Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-61/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçı X2 Cavabdehnə qarşı podrat müqaviləsi borcun və əldən çıxmış faydanın tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli e-2- 2(113)-146/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 27-ci binada görülən işlərə görə ümumilikdə 125561 manat; 28 saylı binada görülən işlərə görə ümumilikdə 178955 manat və 29-cu bina üçün əldən çıxmış fayda olaraq 41300 manat olmaqla, cəmi 345816 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu qismində 30 manat olmaqla, cəmi 311.460 manat məbləğində pul vəsaitinin cavabdeh ”KAT Holdinq” MMC-dən iddiaçı X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı X5 arasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında taxta, laminat və parket döşəmə və üzlüklərin quraşdırılması xidmətlərinin göstərilməsinə dair 19/008 saylı, 03.01.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən yuxarıda nəzərdə tutulmuş işlərin qiyməti hər 1 kvadrat metr üçün 54.229 manat müəyyən edilmişdir. Həmçinin görülməli olan işin ümumi həcmi 9332 kvadrat metr müəyyən edilmişdir. İcraçı müqavilə üzrə öhdəliklərini icra etməyə başlamışdır. 54,229 manat məbləğin 40.229 manatı tikinti materialı və 14 manatı isə xidmət haqqı olmuşdur. Qeyd olunmalıdır ki, ümumi həcmi 9332 kvadrat metr müəyyən edilmiş sahə 27, 28, 29 saylı üç yaşayış binasından ibarətdir. Sonradan sifarişçi icraçıya müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirməsinə mane olmuş və işlərin tam yerinə yetirilməsi üçün lazımi şəraiti yaratmamışdır. İşlərin görülməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. 27 saylı binanın layihə ilə müəyyən edilmiş 3053 kvadrat metr sahəsi ayrılmış, podratçı tərəfindən yaşayış binasına taxta, laminat və parket döşəmə və üzlüklər quraşdırılmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən nəzərdə tutulmuş işlərin qiyməti hər 1 kvadrat metr 54.229 AZN müəyyən olunaraq, 3053 x 54,229 manat = 165561 manat təşkil etsə də, sifarişçi bunun ancaq 40000 manatını ödəmişdir. 20000 manat X2 hesabına və 20000 manat laminat döşəmə alınması üçün satış məntəqəsinin hesabına köçürülmüşdür. 27 saylı binanın layihə ilə müəyyən edilmiş 3053 kvadrat metr sahəsinin təhvil verilməsi Cavabdeh MMC tərəfindən (işlərin bitməsi) təsdiqlənmişdir. Həmin sənəd cavabdehə pretenziya məktubu vasitəsilə göndərilmişdir. 28 saylı binanın layihə ilə müəyyən edilmiş sahəsi 3300 kvadrat metrdir. Həmin sahənin 433 kvadrat metr hissəsi müqavilədə nəzərdə tutulsa da, işlər başqa şəxs tərəfindən görülmüşdür. Qalan 2867 sahədə işlərin bir çox hissəsi görülmüş, sifarişçinin öhdəliklərinin gecikdirilməsi nəticəsində tamamlama işlərinin aparılması mümkün olmamışdır. 29 saylı binanın layihə ilə sahəsi 2950 kvadrat metr müəyyən edilmişdir. Həmin sahədə işlərin müqavilədə podratçı tərəfindən görülməsinin nəzərdə tutulmasına baxmayaraq, işlərin görülməsinə maneçilik törədilmişdir. Müqaviləyə heç bir dəyişiklik və əlavə edilmədən, podratçıya məlumat vermədən həmin yaşayış binasında işlərin görülməsi üçün şərait yaradılmamışdır. Buna görə də 2950 kv.m x 14 manat = 41300 manat məbləğ ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli e-2-2(113)-146/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 27 saylı binada görülən işlərə görə 122389 manat, 28 saylı binada görülən işlərə görə 72360,9 manat, ödənilmiş dövlət rüsumuna görə 17 manat olmaqla, cəmi 194766,9 manat məbləğində pulun X2 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 13 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli,e-2-2(113)-146/2021 saylı qətnaməsinin təmin edilməmiş hissədə qismən ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi 28-ci binada podratçı tərəfindən işlər görülmədiyini bildirmiş, sonradan isə cavabdeh tərəfindən 28-ci binada nə qədər işlərin görülməsi barədə ekspertiza təyin edilməsi barədə vəsatət verilmişdir. Ekspertiza keçirilən zaman isə cavabdeh tərəfindən 28-ci binanın yalnız müəyyən bir hissəsinin ekspertizasını keçirtməyə imkan yaradılmış və digər evlər cavabdeh tərəfindən qapılar açılmadığından, yəni ekspertizanın keçirilməsi üçün vəsatət verən tərəfindən şərait yaradılmadığından qalan mənzillərə baxış və ekspertiza keçirilə bilməmişdir. Cavabdeh tərəfindən 28-ci binada ekspertizanın keçirilməsi üçün ancaq 1764 kv.m sahədə şərait yaradılmış, lakin qalan 1536 kv.m sahədə ekspertizanın keçirilməsi üçün məqsədli şəkildə şərait yaradılmamışdır. Cavabdeh tərəfindən 1536 kv.m sahədə ekspertizanın keçirilməsinə mane olmaqla, şərait yaradılmamasının səbəbi həmin evlərin iddiaçıya məxsus olan xammalla tam təmir edilməsidir. Belə ki, sonuncu dəfə binaya ekspert dəvət edilərkən iddiaçı tərəfindən xammal kimi alınan 20.000 manatlıq laminat binada qoyulan yerdə tapılmamışdır və birmənalı olaraq qapısı açılmayan evlərə vurulduğu barədə iddiaçı məlumatlar almışdır. Ekspertin rəyində qeyd olunan mənzillərə ekspertizanın keçirilməsi üçün qapıların açılmamasının səbəbi də iddiaçıya məxsus laminatlardan istifadə edərək qapısı açılmayan evlərə vurularaq tam təhvil verilməsidir. Məhkəmənin 28-ci binada guya iddiaçı tərəfindən 72360,9 manatlıq işin görülməsi barədə mövqeyi tam əsassızdır. Məhkəmənin bu yanaşması ilə belə çıxır ki, cavabdeh həmin binada cəmi 3-4 mənzilə dair ekspertiza keçirilməsi üçün şərait yaratsa idi, elə məhkəmə tələbi o hissədə də təmin edəcəkdi. Məhkəmə 28-ci binada ümumi 3300 kv.m sahənin ekspertiza nəticəsində 1764 kv.m sahəsini təmin etməklə həmin hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qalan sahə ilə bağlı araşdırma aparmamış, həmin sahəyə dair əlavə ekspertiza təyin etməmiş, yerində baxış keçirməmiş və həmin hissədə səhv nəticəyə gəlmişdir. Belə ki, qətnamənin 4-cü səhifə, 3-cü abzasında qeyd edilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 10/3944 saylı ekspert rəyindən müəyyən olunur ki, 28-ci binada yerləşən, baxış zamanı ölçü işləri aparılmış mənzillər üzrə X5 tərəfindən aparılmış işlərin ümumi həcmi (sahəsi) 1764,9 kv.m, həmin sahə üzrə yerinə yetirilmiş işlərin dəyəri isə 72360, 9 manat məbləğində müəyyən olunmuşdur. Lakin həmin ekspertiza rəyinə nəzər saldıqda görünür ki, tikinti-texniki ekspertiza tədqiqatının keçirilməsi üçün cavabdeh tərəfin şərait yaratdığı sahə 1764,9 kv.m təşkil edir. Həmin rəydə qeyd edilmişdir ki, yaşayış binası 2 bloklu və 9 mərtəbəli olmaqla 72 mənzildən ibarətdir. 28-ci binanın 1-ci blokunda yerləşən 2, 4, 6, 7, 8, 13, 14, 22, 25, 26, 28, 33, 36 saylı mənzillərin və 2-ci blokda 37, 39, 40, 42, 46, 48, 49, 53, 54, 57, 59, 63, 64, 67, 71, 69 saylı mənzillərin qapısı bağlı olduğundan, həmin mənzillər üzrə ölçü işləri aparılması mümkün olmamışdır. Belə ki, ekspertiza keçirilməsi barədə vəsatət vermiş tərəf cavabdeh olmasına baxmayaraq, o mənzillərə baxış keçirilməsi üçün şərait yaratmalı olduğu halda yaratmamışdır. Buna baxmayaraq, hakim tədqiqatın tam keçirilməsi üçün qapısı açılmayan mənzillər üçün əlavə ekspertiza keçirilməsini təmin etməmiş, həmin mənzillərin qapılarının açılması barədə cavabdeh tərəfə öhdəlik qoymamış və ya həmin mənzillərin mülkiyyətçiləri varsa onları məhkəmə prosesinə cəlb etməmişdir. Bununla da obyektiv həqiqəti araşdırmaq üçün hakim kifayət qədər səy göstərməmişdir. Hazırkı qətnamə iddiaçı 3300 kv.m sahənin işini gördüyü halda cavabdehin qapıları açmaması nəticəsində 1764,9 kv.m sahəni təmin etməklə iddiaçının qalan 1535.1 kv.m sahədə işlər görməməsi qənaətinə gəlməklə iddiaçını ən azı 62.939 manat ziyana məruz qoyur. Həmçinin, ekspertiza rəyində qeyd edilmişdir ki, bəzi mənzillərin laminat üzlüklərinin alındığı və otaqların kənarına yığıldığı müəyyən edilmişdir. Bu hissədə qeyd etmək istəyirik ki, həmin üzlüklər iddiaçı tərəfindən alınmış və müqavilə öhdəliklərini vicdanla yerinə yetirilməsi üçün təmir işlərinin aparılması üçün mənzillərə yığılmış, lakin sifarişçi iddiaçıya işlərin tam yerinə yetirilməsinə mane olmuş, onun ustalarını binaya buraxmayaraq müqavilə öhdəliklərinin tamamlanmasının qarşısını əsassız olaraq almışlar. 29 saylı binaya dair irəli sürdüyümüz tələblərə dair məhkəmə əsaslı araşdırmadan tələbimizi rədd etmişdir. Yəni, heç bir əsas olmadan müqaviləyə xitam verilir və rəsmi xitam vermədən müqavilə üzrə nəzərdə tutulmuş 9332 kvadrat metr sahə üzrə tam olaraq, xidmət göstərməyə mane olması, görülmüş işlərə görə ödənilməli olan xidmət haqqını, həmçinin, ümumilikdə 9332 kvadrat metr sahə üzrə əldə edilməsi nəzərdə tutulan gəlirin (faydanı) əldən çıxması faktını məhkəmə iclasında cavabdehlərin təqdim etdikləri şahidlər təsdiqləyiblər. Göründüyü kimi, əldən çıxmış fayda o halda tələb edilə bilər ki, şəxsin hüququ pozulmuş olsun. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilmiş sahələrin podratçıya verilməməsi və yaxud işlərinin başa çatdırlmasına şərait yaratmaması, həmçinin görülmüş işlərə görə tam ödənişin edilməməsi ilə tərəflər arasında bağlanmış müqavilə şərtlərini pozmuşdur. Nəticədə aralarında müqavilə olmasına baxmayaraq sifarişçinin şərait yaratmamasına görə işlər görülməmiş və podratçı əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Cavabdeh apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli e-2-2(113)-146/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş və sonda düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" MMC-nin sabiq direktoru Şahid ifadəsinə sübut kimi qiymət verməli olduğu halda həmin şahidin ifadəsinə ümumiyyətlə qiymət verilməmişdir. Mübahisəni öhdəliyin icra edilməməsi kimi qiymətləndirməsi həmin iş üzrə mübahisələndirilən məsələyə düzgün hüquqi qiymət verilmədiyinə dəlalət edir. Məhkəmənin dəlilləri ilə bağlı bildirilir ki, podratçı olan iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanında yerləşən 27, 28 və 29 nömrəli yaşayış binalarında taxta, laminat və parket döşəmə işlərinin görülməsi məqsədilə 03 yanvar 2019cu il tarixli, 19/008 nömrəli müqavilə bağlanılmışdır. Lakin daha sonra MMC-nin sabiq direktoru olan Şahid ilə Soltanverdi Umarov arasında olan razılaşmaya əsasən yuxarıda qeyd olunan 29 nömrəli yaşayış binasının taxta, laminat və parket döşəmə işlərinin görülməsi başqa şəxslərə həvalə olunmuşdur. Yəni müqavilə şərtləri ilə bağlı müqavilədə üç bina ilə bağlı razılaşma əldə olunsa da sonradan iki bina ilə bağlı razılığa gəlinmişdir. Bundan sonra iddiaçı X5 Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanında yerləşən 27 və 28 nömrəli binalarda işlər görməyə başlasa da həmin işlərin təhvil alınması "xxxx" MMC-nin direktoru X10 tərəfindən həyata keçirilməmiş və bu təhvil-təslim işlərinin aparılmasını təsdiq edən heç bir sənəd onda mövcud olmamışdır. "xxxx" MMC-də 5 mart 2020-ci il tarixdə yeni direktor kimi X10 təyin edilsə də, o məhz qeyd olunan müqavilə üzrə iddiaçı Soltanverdi Umarov tərəfindən hər hansı işlərin görülməsindən məlumatı olmamışdır. Beləliklə, məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid ifadəsində də göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən xidmətlərin ödənilməsi müqabilində 03 yanvar 2019-cu il tarixli, 19/008 nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən (ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirildikdə yaşayış sahələri üçün 1m2 - 1265 AZN, qeyriyaşayış sahələri üçün 1m2 – 1500 AZN olaraq müəyyən olunur və müvafiq sahələrin göstəriciləri hazırki müqaviləyə əlavə olunmaqla, tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunur) əvəzləşmə yolu ilə ona mənzillər verilmişdir. İddiaçı X3 görülən işlərə görə əvəzləşmə yolu ilə ümumilikdə 2 (iki) otaqlı 62 kv.m sahəsi olan 4 (dörd) mənzil verilmişdir. Həmin mənzillərin əvəzləşmə yolu ilə verilməsi onu nəzərdə tutur ki, Soltanverdi Umarov həmin mənzillərə alıcı gətirirmiş və qeyd olunan mənzillər onun vasitəsilə alıcıya satılırmış. Yuxarıda qeyd olunan müqaviləyə əsasən isə ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirildikdə yaşayış sahələri üçün hər kv.m – 1.265 manat olmaqla, əvəzləşdirmə aparılırdı və yuxarıda qeyd olunan 2 (ik) otaqlı 62 kv.m sahəsi olan 4 (dörd) mənzil Soltanverdi Umarova təhvil verilmişdi və həmin 2 (iki) otaqlı mənzilin dəyəri (62 kv x 1.265 = 78.430) müqavilənin 4.2-ci bəndinə əsasən 78.430 manat müəyyən edilmişdir. Lakin hal-hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı barəsində istintaqı aparılan "xxxx" MMC-nin təsisçisi Elçin Məmmədov və sabiq direktoru olan Şahid ilə Soltanverdi Umarov arasında olan razılaşmaya əsasən vergidən yayınmaq məqsədilə mənzilin podrat müqaviləsində qiyməti 78.430 manat göstərilsə də, notariat vasitəsi ilə aparılan alqı-satqı əməliyyatı zamanı mənzilin qiyməti 30.000 manat məbləğində qeyd edilərək, notariat kontorunda notarius vasitəsilə 2 (iki) mənzilin alqısatqısı edilmiş və ümumilikdə 60.000 manat olan məbləğ notariusun depozit hesabından "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Lakin hər 2 (iki) mənzildən ayrı-ayrı qalan 48.430 manat məbləğində pul Soltanverdi Umarovun alıcı kimi gətirdiyi şəxslər tərəfindən bilavasitə Soltanverdi Umarovun özü tərəfindən götürülmüşdür. Başqa sözlə, Soltanverdi Umarov hər mənzilə görə alqı-satqı müqaviləsində qeyd edilməyən 48.430 manat, ümumilikdə 96.860 manat məbləğində pul hissəsini notariat kontorunda alqı-satqı zamanı gətirdiyi alıcıdan götürmüşdür. Bundan başqa həmin yuxarıda qeyd olunan 2 (iki) mənzil üzrə 30 000 manat ayrı-ayrılıqda notariusun depozit hesabından "xxxx" MMC-nin bank hesabına köçürülmüş ümumilikdə 60.000 manat məbləğində pul vəsaitindən ayrı-ayrılıqda iki dəfə 20.000 manat olmaqla, ümumilikdə 40.000 manat pul vəsaiti Soltanverdi Umarovun bank hesabına köçürülmüşdür. Qalan 2 (iki) mənzilin isə biri iddiaçı Soltanverdi Umarovun adına rəsmiləşdirilmişdir. Digər mənzil isə alıcıya kreditlə verilməklə həmin mənzil üzrə kredit ödənişləri də onun tərəfindən qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunan hallardan və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsindən də görünür ki, "xxxx" MMC-nin X3 qarşı heç bir borcu və öhdəliyi yoxdur, ona görə ki "xxxx" MMC-nin sabiq direktoru Şahid ilə Soltanverdi Umarov arasında olan razılaşmaya əsasən ona qarşı olan borcunu müqavilədə nəzərdə tutulmuş əvəzləşdirmə yolu ilə həyata keçirmişdir. Eyni zamanda məhkəmə qətnaməsində göstərilmişdir ki, cavabdehin nümayəndəsi qalan məbləğin müqavilədə qeyd edilən əvəzləşmə yolu ilə, yəni iddiaçıya mənzillər verilməklə ödənildiyini, eləcə də məhkəmə iclasında dindirilmiş ikinci şahid də görülmüş işlərin müqabilində cavabdehə 4 mənzilin verildiyini bildirsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirildikdə müvafiq sahələrin göstəriciləri hazırki müqaviləyə əlavə olunmaqla tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunur. Belə sənədləşmə əməliyyatlarının aparılması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaçı ilə aralarında bağlanmış 28.09.2018-ci il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqaviləyə əsasən sifarişçi X1 edir, podratçı ”KAT Holdinq” MMC isə 28 saylı binanın 2-ci girişində 43 saylı mənzilin tikintisini öz üzərinə götürür. Lakin həmin mənzilin hazırkı işlə bağlılığı, eləcə də həmin mənzilin görülmüş işlərin müqabilində cavabdehə əvəzləşmə yolu ilə verildiyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, həmin mənzil cavabdehin adına qeydiyyata alınıbdır. Beləliklə, qalan məbləğin müqavilədə qeyd edilən əvəzləşmə yolu ilə, yəni iddiaçıya mənzillər verilməklə ödənildiyi öz təsdiqini tapmamışdır. Beləliklə bununla bağlı bildiririk ki, məhkəmə bizim tərəfimizdən hər hansı sübutların məhkəməyə təqdim olunmadığını qeyd etməsi həmin iş üzrə düzgün və hərtərəfli, tam və obyektiv araşdırma aparmamasını göstərir. Ona görə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsi elə MPM-nin 76-cı maddəsinə əsasən sübut kimi qiymətləndirilir. Belə ki, Mayıl İbadov ifadəsində də qeyd etmişdir ki, həmin məbləğlərin ödənilməsi Soltanverdi Umarova mənzillərin verilməsi ilə əvəzləşdirmə yolu ilə həyata keçirilmişdir. Bundan başqa məhkəmə qalan məbləğin müqavilədə qeyd olunan əvəzləşmə yolu ilə, yəni iddiaçıya mənzillər verilməklə ödənildiyinin öz təsdiqini tapmadığını qeyd etməsi məhkəmə üzrə hər tərəfli araşdırma aparmamasının göstəricisidir. Ona görə ki, mənzillərin əvəzləşmə yolu ilə verilməsi onu nəzərdə tutur ki, Soltanverdi Umarov həmin mənzillərə alıcı gətirir və qeyd olunan mənzillər onun vasitəsilə alıcıya satılır, yəni həmin mənzillər iddiaçıya verilməklə onun mülkiyyətinə keçmir, sadəcə olaraq ödəniş müqabilində mənzillərin verilməsi ilə əvəzləşdirmə yolu həyata keçirilir. X12 vasitəsilə alıcılara satılan hər mənzil 2 (iki) otaqdan ibarət olmaqla 62 kv.m sahədən ibarətdir və həmin 2 (iki) otaqlı mənzilin müqavilədə nəzərdə tutulan dəyəri də 78.430 manatdır və həmin 2 (iki) mənzilin ayrı-ayrılıqda alqı-satqı müqaviləsi əsasında 30.000 manata satılması qeyri-mümkündür. Ona görə ki, alqı-satqı müqaviləsində 62 kv.m sahəsi olan tam təmirli mənzilin 30.000 manat məbləğə satılmasını qeyd etmək absurddur. Məlum məsələdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında yerləşən sosial təmirli mənzillərin 1 kv.m sahəsinin 1000 manatdan aşağı olması qeyrimümkündür və bazar qiymətlərinə ümumiyyətlə uyğun deyildir. Bu faktı MİDA-nın rəsmi internet saytına daxil olmaqla da görmək olar. Belə ki, həmin internet saytından aydın görünür ki, MİDA-nın həyata keçirdiyi sosial evlər layihəsində 3 otaqlı təmirli mənzillərin qiyməti 60.000 – 62.000 manat civarından başlayır və 30.000 manat dəyərində 2 otaqlı deyil, yalnız 1 otaqlı mənzillər əldə etmək olar və bu da onun göstəricisidir ki, "xxxx" MMCnin təsisçisi Elçin Məmmədov və sabiq direktoru Mayıl İbadov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmaq məqsədilə həmin 2 (iki) mənzili ayrı-ayrılıqda notarius vasitəsilə 30.000 manata satmışdır və hər 2 (iki) mənzildən ayrı-ayrı qalan 48.430 manat məbləğində pul isə Soltanverdi Umarov ilə arasında olan razılığa əsasən Soltanverdinin özü birbaşa alıcıdan götürmüşdür. Alqı-satqı müqaviləsi əsasında notariusun depozit hesabından “Kat Holdingin” hesabına hər 2 (iki) mənzilə görə ümumilikdə köçürülmüş 60.000 manat məbləğində puldan 20.000 + 20.000 = 40.000 manat olmaqla Soltanverdi Umarovun bank hesabına köçürülmüşdür. Odur ki, qeyd olunanlardan da görünür ki, "xxxx" MMC-nin təsisçisi Elçin Məmmədov və sabiq direktoru Mayıl İbadov öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi həmin mənzillərin notarial qaydada alqı-satqısını 2 dəfə aşağı qiymətlə bağlanması vergidən yayınma hədəfini güdmüş və həmin MMC-nin təsisçisi Elçin Məmmədov və sabiq direktoru Mayıl İbadovun və qeyrilərinin əməllərinə görə də barələrində aşağıda qeyd olunan cinayət işi başlanılmışdır. "xxxx" MMC ilə MİDA-nın tabeliyində olan "xxxx" MMC arasında sosial evlərin tikintisi ilə əlaqədar 30.07.2017-ci il tarixli “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC-nin təqdim etdiyi, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanındakı 0.17 ha torpaq sahəsində 3 yaşayış binasının "xxxx" MMC tərəfindən 30.12.2018-ci il tarixədək tikilməsi, 1 binanın "xxxx" MMC-yə təhvil verilməsi, digər 2 bina üzrə mənzillərin satışının isə tikintini aparan MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tikinti işləri aparılarkən 50% faiz payla "xxxx" MMC-nin təsisçisi olmuş Potsyus Pavilas özünə məxsus 2.060.000 ABŞ dolları məbləğində pulu tikintinin aparılması üçün MMC-nin digər təsisçisi Elçin Ələkbərova vermişdir. Aralarında olan razılaşmaya uyğun olaraq təqdim edilən sərmayə əsasında binalar inşa edilib onlara düşən binalardakı mənzillər satıldıqdan sonra qoyulmuş sərmayə qaytarılmalı və əldə olunmuş gəlir yarı bölünməli olmuşdur. "xxxx" MMC-nin təsisçisi Litva Respublikasının vətəndaşı Potsyus Povilas və Mənzil X6 Azərbaycan Respublikasının Baş Prokurorluğuna "xxxx" MMC-nin təsisçisi Elçin Ələkbərovun qanun pozuntularına yol verməsi barədə daxil olmuş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin sabiq direktoru Şahid təsisçi Elçin Ələkbərovla əlbir olaraq sonuncunun tapşırığı ilə 18 oktyabr 2018-ci il tarixdə X8 28 nömrəli binanın 25-ci mənzilini, 26 avqust 2019-cu il tarixdə isə X4 28 nömrəli binanın 6-cı mənzilini müvafiq olaraq 65.000 və 75.000 manat müqabilində sataraq, notarial qaydada təsdiq edilən “Daşınmaz əmlakın altı-satqısı” müqavilələrində isə yalandan olaraq hər bir mənzilin satış qiymətinin 30.000 manat olmasını göstərmişdir. Beləliklə göründüyü kimi, "xxxx" MMC-nin təsisçisi X9 və Şahid etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirdiyindən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurduğundan, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyindən əməllərində külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinin tərkib əlamətləri müəyyən edilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Mənzil X6 və Potsyus Povilasın müraciətləri əsasında toplanmış 02/2- 7839-20 N-li material üzrə 16 iyul 2020-ci il tarixdə X9 və Şahid barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş idarənin İstintaq idarəsinə həvalə edilmişdir. Eyni zamanda, cinayət işi üzrə təqsirləndirilən şəxs X9 barəsində müvafiq məhkəmənin qərarı ilə həbs, Şahid barəsində isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbirləri seçilmişdir. Qeyd olunanlardan aydın olur ki, "xxxx" MMC-nin sabiq cinayətkar rəhbərliyin cinayət əməllərində digər epizodlarla yanaşı mənzillərin faktiki olaraq baha qiymətə satmasına baxmayaraq daha sonra öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə görünüş üçün eyni mənzillərin notarial qaydada alqı-satqısını 2 dəfə aşağı qiymətlə bağlanması olmuşdur. Bu da həmin notarial qaydada bağlanmış müqavilələrin etibarsızlığına əsas olan halların yaranmasına səbəb olmuşdur. Başqa sözlə desək, iddiaçı ilə alqı-satqı müqaviləsinin uydurma əqd kimi, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına əsas məqsəd "xxxx" MMC-nin pul vəsaitlərinin dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirməkdən ibarət olmuşdur ki, bu əqd də əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməlidir. Göründüyü kimi, məhkəmə "xxxx" MMC-nin sabiq direktoru Şahid ifadəsini məhkəmə iclasında alsa belə həmin ifadəni sübut olaraq tanımamış, həmçinin mənzilə dair podrat müqaviləsi bağlandıqdan sonra hansı səbəbdən mənzilin dəyərinin fərqli qiymətlə notarius vasitəsi ilə alqı-satqı əməliyyatların aparılmasını araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən digər halları aydınlaşdırmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsin, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsin, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli e-2-2(113)-146/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarından görünür ki, X5 (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 03.01.2019-cu il tarixdə 19/008 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında taxta, laminat və parket döşəmə və üzlüklərinin quraşdırılması xidmətlərinin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün bank hesablaşma köçürülməsi yolu ilə və ya yaşayış və ya qeyriyaşayış sahələri ilə əvəzləşdirmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirilikdə yaşayış sahələri üçün 1m2 – 1265 manat, qeyri-yaşayış sahələri üçün 1500 manat olaraq müəyyən olunur və müvafiq sahələrin göstəriciləri hazırki müqaviləyə əlavə olunmaqla tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunmuşdur. Müqavilənin 4.5-ci bəndinə əsasən hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlərin qiyməti 54,22 manat müəyyən edilir (işin ümumi həcmi 9332 m2, əvəzləşdiriləcək yaşayış sahəsi 400 m2 müəyyən edilmişdir. 05 mart 2020-ci il tarixli “Görülmüş işlərin qəbul aktı”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda yerləşən 27 nömrəli yaşayış binasında görülmüş işlərin ümumi məbləği 162.389 manat təşkil etmişdir. Akt iddiaçı və cavabdeh tərəfindən Mais Quliyev tərəfindən imzalanmışdır. 19 mart 2020-ci il tarixli “Görülmüş işlərin qəbul aktı”ndan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda yerləşən 28 nömrəli yaşayış binasında görülmüş işlərin ümumi məbləği 170.193 manat təşkil etmişdir. Aktda həmçinin qeyd olunmuşdur ki, 28 nömrəli binada bəzi işlər tamamlanmadığına görə ölçülərə və işlərə yenidən yerində baxmaq lazımdır. Akt hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmışdır. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iddiaçı tərəfindən görülmüş işlərin həcminin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 10/3944 saylı ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilmiş 28 saylı yaşayış binasında yerləşən, baxış zamanı ölçü işləri aparılmış mənzillər üzrə X5 tərəfindən aparılmış işlərin ümumi həcmi (sahəsi) 1764,9 kv.m, həmin sahə üzrə yerinə yetirilmiş işlərin dəyəri isə 72360,9 manat məbləğində müəyyən olunur. Rəydə qeyd edilmişdir ki, İ blok üzrə 2,4,6,7,8,13,14,22,25,26,28,33,36 saylı, İİ blok üzrə 37, 39, 40, 42, 46, 48, 49, 53, 54, 57, 59, 63, 64, 67, 71, 69 saylı mənzillərin qapısı bağlı olduğundan həmin mənzillər üzrə ölçü işlərinin aparılması mümkün olmamışdır. İddiaçı iddia ərizəsində görülmüş işlərə görə ona cəmi 40.000 manat məbləğində ödəniş edildiyini göstərmişdir. X5 cavabdehə 07.05.2020-ci il tarixdə pretenziya məktubu göndərərək görülmüş işlərə görə 328.284 manat məbləğində pulun ödənilməsini və ya 400 kv.m sahə ilə əvəzləşdirilməsini, əks halda borcun tutulması və dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mübahisə podrat münasibətlərindən irəli gəldiyindən məhkəmə hesab edir ki, iş üzrə Mülki Məcəllənin aşağıdakı normaları tətbiq edilməlidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən inşa edilmiş 27, 28, 29 saylı binalarda taxta, laminat, parket döşəmə və üzlüklərin quraşdırılması xidmətlərinin göstərilməsi razılaşdırılsa da, podratçı 27 və 28 saylı binalarda işlər gördükdən sonra sifarişçi müqavilədən imtina edərək 29 saylı binada işlərin görülməsini başqa şirkətə həvalə etmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 759.1-ci maddəsini mübahisə üzrə tətbiq edərək hesab edir ki, sifarişçinin podratçı tərəfindən görülmüş işlərin dəyərini ödəməklə istənilən vaxt müqavilədən imtina etmək hüququ olduğundan S.Umarovun 29 saylı binadakı işlərin başqa şirkətə həvalə edilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 41300 manat məbləğində pul tələbi ilə bağlı hissədə iddiası əsassızdır. Birinci instansiya məhkəməsi qətnamədə bu normanı qeyd etsə də, iddianı əldən çıxmış fayda hissəsində iddiaçı tərəfindən bu tələblə bağlı mötəbər sübutlar təqdim edilməməsi və cavabdehin qarşı tərəfə ziyan dəyməsində təqsiri olmasının sübut edilməməsi əsası ilə rədd etmişdir ki, məhkəmə kollegiyası bu mövqe ilə yuxarıda qeyd edilənlərə əsasən razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi istinad etdiyi maddi hüquq normasını mübahisə üzrə tətbiq etməmişdir. Qətnamə eyni zamanda podrat müqaviləsi üzrə görülmüş işlərə görə cavabdehdən iddiaçının xeyrinə 194749,9 manat pulun tutulması ilə bağlı hissədə də əsassız hesab edilir. Belı ki, iddiaçı podrat müqaviləsi üzrə ona cəmi 40.000 manat ödənildiyini, cavabdehin 27-ci binada görülən işlərə görə cavabdehin 125.561 manat; 28 saylı binada görülən işlərə görə 178.955 manat borcu qaldığını iddia edir. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərmişdir ki, iddiaçının gördüyü işlərin əvəzinə cavabdeh tərəfindən 4 mənzil təqdim edilmiş, borc müqavilə şərtinə uyğun olaraq mənzillərlə əvəzləşdirilmiş, iddiaçı Cavabdeh MMC-nin rəhbər şəxsləri barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılan cinayət işinin istintaqı zamanı verdiyi ifadədə bu faktı təsdiq etmişdir. Cavabdehin vəkilinin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC təsis edildiyi vaxtdan 2020-ci ilin yanvar ayına kimi həmin MMC-nin direktoru vəzifəsində işləmişdir. X5 ilə MMC arasında ilkin razılaşmaya əsasən üç binada işlər görülməli idi, lakin sonrakı razılaşmaya əsasən binalardan biri başqa şəxsə həvalə olundu və X5 iki binada işlədi. 29 saylı binada iş görmədilər. Görülən işlərə görə iddiaçıya iki otaqlı 62 kv.m sahəsi olan dörd mənzil verildi. Hər kv.m 1265 manat olmaqla, əvəzləşdirmə aparıldı. Bir mənzil iddiaçının öz adına rəsmiləşdirildi. Mənzillərə müştərilər iddiaçı özü tapırdı. Mənzilləri hansı qiymətə satması barədə məlumatları yoxdur. Rəsmiləşdiriləndə hər biri 30.000 manata rəsmiləşdirilmiş, mənzillərin satışından hüquqi şəxsin hesabına daxil olan puldan 40000 manat iddiaçıya verilmişdir. Kreditlə satılan mənzilin kredit üzrə ödənişlərini S.Umarov özü qəbul edirdi. Birinci instansiya məhkəməsi qətnamədə cavabdehin iddiaya etirazını əsassız hesab edərək qeyd etmişdir ki, “dindirilmiş ikinci şahid (Şahid) iddiaçıya olan borcun 4 mənzillə əvəzləşdirildiyini bildirsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.” Halbuki işdən görünür ki, cavabdehin nümayəndəsi iddiaçının cinayət işinin istintaqı zamanı verdiyi ifadənin surətinin alınması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məhkəmə tərəfindən sorğu verilməsi barədə vəsatət vermiş, 06.07.2021-ci il tarixli məhkəmə iclasında həmin vəsatət məhkəmə tərəfindən hər hansı əsas qeyd edilmədən təmin edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 30.04.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cinayət işinin istintaqı zamanı iddiaçı ifadəsində Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilmiş 27,28,29 saylı binalarda taxta, laminat, parket döşəmə və üzlüklərin quraşdırılması xidmətlərinin göstərilməsi öhdəliyini yerinə yetirmiş, bunun müqabilində isə pul qarşılığı olaraq həmin binada 56,43,48,60 saylı mənzilləri əldə edərək Cəmiyyət vasitəsi ilə digər şəxslərə satdığını göstərmiş, Cavabdeh MMC-nin direktoru olmuş Şahid da ifadəsində Umarovun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə qətnamədə qeyd edilən sübuta hər hansı hüquqi qiymət verməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddiaçının Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 09.09.2020-ci il tarixdə verdiyi ifadənin əks olunduğu “Şahidi dindirmə protokolu”nun surəti məhkəməyə təqdim edilmişdir. İşdəki 28.09.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-nin inşa etdiyi binada iki otaqlı ümumi sahəsi 62,6 kv.m olan 43 saylı mənzili inşa etdikdən sonra iddiaçıya təqdim etməyi cavabdeh öz üzərinə götürmüşdür. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, 16.01.2018-ci il tarixdə qeyd edilən 43 saylı mənzil Cavabdeh MMCnin adına ilkin hüquqi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi qətnamədə 28.09.2018-ci il tarixli müqaviləyə hüquqi qiymət verərək qeyd edir ki, qeyd edilən müqavilədəki mənzilin görülmüş işlərin müqabilində iddiaçıya təqdim edildiyini təsdiq edən sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, ödənişin əvəzləşmə yolu ilə həyata keçirilməsi barədə müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada sənədləşmə aparıldığı sübut edilməmişdir. Halbuki, iddiaçı özü Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 09.09.2020-ci il tarixdə verdiyi ifadədə gördüyü işlərin müqabilində cavabdeh tərəfindən ona ümumi sahəsi 250,4 kv.m olan 56,43,48 və 60 saylı mənzillər verildiyini, 3 mənzilin onun tərəfindən satıldığını təsdiq etmişdir. İddiaçının belə məzmunda ifadə verdiyi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 30.04.2021-ci il tarixli məktubunda öz əksini tapdığından məhkəmə işin hərtərəfli və obyektiv araşdırılması üçün MPM-nin 69.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən (zəruri olduqda tərəfi izahat vermək üçün şəxsən dəvət etmək) istifadə etməklə iddiaçını şəxsən dəvət edərək cinayət işinin istintaqı zamanı verdiyi ifadə ilə bağlı izahat verməyi təklif edə bilərdi. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı verdiyi ifadə ilə əlaqədar izahat vermək üçün məhkəmə iclasına dəvət edilsə də, səhhətində problem olduğunu qeyd edərək iclasa gəlməmiş, lakin məhkəməyə 26.04.2022-ci il tarixli yazılı izahat təqdim edərək göstərmişdir ki, həqiqətən cavabdeh tərəfindən aralarında bağlanmış podrat müqaviləsi üzrə görülmüş işlərə görə ona ümumi sahəsi 250,4 kv.m olan 56, 43, 48 və 60 saylı mənzillər verilsə də sözdə verilmiş, mənzillərin satılması üçün müştəri tapmağa yardım etmiş, həmin mənzillərin satışından ona cəmi 40.000 manat pul verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. İddiaçının nümayəndəsi və vəkili Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə iddiaçı tərəfindən verilmiş ifadənin hazırkı işdə sübut kimi qəbul edilməsinə etiraz etsə də məhkəmə hesab edir ki, həmin ifadə qanuni yolla əldə edildiyindən (cavabdehin vəkilinin sorğusu əsasında Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş) məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən cinayət işi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatət vermiş, iddiaçının şahid qismində istintaq orqanına verdiyi ifadə ittiham aktında öz əksini tapmadığından işlər arasında hüquqi asılılıq olmadığı üçün məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının cinayət işinin istintaqı zamanı verdiyi ifadəyə, işə apellyasiya qaydasında baxılarkən verdiyi yazılı izahata, o cümlədən Cavabdeh MMC-nin direktoru Şahid ifadəsinə əsasən müəyyən olunur ki, iddiaçıya cavabdehin inşa etdiyi 27 və 28 saylı binalarda gördüyü işin müqabilində sahəsi 250,4 kv.m olan 4 mənzil verilmiş, mənzillərdən biri iddiaçının öz adına rəsmiləşdirilmiş, digərləri isə iddiaçının özünün təqdim etdiyi müştərilərə satılmış və satışdan əldə edilən vəsait iddiaçıya ödənilmişdir. Podrat müqaviləsində podratçıya görülmüş işlərin müqabilində təqdim edilən yaşayış sahələrinin 1 kv.m-nin qiyməti 1265 manat nəzərdə tutulduğundan müəyyən olunur ki, iddiaçıya borc əvəzinə satış üçün təqdim edilmiş mənzillərin ümumi dəyəri 316756 manat təşkil etmişdir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə yalnız 234749,9 manat işin görüldüyü işdəki sübutlarla (05 mart 2020-ci il tarixli “Görülmüş işlərin qəbul aktı” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 10/3944 saylı ekspert rəyi) təsdiq edildiyindən məhkəmə hesab edir ki, borcun əvəzinə iddiaçıya təqdim edilmiş mənzillərin dəyərinin borcun məbləğindən çox olduğu nəzərə alınaraq iddiaçının tələbi podrat müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli e-2-2(113)-146/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X2 apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 13.07.2021-ci il tarixli e-2-2(113)-146/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-61/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-61/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver