Məhkəmə qərarları › İş №2-2(103)-593/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-593/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-593/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri X1, Vəkil (həm də vəkili) iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair ilkin, eyni zamanda, “xxxx” QSC-nin İddiaçı MMC-yə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi və ödənilmiş pulun qaytarılması tələbinə dair » qarşılıqlı – iddia ərizələri üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-711/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İlkin olaraq İddiaçı MMC cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 79.380,33 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddianın əsaslarına görə tərəflər arasında xx xxx 2018-ci il tarixdə bağlanmış 144 nömrəli “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmiri ilə bağlı müqavilə müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC öhəliyini yerinə yetirərək gəmini təmir etsə də, cavabdeh görülmüş işlərin dəyərini lazımınca ödəməmişdir. Belə ki, gəmidə aparılan təmir işləri zamanı müqavilə və həmin müqaviləyə 1 saylı Əlavədə qeyd edilməyən əlavə qüsurlar aşkarlanaraq zəruri əlavə işlərin görülməsi tələbi qoyulmuşdur. Qüsur aktına əsasən cavabdehin nümayəndələri tərəfindən tərtib edilərək imzalanaraq möhürlə tsdiq edilmiş və xx xxxx 2018-ci il tarixli “Razılıq protokoluna əsasən cəmi dəyəri 83.145,20 manat olan görüləcək əlavə işlərin siyahısı müəyyən edilmişdir. Müqiviləyə edilən 1 saylı Əlavəyə uyğun olaraq qüsur aktına əsasən gəmidə əlavə işlər görülmüş xx.xx.2018-ci il tarixli 03/ul-07 nömrəli aralıq akt əsasında avadanlıqların təmiri işləri yernə yetirlmiş və gəmi şəxsi heyətə və Azərbaycan Dəniz Gəmiçiliyi Regist müfəttişliyinə təhvil verilmişdir. Aralıq aktını cavabdehin nümayəndədləri: qrup mexaniki M.Məmmədov, gəmi kapitanı A.Həsənov, baş mexanik A.Əliyev imzalamış, akta “Nüsrət Şirinov” yedək gəmisinin möhürü basılmış, akt cavabdehin nümayəndəsi Məftun Abbasov tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiqlənmişdir. İddiaçı MMC tərəfindən görülən işlərin dəyəri cəmi, 240780,37 (157635,17+83145,20) manat təşkil etmişdir. Müqavilənin 5.6-cı bəndi nəzərədə tutur ki, tərəflər müqavilədə nəzərdə tutulmayan əlavə işlərin və xidmətlərin yerinə yetirilməsinə zərurət yarandığı təqdirdə, həmin əlavə işlərə və xidmətlərə görə əlavə ödənişin məbləği, ayrıca tərtib olunan qiymət razıalşması üzrə tərəflərin birgə yazılı razılığı ilə müəyyən edilə bilər, bir şərtlə ki, əlavə ödənişin ümumi məbləği müqavilə qiymətinin 15 faizindən çox olmasın. İddiaçının gördüyü işlərin müqavilə dəyərindən 15 faizdən artıq ola bilməməsi həmin müqavilə ilə nəzərdə tutulduğu üçün müqavilə dəyəriolan 202000 manatın 15 faizi 30.300 manat təşkil edir, yəni, müqavilə üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyi 232.300,00 manatdan artıq ola bilməz. İddiaçı cavabdehin tapşırdığı işləri yerinə yetirməklə bu həddi ötmüşdür. Onun gördüyü işlərin cavabdeh tərəfindən qəbul edildiyi nəzərə alınaraq, qalan məbləğ yəni, 8780,37 (240780,37-232.000) manat cavabdehin iddiaçının gördüyü işlərə görə müqavilədən kənar öhdəliyin icrası olaraq cavabdeh tərəfindən ödənilməlidir. İddiaçının bank hesabına cavabdeh tərfindən - xx.xx.2018-ci il tarixində 34237,29 manat; xx.xx.2018-ci il tarixində 17118,64 manat, xx xxxx 2018-ci il tarixində 68474,57 manat, xx xxxxxx 2018-ci il tarixində 16949,15 manat ödəniş olunmuş, beləliklə də cəmi 136.779,65 manat, ƏDV də nəzərə alınmaqla, ümumilikdə 161.400,04 manat iddiaçıya pul ödənilmiş, lakin ƏDV daxil cəmi 79.380,33 manat ödənilməmiş qalmışdır. Eyni zamanda, “xxxx” QSC xx xxxx 2020-ci il tarixli qarşılıqlı iddia ərizəsi ilə İddiaçı MMC-yə qarşı məhkəməyəmüraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi İddiaçı MMC-dən 17.498,30 manat məbləğində əlavə xərclər, habelə qüsurlu və keyfiyyətsiz işlərə görə ödənilmiş 161.400,00 manat məbləğində vəsait, cəmi 178.898,30 manat tutularaq qarşılıqlı iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə tərəflər arasında bağlanmış müqavilə üzrə podratçı öhdəliklərini bitirməməklə yanaşı gördüyü işlər və göstərdiyi xidmətləri keyfiyyətsiz icra etmişdir. Belə ki, işlərin və xidmətlərin keyfiyyətsiz icrası nəticəsində Bakı Limanı tərəfindən öz maddi imkanları və işçi qüvvəsi hesabına “Nüsrət Şirinov” gəmisində yenidən təmir işləri həyata keçirilmişdir ki, bu hallar da əlavə maliyyə itkisinə səbəb olmuşdur. Podratçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş işləri və xidmətləri müqavilnin 6.2-ci bəndinin tələbini pozaraq (80 günlük müddətində (xx.xx.2018-xx.xx.2018)) vaxtında tamamlaya bilməmiş, natamam və keyfiyyətsiz icra yarımçılıqla müşayiət olunmuşdur. Həmin tarixdən aydın olmuşdur ki, podratçı peşəkar və səriştəli işçi heyətinə malik deyil. Ona görə də zəruri iş keyfiyyətlərinə malik olmadığı üçün Liman tərəfindən yaranmış situasiyada bundan sonra ondan qüsurların aradan qaldırılmasına dair əlavə icra tələbi qoymamış və müqavilə ilə nəzərdə tutulmuş işləri öz hesabına davam etdirmişdir. İşlər keyfiyyətsiz icra edildiyi və müqavilədə nəzərdə tutulan qaydada tamamlanmaığı üçün müqavilənin 10.1-ci bəndinə uyğun olaraq müvafiq yekun sənədləşmə (təhvil-təslim sınaqlarının bitirilməsi ilə əlaqədar işlərin tamamlanması və gəminin təmirdən qəbul olunması haqqında aktın tərtibatı belə aparılmamışdır. Aparılan mütəxəssis təhlili nəticəsində tərəflərin imzaladıqları xx xxxx 2018-ci il və xx xxxx 2018-ci il - tarixli aralıq aktlarında qeyd edilmiş işlərin tamamilə qüsurlu olması aşkarlanmış və gəminin fəaliyyətində ləngimələrin qarşısını almaq məqsədi ilə həmin qüsurlar Bakı Limanı tərəfindən öz resursları hesabına aradan qaldırılmışdır. Gəmi təmirinin tamamlanması və müvafiq gəmi registri tərəfindən qəbul edilməsi məqsədi ilə Bakı Limanı qüsurların aradan qaldırılması istiqamətində zəruri işləri öz hesabına görmüşdür. Bunu təsdiq edən yazılı sübutlar kimi Bakı Limanı tərəfindən müstəqil olaraq aparılmış təmir işləri çərçivəsində 17.498,30 manat məbləğində satın alınmış və sərf olunmuş mal-materialların siyahısını əks etdirən arayış və təmir işlərində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında əmrin surəti məhkəməyə təqdim edilmişdir. Odur ki, həmin məbləğ və müqavilə əsasında podratçıya ödənilmiş 161.400,00 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-711/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunmuş, qarşılıqlı iddia isə rədd edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv edilməsini, iddiaçının ilkin iddia tələbinin rədd edilməsini və cavabdehin qarşılıqlı iddia tələbinin təmin edilməsi haqqında yeni, qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə kimi əsas prinsiplərini, maddi və prosessual hüquq noralarını pozmuş, bunun nəticəsində düzgün olmayan qətnamə çıxarmışdır. Qarşılıqlı iddiaçının təqdim etdiyi sübutları (o cümlədən: iddiaçının 2018-ci il 1 mart tarixli bəyannaməsi; “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmirə təhvil verilməsi və qəbulu haqqında 2018-ci il 18 may tarixli akt; “Nüsrət Şirinov” gəmisinin əsaslı təmiri zamanı görülən işlərin keyfiyyəti haqında 2018-ci il 15 oktyabr tarixli akt və akta qoşulmuş cədvəllər; Bakı Limanının Baş direktorunun işçilərin mükafatlandırılması haqqında 2018-ci il 18 oktyabr tarixli əmri; “Nüsrət Şirinov” gəmisində təmirdən sonra yaranmış nasazlıqlar barədə 2019-cu il 1 fevral tarixli akt və akta qoşulmuş cədvəl; 2019-cu il 16 oktyabr tarixli sifarişli poçt qəbzi; 2020-ci il 27 yanvar tarixli sifarişli poçt qəbzi; “Nüsrət Şirinov” gəmisində aparılan əlavə təmir işləri ilə bağlı 2020-ci il 5 mart tarixli arayış; X3 Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş 2020-ci il 8 iyun tarixli arayış.) MPM-in 88-ci maddəsinə zidd olaraq qiymətləndirməmiş, onlara ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Qətnamədə həmin sübutların əksəriyyəti barəsində heç bir müzakirə aparılmır və onlara toxunulmur. Sanki həmin sübutlar ümumiyyətlə, təqdim edilməmişdir. Şahidlərin ifadələrinə də heç bir əhəmiyyət verilməmiş, 14-cü səhifəsində qeyd etmişdir ki, guya cavabdeh işlərin keyfiyyətsizliyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmənin Qətnamədə gəldiyi nəticə yalnız iddiaçının təqdim etdiyi 2018-ci il 10 iyul və 15 iyul tarixli aktlara əsaslanır. Cavabdeh isə məhkəmə prosesi zamanı həmin sübutların mötəbərliyini və əsaslılığını şübhə altına qoyan bir sıra sübutlar təqdim etmişdir. Cavabdeh obyektiv sübutlara əsaslanaraq göstərmişdir ki, həmin aktlarda işin həcmi xeyli şişirdilmiş və eyni işlərə görə təkrarən ödəniş almaq cəhdləri müşahidə olunmuşdur. Buna baxmayaraq Məhkəmə bu dəlilləri nəzərə almamışdır və beləliklə qeyri-mötəbər və ziddiyyətli sübutlara əsaslanaraq növbəti pozuntuya yol vermişdir. Cavabdeh iddia ərizəsinə dair etirazda və qarşılıqlı iddia ərizəsində öz mövqeyini tərəflər arasında mövcud müqavilənin bir sıra müddəaları və Mülki Məcəlləsinin bəzi maddələri ilə əsaslandırıb. Buna baxmayaraq, məhkəmə qətnamədə maddi hüquq normaları ilə bağlı müzakirəni yalnız qarşılıqlı iddianın bir hissəsi ilə, yəni 17.498,30 manat məbləğində çəkilmiş əlavə xərclərin iddiaçıdan alınması hissəsi ilə məhdudlaşdırıb. Məhkəmə qətnamədə hüquq normalarının mətninin sadalanması ilə kifayətlənməklə, tərəflər arasında mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə münasibətdə konkret tətbiqi əsaslarını şərh etməmişdir. Bununla da Məhkəmə tərəfindən işin hallarına dair normalar üzrə əsaslandırma aparılmaq əvəzinə formal istinadlara yol verilməklə səhv nəticələrə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli Qərarında deyilir ki, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən qarşılıqlı iddiaçı “xxxx” QSCnin nümayəndələri H.Məmmədov və Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, ilkin iddiaçının peşəkar mütəxəssislərə malik olmadığını, mübahisəli yedək gəmisinini təmiri ilə görülmüş işlərə dair hər iki tərəfin təsdiq etdiyi aralıq aktları olsa da, yekun təhvil-təslim aktının mövcud olmadığını, icraçı tərəfindən görülmüş işlərin qüsurlu olduğundan sifarişçinin öz maliyyə imkanı hesabına gəminin yenidən təmir olunduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən (vəkili) X2 apellyasiya şikayəti ilə razılaşmamış, mübahisəli yedək gəmisinin şəxsi heyətə və Azərbaycan Dəniz Gəmiçiliyi Regist müfəttişliyinə təhvil verildiyini və belə təhvil olmadığı halda, gəminin suya buraxılmasınının mümkünsüz olduğunu bildrərək, birinci instansiya məhkəməsinin qətnməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk öncə qarşılıqlı iddiaçının, yəni sifarişçi “xxxx” QSC-nin iddia ərizəsindən göründüyü kimi, onun iddiası iki tələbdən ibarətdir:

1. Mübahisəli yedək gəmisindəki qüsurlarının aradan qəldırılması üçün sifarişçinin özü tərəfindən 17.498,30 manat məbləğində çəkilmiş əlavə xərcin icraçı (bundan sonra “podratçı”) İddiaçı MMC-dən sifarişçinin xeyrinə tutulması; -qüsurlu və keyfiyyətsiz işlərə görə podratçıya ödənilmiş 161.400 manat məbləğində vəsaitin geri qaytarılması. Birinci tələb onunla əsaslındırılır ki, mütəxəssis təhlili nəticəsində tərəflərin imzaladıqları xx xxxx 2018-ci il və xx xxxx 2018-ci il - tarixli aralıq aktlarında qeyd edilmiş işlərin tamamilə qüsurlu olması aşkarlanmış və gəminin fəaliyyətində ləngimələrin qarşısını almaq məqsədi ilə həmin qüsurlar sifarişçi tərəfindən öz resursları hesabına aradan qaldırılması üçün 17.498,30 manat məbləğində əlavə xərc çəkilmişdir. Qarşılıqlı iddiaçının qeyd olunan mövqeyindən belə anlaşılır ki, onun tərəfindən istinad olunan 17.498,30 manat məbləğində əlavə xərc çıxılmaqla, qalan –işlər podratçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində gəminin təmiri üçün nəzərdə tutulan, habelə, həmin müqavilənin 9.1-ci maddəsinə müvafiq olaraq yerinə yetirilmişdir. Yəni dolayısı ilə qarşılılı iddiaçı podratçının müqavilədə nəzərdə tutulan işi gördüyünü etiraf edir. Belə olan halda, sifarişçi olaraq onun tərəfindən işlərin görülməsinə görə podratçıya ödənilmiş 161.400,00 manat pulun qaytarılması barədə ikinci tələb, birinci tələbi ilə tamamilə ziddiyyət təşkil edir. Çünki, ödnilmiş pulun o halda geri qaytarılmasını irəli sürə bilərdi ki, podratçı heç bir iş görməsin, sifarişçi tərəfindən köçürülmüş puldan əsassız olaraq faydalansın, yəni əsassız olararaq varlansın. Hər bir halda, məhkəmə kollegiyası aşağıdakılara görə qarşlıqlı iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan dəlillərini əsassız sayır. Belə ki, Mülki Məəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi, tərəflər öz aralarında xx xxx 2018-ci il tarixdə “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmiri ilə bağlı 144 nömrəli müqavilə bağladıqları işin mübahisələndirilməyən halıdır. Həmin müqavilə şərtlərinə əsasən:

1. İddiaçı tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir oluna “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmir cədvəlinə uyğun olaraq cavabdehə məxsus gəminin əsaslı təmiri üzrə işləri və xidmətləri bundan sonra yerinə yetirməyi öz öhdəsinə götürür. İddiaçı işləri müqavilə ilə müəyyən edilmiş qaydada cavabdehə təhvil verir. Cavabdeh isə öz növbəsində işləri təhvil alır. Müqaviləyə əsasən, işlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya ödəyir. 2.2 .İşlər tender təklifinə və bu müqavilənin 1 nömrəli əlavəsində təsvir olunan əsaslı təmir cədvəlinə əsasən həyata keçirilir. 5.1.Bu müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən icra edilən işlərin işlərin ümumi dəyəri 202.000 (iki yüz iki min) manat təşkil edir. 6.2. Tərəflər razılaşırlar ki, iddiaçı bu müqavilənin imzalandığı müddətdən sonrakı 3 təqvim günü ərzində, lakin hər bir halda xx xxx 2018-ci il tarixindən gec olmayaraq Gəmidə İşlərinin görülməsinə başlayır və 80 təqvim günü ərzində yekunlaşdırır və gəmini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada cavabdehə təhvil verir. 6.3. Gəmidə işlərin 50 faizi hissəsi tamamlandıqdan sonra tərəflər işlərin aralıq qəbul edilməsi haqqında akt imzalayırlar. 6.4.Gəmidə işlərin yekunlaşdırılması tarixi, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən işlərin tamamlanması və gəminin təmirdən qəbul olunması haqqında aktın imzalanmasının tarixi hesab edilməlidir. Həmin akta işlərin yekun qiyməti daxil edilməlidir. Həmin müqavilənin 1 nömrəli Əlavəsinə əsasən gəminin əsaslı təmir cədvəli üzrə yükun məbləğ, 18 faiz ƏDV nəzərə alınmaqla, 202.000 manat təşkil edir. İş materiallarından görünür ki, podratçı İddiaçı MMC öhdəsinə götürdüyü işələrin görülməsi məqsədilə xx xxx 2018-ci il tarixli “xxxx” MMC ilə müqavilə bağlamış və sonuncu (icraçı) həmin müqavilə əsasında özünə məxsus “PLAVDOK-2” üzən tərsanədən istifadə edərək sifarişçiyə məxsus “N.Şirinov” yedək gəmisinin “Tərsanə təmir işlərinin cədvəli” əsasında təmiri işlərini yerinə yetirməsni öhdəsinə götürmüşdür (“Tərsanə təmir işlərinin cədvəli”ndə gəminin tərsanə təmirinin həcmi və dəyəri əsasən razılaşdırılma yolu ilə müəyyən edilməsi nəzərədə tutulmuşdur). İşə əlavə olunmuş xx xxx 2018-ci il tarixli “Nüsrət Şirinov” gəmisinin üzən tərsanə təmirinə qəbul aktına əsasən gəmi xx xxx 2018-ci il tarixindən “Plavdok-2” üzən tərsanəyə təmir üçün qəbul edilmiş, xx xxxx 2018-ci il tarixdə həmin gəminin tərsanədən düşmə aktından isə görünür ki, gəminin “Plavdok-2” üzən tərsanədə təmir işləri başa çatmış və həmin tarixdə tərsanədən düşürülmüşdür. Eyni zamanda, işə əlavə olunmuş xx xxxx 2018-ci il tarixli “N.Şirinov” yedək gəmisində qüsur aktına əsasən razılaşdırılan qiymət haqqında razılıq protokolundan görünür ki, həmin protokolla tərəflər arasında gəmidə aşkar olunan qüsurlar və əlavə görüləcək işlərlə bağlı ƏDV daxil, cəmi, 83145,2 manat dəyərində işlər görüməsi razılaşdırılmışdır. Həmin Protokolun qeydindən isə görünür ki, tərəflər razılığa gəlmişlər ki, bu protokol hər iki tərəfin qarşılıqlı hesablaşmaları üçün əsas sayılır. Eyni zamanda, xx xxxx 2018-ci il tarixdə hər iki tərəfin rəhbərlik səviyyəsində imzalayıb, müəssisələrin dairəvi möhürləri ilə təsdiq olunmuş təmir işlərinin aralıq aktından görünür ki, sifarişçi craçı tərəfindən 157.635,17 maqat məbləğində təmir işləri görüldyünü qəbul etmiş və razılığa gəlmişlər ki, həmin akt tərəflər arasında qarşılıqlı hesablaşmalar üçün əsasdır. Tədqiq olunan sübutlardan göründüyü kimi, tərəflər arasında xx xxx 2028-ci il tarixdə müqavilə bağlandıqdan sonra, müqavilə şərtlərinə uyğun olaraq gəmidə podratçı “xxxx” MMC tərəfindən gəminin təmiri istiqamətdə işlər görülmüş, o cümlədən, gəmi təmir olunması üçün xx xxx 2018-ci il tarixində tərsanəyə qaldlırılmış, xx xxxx 2018-ci il tarixdə təmir işləri tamamlanaraq tərasanədən suya endirilmiş və sifarişçi bu barədə tərtib olunmuş aktı imzalayıb təsdiq etməklə, podratçının tərəfindən gəmidə 157.635,17 maqat dəyərində işlərin görüldünü və bu göstəricinin qarşılıq hesablaşma üçün əsas olduğunu qəbul etmişdir. Bununla yanaşı işdən görünür ki, tərəflər arasında imzanmış xx xxxx 2018-ci il tarixdə gəmidə yerinə yetirilmiş təmir işlərinin 03/ul-07 nömrəli akta əsasən müəyyən olunur ki, bağlanmış müqaviləyə 1 nömrəli Əlavəyə uyğun olaraq qüsur aktları (işdən görünür ki, 06, 22, 10 və xx xxxx 2018-ci il tarixlərdə qüsur aktları) əsasında podratçı tərəfindən avadanlqıların təmir işləri yerinə yetirilərək sifarişçiyə təhvil verilmiş, sonuncu tərəfindən isə həmin işlər qəbul edilmişdir. Həm də eyd olunmalıdır ki, həmin aktla təmir işləri tam görülərək həm gəminin şəxsi heyyətinə, həm də Azərbaycan Dəniz Gəmiçiliyi Registr müfəttişliyinə təhvil verilmişdir. Aktda qeyd olunur ki, yerinə yetirilmiş təmir işləri tələb olunan texniki şərtlərə cavab verir və sifarişçinin nümayəndələrinin görülən işlərə iradı yoxdur. Beləliklə, tədqiq olunan akta əsasən müəyyən edilən hallar onu deməyə əsas verir ki, aşkar olunan qüsurlar aradan qaldırılmaqla və tərəflərin qeyd olunan razılaşdırımış protkolda nəzərdə tutduğu əlavə işlər də olmaqla, podratçı tərəfindən ümumilikdə 240.780,37 (157.000+83145,20) manat dəyərində işlər görülərək, müqavilənin 6.2-ci bəndinədə nəzərədə tutuluduğu kimi 80 təqvim günü ərzində təmir işləri yekunlaşdırmış və gəmi həm sifarişçiyə, həm də “Gəmilərin təmiri haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan Dəniz Gəmiçiliyi Registr Müfəttişliyinə təhvil verilmişdir. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, sifarişçi tərəfindən gördüyü 240.780,37 dəyərində təmir işləri müqabilində podratçıya, cəmi, ƏDV daxil, 161.400,0 manat məbləğində ödəniş olunmuşdur. Yəni, 79.380,33 (240.780,37-161.400,04) manat məbləğində pul ödənilməmişdir. Sifarişçi qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, bu mövqeyini onunla əsaslandırmışdır ki, işlər vaxtında görülməmiş, keyfiyyətsiz və qüsurlu görülmüşdür. Halbuki, işin tədqiq olunan sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, gəmini təhvil alaraq istismara qəbul etmiş və podratçıya ödəməli olduğu borcunun 80 faizindən çoxunu ödəmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, göstərir ki, tərəflər müqavilənin 9.4-cü bəndinə müvafiq olaraq yekun təhvil-təslim aktı imzamasa da, faktiki olaraq işi yekunlaşmış hesab etmişlər və sifarişçi ödənişlə bağlı üzərinə düşən öhdəlyinin əksər hissəsi belə icra etmişdir. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məcəllənin qeyd olunan tələbləri və işin müəyyən olunan halları baxımından məhkəmə kollegiyası hesab edir ki, sifarişçi tərəfindən gəmidə aparılan təmir işləri qəbul edilmiş hesab olunmalıdır. Belə olan halda isə o, üzərinə götürdüyü müqavilə öhdəliyini lazmınca yerinə yetirməyə, o cümlədən qalıq borcunu podratçıya ödəməyə borcludur. Qarşılıqılı iddiaçının hazırkı apellyasiya şikayətində tərəfindən təqdim edilən sübutların (2018-ci il 1 mart tarixli bəyannaməsi; “Nüsrət Şirinov” yedək gəmisinin əsaslı təmirə təhvil verilməsi və qəbulu haqqında 2018-ci il 18 may tarixli akt; “Nüsrət Şirinov” gəmisinin əsaslı təmiri zamanı görülən işlərin keyfiyyəti haqında 2018-ci il 15 oktyabr tarixli akt və akta qoşulmuş cədvəllər; Bakı Limanının Baş direktorunun işçilərin mükafatlandırılması haqqında 2018-ci il 18 oktyabr tarixli əmri; “Nüsrət Şirinov” gəmisində təmirdən sonra yaranmış nasazlıqlar barədə 2019-cu il 1 fevral tarixli akt və akta qoşulmuş cədvəl; 2019-cu il 16 oktyabr tarixli sifarişli poçt qəbzi; 2020-ci il 27 yanvar tarixli sifarişli poçt qəbzi; “Nüsrət Şirinov” gəmisində aparılan əlavə təmir işləri ilə bağlı 2020-ci il 5 mart tarixli arayış; X3 Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş 2020-ci il 8 iyun tarixli arayış.) araşdırılmadığını mübahisələndirən dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Birincisi, qarşılıqlı iddiaçını həmin sübutlarla hansı halları sübut etmək niyyətində olması ilə bağlı mövqeyi aydın deyil. Hər bir halda, məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən həmin sənədlərdə təsbit olunan məlumatların sübut əhəmiyyətli məlumatlar kimi qəbul edilməsi istisna olunur. Birincisi, tərəflər arasında müqavilə xx.xx.2018-ci il tarixdə bağlandığı və 10 və xx xxxx 2018-ci il tarixlərdə işlərin görülməsinə dair aktlar imzalandığı halda, xx.xx.2018-ci il tarixli bir bəyannaməyə istinad olunması başa düşülən deyil. İkincisi, gəminin əsaslı təmirə təhvil verilməsi və qəbulu haqqında isinad olunan 2018-ci il 18 may tarixli akta gəldikdə, birtərəfli qaydada imzalanmış həmin akt - tərəflər arasında, gəmidəki qüsurla bağlı yerinə yetirilmiş təmir işlərinə dair xx xxxx 2018-ci il tarixdə müəssisə rəhbərləri səviyyəsində hər iki tərəf imzalanıb müəssisələrin dairəvi möhürü ilə təsdiq olunmuş akt mövcud olduğu halda mötəbər sübut kimi qəbul edilə bilməz. xx xxxx 2018-ci il tarixdə imzalanıb təsdiq olunmuş aktı həm də sifarişçi tərəfindən M.Məmmədov (qrup mexanik) A.Həsənov (gəmi kapitanı) A.Əliyev(baş mexanik) də imzalamışlar. Bu baxımdan, birinci instansya məhəməsində şahid qismində dindirilən M.Məmmədovun ifadəsində bildirdikləri sübutedici məlumatlar kimi qəbul oluna bilməz. Digər qarşılıqlı iddiaçının digər şahidlərinin də ifadələri inamyaradıcı məlumatları əks etdirmədinə görə, habelə, müqavilə şərtləri ilə görülmüş işin qəbulunun ikitərəfli aktlarla qəbul olunmasını nəzərdə tutuduğu halda, sübüt əhmiyyətinə malik məlumatlar kimi qiymətləndirilməsi istsna olunur. Eyni zamanda, apellyasiya şikayətində istinad olunan - 2019-2020-ci illlərdə tərtib olunmuş dair əmr, arayış və sair sənədlərin də, birtərəfi qaydada tərtib olunduqlarına görə sübut əhəmiyyətli sənədlər kimi qiymətlənirilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası, həmçinin sifarişçinin, onun tərəfindən müstəqil olaraq aparılmış təmir işləri çərçivəsində öz hesabına gəminin təmiri üçün 17.498,30 manat məbləğində çəkdiyi əlavə xərclərin ödənilməsi tələb də əsassızdır. Çünki Mülki Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa sifarişçi qüsuru aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi (konkret halda qarşılıqlı iddiaçı) tərəfindən isə qanunun qeyd olunan tələblərinə riayət olunduğu müəyyən edilmir. Belə ki, xx xxxx 2018-ci il tarixdə gəmi tərsanədən düşürüldükdən sonra, podratçı qüsurlar aradan qaldırılmış, 15 iyul tarixdə həmin işləri sifarişçi olaraq qəbul etmişdir. Bundan sonra qüsurlala bağlı və sifarişçi tərəfindən qüsurların aradan qaldırılması ilə bağlı podratçıya üçün hər hansı müddət təyin edilməmiş, qüsuru özü tərəfindən qaldırılacağı barədə xəbərdarlığı movcud olmamışdır. Bu baxımdan, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin olunması üçün əsaslar müəyyən olunmur. Qarşılıqlı iddianın ödənilmiş 161.400,00 manat hissəsinin qaytarılması tələbi hissəsinə gəldikdə isə, görülən işləri qəbul edib bununla da görülmüş işlərə görə borcunu etiraf edib, həmin pulu ödədyi halda, qarşılıqlı iddiaçının qeyd olunan tələbi əsassızdır. Bütün qeyd olunanlarla yanaşı həm də onu qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əasən sifarişçi icranın qüsuru barəsidə tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Konkret halda isə sifarişçi olaraq qarşılıqlı iddiaçı tərəfindən qanunla müəyyən edilən bir illik kəsici müddəti ötürülmüşdür. Yəni, 10 və xx xxxx 2018-ci il tarixlərdə imzalayıb müəssəsnin möhürü ilə təsdiq etdiyi aktlar əsasında gəmidə görülmüş işləri qəbul etdiyi halda, həmin işlərin qüsuru barədə tələbini podratçıya qarşı məhkəmədə, iş materiallarından görünür ki, 2020-ci ilin mart ayında irəli sürmüşdür. Qeyd olunanlardan göründüyü kimi, ilkin iddia tələbinin əsaslı olduğu sübuta yetirilsə də, qarşılıqlı iddianın təmin edilməsini zururi edən faktiki halların mövcudluğu sübuta yetirilmir. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddianın təmin edilməsi qarşılıqlı iddianın isə rədd olunması faktlar-nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirilməlidir. Ona görə də MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, həmin qətnamə ləğv edilə bilməz. Bu mənada məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-711/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-711/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar