmin işləri qəbul etmişdir. İşlər keyfiyyətsiz olsaydı, cavabdeh həmin işləri qəbul etməzdi. Cavabdeh qəsdən iddiaçı ilə mübahisə yaratmış, əsassız iddialar irəli sürmüş, mənzilin verilməsindən imtina etmiş, mənzili başqa şəxsə satmış, görülmüş işlərin dəyərini isə ödəməmişdir. Ümumilikdə, cavabdehin görülmüş işlərə görə 71.960 manat borcu yaranmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2-2(113)-1844/2022 saylı qətnaməsi ilə (hakim – Z.Pirverdiyev) iddia təmin edilmiş, cavabdehdən 71.960 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 752.1, 755-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 80, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2-2(103)-932/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmamışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov).

Kassasiya instansiyası məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)-188 /2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən – B.Məmmədli, hakimlər – B.Qəribov və Ə.Əliyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 14 noyabr tarixli qətnaməsi qismən – iddia tələbinin 56.960 manatın ödənilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin apellyasiya baxışının predmeti olan hissədə, yəni 56.960 manat pul tələbinə aid hissədə rədd olunmasını xahiş etmişdir.

19. İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə hazırkı apellyasiya baxışı üzrə keçirilən 07 iyun və 21 iyun 2023-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş, izahat verərkən apellyasiya şikayətini qəbul etmədiklərini bildirmiş, apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

20. Tərəflər izahat verdikdən sonra mübahisənin məhkəmədənkənar barışıq yolu ilə həll edilməsi üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə iddiaçıya və nümayəndəsinə rəsmi qaydada məlumat verilmişdir. Lakin təyin olunmuş vaxtda iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Onun nümayəndəsi Nümayəndə isə ərizə göndərərək başqa məhkəmə prosesində iştirak edəcəyi ilə əlaqədar olaraq hazırkı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, o, bununla bağlı məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının və nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün saymışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 noyabr 2022-ci il tarixli qətnaməsi kassasiya qaydasında qismən – 56.960 manat pulun tutulması hissəsində ləğv edildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir.

30. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, 2018-ci il 10 oktyabr tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərə görə cavabdeh tərəfdən 2019-cu il 28 mart və 7 may tarixlərində 63.217 manat ödənildiyi və cavabdehin iddiaçıya borcunun qalmadığı halda, hansı səbəblərdən bundan cəmi 1 ay yarım müddət keçdikdən sonra sözügedən 2019-cu il 24 iyun tarixli alqısatqı müqaviləsinin bağlanıldığı və 2018-ci il 10 oktyabr tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən təhvil verilən işlərin dəyərinin iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndirilməsinin razılaşdırıldığı anlaşılan deyildir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin özündən də məlum olur ki, iddiaçının istinad etdiyi 2019-cu il 7 may tarixli maliyyə arayışında ödənişin 368 nömrəli mənzillə bağlı həyata keçirildiyi göstərilmişdir. Halbuki, 2019-cu il 24 iyun tarixli alqı-satqı müqaviləsi 368 nömrəli deyil, 333 nömrəli mənzillə əlaqədar bağlanmışdır. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderlərinə hüquqi qiymət verərkən sözügedən xüsusatların da nəzərə alınması vacibdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işin həmin halları arasında əlaqəli təhlilin aparılması görünmür. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 56.960 manat məbləğində olan hissəsi ilə bağlı nəticəyə gələrkən MPM-in sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələblərini pozmuşdur.

32. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

33. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

34. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Məhkəmə kollegiyası ilk növbədə Ali Məhkəmənin qərarında şərh olunan göstərişlərlə bağlı qeyd edir ki, iddiaçıya cəmi 63.217 manat vəsaitin ödənilməsini nəzərdə tutan 2019-cu il 28 mart və 2019-cu il 7 may tarixli kassa məxaric orderlərinin hazırkı iş üzrə iddia tələbinə hər hansı aidiyyəti yoxdur. Həmin məbləğ əvvəl görülmüş işlərin dəyəri olub və bu məbləğ tərəflər arasında 368 saylı mənzilə dair bağlanmış müqavilə üzrə mənzilin dəyərinin ödənilməsinə yönəldilib və silinib. Bununla bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Belə ki, iddiaçı da həmin məbləğin onun tərəfindən alındığını (mənzilin dəyərindən silinməklə) təsdiq etmişdir. Eləcə də, bu hal cavabdehin verdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq olunur (i.v.187, 207).

36. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2018-ci il tarixli podrat müqaviləsi və onun təminatı qismində 333 saylı mənzilə görə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında yaranmışdır.

37. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin bu Müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir.

38. Beləliklə, tərəflər 10 oktyabr 2018-ci il tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin mənzilin dəyərinə yönləndirilməsini şərtləşdirmişlər.

39. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada gördüyü işlərin dəyərinin ödənilmədiyinə və ona mənzil verillmədiyinə istinad edərək görülmüş işlərə görə 56960 manat pul tələb edir.

40. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələrinə istinad etmiş və sübut qismində məhkəməyə sözügedən podrat müqaviləsini, ona əlavələri, icra aktlarını təqdim etmişdir.

41. Cavabdeh isə işlərin qüsurlu olduğunu, lazımi keyfiyyətdə yerinə yetirilmədiyini, qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağladıqlarını, buna görə həmin podratçıya 55863,36 manat pul ödədiklərini, həmin pulun ödənilməsi üçün iddiaçıya pretenziya ünvanladıqlarını, yalnız bundan sonra iddiaçının hazırkı tələblə onları qabaqlayaraq məhkəməyə müraciət etdiyini bildirmişdir.

42. Cavabdeh iddiaya etirazın əsası kimi digər podratçı "xxxx" MMC ilə bağlanmış xidmət müqaviləsini, işlərin görülməsinə dair aktları və kassa məxaric orderlərini təqdim etmişdir.

43. Cavabdeh həmçinin, iddiaçı tərəfindən görülən işlərin qüsurlu olması barədə aktları və qüsurların aradan qaldırılmasına xərclənmiş 55863 manat pulun ödənilməsi barədə iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətini təqdim etmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – işlərin iddiaçı tərəfindən qüsurlu icra edilibedilməməsi, cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya görülmüş işlərin dəyərinin ödənilməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.

45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

46. Hazırkı işdə iddiaçının dəlillərinə etiraz olaraq cavabdeh tərəfindən iddiaçı tərəfindən görülmüş işlərin fotoşəkilləri təqdim edilmişdir. Fotoşəkillərdən də görünür ki, mənzildə işlər tam yekunlaşdırılmamış, xətlər açıq saxlanılmış, üzəri örtülməmiş, hamarlanmamışdır.

47. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında 333 saylı mənzildə işləri 2020ci ilin təxminən noyabr-dekabr aylarında yekunlaşdırdığını və təhvil verdiyini bildirmişdir. Lakin onun təqdim etdiyi təhvil-təslim aktlarının heç biri cavabdeh müəssisənin rəhbəri tərəfindən təsdiq olunmamışdır.

48. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli İNT/K/20 saylı xidmət müqaviləsindən görünür ki, cavabdeh sözügedən ünvanda inşa edilən “Komfort” yaşayış kompleksinə məxsus binaların icraçının öz təqdim etdiyi materiallar ilə təmir-təchiz etmə xidməti göstərilməsini öhdəsinə götürmüşdür.

49. 23.09.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Teymur Səmədova ("xxxx" MMC-nin direktoru) 35,863 manat, xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən 10000 manat, xx.xx.2020-ci il tarixli kassa məxaric orderinə əsasən 10000 manat pul ödənilmişdir.

50. Cavabdeh qüsurların aradan qaldırılması üçün cəmi 55863 manat vəsait sərf etdiyini bildirərək MMC-yə vurulmuş zərərin əvəzi olaraq həmin pulu iddiaçıdan tələb etmiş və xx.xx.2021-ci il tarixdə iddiaçıya pretenziya ünvanlamışdır.

51. İddiaçı isə bundan 1 il 1 ay sonra xx.xx.2022-ci il tarixdə hazıkı iddia ilə məhkəməyə müraciət etmişdir.

52. Mülki Məcəlləyə əsasən Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (maddə 762.3). Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (maddə 766).

53. İşin yeni apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı sifarişi qüsurlu icra etmiş, qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görməmiş, bu səbəbdən cavabdeh qüsurların aradan qaldırılması üçün başqa podratçı ilə müqavilə bağlamış və həmin işlərin görülməsi üçün sonuncuya 55863 manat vəsait ödəmişdir.

54. Kollegiya iddia tələbinin 56960 manat olduğunu, cavabdeh tərəfindən qüsurların aradan qaldırılmasına 55863 manat vəsait sərf olunduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, tələb olunan məbləğdən qüsurların aradan qaldırılmış üçün çəkilmiş xərc məbləği çıxılmaqla cavabdehdən iddiaçının xeyrinə 1097 manat pul tutulmalıdır.

55. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, mübahisələndirilən hissədə qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Kommersiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2-2(113)-1844/2022 saylı qətnaməsi qismən - 56960 manat pul tələbinin təmin olunması hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin olunsun. Cavabdehndən 1097 manat (bir min doxsan yeddi manat) pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar