Məhkəmə qərarları › İş №2-2(103)-566/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-566/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-566/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi vəkil X1, cavabdehin nümayəndələri vəkillər Vəkil2 və Vəkil3 iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair ilkin, Cavabdeh MMC-nin isə İddiaçı MTK-ya qarşı “pul tələbinə dair” qarşılıqlı - iddia ərizələrinə dair kommersya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 saylı 08.04.2021-ci il tarixli iddianı təmin etmə tədbiri barədə qərardadından qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MTK Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair ilkin, sonradan isə Cavabdeh MMC də həmçinin,İddiaçı MTK-ya qarşı “pul tələbinə dair” qarşılıqlı - iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konkret halda, qarşılıqlı iddiaçı Cavabdeh MMC iddianı təmin etmə tədbiri haqqında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı MTK-nın adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olan ünvan ünvanda yerləşən 0,7333 ha, 0,4640 ha, 0,0564 ha və 0,8051 ha torpaq sahələrinin və onun bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 saylı 08.04.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, "İddiaçı" MTK-nın mülkiyyətində olan ünvan ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi (0,7333 ha) üzərinə həbs qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK həmin qərardaddan şikayət və şikayətinə əlavə verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli qərarında qeyd edilən şərtlərə əməl edilməmişdir. Ən başlıcası da məhkəmə iddianı təmin etmə tədbiri barədə ərizədə qeyd edilən əmlakların qarşılqlı iddia tələbinə mütənasib olubolmamasını araşdırmadan əmlakların üzərinə həbs qoyulması qənaətinə gəlmişdir. Bu halda, məhkəmə ilk öncə əmlakların dəyərlərini müəyyən etmək üçün tədbirlər görməli idi, daha sonra əmlakların dəyərinin iddia tələbinə mütənasibliyi ilə bağlı nəticəyə gələ bilərdi. Digər tərəfdən tikinti sahəsində fəaliyyət göstərən "İddiaçı" MTK-nın mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbsin qoyulması onun qanuni mənafelərinə ziddir. Çünki, Bakı şəhər İcra Hakimiyyətinin 23.02.2012-ci il tarixli sərəncamı ilə üzərinə həbs qoyulmuş torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmiş və 21.07.2017-ci il tarixli, 329 saylı igər bir sərəncamı ilə isə həmin tikinti obyektinin istismarına icazə verilmişdir. Həmin yaşayış binasının tərkibində olan mənzillər müqavilələr əsasında şəxslərə satılmış və onların mülkiyyətindədir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından, binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Belə olan halda məhkəmə üzərində yaşayış binası olan torpaq sahəsinin üzərinə həbs qoymaqla, mənzil mülkiyyətçilərinin hüquqlarını pozmuş, digər tərəfdən bu təmin etmə tədbiri iddianın təmin olunacpağı təqdirdə qətnamənin icrasına heç bir köməklik göstərməyəcək. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi vəkil Nümayəndə şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndələri (vəkilləri) Vəkil2 və Vəkil3 isə onunla razılaşmamış, məhkəmələr tərəfindən qarşılıqlı iddiaçıya münasibətdə bütün hallarda ərizə və vəsatətlərinin təmin olunmadığını, konkret halda heç olmasa, onun iddianı təmin etmə tədbiri barədə ərizəsinin qismən təmin olunması barədə çıxarılmış məhkəmə qərardadını qüvvəsində saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 31.03.2021-ci il tarixli, **********50 saylı məktubundan, habelə, hazırkı mərhələdə qarşılıqlı iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi sənədələrə ( o cümlədən ******* saylı 06.11.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa) əsasən müəyyən olunur ki, məhkəmənin mübahisələndirilən qərardadı ilə üzərinə həbs qoyulmuş - ünvan ünvanda yerləşən torpaq sahəsinin 0.7333 ha hissəsi qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyəti kimi qeydə alınmışdır. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Birinci instansiya məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadından görünür ki, qeyd olunan - prosessual hüquq normalarına, Konstituiya Məhkəməsinin qərarına və ərizəçinin təqdim etdiyi sənədlərə əsasən hesab etmişdir ki, “hazırkı iş üzrə daşınmaz əmlakın üzərinə həbs qoyulması növündə iddianın təmin etmə tədbirinin tətbiqi üçün əsaslar mövcuddur."İddiaçı" MTKnın mülkiyyətində olan torpaq sahələrinin dəyəri barədə hər hansı bir sübut mövcud olmadığından və qeyd olunan torpaq sahələrinin qarşılıqlı iddia tələbi ilə mütənasibliyi müəyyən olunmadığından məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli və "İddiaçı" MTK-nın mülkiyyətində olan ünvan ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi (0,7333 ha) üzərinə həbs qoyulmalıdır.” Eyni zamanda məhkəmə qarşılıqlı iddiaçının ərizəsinin İddiaçı MTK-nın bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin 25.02.2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı MTK-nın bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə iddianı təmin tədbiri barədə məsələyə münasibət bildirilərək, ərizə təmin edilməmişdir.” Konkret halda, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayraq, birincisi qeyd edir ki, iddianı təmin etmə tədbiri Konstitusiya Məhkəməsinin sözügedən qərarından irəli gələn şərhə müvfaiq olaraq iddia tələbi ilə mütənasiblik təşkil etmir. Məhkəmə kollegiyası şikayətçinin qeyd olunan dəlilini əsassız sayır. Çünki, MPMin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. Prosessual qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, iddianı təmin etmə tədbiri qismində məhkəmə cavabdehə məxsus əmlak üzərinə - istər həmin əmlak faktiki olaraq onun özündə, istərsə də üçüncü şəxslərdə olsun, həbs qoyula bilər. Həbsin qanunla müəyyən edilən ardıcıllığından isə göründüyü kimi, birinci növbədə əmlaklar cavabdehdə mövcud olmadığı halda, onun ikinci növbədə olan əmlakları üzərinə həbs qoyulur. İş materiallarından da görünür ki, qarşılıqlı iddiaçı əvvəllər iddianı təmin etmə tədbiri qismində məhkəməyə təqdim etdiyi - iddianı təmin tədbiri kimi İddiaçı MTK-nın bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra, hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və işə baxan birinci instansiya məhkəməsi tərəfindən MPM-in qeyd olunan tələbləri nəzərə alınmaqla, cavabdehin mülkiyyyətində olan ünvan ünvanda yerləşən torpaq sahəsinin 0,7333 ha hissəsi üzərinə həbs qoyulmuşdur. Cavabdeh şikayətində mübahisələndirir ki, həmin torpaq sahəsinin dəyəri bəlli olmadığı halda, məhkəmə tərəfindən onun üzərinə həbs qoyulması düzgün olmamışdır. Cavabdehin qeyd olunan dəlili ilə razılaşmaq mümkün deyil. Çünki, iddianı təmin etmə tədbiri müvəqqəti xarakter daşıdığı halda, iddiaçının bu barədə ərizəsi mahiyyəti üzrə araşdırmaya məruz qoyula bilməz. Yəni, konkret halda, mübahisəli torpaq sahəsinin dəyərinin müəyyən olunması üçün uzun məhkəmə araşıdırmasının (məsələn, ekspekrtiza və ya hər hanmsı qiymətləndirmə təyin olunması) aparılması hüquqi müəyyənlik prinsipi baxımından əsaslı sayıla bilməz. Ən azından, qarşılıqlı iddiaçının dəqiqləşdirilmiş iddia tələbinin 3.528.283,00 manat məbləğində olan ümumi həcminin 1.014.419 manat məbləğində olan hissəsini tərəflər arasında bağlanmış 04 mart 2019-cu il tarixli podrat müqaviləsinə əsasən görülmüş işlərə, yəni əsas borca aid olduğu nəzərə alıqndıqda, üzərinə həbs qoyulmuş Xətai rayonu, Nobel prospekti, 36 saylı ünvanda yerləşən, yeddi sotdan bir qədər artıq (0,7333 ha) olan torpaq sahəsinin dəyərinin, sözügedən əsas borc məbləğində artıq olması heç də ağlabatan deyil. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası konkret halda, birinci instansiya məhkəməsnin qərardadı ilə tətbiq olunan iddianı təmin emə tədbiri iddia tələbinə mütənstib, Konstitusçiya m Məhkəməsinin qeyd olunan qərarından irəli gələn meyarlara uyğun hesab edir. Cavabdeh şkayətinin digər bir dəlilində üzərinə həbs qoyulmuş torpaq sahəsində yerli icra hakmiyyəti orqanının müvafiq sərəncamları əsasında yaşayış binasının tikildiyini və istsmarına icazə verildiyini qeyd edərək, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinadən həmin torpaq sahəsinin artıq yaşayış binasının mənzil mülkiyyətçilərinə məxsus olduğunu mübahisələndirən dəlilləri baxımından da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ləğv olunması üçün aşağıdakılara görə əsas görmür. Birincisi, cavabdehin şikayətinə əlavə ilə təqdim etdiyi sənədlərdə yaşayış binası ilə mübahisəli torpaq 0,7333 ha torpaq sahəsini tam əhatə olunması barədə dəqiq məlumat mövcud deyil. İkincisi, İddiaçı MTK olaraq Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə müvafiq qaydada ləğv də edilməmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin torpaq sahəsi faktiki olaraq onun mülkiyyətidir. Üçüncüsü, MPM-in 157.2- ci maddəsinə əsasən iddianı təmin etmə tədbiri müvəqqəti xarakteri daşıyır və həmin Məcəllənin 162-ci maddəsi ilə müəyyən edilən qaydalara müvafiq olaraq ləğv oluna bilər. Şikayətində cavabdehin, məhkəmənin qərardadı digər maraqlı şəxslərin (mənzil mülkiyyətçilərinin) hüquqlarının pozduğunu və icranın mümkün olmayacağını mübahisələndirən dəlilləri ilə əlaqədar isə məhkəmə kollegiyası onu qeyd edir ki, “İcra haqında” Qanunun 89-cu maddəsinə əsasən tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehin hazırkı şikayətinın Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 saylı 08.04.2021-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-40/2021 saylı 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar