Məhkəmə qərarları › İş №2-2(103)-58/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-58/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-58/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-115/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Sirarişçi "xxxx" ASC və “icraçı” İddiaçı MMC arasında “Gəncə-Qazax-Gürcüstan sərhəd yolunun dörd zolağa genişləndirilməsi” layihəsinə dair 18 fevral 2019-cu il tarixli AX 80/0619 saylı xidmət müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən sifarişçinin tapşırığı əsasında icraçı, sifarişçiyə (bundan sonra “Akkord” adlandırılacaq) məxsus qum çınqıl karxanasından mal-materialların yüklənib tikinti ərazisinə daşınması, stoklanmasını və yararsız mal-materialların tikinti ərazisindən qazılaraq “Akkord” tərəfindən təyin olunmuş ərazilərə boşaldılması işlərini (bundan sonra “Xidmətlər” adlandırılacaq və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də göstəriləcək) həyata keçirir, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəyir.

3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği icraçı tərəfindən göstərilən xidmətləri və bu xidmətlərin dəyərini özündə əks etdirən əlavə(lər) ilə müəyyən olunacaq.

4. Həmin müqaviləyə aid 1 saylı Əlavəyə əsasən müqavilə üzrə yekun məbləğ ƏDV daxil olmaqla 4.492.850 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* manat məbləğində əsas borc, 512607,9 manat faiz borcu olmaqla, ümumilikdə 2953597,9 manat borcun, 2267 manat ödənilmiş dövlət rüsumunun və 400 manat mediasiya xərcinin "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, o, müqavilənin şərtlərinə müvafiq olaraq öhdəsinə götürdüyü işləri tam icra edərək təhvil vermiş, görülmüş işlərin təhvil-təsliminə dair 31 mart 2019-cu il tarixdə ******* manat əsas məbləğ, 685350 manat ƏDV məbləği olmaqla ümumi ******* manat məbləğə təhvil-təslim aktı imzalanmışdır. "xxxx" ASC tərəfindən təhvil verilmiş işlərin ümumi dəyərindən 27 mart 2019-cu il tarixdə 685350 manat ƏDV məbləği, 01 aprel 2019-cu il tarixdən 01 iyul 2019-cu il tarixədək ******* manat əsas məbləğ ödənilməklə ******* manat əsas məbləğ üzrə borc qalmışdır. Mərkəzi Bankın 2019-2022-ci illər üçün mövcud olan illik uçot dərəcəsinə uyğun olaraq 512607,9 manat faiz olmaqla, ümumilikdə 2953597,9 manatın ödənilməsi ilə bağlı dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq ödənilməmişdir.

7. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş edir.

8. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd eşdir ki, "xxxx" ASC 2019-cu ilin noyabr ayında son ödənişi edərək qalıq borcunu hissə-hissə ödəyəcəyi haqda vədlər verərək onları 2 il 4 ay aldatmışdır. Nəticədə xx.xx.2022-ci il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edərək problemin həll edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixində isə Bakı 9 saylı Mediasiya Təşkilatı arayış təqdim edərək problemin həlli istiqamətində cavabdeh tərəfindən tədbir görülməməsini bildirmiş, nəticədə məhkəməyə yönəlmişlər. Faktiki olaraq iddia müddəti son ödəmə tarixindən hesablanmaqla 2022-ci ilin noyabr ayına qədər müddət var ki, həmin müddət də ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-115/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" ASC-dən 2.440.990 əsas borc, 2.267 manat dövlət rüsumu, 400 (dörd yüz) manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf görülmüş işlərlə bağlı məhkəməyə forma 2 aktlarını təqdim etmişdir. Təqdim edilmiş forma 2 aktları ilə faktiki görülmüş işlər arasında böyük fərqlər vardır. Belə ki, forma 2 aktlarında görülmüş işlər faktiki olaraq görülməmişdir və qiymətlər şişirdilmişdir. Bununla bağlı məhkəmə ekspertizası təyin edilmiş, lakin tərəflər tədqiqat obyektinə gəlmədiklərinə görə ekspert rəy verməkdən imtina etmişdir. Belə olan halda məhkəmə yenidən ekspertiza təyin etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

16. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

17. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

19. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

22. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin X1 iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

23. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

26. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Belə ki, iddiaçı onunla "xxxx" ASC arasında bağlandığı qeyd olunan 18 fevral 2019cu il tarixli AX 80/0619 saylı müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.

30. Həmin müqaviləyə görə icraçı sifarişçiyə məxsus qum çınqıl karxanasından malmaterialların yüklənib tikinti ərazisinə daşınması, stoklanmasını və yararsız malmaterialların tikinti ərazisindən qazılaraq “Akkord” tərəfindən təyin olunmuş ərazilərə boşaldılması işlərini həyata keçirməyi, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

31. Göründüyü kimi həmin müqavilə xidmət müqaviləsi kimi adlandırılsa da, mahiyyət etibarı ilə podrat müqaviləsidir.

32. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.2-ci maddələrsi təşkil edir. Həmin maddələriin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1).

33. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

34. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə görə podrat müqaviləsi üzrə işlərin görülməsi halını podratçı, muzdun ödənilməsi halını isə sifarişçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

35. İddiaçı tərəfindən təqdim edilmiş 18 fevral 2019-cu il tarixli AX 80/0619 saylı müqavilə üzrə subpodratçının görülmüş işlərə dair 31 mart 2019-cu il tarixli qəbul aktlarında (Forma 2 və Forma 3) qeyd edilmişdir ki, xx.xx.2019-xx.xx.2019 tarixlərini əhatə edən dövr üzrə görülmüş işlərin cəmi dəyəri ƏDV daxil 4.492.850 manat təşkil edir. Həmin aktlar hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir.

36. HZ seriyalı 274008 nömrəli xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturadan görünür ki, həmin vergi hesab-faktura 4.492.850 manat məbləğində vəsaitin ödənilməsi üçün İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə təqdim edilmişdir.

37. İddiaçı tərəfindən təqdim edilmiş bank hesabından çıxarışlardan məlum olur ki, müxtəlif tarixlərdə xx.xx.2019-cu tarixli müqavilə əsasında "xxxx" ASC tərəfindən ödənişlər edilmiş, cəmi ödənilmiş məbləğ isə 685.350 manat ƏDV məbləği və 1.366.510 manat əsas məbləğ olmaqla 2.051.860 manat təşkil edir.

38. Cavabdeh tərəfindən həmin məbləğlərdən əlavə ödəniş edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir.

39. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə öhdəliklərini pozmuş, görülmüş işlərin dəyərini tam olaraq ödəməmişdir.

40. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ödənilməyən ƏDV daxil 2.440.990 manat məbləğində muzdun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır (4.492.850-2.051.860=2.440.990).

41. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 18 fevral 2019-cu il tarixli AX 80/0619 nömrəli müqavilə üzrə iddia müddəti ötürülməmişdir.

43. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin dəyəri, eləcə də ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)sə müəyyən edilir.

44. Həmin müqaviləyə aid 1 saylı Əlavədə isə müəyyən edilmişdir ki, həyata keçirilmiş xidmətlərin təhvil-təslimi tərəflər arasında təhvil-təslim aktının və Forma 2, Forma 3 imzalanması ilə təsdiq edilir. Ay ərzində icra edilmiş işlərə görə xidmət haqqı tərəflər təsdiq edilmiş təhvil-təslim aktı, Forma 2 və Forma 3 əsasında hesablanaraq növbəti ayın 20-dək bank köçürmə yolu ilə ödənilir.

45. Müqavilə üzrə iddiaçının gördüyü işlərin qəbuluna dair Forma 2 və Forma 3 aktları 31 mart 2019-cu il tarixdə tərtib edilmişdir.

46. Müqaviləyə aid 1 saylı Əlavənin şərtlərinə görə ödəniş növbəti ayın, yəni aprel ayının 20-dək həyata keçirilməli idi.

47. Buna görə də, müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı 21 aprel 2019-cu il tarixdən hesablanmalıdır.

48. Eyni zamanda işdən görünür ki, 01 iyul 2019-cu il tarixdə cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödəniş edilmişdir.

49. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən həmin tarixdə iddia müddətinin axımı kəsilmiş və yenidən hesablanmaya başlamışdır.

50. 06 may 2022-ci il tarixdə iddiaçı tərəfindən tərtib edilmiş mediasiya prosesinin tətbiqi barədə təklif məktubu cavabdehə çatdırılmışdır.

51. 03 iyun 2022-ci il tarixdə isə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən X1 X3 MŞB/9-00016 saylı Arayış tərtib edilmişdir.

52. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

53. Həmin Qanunun 21.5-ci maddəsində isə təsbit olunmuşdur ki, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin X1 iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

54. Göründüyü kimi iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yarandığı gündən üç il müddətin tamamlanmasına (xx.xx.2022) 1 ay 26 gün qalmış, yəni xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklifi qarşı tərəfə çatdırılmış və məhz həmin tarixdən də iddia müddətinin axımı dayandırılmışdır.

55. İddiaçının bu təklifi əsasında mediasiya prosesi başlanmış və mediator tərəfindən X1 X3 03 iyun 2022-ci il tarixli arayış tərtib edilmişdir.

56. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

57. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımı 03 iyun 2022-ci il tarixdən həmin gün də daxil olmaqla hesablanmağa davam etmişdir.

58. Həmin tarixdən 1 ay 26 gün keçməmiş və iddia müddətinin sonuncu günü olan xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

59. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir.

60. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində görülmüş işlərin həcmini mübahisələndirməmiş və iddiaçı tərəfindən işlərin görülmədiyinə istinad etməmiş, apellyasiya şikayətində isə bu hallara əsaslanmışdır. Kollegiya hesab edir ki, hazırda həmin faktlar nəzərə alına bilməz və onların araşdırılmasına zərurət yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.

61. Eyni zamanda, həmin hallar özü-özlüyündə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlər Sifarişçi tərəfindən Təhvil- Təslim Aktı, Forma 2 və Forma 3 əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin dəyəri, eləcə də ödəniş qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)lə müəyyən edilir. Həmin müqaviləyə aid 1 saylı Əlavənin 3-cü bəndində isə müəyyən edilmişdir ki, həyata keçirilmiş xidmətlərin təhvil-təslimi tərəflər arasında təhvil-təslim aktının və Forma 2, Forma 3 imzalanması ilə təsdiq edilir. Tərəflər arasında da müqavilə üzrə iddiaçının gördüyü işlərin qəbuluna dair 31 mart 2019-cu il tarixli Forma 2 və Forma 3 aktları tərtib edilmişdir. Ona görə də, görülmüş işlərin həcminin mübahisələndirməsi əsassızdır.

62. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-115/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar