Məhkəmə qərarları › İş №2-2(103)-551/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-551/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-551/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-793/2022 saylı, 06.04.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh “CPS Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqaviləyə əsasən yaranmış 2124 manat borcun və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-793/2022 saylı, 06.04.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Məhkəmə kollegiyası müəyyən edir ki, Cavabdeh MMC apellyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-793/2022 saylı, 06.04.2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etsə də, iddia ilə bağlı məhkəmənin hansı qətnaməni qəbul etməli olduğunu göstərməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1.-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-793/2022 saylı, 06.04.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-793/2022 saylı, 06.04.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar