Məhkəmə qərarları › İş №2-2(103)-57/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-57/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-57/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-148/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. “Sifarişçi” – Cavabdeh MMC ilə “icraçı” – İddiaçı MMC arasında 12 yanvar 2021-ci il tarixli “serial çəkilişinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı 1.2-ci bənddə göstərilən xidməti bu müqaviləyə uyğun şəkildə icra edib sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində, xidməti qəbul edib icraçıya bu müqavilə ilə razılaşdırılmış efir saatı verməyi öhdəsinə götürür.

2. Həmin müqaviləyə 1 nömrəli əlavədə tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1) Serialın adı: "Zeynəb"; 2) Serialın xronometrajı və sayı: 42-45 dəqiqə hər seriya; 3) Serialın yayımlanması sifarişçi tərəfindən müəyyən olunacaq; 4) Serialın ilk dəfə təhvil veriləcəyi tarix: 15 mart 2021-ci il; 5) Anonsun ilk dəfə təhvil veriləcəyi tarix: 01 mart 2021-ci il; 6) Serialın çəkilmə prosesi: bu müqavilə imzalandıqdan 1 həftə ərzində serialın ilk 5 seriyasının ssenarisi və sujet xətti icraçı tərəfindən müəyyən olunaraq sifarişçiyə təqdim edəcəkdir ki, sifarişçi müvafiq ssenari və sujet xətti ilə bağlı icrası icraçı üçün məcburi əhəmiyyətə malik göstərişlər verə bilər və yalnız sifarişçi tərəfindən təsdiq edildikdən sonra icraçı serialın çəkilişlərinə başlayacaqdır. İcraçı hər növbəti dörd seriyanın ssenarisini sifarişçiyə təqdim edəcəkdir; 7) Xidmət haqqı: hər seriya üçün 2000 manat; 8) avans şəklində 8000 manat ödəniləcəkdir.

3. Müqavilə bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən 04 fevral 2021ci il tarixdə 4000 manat, 18 fevral 2021-ci il tarixdə 8000 manat, 06 aprel 2021-ci il tarixdə 4000 manat və sonradan 2000 manat olmaqla, ümumillikdə 20000 manat məbləğində vəsait İddiaçı MMC-yə ödənilmişdir.

Birinci instansiya, apellyasiya və kassasiya məhkəmələrindəki icraatlar

4. (Birinci iddia) İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2021-ci il tarixli “serial çəkilişinə” dair müqaviləyə əsasən Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 52000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. (İkinci iddia) İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20000 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş 200 manat rüsum, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 150 manat pul vəsaitinin cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5580/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-5580/2022 nömrəli kommersiya işinin İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-5336/2022 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

7. İddiaçı MMC bildirir ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmişdir. Belə ki, “Zeynəb” adlı serialın 36 bölümünün hamısı çəkilmiş və 36 bölümün 29 bölümü "xxxx" MMC tərəfindən qeydşərtsiz qəbul edilmişdir, yalnız son 7 bölümü cavabdeh əsassız olaraq guya işin qüsurlu icra edildiyini əsas gətirərək, təhvil almaqdan imtina etmişdir. Lakin cavabdeh işin qüsurlu icra edildiyinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Çünki iddiaçı tərəfindən çəkilən bütün bölümlər yüksək səviyyədə, keyfiyyətdə çəkilmiş və heç bir qüsur olmamışdır. Həmçinin “Zeynəb” adlı serialın 36 bölümünün çəkilməsinə görə 72000 manat pul vəsaitindən cavabdeh, yəni sifarişçi cəmi 20000 manat ödəmişdir. Hal-hazırda cavabdehin iddiaçıya “Zeynəb” adlı serialın 36 bölümünün çəkilib verilməsinə görə 52000 manat borcu qalmışdır.

8. Cavabdeh MMC həmin iddiaya etiraz edir və yeni iddia irəli sürərək, bildirir ki, cavabdeh müqavilənin 6.4.1-ci bəndinə əsasən xidməti yüksək keyfiyyətlə, qüsurlardan azad, müqavilənin və iddiaçının tələblərinə uyğun şəkildə icra etməli idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca və qeyd olunan vaxtda yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən serialın bir hissəsi bir neçə dəfə iddiaçıya təqdim olunsa da, təqdim olunan hissələr qüsurlu çəkildiyindən və keyfiyyət parametrləri aşağı olduğundan təhvil alınmamış və bu barədə cavabdehə məlumat verilmişdir. Serialın keyfiyyətli formada təqdim olunması üçün cavabdehə xeyli vaxt verilsə və dəfələrlə danışıqlar aparılsa da, öhdəlik cavabdeh tərəfindən birtərəfli qaydada yerinə yetirilməmişdir. Müqaviləni 9.7-ci bəndinə əsasən icraçı işi keyfiyyətlə icra etmədikdə və müqavilənin şərtlərini pozmaqla icra etdikdə sifarişçiyə dəymiş zərərə görə tam maddi məsuliyyət daşıyır və zərəri belə zərərin baş verdiyi tarixdən 10 iş günü ərzində ödəməlidir.

9. İddiaçı MMC Cavabdeh MMC-nin iddia tələbinə etiraz edir və bildirir ki, iddiaçı (sifarişçi) işin qüsurlu icra edildiyinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Çünki, cavabdeh (icraçı) tərəfindən çəkilən bütün seriallar yüksək keyfiyyətlə çəkilmiş və heç bir qüsur olmamışdır. Serial iddiaçıya (sifarişçiyə) təqdim olunsa da, yerdə qalan məbləği ödəməmək üçün guya işin qüsurlu icra edildiyini əsas gətirərək, xidməti təhvil almaqdan imtina etmişlər və həmin pulu ödəməkdən imtina etmişlər. Cavabdeh (icraçı) tərəfindən müqavilə şərtləri tam olaraq vaxtında və layiqincə yerinə yetirilmiş, heç bir pozuntuya yol verilməmiş, lakin iddiaçı (sifarişçi) tərəfindən müqavilə öhdəlikləri pozulmuş və əlavə olaraq cavabdehə (icraçı) qarşı əsassız tələb irəli sürmüşlər. 10.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-148/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiasının qismən təmin olunması, Cavabdehndən 38000 (otuz səkkiz min manat) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, həmin iddianın qalan hissədə və Cavabdeh MMC-nin iddiasının təmin edilməməsi qət edilmişdir. 11.Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi və Cavabdeh MMC-nin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli 2-2(103)-471/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi icraçının iddiasının qismən təmin olunmuş və sifarişçinin iddiasının rədd olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).

13. Cavabdeh MMC tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir.

14. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-214/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı ilə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 may tarixli, 2-2(103)-471/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti İddiaçı MMC-nin iddiasına etiraz və Cavabdeh MMC-nin iddiasınının məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq isə qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2 və 7.2-ci bəndlərinə əsasən müqavilə üzrə göstərilən xidmət yalnız təhvil-təslim aktı imzalandıqdan sonra qəbul edilmiş sayılır və müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün görülmüş işlər üzrə akt tərtib olunmalıdır. Lakin məhkəmə İddiaçı MMC-nin iddiasını qismən təmin edərkən tərəflər arasında bağlanılmış müqavilə şərtlərini nəzərə almamış, tərəflər arasında müqavilə üzrə göstərilən xidmətlərin qəbulu ilə bağlı təhvil-təslim aktlarının olmaması, müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün görülmüş işlər üzrə aktın tərtib olunmaması kimi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları araşdırmamış və nəzərə almamışdır. Məhkəmə qətnamədə 29 seriyanın sifarişçiyə təhvil verilməsini hər hansı mötəbər sübutla əsaslandıra bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə isə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18.Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 19.Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 20.Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 21.Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 22.Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun 23.Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 24.Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 25.Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 26.Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 27.Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 28.Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 29.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 32.Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və İddiaçı MMC-nin iddiasının qismən təmin olunduğunu, lakin onun tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız İddiaçı MMC-nin iddiasının qismən təmin olunması və Cavabdeh MMC-nin iddiasının rədd olunması hissəsində yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33.Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər müqavilə bağlayaraq sifarişçi tərəfindən ödəniləcək müvafiq muzd müqabilində icraçı tərəfindən müqaviləyə uyğun şəkildə 36 bölümdən ibarət serial çəkilməsini razılaşdırmışlar. Hazırda həm icraçı, həm də sifarişçi müqavilə öhdəliklərinin icra edilməməsi əsası ilə məhkəmədə iddia qaldırmış, icraçı görülmüş işlərə görə sifarişçi tərəfindən muzdun ödənilməsini, sifarişçi isə xidmətlərin qüsurlu icrası ilə əlaqədar tərəfindən icraçıya ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir. 34.İddiaçı MMC-nin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 35.Eyni zamanda Cavabdeh MMC-nin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 765-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 36.Həmin Məcəllənin 762.2 və 762.3-cü maddələrində isə göstərilmişdir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3). 37.Qeyd olunan maddələrdən müəyyən edilir ki, podrat müqaviləsi üzrə işlərin qüsurlu olması podratın nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyi, podratçının başqa podrat nəticəsini təqdim etdiyi və ya podratı kəmiyyətcə yerinə yetirmədiyi hallarda hesab edilir. 38.Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 752.1-ci maddəsinin tələblərinə görə podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. 39.İddiaçı bildirir ki, o, bütün seriyaları çəkib cavabdehə təhvil vermiş, lakin sonuncu muzdun bir qismini ödəməmişdir. 40.Cavabdeh isə bildirir ki, iddiaçı tərəfindən serialın bir hissəsi bir neçə dəfə ona təqdim olunsa da, təqdim olunan hissələr qüsurlu çəkildiyindən və keyfiyyət parametrləri aşağı olduğundan təhvil alınmamış və bu barədə iddiaçıya məlumat verilmişdir. 41.Göründüyü kimi cavabdeh serialın tam çəkilməsini mübahisələndirmir, lakin bildirir ki, işlər qüsurlu görüldüyünə görə onun qəbulundan imtina edilmişdir. 42.Cavabdeh MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində işin qüsuru qismində aktyorun dəyişilməsini göstərmiş (baş rol ifaçısının atası rolunu oynayan aktyor), aktyorun 5-ci seriyadan sonra dəyişdirildiyini və bunun qüsur olduğunu bildirmişdir. 43.Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bildirdi ki, baş rol ifaçısının atası rolunu oynayan aktyorun dəyişməsinin səbəbi onun vəfat etməsi olmuşdur və onların bundan xəbəri olmuşdur. 44.Eyni zamanda iş materiallarında olan tərəflər arasında baş tutan “WhatsApp” yazışmalarının məzumunundan da müəyyən olunur ki, həmin aktyor vəfat etdikdən sonra onun yerinə aktyor seçilməsində sifarişçi də iştirak etmişdir. 45.Tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci bəndində də göstərilmişdir ki, icraçı serialda çəkiləcək aktyorların seçimi barədə sifarişçinin (cavabdehin) göstərişlərinə əməl etməlidir. 46.Eyni zamanda sifarişçi tərəfindən aktyor dəyişikliyi ilə bağlı hər hansı bir iradın bildirilməsi və ya serialın növbəti hissələrinin çəkilişlərinə həmin aktyorla davam etdirilməməsi ilə İddiaçı MMC-yə iradların və ya xəbərdarlıqların bildirilməsi ilə bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. 47.Göründüyü kimi cavabdehin istinad etdiyi yeganə hal, yəni aktyorun dəyişməsi iddiaçıdan asılı olmayan obyektiv səbəblərdən (aktyorun vəfat etməsi) baş vermiş, eyni zamanda cavabdeh həmin aktyorun yenisi ilə əvəz edilməsi və seçilməsində iştirak etmiş, habelə bununla bağlı etirazını bildirməmişdir. 48.İşi yeni apellyasiya baxışına göndərən kassasiya instansiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı icraçının sifarişçidən podrat müqaviləsi üzrə muzd tələbinə, eləcə də sifarişçinin icraçıdan qüsurlu icra ilə bağlı tələbinə, iş üzrə müvafiq ekspertiza təyin edilməklə, işin müəyyən edilmiş faktiki halları, tərəflər arasında bağlanmış müqavilə şərtləri və mülki qanunvericiliyin podrat münasibətlərini tənzimləyən normalarının tələblərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir. 49.Məhkəmə kollegiyası kassasiya instansiyasının məcburi göstərişini (MPM 420) yerinə yetirərək iş üzrə kino sahəsinə dair müvafiq ekspertiza təyin etmiş və ekspertizanın aparılmasını Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. 50.Lakin həmin idarə tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. 17 oktyabr 2024-cü il tarixli həmin məktubda qeyd edilmişdir ki, verilən suallar ekspertin zəruri biliyindən kənara çıxmaqla audio və videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. 51.Bundan sonra kollegiya “Azərbaycan Kinomatoqrafçılar İttifaqı” İctima Birliyinin mütəxəssisini cəlb edərək mütəxəssis rəyi almışdır. Mütəxəssis tədqiqatına 36 bölümdən ibarət serial disk formasında təqdim edilmişdir. 52.Həmin Birliyin mütəxəssisi X5 tərəfindən təqdim edilmiş 26 fevral 2025-ci il tarixli rəyində qeyd edilmişdir: Birinci suala cavab olaraq bildiririk, aktyorun serialda dəyişdirilməsi praktikası dünya təcrübəsində məqbul bir praktikadır. Yeni aktyora keçidin eyni seriyada baş verməməsi, keçidi yumşaldır. Bununla yanaşı, personajları, seriyaların girişində təqdim edən qrafik videoçarxda əvvəlki aktyorun təsviri, adı və soyadı qalıb. İkinci sualla bağlı aşağıdakıları bildiririk: Videomateriallar “predmaster” (teleyayıma hazır son versiyadan əvvəlki versiya), ağlama öncəsi, qaralama versiyası kimi qəbul etmək olar. Təqdim edilən materiallar müqavilənin tələb etdiyi hər seriyanın minimum 42 dəqiqə olması tələbini yerinə yetirmir. Material, teleyayıma çıxarmaq üçün aşağıdakı düzəlişləri tələb edir: Ssenari xətalarının (ana mövzudan yayınmamaq, dialoqlardakı boşluqlar) montaj vasitəsilə aradan qaldırılması; rejissor həllinə aid (epizoddan-epizoda keçidlər, dinamikliyi gözləmək, müqavilə üzrə tələb olunan metraja riayət edilməsi) montaj xətalarının aradan qaldırılması; səs və küylərdə xətaların aradan qaldırılması; rəng həllində xətaların aradan qaldırılması; Aktyorun əvəz olunduğu seriyaların giriş titrlərində yeni aktyorun adının və təsvirinin yerləşdirilməsi. Aradan qaldırılması mümkün olmayan xətalara rast gəlinməyib. Təqdim edilən mövcud rəy, videomaterialların sənət dəyərini şərh etmir, ancaq teleyayım üçün media məhsulunun keyfiyyətlərini təsbit edir. Rəy tərtib edilərkən hər iki tərəfin nümayəndələrindən layihənin detalları haqqında məlumat alınıb.

53.Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən müqavilə üzrə görüləcək işlər icraçı tərəfindən yüksək keyfiyyət və sifarişçinin tələblərinə cavab verən şəkildə icra edilməli, icraçı tərəfindən çəkiləcək bütün bölümlər elektron daşıyıcı növündə və təhvil-təslim aktları əsasında sifarişçiyə təqdim edilməlidir. 54.Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərində xidmət icraçı tərəfindən qüsurla icra edildikdə xidməti qəbul etməkdən imtina etmək və bununla əlaqədar əlavə icra tələb etmək və ya vurulmuş zərərin ödənilməsini tələb etmək sifarişçinin hüququ kimi nəzərdə tutulmuşdur.

55. Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

56. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

57. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 58.Tərəflər arasındakı müqavilənin yuxarıda qeyd edilən qüsurlu icra ilə bağlı şərtləri və mülki qanunvericiliyin göstərilən müddəaları baxımından, icraçı onun təqsiri səbəbindən yaranmış qüsurları sifarişçi tərəfindən təyin edilmiş müddət ərzində aradan qaldırmalı, əlavə icra üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etməyən və müqavilədən imtina etdiyini bildirməyən sifarişçi muzdun miqdarını qüsurun məmulatın dəyərini azaltdığı qədər azalda bilər. 59.Sifarişçi iddia tələbini icraçı tərəfindən təqdim olunmuş bölümlərin qüsurlu çəkilişi və keyfiyyət parametrlərinin aşağı olması ilə əsaslandırmışdır. 60.Göründüyü kimi sifarişçi qüsura istinad etsə də, iş materialları ilə sifarişçinin podratçıya qüsur barədə məlumat verməsi, qüsuru özündə əks etdirən hər hansı mütəxəssis aktının tərtib edilməsi, qüsurun aradan qaldırılması üçün əlavə icranı təyin etməsi, podratçıya qüsuru aradan qaldırmaqla bağlı imkan yaratması müəyyən edilməmiş, sifarişçinin nümayəndəsi izahatında qüsur barədə məlumatın şifahi formada qarşı tərəfə çatdırılmasını qeyd etmişdir. Podratçı sifarişçinin qüsur barədə mövqeyini qəbul etmədiyindən sifarişçi istinad etdiyi bu halı sübut etməlidir. Lakin ilk iddia üzrə cavabdeh olan sifarişçi müvafiq sübutları təqdim etməmişdir. Mülki Məcəllənin də qeyd edilən normalarının məzmunundan görünür ki, sifarişçi görülmüş işdə qüsur aşkar edərsə podartçıya bu barədə məlumat verməli və qüsurun aradan qaldırılması üçün əlavə icra müddəti müəyyən etməklə podratçıya qüsuru öz vəsaiti ilə aradan qaldırmaq imkanı yaratmalıdır. Sifarişçi yalnız əlavə icra müddəti nəticəsiz qaldığı təqdirdə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi podratçıdan tələb edə bilər. 61.Uzun müddət sonra apellyasiya icraatında mütəxəssis rəyində seriallarda bəzi aradan qaldırılması mümkün olan xətaların aşkar edilməsi onlara istinad etməyən cavabdehi qeyd edilən halları sübutetmə vəzifəsindən azad etmir. 62.Bundan əlavə, cavabdeh tərəfindən edilən ödənişlərdən görünür ki, Cavabdeh MMC müqavilə şərtlərinə uyğun olaraq 8000 manat məbləğində ödəniş etdikdən sonra, yəni qüsur kimi istinad etdiyi halı bildikdən sonra daha 12000 manat məbləğində ödəniş etmişdir. 63.Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 64.Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 65.Sifarişçi qeyd edilən maddələrin tələblərinə riayət etmədiyi üçün qüsurlarla bağlı tələb hüququ əmələ gəlməmiş, əsassız olaraq müqavilədən birtərəfli qaydada imtina etmiş, həmçinin podratçının muzdunu ödəməli olduğu halda ödəməmişdir. 66.Həmçinin kollegiya hesab edir ki, cavabdehin istinad etdiyi hal, yəni aktyorun dəyişdirilməsi mütəxəssis rəyində qüsur kimi müəyyən edilməmişdir. 67.Bundan başqa cavabdehin nümayəndəsinin elektron kabinetə yüklədiyi qüsurlar barədə sənəd kollegiya tərəfindən qəbul edilmir. Belə ki, həmin sənəd imzasız olmaqla kim tərəfindən tərtib edildiyi bəlli deyil. 68.Beləliklə, icraçı tərəfindən 36 seriyanın tam çəkilib qurtardığını, həmin seriyalarda cavabdehin istinad etdiyi hal çərçivəsində hər hansı qüsurların aşkar edilmədiyini, cavabdehin digər qüsurlara istinad etmədiyini və belə olan halda Mülki Məcəllənin 765-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud olmadığını, eyni zamanda həmin sayda seriyaya görə ödənilməli olan 58000 manat məbləğin (29X2000=58000) 20000 manat hissəsinin sifarişçi tərəfindən ödənildiyini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752-ci maddəsinə əsasən qalan 38000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasını tələb etməkdə haqlıdır, ödənilmiş 20000 manat pul vəsaitinin geri qaytarılması barədə Cavabdeh MMC-nin tələbi isə əsassızdır. 69.Apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, yuxarıda göstərildiyi kimi iddiaçı tərəfindən çəkilmiş 36 seriyada cavabdehin istinad etdiyi hal (aktyorun dəyişdirilməsi) çərçivəsində hər hansı qüsur aşkar edilmir. Mütəxəssis rəyində aşkar edilən nöqsanlar barədə isə cavabdehin iddiaçıya məlumat verməsi iş materialları ilə müəyyən edilmir. Belə olan halda, cavabdeh tərəfindən görülmüş işlərin təhvil almaması əsaslı hesab edilə bilməz və görülmüş işlər qəbul edilmiş hesab edilməli, bu səbəbdən muzd ödənilməlidir. 70.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 71.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-148/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı MMC-nin iddiasının qismən təmin olunmuş hissəsində və Cavabdeh MMC-nin iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar