Məhkəmə qərarları › İş №2-2(103)-588/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-588/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-588/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə2, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh “Paşa İnşaat" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-483/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və “Paşa İnşaat" MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Podratçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh1 MMC arasında 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı “Dəniz Mall”da yanğınsöndürmə sistemlərinin quraşdırılması işlərini görməyi, sifarişçi isə həmin işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə görülməli olan işlərin dəyəri əvvəlcə 808.805,57 manat müəyyən edilsə də, sonradan xx.xx.2018-ci il tarixdə müqavilənin qiymətində dəyişiklik edilmiş (Contract Amendment) və görülməli işlərin dəyəri 855.409,52 manat (505.567,17 ABŞ dolları) müəyyən edilmişdir. Həmin müqavilə üzrə cəmi 502.567,17 ABŞ dolları məbləğində işlər görülmüş və İddiaçı MMC-yə cəmi 465.476,43 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.

2. Podratçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh2 MMC arasında 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı “Knightsbridge Paketi T7005 CY6 üçün MEP işləri” üzrə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı Ağ şəhərdə yerləşən Knightbridge layihəsi üzrə işləri görməyi, sifarişçi isə həmin işlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə görülməli olan işlərin dəyəri əvvəlcə 3.581.263,96 manat müəyyən edilsə də, sonradan xx.xx.2019-cu il tarixdə müqavilənin qiymətində dəyişiklik edilmiş (Contract Amendment) və görülməli işlərin dəyəri 4.057.815,04 manat (2.258.801,91 ABŞ dolları) müəyyən edilmişdir. Həmin müqavilə üzrə cəmi 2.258.801,9 ABŞ dolları məbləğində işlər görülmüş və İddiaçı MMC-yə cəmi 2.133.763,01 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və “Paşa İnşaat" MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 63.054,33 manat pul vəsaiti və 11.349,77 manat əlavə dəyər vergisi, ümumilikdə 74.404,1 manat pulun Cavabdeh1 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, 212.566,11 manat pul vəsaiti və 38.261,89 manat əlavə dəyər vergisi, ümumilikdə 250.828 manat pulun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 800 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, Cavabdeh1 MMC ilə bağlanan 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilə üzrə öhdəliklər İddiaçı MMC tərəfindən icra olunmuş və 20 noyabr 2018-ci il tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında şəhadətnamə (sertifikat)” imzalanmışdır. 11 dekabr 2018-ci il tarixində tərəflər arasında yekun hesablaşma sənədi imzalanmışdır. Yekun hesablaşma sənədində işlərin ümumi dəyəri ƏDV xaric 502.567,17 ABŞ dolları (854.474,81 manat) müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən EAAC 536014, EAAD 454002, EAAE 057236, EAAH 013033, EAAO 325828, nömrəli elektron qaimələr təqdim olunmuşdur. Təqdim olunmuş qaimələr üzrə Cavabdeh1 MMC tərəfindən 791.420,50 manat ödəniş edilmişdir. Lakin qaimələr üzrə ƏDV xaric 63.054,33 manat (37.090,09 ABŞ dolları) ödənilməmiş məbləğ qalmışdır. 22 yanvar 2020-ci il tarixində tərəflər arasında digər bir yekun hesablaşma sənədi imzalanmışdır. Yekun hesablaşma sənədində qüsurlara görə öhdəlik daşıma müddəti ərzində əks xərclərin tətbiq olunacağı təqdirdə iddiaçıya ödənilməmiş qalan 63.054,3 manat (37.090,09 ABŞ dolları) məbləğin iddiaçıdan tutulması nəzərdə tutulmuşdur. Qüsurlara görə öhdəlik daşıma müddəti 2020-ci ilin noyabr ayında bitmişdir. Belə ki, müqaviləyə 1 saylı qoşmaya əsasən görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti 24 ay müəyyən edilmişdir. İddiaçının işində hər hansı qüsurlar olmamış və ya hər hansı qüsurların aradan qaldırılması ilə bağlı tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən iddiaçıya müraciət olunmamışdır. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 20 fevral 2017ci il tarixli 1330/SC-0038 saylı müqavilə üzrə öhdəliklər də İddiaçı MMC tərəfindən icra olunmuş və 04 dekabr 2019-cu il tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında şəhadətnamə (sertifikat)” imzalanmışdır. 17 yanvar 2020-ci il tarixində tərəflər arasında yekun hesablaşma sənədi imzalanmışdır. Müqaviləyə edilmiş dəyişiklikdə və yekun hesablaşma sənədində işlərin ümumi dəyəri ƏDV xaric 2.558.801,90 ABŞ dolları müəyyən edilmişdir. Eyni zamanda görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti ərzində əks xərclərin tətbiq olunacağı təqdirdə ƏDV xaric 212.566,11 manat (125.038,09 ABŞ dolları) qeyd olunan məbləğdən tutulması nəzərdə tutulmuşdur. Lakin görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti 04 dekabr 2021-ci ildə tarixində bitmişdir. İddiaçının işində hər hansı qüsurlar olmamış və ya hər hansı qüsurların aradan qaldırılması ilə bağlı tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən iddiaçıya müraciət olunmamışdır. Lakin Cavabdeh2 MMC-yə qalan 212.566,11 manat (125.038,09 ABŞ dolları) məbləğin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də ödəniş aparılmamışdır.

5. Cavabdeh1 MMC iddiaya etiraz edir və bildirir ki, iddiaçının qeyd etdiyi kimi 20 noyabr 2018-ci il tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında sertikifikat” imzalanmışdır. Sözügedən sertifikat ancaq siyahı üzrə görülmüş işlərin qəbul edilməsidir, lakin ümumilikdə müqavilədə nəzərdə tutulmuş işlərin və öhdəliklərin müqavilə üzrə qeyd edilmiş icra müddətlərində, yəni tam vaxtında icra edilməsi demək deyil. Bundan başqa həmin sertifikat üzrə natamam və nöqsanları işlərin siyahısı əlavə olunaraq və iddiaçı tərəfindən imzalanaraq təsdiq edilmişdir. İddiaçı yerinə yetirilmiş işlərin natamam və nöqsanlı yerinə yetirmişdir. Bu nöqsanlar barəsində Cəmiyyət tərəfindən dəfələrlə digər tərəfə yazılı və şifahi (təşkil olunmuş görüşlərdə) şəkildə məlumat vermişdir. Müqavilənin 3.7-ci bəndinə əsasən iddiaçı öz öhdəliklərini icra etmədiyi təqdirdə, Cəmiyyət tərəfindən bu öhdəliklərin icrası hissəsində digər üçüncü şəxslər tərəfindən aparıla bilər və bu görülən işlərin məbləğləri iddiaçıya ödənilməli olan məbləğdən tutulur. Hər hansı bir tikinti layihəsində bir mərhələ bitməmiş digər işlərin başlanmasını tam və ya qismən mümkün olmur, bu da Cəmiyyətə əlavə olaraq layihənin ümumi inşa edilməsi planın icra müddətin uzadılması və ümumi olaraq əlavə xərclərin olmasıdır. Bu səbəbdən tikinti layihənin hər hansı bir mərhələsinin natamam və ya nöqsanlı olmasının digər növbəti mərhələrin gecikməsinə və dayanmasına səbəb olur, buna görə Cəmiyyət bu nöqsanları iddiaçı tərəfindən dərhal aradan qaldırılmadığı üçün bir neçə dəfə müraciət etmişdir. Müqaviləyə əsasən üçünçü şəxslərə müraciət edərək, iddiaçının qeyd etdiyi xx.xx.2018-ci il tarixli yekun hesabat sənədində ümumi görülən işlərin dəyəri 502.567,17 (ABŞ dolları) məbləğindən, 37.090,09 ABŞ dollar əskik ödənilməsi əsaslıdır. Belə ki, namatam və nöqsanlı işlər barədə bir neçə dəfə iddiaçıya həm yazılı həm də şifahi məlumat verilmiş, bundan başqa, həm “İşlərin praktiki tamamlanması haqqında sertifikat”ında, həm də xx.xx.2020-ci il tarixli sonuncu yekun hesabatda qeyd edilərək və iddiaçı tərəfindən imzalanaraq qəbul edilib və təsdiqlənib. Müqavilə üzrə cəmiyyət tərəfindən öhdəliklər tam icra edilmiş və iddiaçının hər hansı bir məcburi ödənişlər ilə bağlı yaranmış borcun ümumiyyətlə Cəmiyyətə aidiyyəti yoxdur. Vergi ödənişləri ilə bağlı akt, məhkəmə qərarı və digər sənədlər, tərəflər arasında olan müqaviləyə və iddia predmetinə aid deyil.

6. Cavabdeh2 MMC də iddiaya etiraz edir və bildirir ki, iddiaçının qeyd etdiyi kimi 04 dekabr 2019-cu il tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında sertikifikat” imzalanmışdır. Sözügedən sertifikat yalnız siyahı üzrə görülmüş işlərin qəbul edilməsidir, amma ümumilikdə, müqavilədə nəzərdə tutulmuş işlərin və öhdəliklərin müqavilə üzrə qeyd edilmiş icra müddətlərində, yəni tam vaxtında icra edilməsi demək deyil. Belə ki, müqavilədə işlər 4 mərhələdən ibarət idi və hər bir işin icra müddəti mövcud idi. Müqavilə üzrə icra müddətlərin dəyişdirilməsi tərəflər arasında hər hansı bir imzalanmış və təsdiqlənmiş formada mövcud olmamışdır. İddiaçı işlərin hər 4 mərhələsi üzrə müəyyən gecikmələr ilə işləri yerinə yetirmişdir. Bu gecikmələr barəsində cəmiyyət tərəfindən dəfələrlə digər tərəfə yazılı və şifahi (təşkil olunmuş görüşlərdə) şəkildə məlumat verilməsinə baxmayaraq, bütün mərhələlərdə gecikmələr baş vermişdir. Bağlanmış müqavilə üzrə hər hansı bir tikinti layihəsində bir mərhələ bitməmiş digər mərhələyə dair işlərin başlanması tam və ya qismən mümkün olmur, bu da cəmiyyət üçün əlavə olaraq layihənin ümumi inşa edilməsi planı üzrə icra müddətinin uzadılması və ümumi olaraq əlavə xərclərin yaranmasına səbəb olur. Bu səbəbdən tikinti layihəsinin hər hansı bir mərhələsində gecikmənin qarşısının alınması üçün Mülki Məcəlləyə uyğun olaraq müəyyən dəbbə (cərimə) məbləğləri müqavilədə müəyyən edilmişdir. Müqavilənin 7.4.9-cu bəndində hər gecikdirilmiş həftə üçün Cəmiyyət tərəfindən iddiaçıdan müqavilənin ümumi dəyərinin 1% məbləğində tutulması qeyd edilib. Cəmi cərimə məbləğin ümumi müqavilənin dəyərinin 10% artıq olmaması müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə iddiaçı tikinti layihəsini tikinti zamanı çıxan bütün tullantılardan təmizləməlidir. Lakin iddiaçı bunu etmədiyinə görə həmin iş Cəmiyyətlə üçüncü şəxs arasında bağlanmış müqavilə əsasında Cəmiyyətin hesabına həyata keçirilmişdir. Müqavilənin 3.7-ci bəndinə əsasən iddiaçı öz öhdəliklərini icra etmədiyi təqdirdə, Cəmiyyət tərəfindən bu öhdəliklərin icrası hissəsində digər üçünçü şəxslər tərəfindən aparıla bilər və bu görülən işlərin məbləğləri iddiaçıya ödənilməli olan məbləğdən tutulur. Gecikmələr və digər tutmalar barədə bir neçə dəfə iddiaçıya həm yazılı, həm də şifahi məlumat verilmiş, bundan başqa, xx.xx.2020-ci il tarixli yekun hesabat iddiaçı tərəfindən imzalanaraq (öz iradə ifadəsini bildirərək) qəbul edilib və təsdiqlənib. Həmin yekun hesabata görə cəmi 125.038,089 ABŞ dolları məbləğində tutmalar həyata keçirilmiş və iddiaçı tərəfindən qəbul edilərək imzalanıb, təsdiqlənmişdir. İddiaçının gecikmə müddəti 113 həftə təşkil edib. Lakin Müqavilənin 7.4.9-cu bəndinə uyğun olaraq cərimə məbləğinin yuxarı hissəsi müqavilənin ümumi məbləğinin 10 % təşkil etməsini nəzərə alaraq 210.551,12 ABŞ dolları məbləğ iddiaçıdan tutula bilər. Cəmiyyət tərəfindən isə yalnız 125.038,089 USD məbləğini iddiaçıdan tutulmuşdur. Müqavilə üzrə Cəmiyyət tərəfindən öhdəliklər tam icra edilmişdir. İddiaçının hər hansı bir məcburi ödənişlərlə bağlı yaranmış borcun ümumiyyətlə Cəmiyyətə aidiyyəti yoxdur və bu, iddiaçının öz məsuliyyəti və öhdəlikləridir. Vergi ödənişləri ilə bağlı akt, məhkəmə qərarı və digər sənədlər, Tərəflər arasında olan müqaviləyə və iddia predmetinə aid deyil.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-483/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 63.053 (altmış üç min əlli üç) manat 15 (on beş) qəpik, əsas borcun ƏDV məbləği olaraq 11.349 (on bir min üç yüz qırx doqquz) manat 56 (əlli altı) qəpik, cəmi 74.402 (yetmiş dörd min dörd yüz iki) manat 71 (yetmiş bir) qəpik məbləğində pulun Cavabdeh1ndən tutularaq İddiaçınə verilməsi, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılan xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 212.564 (iki yüz on iki min beş yüz altmış dörd) manat 75 (yetmiş beş) qəpik, əsas borcun ƏDV məbləği olaraq 38.261 (otuz səkkiz min iki yüz altmış bir) manat 88 (səksən səkkiz) qəpik, cəmi 250.826 (iki yüz əlli min səkkiz yüz iyirmi altı) manat 63 (altmış üç) qəpik məbləğində pulun “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilməsi, dövlət rüsumunun əvəzi olaraq 615 (altı yüz on beş) manat məbləğində pulun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2ndən tutularaq İddiaçınə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. “Paşa İnşaat" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməsi barədə qərar verərkən iddiaçının 2 ilə yaxın müddətə müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirilməsini, müqavilə üzrə cərimələrin mövcud olmasını və gecikmə ilə bağlı iddiaçıya bir neçə yazılı bildirişlərin göndərilməsinı qeyd etməmişdir. Beləliklə, məhkəmə yalnız müqavilənin şərtlərinə görə işlər təhvil verildikdən sonra onların istismarı zamanı 24 ay ərzində hər hansı bir qüsurun olmamasına əsaslanmış, lakin işlərin təhvil verilmə anınadək olan 2 ilə yaxın müddət gecikməsini, müqavilənin şərtində icra müddətinin gecikməsinə görə qeyd edilən cərimə məbləğini və bunun nəticəsi olaraq yekun hesablaşma sənədində göstərilən cərimələrin tutulmasını, bu yekun hesablaşma sənədinin iddiaçı tərəfindən imzalanaraq təsdiq edilməsini, gecikmə ilə bağlı Cavabdeh2 MMC-nin bir neçə yazılı məktubları ümumiyyətlə nəzərdən keçirilməmişdir. Ümumiyyətlə məhkəmə nəzərə almamışdır ki, mübahisənin əsası istismar zamanı yaranan qüsurların olub-olmaması deyil, yekun hesabat sənədində öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində 125.038,089 ABŞ dolları məbləğində vəsaitin tutulması ilə bağlı olmuşdur.

10. Cavabdeh1 MMC-nin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, 20 noyabr 2018-ci il tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında sertikifikat”da göstərilən natamam və nöqsanları olan işlərin siyahısı göstərilmişdir. Həmin sertifikat üzrə natamam və nöqsanları olan işlərin siyahısı və yekun ödəniş sənədində bu qüsurlara görə müqavilənin ümumi məbləğindən çıxırılmasını/tutulmasını iddiaçı tərəfindən imzalanaraq təsdiq və qəbul edilmişdir. Lakin bu hallara məhkəmə tərəfindən baxılmamış və iddiaçıdan bununla bağlı, yəni qüsurların olmaması və digər sübütların verilməsi istənilməmiş və bu dəlilləri nəzərdən keçirməmişdir. Məhkəmə yalnız müqavilənin şərtlərinə görə işlər təhvil verildikdən sonra onların istismarı zamanı 24 ay ərzində hər hansı bir qüsurun olmamasına əsaslanmışdır. Lakin işlərin təhvil verilmə anınadək olan qüsurlu və natamam işlərini, onların mövcud olduğu təqdirdə (tərəflərin hər ikisinin imzası ilə şəkildə təsdiq edilmişdir) ümumiyyətlə nəzərdən keçirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdehlərin nümayəndə və vəkilləri Nümayəndə1, Vəkil3 Tamerlan oğlu və cavabdeh “Paşa İnşaat" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə etdilər, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətlərinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 347.1-ci maddəsinin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (347.1).

14. Həmin Məcəllənin 347.2-ci maddəsinin tələblərinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

15. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

19. Belə ki, hər iki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir.

20. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Hazırki işdə isə həmin maddənin tətbiq edilməsi və cavabdehlərdən muzdun tutulması üçün əsaslar mövcud deyildir. (Cavabdeh1 MMC ilə bağlanan 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqaviləyə münasibətdə)

22. Belə ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilənin bağlanması, müqavilə üzrə görülməli olan işlərin dəyərinin əvvəlcə 808.805,57 manat müəyyən edilməsi, sonradan xx.xx.2018-ci il tarixdə müqavilənin qiymətində dəyişiklik edilərək (Contract Amendment) və görülməli işlərin dəyərinin 855.409,52 manat (505.567,17 ABŞ dolları) müəyyən edilməsi, müqavilə üzrə cəmi 502.567,17 ABŞ dolları məbləğində işlərin görülməsi və İddiaçı MMC-yə cəmi 465.476,43 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.

23. Hazırda mübahisəli məqam ödənilməli olan muzdun məbləği ilə bağlıdır.

24. Belə ki, iddiaçı bildirir ki, o, işləri görmüş, lakin Cavabdeh1 MMC ƏDV xaric 63.054.33 manatı (37,090.09 ABŞ dolları) (həmçinin əlavə olaraq 11.349,77 manat ƏDV məbləğini) ona ödəməmişdir.

25. Cavabdeh1 MMC isə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4.9-cu bəndinə hər gecikdirilmiş həftə üçün Cəmiyyət tərəfindən iddiaçıdan müqavilənin ümumi dəyərinin 1% məbləğində tutulması qeyd edilib. Cəmi cərimə məbləğin ümumi müqavilənin dəyərinin 10% artıq olmaması müəyyən edilmişdir. Hazırda da iddiaçı işləri natamam gördüyünə görə ona cərimə tətbiq edilmişdir. Eyni zamanda cərimə məbləği 10% deyil, güzəşt olaraq 5%-dən hesablanmışdır. Ona görə də, haqlı olaraq 37,090.09 ABŞ dollar əskik ödənilmişdir.

26. İddiaçı isə həmin dəlilə etiraz edir və bildirir ki, işlərin natamam görülməsi sifarişçinin istəyinə uyğun olmuş və onlar tərəfindən razılaşdırılmışdır. Həmçinin onun işində hər hansı qüsurlar olmamış və ya hər hansı qüsurların aradan qaldırılması ilə bağlı tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən iddiaçıya müraciət olunmamışdır.

27. Kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri əsassızdır.

28. Belə ki, işdən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilə üzrə yekun hesablaşma sənədi tərtib edilərək, imzalanmışdır.

29. Həmin hesablaşma sənədindən göstərilmişdir ki, görülmüş işlərin ümumi dəyəri 502.567,17 ABŞ dolları təşkil etmiş, həmin məbləğə 37.090,74 ABŞ dolları əks xərclər tətbiq olunmuş və yekun ödənilməli olan məbləğin həcmi 465.476,43 ABŞ dolları müəyyən olunmuşdur (həmin məbləğ iddiaçıya ödənilmişdir).

30. İddiaçı tərəfindən həmin sənədin təsdiq edilməsi işin mübahisəsiz halını təşkil edir.

31. Lakin o, bildirir ki, həmin sənədi yanılma nəticəsində imzalamışdır. Belə ki, sənəd ingilis dilində tərtib olunduğundan o, həmin sənədi oxumadan imzalamışdır. Ona görə də həmin sənəd özü-özlüyündə etibarsızdır.

32. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallara görə bu hal Mülki Məcəllənin 347-ci maddəsinin tələbləri baxımında araşdırılmalıdır.

33. Belə ki, həmin maddələrin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (347.1).

34. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (347.2, 347.2.1, 347.2.2, 347.2.3).

35. Lakin kollegiya hesab edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçı istinad etdiyi halların, yəni həmin sənədin yanılma nəticəsində imzaladığını təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

36. Sənədin ingilis dilində tərtib edilməsinə dair dəlillərə dair kollegiya qeyd edir ki, işdən görünür ki, tərəflər arasında bağlanan Ticarət müqaviləsi və bununla bağlı sonradan yaranan bütün sənədlər ingilis dilində tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi işgüzar adətlərə uyğun olaraq tərəflər arasında müqavilə münasibətləri üzrə bütün sənədlər ingilis dilində tərtib olunaraq təsdiqlənmişdir.

37. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin hala istinad etməsi əsassızdır.

38. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri 502.567,17 ABŞ dolları təşkil etmiş, həmin məbləğə 37.090,74 ABŞ dolları əks xərclər tətbiq olunmuş və iddiaçı da bununla razılaşmışdır.

39. Eyni zamanda həmin hesablaşma sənədinin 2.1-ci bəndində Ticarət Podratçısı (İddiaçı MMC) bununla sözügedən Yekun Hesabatı qəbul etdiyini və 1.7-ci bənddə qeyd olunan məbləğin yuxarıda qeyd olunan Ticarət Müqaviləsinə əsasən icra edilmiş işlərlə əlaqədar ödənilməli bütün məbləğləri əks etdirdiyinə razılıq verdiyini bildirmişdir. Ticarət Podratçısı kimi o, 1.9-cu bənddə qeyd edilmiş məbləğə Ticarət Müqaviləsinin şərt və müddəalarına uyğun olaraq ödənilməli istənilən və bütün saxlanılan məbləğlərin daxil olması barədə razılaşmışdır. Bundan əlavə, Ticarət podratçısı kimi o, 1.9-cu bənddə göstərilmiş məbləğin Ticarət Müqaviləsinə əsasən Ticarət Podratçısına ödəniləcək bütün məbləğlərin ödənilməmiş qalığını əks etdirdiyi barədə razılaşmışdır. Ticarət Podratçısı razılaşmışdır ki, Ticarət Müqaviləsinə əsasən bundan sonra Müştəriyə qarşı heç bir iddiası olmayacaq.

40. Göründüyü kimi həmin sənəd müqavilə üzrə tərtib edilmiş ən son yekun hesablaşma sənədi olmuş və həmin anadək yaranan bütün öhdəlikləri və borc məbləğini əks etdirmiş, eyni zamanda iddiaçı razılaşmışdır ki, ticarət müqaviləsinə əsasən bundan sonra müştəriyə qarşı heç bir iddiası olmayacaq.

41. Ona görə də, kollegiya hesab edir ki, hazırda iddiaçı təkrarən müqavilə üzrə ona ödənilməyən 37.090,74 ABŞ dolları (63.054,33 manat) pul vəsaiti və 11.349,77 manat ƏDV məbləğinin ödənilməsini tələb edə bilməz. Ona görə də, həmin hissədə iddia tələbi rədd edilməlidir. (Sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı müqaviləyə münasibətdə)

42. İddiaçı ilə Cavabdeh2 MMC arasında 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı “Knightsbridge Paketi T7005 CY6 üçün MEP işləri”nə dair müqavilənin bağlanması, müqavilə üzrə görülməli olan işlərin dəyərinin əvvəlcə 3.581.263,96 manat müəyyən edilməsi, sonradan xx.xx.2019-cu il tarixdə müqavilənin qiymətində dəyişiklik edilmərək (Contract Amendment) və görülməli işlərin dəyərinin 4.057.815,04 manat (2.258.801,91 ABŞ dolları) müəyyən edilməsi, həmin müqavilə üzrə cəmi 2.258.801,9 ABŞ dolları məbləğində işlərin görülməsi və iddiaçıya cəmi 2.133.763,01 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.

43. Hazırda mübahisəli məqam ödənilməli olan muzdun məbləği ilə bağlıdır.

44. Belə ki, iddiaçı bildirir ki, o, işləri görmüş, lakin Cavabdeh2 MMC 212.566,11 manat pul vəsaiti (həmçinin əlavə olaraq 38.261,89 manat ƏDV məbləğini) ona ödəməmişdir.

45. Cavabdeh2 MMC isə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4.9-cu bəndində qeyd edilmişdir ki, hər gecikdirilmiş həftə üçün Cəmiyyət tərəfindən iddiaçıdan müqavilənin ümumi dəyərinin 1% məbləğində tutulması qeyd edilib. Cəmi cərimə məbləğin ümumi müqavilənin dəyərinin 10% artıq olmaması müəyyən edilmişdir. Hazırda da iddiaçı işləri gec gördüyünə görə ona cərimə tətbiq edilmişdir. Eyni zamanda cərimə məbləği 10% deyil, güzəşt olaraq 5%-dən hesablanmışdır. Ona görə də, haqlı olaraq 212.566,11 manat əskik ödənilmişdir.

46. İddiaçı isə həmin dəlilə etiraz edir və bildirir ki, işlərin gec görülməsi sifarişçinin hərəkətləri ucbatından olmuşdur.

47. Kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri əsassızdır.

48. Belə ki, işdən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı müqavilə üzrə yekun hesablaşma sənədi tərtib edilərək, imzalanmışdır.

49. Həmin hesablaşma sənədindən görünür ki, görülmüş işlərin ümumi dəyəri 2.258.801,91 ABŞ dolları təşkil etmiş, həmin məbləğə 125.038,89 ABŞ dolları əks xərclər tətbiq olunmuş və yekun hesabatın ümumi dəyəri 2.133.763,01 ABŞ dolları müəyyən olunmuşdur.

50. İddiaçı tərəfindən həmin sənədin təsdiq edilməsi işin mübahisəsiz halını təşkil edir.

51. Lakin o, bildirir ki, həmin sənədi də digər müqavilə kimi yanılma nəticəsində imzalamışdır. Belə ki, sənəd ingilis dilində tərtib olunduğundan o, həmin sənədi oxumadan imzalamışdır. Ona görə də həmin sənəd özü-özlüyündə etibarsızdır.

52. Kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri yuxarıda qeyd olunan əsaslandırmaya görə əsassızdır və həmin mövqenin təkrarlanmasına zərurət yoxdur.

53. Beləliklə, yuxarıda qeyd olunan hesabata əsasən də müəyyən olundu ki, müqavilə üzrə görülmüş işlərin ümumi dəyəri 2.258.801,91 ABŞ dolları dolları təşkil etmiş, həmin məbləğə 125.038,89 ABŞ dolları əks xərclər tətbiq olunmuş, yekun məbləğ 2.133.763,01 ABŞ dolları müəyyən olunmuş və iddiaçı bununla razılaşmışdır.

54. Eyni zamanda həmin hesablaşma sənədinin 2.1-ci bəndində Ticarət Podratçısı (İddiaçı MMC) bununla sözügedən Yekun Hesabatı qəbul etdiyini və 1.7-ci bənddə qeyd olunan məbləğin yuxarıda qeyd olunan Ticarət Müqaviləsinə əsasən icra edilmiş işlərlə əlaqədar ödənilməli bütün məbləğləri əks etdirdiyinə razılıq verdiyini bildirmişdir. Ticarət Podratçısı kimi o, 1.9-cu bənddə qeyd edilmiş məbləğə Ticarət Müqaviləsinin şərt və müddəalarına uyğun olaraq ödənilməli istənilən və bütün saxlanılan məbləğlərin daxil olması barədə razılaşırıq. Bundan əlavə, Ticarət podratçısı kimi o, 1.9-cu bənddə göstərilmiş məbləğin Ticarət Müqaviləsinə əsasən Ticarət Podratçısına ödəniləcək bütün məbləğlərin ödənilməmiş qalığını əks etdirdiyi barədə razılaşmışdır. Ticarət Podratçısı razılaşmışdır ki, Ticarət Müqaviləsinə əsasən bundan sonra Müştəriyə qarşı heç bir iddiası olmayacaq.

55. Göründüyü kimi həmin sənəd müqavilə üzrə tərtib edilmiş ən son yekun hesablaşma sənədi olmuş və həmin anadək yaranan bütün öhdəlikləri və borc məbləğini əks etdirmiş, eyni zamanda iddiaçı razılaşmışdır ki, ticarət müqaviləsinə əsasən bundan sonra müştəriyə qarşı heç bir iddiası olmayacaq.

56. Bu baxımdan kollegiya hesab edir ki, hazırda iddiaçı təkrarən müqavilə üzrə ona ödənilməyən 212.566,11 manat (125.038,89 ABŞ dolları) pul vəsaiti (həmçinin əlavə olaraq 38.261,89 manat ƏDV) məbləğinin ödənilməsini tələb edə bilməz. Ona görə də, həmin hissədə də iddia tələbi rədd edilməlidir.

57. Birinci instansiya məhkəməsinin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, hazırki işdə cavabdehlərin etirazına uyğun olaraq həqiqətən də iddiaçının işlərində qüsurların olub-olmamasını, işlərin natamam və ya gec görülməsinin, o cümlədən müqavilə şərtlərinə uyğun olaraq 24 aylıq qüsur müddətinin ötürülüb-ötürülmədiyinin araşdırılmasına zərurət yoxdur. Çünki yuxarıda qeyd olunan və hər iki müqavilə üzrə iddiaçı tərəfindən təsdiq olunan yekun hesablaşma sənədləri ilə ən son haqq-hesablar aparılmış və iddiaçı da Ticarət Podratçısı kimi 1.9-cu bənddə qeyd edilmiş məbləğə Ticarət Müqaviləsinin şərt və müddəalarına uyğun olaraq ödənilməli istənilən və bütün saxlanılan məbləğlərin daxil olması barədə razılaşmış və hesabatları təsdiq etmişdir. Həmin hesabatların yanılma nəticəsində bağlanması barədə dəlillər isə məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə görə əsassızdır.

58. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 483/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən ödənilmiş 615 manat məbləğində dövlət rüsumları İddiaçı MMC-dən tutularaq bərabər hissələrdə cavabdehlərə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Məmməd Məmmədov

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar