Məhkəmə qərarları › İş №2-2(103)-560/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-560/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-560/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət müqaviləsi üzrə pul tələbinə dair kommersiya işi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1075/2022 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il tarixli, 302 saylı müqavilə üzrə yaranmış ƏDV daxil 7965 manat borc məbləğinin (6077 manat (ƏDV daxil) texniki dəstək xidmətinin göstərilməsi ilə bağlı və 1888 manat (ƏDV daxil) qaytarılmamış modemlərə görə cərimə məbləği) və 100 manat ödənilmiş ilkin mediasiya sessiyası haqqının, ümumilikdə, 8065 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixində tərəflər arasında 302 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin xidmət göstərdiyi bankların ATM-lərini GPRS modem xidməti vasitəsilə qoşulmasını və texniki dəstəklənməsini (trafik daxil olmaqla) təmin edir. Cavabdeh isə göstərilən xidmətlərin müqabilində iddiaçı qarşısında hər bir GPRS modemin və ya sim kartın təhvil təslim aktı imzalandığı andan qoşulmasına görə birdəfəlik 50 manat + ƏDV və hər növbəti ay üçün texniki dəstəklənmə və trafik daxil olmaqla 50 manat + ƏDV-ni ödəməyi öhdəsinə götürür. Tərəflər arasında xidmət haqqının azaldılmasına dair imzalanan Razılaşma Protokoluna uyğun olaraq xx.xx.2014-cü il tarixindən etibarən cavabdeh hər bir GPRS modemin və ya sim kartın təhvil təslim aktı imzalandığı andan qoşulmasına görə hər növbəti ay üçün texniki dəstəklənmə və trafik daxil olmaqla 25 manat + ƏDV-ni ödəməyi öhdəsinə götürür. Eyni zamanda, müqavilənin 3.2-ci və 3.3-cü bəndlərinə əsasən GPRS modemlərini yalnız istifadəyə götürüldüyü və Sifarişçidən asılı olan səbəblərə görə nasaz vəziyyətə və yararsız hala düşməsi ilə bağlı xərclərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında tərtib olunan təhvil-təslim aktına əsasən hazırda sifarişçinin istifadəsində olan modemlərin sayı 8-ə bərabərdir. Həmin modemlərə texniki dəstək xidmətlərinin göstərilməsi ilə bağlı xidmət haqqı müvafiq dövrlər üzrə iddiaçıya ödənilməmiş və modemlər geri qaytarılmamışdır. Bu öhdəliyini icra olunmaması nəticəsində cavabdehin iddiaçı qarşısında yaranan borc məbləği 2021-ci ilin dekabr ayı daxil olmaqla ƏDV daxil 6077 AZN təşkil edir. Müqavilənin 3.7-ci bəndinə əsasən iddiaçının mülkiyyətində olan modemlərin sıradan çıxmasına və itməsinə görə sifarişçi cavabdehə 200 manat (ƏDV xaric) cərimə ödəməyi öz öhdəsinə götürür. Hazırda 8 ədəd istifadəyə verilmiş və yararsız hala salınmış modemlərə görə cərimə məbləği ƏDV daxil 1888 AZN təşkil edir. Sifarişçiyə borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi xəbardarlıq edilmişdir. Lakin buna baxmayaraq, sifarişçi borcun ödənilməsindən imtina etmişdir. Hazırda ümumi borc (dekabr ayı da daxil olmaqla) ƏDV daxil 7965 AZN təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2-2(113)-1075/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 5487 manat məbləğində əsas borc, 1888 manat cərimə, ümumilikdə 7375 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 13 sentyabr 2012-ci il tarixli müqavilə bankların konkret olaraq "xxxx" ASC-nin bankomatlarını GPRS modem xidməti vasitəsi ilə qoşulması təmin edilmişdir. "xxxx" ASC ləğv prosesində olduğundan 01 iyun 2020-ci il tarixində "xxxx" MMC-yə müraciət edərək bankomatlara GPRS trafik xidmətinin göstərilməsi barədə müqavilənin ləğv olunmasını xahiş etmişdir.. 01 iyun 2020-ci il tarixindən "xxxx" ASC-nin bütün bankomatları ləğv edilmişdir. Bundan sonra həmin bankomatlardan "xxxx" MMC-yə məxsus avadanlıqların sökülməsi prosesi başlamış və sökülən avadanlıqlar aktlarla "xxxx" MMC-yə təqdim edilmişdir. Lakin "xxxx" ASC-nin ləğv edilməsi ilə əlaqədar işçiləri ilə əmək müqavilələrinə xitam verildiyindən, orada cavabdeh məsul şəxslər olmadığından "xxxx" MMC-yə məxsus 8 ədad modemi qaytarmaq mümkün olmamışdır. Həmin modemlər qaytarılmadığından "xxxx" MMC tərəfindən heç bir xidmət göstərilmədiyi halda 13 sentyabr 2012-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə hesab yazmaqda davam etdi. Halbuki 13 sentyabr 2012-ci il tarixli müqavilə modem icarə müqaviləsi deyil, bankomata texniki dəstək müqaviləsidir. Bankomatlar 01 iyun 2020-ci il tarixindən mövcud olmadığı halda "xxxx" MMC tərəfindən həmin bankomatlara necə texniki dəstək göstərilə bilər."xxxx" MMC 23 avqust 2021-ci il tarixində "xxxx" MMC-yə müraciət edərək müqaviləyə xitam verilməsini xahiş etdi və qaytarılmayan modemlərə görə kompensasiya ödənilməsini təklif etdi. Hətta "xxxx" MMC-nin rəsmi məktubunun göndərilməsindən sonra da bü günə kimi 8 modem qaytarılmadığı üçün "xxxx" MMC "xxxx" MMC-yə hesab yazmaqda davam etdi və məhkəmə də əsassız olaraq bu hissədə də iddia tələbini təmin etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1.-ci maddəsinə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 13 senytabr 2012-ci il tarixli müqavilə rəsmi olaraq ləğv edilməsə də, 01 iyun 2020-ci il tarixində bu müqavilə üzrə xidmət göstərilən bankomatlar ləğv edildiyindən və mövcud olmadığından 13 senytabr 2012-ci il tarixli 302 saylı müqavilə üzrə öhdəliklərə də 01 iyun 2020-ci il tarixindən xitam verilməlidir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi bildirmişdir ki, "xxxx" MMC modemlərə texniki dəstək göstərir və modemlərlə bağlı Cavabdeh MMC-dən İddiaçı MMC-yə heç bir sorğu daxil olmamışdır. Lakin tərəflər arasında imzalanmış 13 may 2012-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi şirkətə onun xidmət göstərdiyi bankların ATM-lərini GPRS modem xidməti vasitəsi ilə qoşulmasını təmin edir. Müqavilədən göründüyü kimi müqavilənin predmeti modemlərə texniki dəstək deyil, modem vasitəsi ilə ATM-lərin qoşulması olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1.-ci maddəsinə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Müqavilə üzrə xidmət göstərilən bankomatlar 31 may 2020-ci il tarixindən söküldüyü üçün həmin bankomatlara da texniki xidmətlərin göstərilməsi mümkün olmamışdır. Cavabdeh MMC bankomatların sökülməsi ilə bağlı "xxxx" ASC-nin ləğvedicisi tərəfindən göndərilən məktub təqdim edilmişdir. İddiaçı tərəf həmin bankomatların "xxxx" ASC-yə aid olması məsələsini mübahisələndirmədiyi üçün bununla bağlı əlavə sübuta ehtiyac görməmişlər. Lakin qətnamədə qeyd edilir ki, cavabdeh həmin bankomatların Atabank ASC-yə məxsus olması barədə sübut təqdim etmədi. İddiaçının təqdim etdiyi aktlarla Atabank ASC-nin təqdim etdiyi məktubda bankomatların ünvanları üst-üstə düşür. İddiaçı bankomatlara xidmət etdiyi üçün həmin bankomatların "xxxx" ASC-yə məxsus olmasını bilirdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh "Caspel” MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1075/2022 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdeh "Caspel” MMCdən İddiaçı MMC-nin xeyrinə 4.779 manat əsas borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətinin tələb hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qeyd edilənlərdən görünür ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Buna görə də apellyasiya baxışının predmetini həmin hissə təşkil edir. İşin sübutlar əsasında müəyyən olunmuş mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 13 sentyabr 2012-ci il tarixli 302 nömrəli müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən sifarişçi (iddiaçı) şirkətə onun xidmət göstərdikləri bankların ATM-lərini GPRS modem xidməti vasitəsi ilə qoşulmasını həvalə edir. GPRS modem (modemlərin sifarişçi tərəfindən təmin olunduğu hallar istisna olmaqla) və sim kart şirkətin mülkü sayılır və sifarişçiyə yalnız istifadə üçün verilir. 13 sentyabr 2012-ci il tarixli 302 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 13 oktyabr 2014-cü il tarixli 1 nömrəli razılaşma protokoluna əsasən hazırki müqaviləyə əsasən sifarişçi hər bir GPRS modemin və ya sim kartın təhvil təslim aktı imzalandığı andan qoşulmasına görə, hər növbəti ay üçün texniki dəstəkləmə və trafik daxil olmaqla 25 manat + ƏDV-ni şirkətə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli 06-01/009 nömrəli maliyyə arayışından görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi borc 2012-ci ilin noyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla aylar üzrə hesablanmış xidmət haqqı borcudur. LPO "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 01 iyun 2020-ci il tarixli **********014 nömrəli məktubdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 0**-XA-***6-cı il tarixli müqaviləyə əsasən cədvəldə göstərilən xidmətlərə xx.xx.2020-ci il tarixindən xitam verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 23 avqust 2021-ci il tarixli 15120 nömrəli məktubdan görünür ki, tərəflər arasında imzalanmış 13 sentyabr 2012-ci il tarixli 302 saylı müqavilə üzrə göstərilən xidmətlər son istifadəçi "xxxx" ASC-yə məxsus bankomatlar üçün nəzərdə tutulmuşdur. "xxxx" ASC bir ildən artıqdır ki, fəaliyyət göstərmədiyindən faktiki olaraq bu müqavilə üzrə də xidmətlər göstərilmir. Odur ki, tərəflər arasında imzalanmış 302 saylı müqaviləyə xitam verilməsini və faktiki olaraq xidmətlər son istifadəçi "xxxx" ASC-yə təqdim edilmədiyi üçün 31 dekabr 2020-ci il tarixindən sonra yazılmış hesabların ləğv edilməsini xahiş etmişdir. Tələb olunan borc məbləği ilə bağlı iddiaçı tərəfindən cavabdehə göndərilmiş hesab fakturalar iş materiallarına əlavə edilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən iddia tələbindən 118 manat noyabr 2012-ci il, 118 manat aprel 2013-cü il, 118 manat may 2013-cü il, 118 manat dekabr 2014-cü il, 118 manat yanvar 2015-ci il dövrü üçün təqdim edilmiş xidmətlərə görə yaranan borcuna görə iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin 590 manat məbləğinin iddia müddəti keçdiyi üçün təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı 2012-ci ilin noyabr ayı, 2013-cü ilin aprel, may ayları, 2014-cü ilin dekabr ayı, 2015-ci ilin yanvar ayı üçün xidmət haqlarının ödənilməsi ilə bağlı cavabdehə qarşı iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürdüyündən iddia 590 manat hissədə rədd edilməlidir. Müqavilə üzrə 5487 manat məbləğində borcun tutulması hissəsində iddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1, 398.1, 399.1, 442, 445.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən əsaslı hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edildiyi hissədə iddiaçının tələbi 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün 708 manat borcun cavabdehdən tutulması hissəsində əsassız hesab edilərək rədd edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilə 1 il müddətinə bağlanmışdır və tərəflərdən heç biri ona xitm vermək və ya onun şərtlərinin dəyişmək haqqında bildiriş göndərməyibsə avtomatik olaraq eyni şərtlərlə daha bir illik müddət üçün uzadılır. Müqaviləyə xitam vermək arzusunda olan tərəf ehtimal edilən xitam tarixindən ən azı 30 gün əvvəl digər tərəfi bu haqda rəsmi məlumatlandırmışdır. Hazırkı halda cavabdeh iddiaçıya 23 avqust 2021-ci il tarixli 15120 nömrəli məktub göndərərək tərəflər arasında imzalanmış 13 sentyabr 2012-ci il tarixli 302 saylı müqaviləyə xitam verilməsini və faktiki olaraq xidmətlər son istifadəçi "xxxx" ASC-yə təqdim edilmədiyi üçün 31 dekabr 2020-ci il tarixindən sonra yazılmış hesabların ləğv edilməsini xahiş etmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi barədə bildiriş iddiaçıya 2021-ci ilin avqust ayında göndərildiyindən tərəflər arasında bağlanmış müqavilə 30 gün sonra, yəni 2021-ci ilin sentyabr ayından xitam edilmiş hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqaviləyə xitam verildikdən sonra iddiaçıdan xidmət haqqı ödənişi tələb edə bilməz. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş müqaviləyə xitam verilməsi barədə sübuta qətnamədə hər hansı hüquqi qiymət verməmiş, müqaviləyə xitam verildiyi tarixdən sonrakı dövr üçün cavabdehdən xidmət haqqı tutmaqla düzgün nəticəyə gəlməmişdir. Cavabdehin 23 avqust 2021-ci il tarixədək müqaviləyə xitam verilməsi barədə iddiaçıya bildiriş göndərdiyinə dair iş materiallarında sübut olmadığından tərəflər arasında bağlanmış müqavilənin 01 iyun 2020-ci il tarixdən xitam olunduğuna dair apellyasiya şikayətinin dəlili əsassız hesab edilir. Müqavilənin qüvvədə olduğu dövr üçün iddiaçı tərəfindən cavabdehə hesablanmış və məhkəmə tərəfindən tutulmuş xidmət haqqı borcunun ödənildiyi cavabdeh tərəfindən sübut edilmədiyindən iddianın təmin edildiyi qalan hissədə (4.779 manat əsas borcun və müqavilənin 3.8-ci bəndinə əsasən tutulmuş 1888 manat cərimənin) qətnamə qanuni və əsaslı hesab edilir. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, iddiaçı tərəfindən xidmət göstərilmiş bankomatların konkret hansı tarixlərdə söküldüyünə dair iş materiallarında sübutlar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh "Caspel” MMCnin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1075/2022 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdeh "Caspel” MMC-dən İddiaçı MMC-nin xeyrinə 4.779 manat əsas borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Caspel” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1075/2022 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh "Caspel” MMC-dən İddiaçı MMC-nin xeyrinə 4.779 manat əsas borc tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar