Məhkəmə qərarları › İş №2-2(103)-610/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-610/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-610/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1bnun, cavabdeh Azərbaycan Tibbi Universiteti X2 nümayəndəsi Nümayəndə2 Yunus oğlunun iştirakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-199/2022 nömrəli iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Tibb Universiteti və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli 26 nömrəli müqaviləyə əsasən yaranmış 53.590 manat əsas borc, 45.605,09 manat penya borcu, cəmi 99.195,09 manat borcun, ödənilmiş dövlət rüsumununun əvəzi kimi 30 manat pulun, vəkil xidmətinə görə 300 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında xx.xx.2018-ci il tarixli 26 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin binasında mövcud texniki avadanlıqlara təsdiq edilmiş cədvələ əsasən vaxtaşırı aylıq servisin keçirilməsini, cavabdeh isə həmin işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən işlərin lazımınca görüldüyü tərəflər arasında tərtib edilmiş müvafiq təhvil-təslim aktları ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 043 və 044 nömrəli, xx.xx.2018-ci il tarixli hesab-fakturalara əsasən görülmüş işlərin dəyəri (yəni ödənilməli olan məbləğ) 53.590 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, “... iddia tələbi ona cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən iddia təmin edilməməlidir.” Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Klinika VÖEN-ə malikdir. Klinikanın hüquqi şəxs statusuna malik olmadığı qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Məhkəmə Mülki Məcəllənin sadalanan normalarını tətbiq etməkdə maddi hüquq pozuntusuna yol vermişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun 4-cü maddəsinə əsasən, dövlət səhiyyə sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmitədqiqat, təhsil, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariyaepidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bəndinə görə, müəssisə qeyri-kommersiya hüquqi şəxsidir və müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. “Tibbi sığorta haqqında” AR Qanununun 1.0.16-cı maddəsinə əsasən, tibb müəssisəsi - dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. Göründüyü kimi, Klinikanın tibbi müəssisəsi olması işin mübahisəsiz halıdır. Qanunvericiliyə əsasən, tibb müəssisəsi hüquqi şəxsdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər; Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki prosessual qanunvericiliyin sadalanan normalarının təhlilindən çıxan nəticəyə görə, mülki mühakimə icraatı qaydasında baxılan mülki işlərin, o cümlədən kommersiya mübahisələrinin tərəfi kimi iddiaçı və cavabdeh qismində, bir qayda olaraq, fiziki və hüquqi şəxslər, qalan hallarda isə dövlət orqanları və başqa orqanlar çıxış edə bilərlər. Lakin, istinad olunan qanun müddəalarının hazırkı mübahisəyə tətbiqi göstərir ki, cavabdeh normativ hüquqi aktlarla tələb olunan hüquqi şəxs və ya dövlət orqanı statusuna malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir; Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır; Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir; Maddə 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir; Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Maddə 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır; Maddə 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir; Maddə 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir; Maddə 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikasının yaradılması qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 361s nömrəli Sərəncamına görə, cari ilin sonuna kimi Azərbaycan Tibb Universitetinin Tədris- Terapevtik Klinikasının fəaliyyətinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” bölməsində Azərbaycan Tibb Universiteti üzrə nəzərdə tutulmuş vəsailər hesabına maliyyələşdirilməli, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının fəaliyyətinin 2011-ci il üçün maliyyələşdirilməsinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Klinikanın fəaliyyətinin təşkili ilə bağlı nəzərdə tutulmuş 1,8 milyon manat vəsaitin Azərbaycan Tibb Universitetinə ayrılması hesabına həyata keçirilməli, 2012-ci ilin yanvar ayının 1-dən başlayaraq Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla tədricən özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməlidir. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının xx.xx.2016-cı il tarixdə Azərbaycan Tibb Universitetinin rektoru tərəfindən təsdiq edilmiş yeni redaksiyada Əsasnaməsinin: 1.2-ci bəndinə əsasən, Klinika Azərbaycan Tibb Universitetinin tərkibində struktur bölməsi olub, tədris, tədris-metodik və elmi-tədqiqat fəaliyyətlərini təmin etməklə yanaşı, əhaliyə geniş profilli ixtisaslaşdırılmış konsultativ-diaqnostik və müalicə-profilaktik xidmət göstərən tədris, elm və tibb müəssisəsidir; 1.3-cü bəndinə görə, Klinika öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikaısnın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Səhiyyə və Təhsil nazirliklərinin normativ sənədlərini, Azərbaycan Tibb Universitetinin Nizamnaməsini (2-ci redaksiyada), X5 qərarlarını, rektorun əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur; 1.4-cü bəndinə əsasən, Klinika bu Əsasnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən universitetin digər struktur bölmələri və ictimai qurumları ilə qarşılıqlı fəaliyyət göstərir; 1.6-cı bəndinə görə, Klinikanın əsas vəsaitləri və avadanlıqları Azərbaycan Tibb Universitetinin balansına daxildir; 6.1-ci bəndinə əsasən, Klinikanın direktoru Azərbaycan Tibb Universitetinin rektorunun təqdimatı əsasında Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən vəzifəyə təyin və azad edilir. Həmin Əsasnamə Azərbaycan Tibb Universitetinin Elmi Şurasının xx.xx.2016-cı il tarixli iclasında qəbul olunmuş, Azərbaycan Tibb Universitetinin rektoru tərəfindən təsdiq edilmişdir. Azərbaycan Tibb Universitetinin birinci instansiya məhkəməsinin sorğusuna verdiyi xx.xx.2022-ci il tarixli 01-06/558 nömrəli cavabında göstərilmişdir ki, Azərbaycan Tibb Universitetinin X4 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2382 nömrəli Sərəncamı ilə yaradılmışdır. Klinikanın fəaliyyəti və saxlanması xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 361s nömrəli Sərəncamına müvafiq olaraq özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Klinika Azərbaycan Tibb Universitetinin tərkibində ayrıca bank hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı olan möhürə malikdir. Klinika müstəqil vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixində Bakı şəhər Vergilər Departamentində ********** nömrəli ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birinci instansiya məhkəməsinin sorğusuna verdiyi xx.xx.2022-ci il tarixli **********725200 nömrəli cavabında qeyd olunmuşdur ki, dövlət reyestrində Azərbaycan Tibb Universitetinin X2 (VÖEN: **********) xx.xx.2012-ci il tarixdə 01-21/16 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Göründüyü kimi, cavabdeh hüquqi şəxs kimi qanunla müəyyənləşdirilən qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməmişdir, bu baxımdan hüquq qabiliyyətinə, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna, həmçinin, mülki hüquqlara malik deyil və mülki vəzifələr daşımır, nizamnaməsi yoxdur, əsasnaməsi vardır ki, bu da onun Azərbaycan Tibb Universitetinin tərkibində struktur bölmə (idarə) statusuna və öhdəlikləri üçün məsuliyyətin Universitetin üzərinə düşdüyünə dəlalət edir. Bütün bunlar da onu deməyə əsas verir ki, cavabdeh hüquqi şəxs olmadığı üçün hazırkı mübahisənin tərəfi ola, onunla iddiaçı arasında isə MPM anlamında məhkəmə mübahisəsi yarana bilməzdi. Bu mübahisə iddiaçı ilə Azərbaycan Tibb Universiteti arasında yaranmışdır. Birinci instansiya məhkəməsində cavabdehin əsl cavabdeh olan Azərbaycan Tibb Universiteti ilə əvəz edilməsi iddiaçıya təklif edilmiş, lakin sonuncu bununla razılaşmamış, işə irəli sürülmüş tələblər üzrə baxılmışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin prosessual hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ona cavab verməli olmayan cavabdehə qarşı yönəldildiyini düzgün müəyyən etsə də, tərəfi olmayan məhkəmə mübahisəsinə mahiyyəti üzrə baxıb, iddianı rədd etməklə, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Çünki, iddianın rədd edilməsi o deməkdir ki, sözügedən iddia təmin də oluna bilərdi. Halbuki, hazırkı kazusda bu, yəni iddianın hüquqi şəxs olmayan, başqa hüquqi şəxsin struktur bölməsi olan təsərrüfat subyektinə qarşı təmin edilməsi heç bir halda mümkün deyil. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Birincisi, VÖEN-in malik olması həmin vergi ödəyicisinin hüquqi şəxs olması demək deyil. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 33.2. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir; Maddə 13.2.39. Müəssisə - bu Məcəllənin məqsədləri üçün müəssisələr-sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir: 13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri. İkincisi, iddiaçının istinad etdiyi AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 125 nömrəli Qərarında da tibb müəssisələrinin Nizamnaməsindən bəhs olunur ki, bu termin də məhz Mülki Məcəllənin 45.1 və 47.1-ci maddələri anlamında başa düşülməlidir. “Tibbi sığorta haqqında” Qanunun 1.0.16-cı maddəsində nəzərdə tutulan hüquqi şəxs anlayışı da, eyni qaydada, Mülki Məcəllənin 43.1 və sonrakı maddələri mənasında qəbul və tətbiq edilməlidir. MPM-in: Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-199/2022 nömrəli iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Tibbi Universiteti X1rşı cavabdehdən xx.xx.2018-ci il tarixli 26 nömrəli müqaviləyə əsasən yaranmış 53.590 manat əsas borc, 45.605,09 manat penya borcu, cəmi 99.195,09 manat borcun, ödənilmiş dövlət rüsumununun əvəzi kimi 30 manat pulun, vəkil xidmətinə görə 300 manat pulun tutulması tələblərinə dair iş üzrə icraata xitam verilsin. İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. İddiaçıya izah edilsin ki, Azərbaycan Tibbi Universitetinə qarşı eyni iddia ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar