Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-581/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səyadulla oğlunun Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Səyadulla oğlunun Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2-2(113)- 304/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2021-ci il tarixli TRN-LG03-2116 nömrəli İddiaçı Səyadulla oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, müqavilənin qüvvədə olduğu müddət ərzində İddiaçı Səyadulla oğlu Cavabdeh MMC-nin sifarişi əsasında müqaviləyə əlavə hissəsində qeyd edilən xidmətlərin göstərilməsini, Cavabdeh MMC isə İddiaçı Səyadulla oğluna bu müqavilənin əlavə hissəsində qeyd edilmiş və razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavədə iddiaçı tərəfindən keyfiyyətə nəzarət və zəmanət müfəttişi xidməti göstərilməsi nəzərdə tutulmuş, aylıq xidmət haqqı 2300 manat müəyyən edilmişdir.
2. xx.xx.2022-ci il tarixli EBBX seriyalı 410030 nömrəli 2300 manat məbləğində və xx.xx.2022-ci il tarixli EBBV seriyalı 877270 nömrəli 2300 manat məbləğində elektron qaimələrdən görünür ki, iddiaçının müqavilə üzrə göstərdiyi 4600 manat məbləğində xidmət sistem tərəfindən təsdiqlənmişdir.
3. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hüquqi yardım üçün Bakı şəhəri 2 saylı Vəkil Bürosuna 211 manat məbləğində pul ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Səyadulla oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 5750 manat görülmüş işlərin dəyəri, 10000 manat vurulmuş mənəvi zərərə görə kompensasiya, 210 manat hüquqi xidmətlərə görə vəkilə ödənilmiş haqq olmaqla cəmi 15960 manat pulun tutulub iddiaçıya ödənilməsi, bundan əlavə ödənilmiş dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (fiziki şəxs fərdi sahibkar) İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli TRN-LG03-2116 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı öhdəliklərini tam yerinə yetirməyinə baxmayaraq cavabdeh öz öhdəliklərini tam yerinə yetirməmiş, görülmüş işlərin (xidmətlərin) pulunu tam ödəməmiş, iddiaçıya xeyli borcu qalmışdır. Belə ki, müqaviləyə əsasən iddiaçı fiziki şəxs fərdi sahibkar kimi cavabdehin sifarişi ilə Heydər Əliyev adına Neft emalı zavodunda çənlərdə qaynaq işlərinin keyfiyyətinə nəzarət xidmətlərini yerinə yetirməyi, cavabdeh isə görülən işlərin (xidmətlərin) haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə ilə həyata keçirilən işlər xüsusi peşəkarlıq tələb edən işlərdir. İddiaçı müvafiq sertifikata malik olmaqla bu xidmət üzrə peşəkardır və cavabdeh iddiaçının peşəkarlığını yoxlayaraq müvafiq müsabiqədən sonra iddiaçı ilə müqavilə bağlamışdır. İddiaçı müqavilə üzrə öz üzərimə düşən işləri layiqincə yerinə yetirmiş və işləri (xidmətləri) təhvil alınmışdır, heç bir irad, etiraz və narazılıq olmamışdır. Muqavilə üzrə görülmüş işlərin, yerinə yetirilmiş xidmətlərin təhvil-təslimi, görülmüş işlərin təfsilatı və bu barədə hesabatlar (raport), cavabdehin (sifarişçinin) nəzarətində olan xüsusi proqram təminatı - “Pcloud proqramı” vasitəsilə sistemə yerləşdirilirdi və sifarişçinin (cavabdehin) meneceri Vüqar Məmmədov bunları qəbul edib təsdiqləyirdi. Yalnız bundan sonra çənlərin hidrotestə buraxılmasına icazə verilirdi. Aparılan qaynaq işləri və qaynaq tikişləri üzrə keyfiyyətə nəzarəti həyata keçirdikdən və bu barədə müsbət raport verildikdən sonra sözügedən çənlər hidrotest (təqyiqli su vasitəsilə test yoxlanışı) üçün hazır hesab edilir və hidrotest aparılmasına icazə verilirdi. Qaynaq işlərinin keyfiyyət nəzarəti iddiaçıya həvalə edilmiş yuxarıda bəhs edilən bütün çənlər hidrotestə buraxılmışdır. Həmin çənlərdə aparılmış qaynaq işlərinin keyfiyyəti barədə iddiaçıya cavabdeh tərəfindən hər hansı qüsur bildirilməmiş, heç bir irad və ya etiraz olmamışdır. Malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair aprel və may ayları üzrə elektron qaimələr cavabdeh tərəfində təsdiq edilmişdir. Bu işlərin qəbul ediyini bir daha təsdiq edir. Lakin iyun ayı üzrə elektron qaiməni cavabdeh əsassız olaraq təsdiq etməmişdir, halbuki müvafiq işlər (xidmətlər) həyata keçirilmişdir. İddiaçı iyun ayını 15-dək işləri (xidmətlər) icra etmişdir, həmin gündən etibarən iddiaçının zavoda girişi bloklanmışdır, giriş kartı deaktiv edilmişdir. Cavabdeh öz yazışmalarında da iddiaçının 15 iyun 2022-ci il tarixindən zavoda giriş kartımın blok edilməsini qeyd etmiş, 15 iyun gününədək iddiaçıya işlərin icrasını həvalə etmişdir. Cavabdeh müqavilə üzrə işləri xx.xx.2022-ci il tarixində dayandırmışdır, həmin tarixdən də iddiaçı müqavilə üzrə xidmət (iş) icra etmir. Müqavilənin bağlandığı tarixdən (xx.xx.2021-ci il) dayandırıldığı tarixədək (xx.xx.2022-ci il) iddiaçı müqavilə üzrə xidmətləri (işləri) icra etmişdir. İddiaçı cavabdehin müqavilə üzrə tapşırığı əsasında ünvan 1 ünvanında yerləşən zavodun (neft emalı zavodu) 63-cü sahəsində yerləşən 63-T-001 Methanolçəninin qaynaq işlərinin keyfiyyətinə nəzarət edirdi, bundan başqa 8 ədəd çənə də nəzarət edirdi, həmin çənlərlə bağlı işlər də iddiaçıya həvalə olunmuşdu. Hər gün zavodun 6-cı qapısından içəri girərək iş sahəsinə gedir və müvafiq işləri (xidmətləri) həyata keçirirdi. İşlər bu şəkildə davam edirdi və iddiaçıya ödənişlər edilirdi, hərçənd ki, xidmət haqları vaxtında ödənilmirdi, ancaq 2022-ci ilin aprel ayınadək olan xidmət haqları tam ödənilmişdir, lakin 2022-ci ilin aprel, may və iyun (15 iyunadək) ayları üzrə görülmüş işlərin qiyməti olan 5750 (2300 + 2300 + 1150 = 5750) manat iddiaçıya ödənilməmişdir. Dəfələrlə göndərilən pretenziyaya, edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Müqavilənin 2.2.1 bəndinə əsasən sifarişçi icraçının göstərdiyi xidmətlərin qiymətini bu müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməlidir. Müqaviləyə əlavə olunan (Əlavə № 1) 01 sentyabr 2021-ci il tarixli TRN-LG03-2116-PA001 nömrəli X1 əsasən xidmətlərin qiyməti aylıq 2300 manat müəyyən edilmişdir. Müqavilənin 6.6-cı bəndinə görə bu müqavilənin bitməsinə 15 gün qalmış, tərəflərin biri digərini müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq etmədiyi halda, müqavilə növbəti 1 il müddətinə həmin şərtlərlə uzadılmış sayılır. Beləliklə, cavabdeh Müqavilə öhdəliklərinə əməl etməyərək görülmüş işlərin dəyərini ödəməmiş, İddiaçı isə müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini tam yerinə yetirmişdir. Cavabdeh görülmüş işlərin dəyərini ödəməməklə öz öhdəliyini icra etməmişdir. Onu da qeyd edim ki, tərəfimdən görülmüş işlərin dəyərini cavabdeh baş podratçı olan digər təşkilatdan tam almışdır, lakin mənə tam ödəməmişdir (2022-ci ilin aprel, may, iyun ayları üzrə ödənişlər həyata keçirilməyib). Cavabdehin ucbatından iddiaçı həm də böyük mənəvi zərərə uğramışdır. Belə ki, ümid edilən haqqı almadığı üçün ailənin dolanışığı, maddi tələbatını təmin edə bilməmişdir, sarsıntıya məruz qalmış, borc almağa, başqalarından kömək istəməyə məcbur olmuşdur. Bütün bunlar iddiaçının sarsıntı, stress və iztirab keçirməyinə səbəb olmuşdur. Odur ki, cavabdehin maddi zərərlə yanaşı ayrıca iddiaçıya böyük bir mənəvi zərər vurduğu şübhəsizdir. Mənəvi zərərin həcmini 10000 manat olaraq qiymətləndirilir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-304/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi qismən təmin edilərək Cavabdeh MMC-dən 4600 manat məbləğində əsas borc və 210 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərcin tutularaq İddiaçı Səyadulla oğluna ödənilsməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir edir ki, xidmət haqqı tələbi hissəsində iddia qismən, yəni 2022-ci ilin aprel və may ayları üçün təmin edilməlidir, belə ki, cavabdeh aylıq təhvil-təslim aktının tərtib edilmədiyinə istinad etsə də, əvvəlki aylıq təhvil-təslim aktı tərtib edilməyən 3 ay üçün ödənişləri etməklə işi faktiki qəbul etmiş, mübahisəli aylar üzrə də, Cavabdeh MMC elektron qaimələri təsdiq etməklə işi faktiki qəbul etmişdir.
8. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, 2022-ci ilin iyun ayının xidmət haqqı təmin edilə bilməz, belə ki, Cavabdeh MMC sözügedən ay üçün elektron qaiməni təsdiq etməməklə işi faktiki qəbul etməmişdir.
9. Məhkəmə 10.000 manat məbləğində vurulmuş mənəvi zərərə görə kompensasiya tələbi ilə bağlı qeyd etmişdir ki, mənəvi zərərlə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-304/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmənin ödəmə üçün qət etdiyi aylar üzrə iddiaçı xidməti yerində demək olar ki, olmamış və cavabdeh tərəfindən təqdim edilmiş giriş-çıxış məlumatlarını nəzərə almamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sertifikat üzrə öhdəliklərin yerinə yetirilməməsi faktını, eyni zamanda işlərin görülməsinə dair işlərin təhvil təslim aktını, iddiaçının xidməti yerində olmamasını və digər mühüm əhəmiyyət kəsb edən faktorları nəzərə almamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin qanuni nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə cavabdeh tərəfindən qismən-iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-304/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarından görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli TRN- LG03-2116 nömrəli müqavilə üzrə keyfiyyətə nəzarət və zəmanət müfəttişi xidməti göstərilmişdir. Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xidmətlərin dəyəri işin tamamlanması aktına əsasən sifarişçi tərəfindən nağq qaydada və ya köçürmə yolu ilə ödənilir.
18. İşin mübahisəsiz halıdır ki, müqaviləyə cavabdeh tərəfindən elektron poçt vasitəsilə iddiaçıya göndərilmiş məktuba əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
19. Cavabdeh apellyasiya şikayətində 2022-ci ilin aprel və may ayları üzrə iddiaçı tərəfindən xidmətin göstərilmədiyini bildirsə də, birinci instansiya məhkəməsinə bu barədə mötəbər sübutlar (pretenziya, xəbərdarlıq məktubu və s) təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya elektron poçt vasitəsi ilə işlərin iyun ayından dayandırılması ilə bağlı göndərilmiş məktubda da, onun iyun ayınadək əvvəlki aylarda xidməti yerinə yetirmədiyi və buna görə də ödənişlərin həyata keçirilməyəcəyi barədə hər hansı qeyd yoxdur.
20. Tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, muqavilə üzrə yerinə yetirilmiş xidmətlər barədə hesabatlar cavabdehin nəzarətində olan xüsusi proqram təminatı -“Pcloud proqramı” vasitəsilə iddiaçı tərəfindən sistemə yerləşirilmiş və sifarişçi tərəfindən qəbul edilərək təsdiqlənmişdir. İddia ərizəsində qeyd edilənlərə əsasən cavabdehin müqavilə üzrə tapşırığı əsasında iddiaçı ünvan 1 ünvanında yerləşən zavodun (neft emalı zavodu) 63-cü sahəsində yerləşən 8 ədəd 63-T-001 Methanol çəninin qaynaq işlərinin keyfiyyətinə nəzarət etmiş, hər gün zavodun 6-cı qapısından içəri girərək iş sahəsinə getmiş və müvafiq işləri (xidmətləri) həyata keçirmişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin izahatları və iddiaçının bank hesabından çıxarış əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 7 ay üçün ödəniş edilmiş, yalnız 4 ay üçün təhvil-təslim aktı tərtib edilmiş, 2022-ci ilin yanvar, fevral, mart ayları üçün iddiaçı tərəfindən göstərilmiş xidmətin dəyəri göndərilmiş elektron qaimələrə əsasən, işin tamamlanması aktı olmadan ödənilmişdir. 2022-ci ilin aprel və may ayları üzrə cavabdehə göstərilmiş xidmətlə bağlı elektron qaimə göndərilmiş, cavabdeh həmin qaimələrə hər hansı etiraz bildirməsə də, həmin aylar üzrə ödənişi həyata keçirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, belə olan halda aprel və may ayları üzrə təhvil-təslim aktının olmaması ödənişdən imtina üçün əsas ola bilməz.
22. Cavabdeh aprel və may aylarında iddiaçının hər gün iş yerində olmadığını qeyd etsə də bu hal və ümumiyyətlə iddiaçının xidməti hər gün iş yerinə gəlməklə həyata keçirilməli olduğuna dair öhdəliyi olduğu iş materialları ilə təsdiq olunmur. İddiaçı işdə bunu təsdiq edən email yazışmaları və Təlimat olduğunu bildirsə də, müəyyən edilmişdir ki, istinad edilən sənəd birinci instansiya məhkəməsində işə baxılarkən sistemə yüklənsə də tərcümə mətni məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində aparıldığından tərəflər digər dillərdə olan yazılı sübutları tərcümə etdirərək məhkəməyə təqdim etməlidirlər. Cavabdeh tərəfin tərcümə edilmədən ingilis dilində təqdim etdiyi sənədlərin məzmunu aydın olmadığından məhkəmə tərəfindən sübut qismində qəbul edilmir.
23. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar sübutlarla təsdiq edilmədiyindən mübahisələndirilən hissədə qətnamə ləğv edilə bilməz.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 304/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-304/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.