Məhkəmə qərarları › İş №2-2(103)-621/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-621/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-621/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı «borcun ödənilməsi, müqaviləyə əlavənin etibarsız hesab edilməsi və avadanlıqların qaytarılması tələbinə dair» ilkin, Cavabdeh MTK-nın isə İddiaçı MMC-yə qarşı «müqaviləyə əlavənin etibarsız hesab edilməsi və pul tələbinə dair» qarşılıqlı - iddia tələblərinə dair, eyni zamanda, iddiaçı Maraqlı şəxs MMCnin Cavabdeh MTK-ya qarşı «avadanlıqların qaytarılması və zərərin ödənilməsi tələbinə dair» iddiası üzrə Bakı Kommersiya 2-2(113)-90/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-90/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 386.247,24 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu, cəmi 406.247,24 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməsi qət olunmuş, ilkin iddia, qalan hissələrində, habelə, Cavabdeh MTK-nın qarşılıqlı iddia tələbi və Maraqlı şəxs MMC-nin iddia tələbi rədd edilmişdir. İddiaçı Maraqlı şəxs MMC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti, prosessual qaydalara uyğunluğu yoxlanılmadan, Bakı Kommersiya Məhkəməsinin e- (113)90/2020 saylı 03 may 2021-ci il tarixli məktubu iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçı Maraqlı şəxs MMC-nin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır, onu vermiş şəxsə qaytarılır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-90/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsi poçt vasitəsilə iddiaçı Maraqlı şəxs MMC-nin ünvanına göndərilmiş, lakin geri qaytarılmışdır. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İşdən görünür ki, Məcəllənin qeyd olunan tələbinə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən qətnamə 12.01.2021-ci il tarixində Maraqlı şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Niftəliyev Gülaməddin oğluna, məhkəmə qəbzi ilə, rəsmi qaydada təqdim olunmuşdur. Lakin elektron məhkəmə-informasiya siteminini məlumatalarına əsasən müəyyən olunur ki, həmin qətnamədən apellyasiya şikayəti Maraqlı şəxs MMC tərəfindən MPM-in 10-1.3-cü maddəsinin tələbi qaydasında məhkəməyə elektron kabinet vasitəsilə məhkəməyə 17.02.2021-ci il tarixində verilmişdir. Halbuki, qətnamədən MPM-in 360-cı maddəsi ilə müəyyən edilə bir aylıq apellyasiya şikayətinin vermə müddətinin son günü 12.02.2021-ci il tarixinə düşür. Həmin gün isə həftənin 5-ci (cümə) günü, yəni, iş günüdür. Göründüyü kimi, iddiaçı Maraqlı şəxs MMC apellyasiya şikayətini məhkəməyə beş gün ötürməklə, məhkəməyə təqdim etmişdir. Belə olan halda, MPM-in 363.1.3-c ümaddənin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi qeyd olunanlara diqqət yetirməmiş, iddiaçının apellyasiya şikayəti birbaşa iş materialları ilə birləikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə də, iddiaçı Maraqlı şəxs MMC-nin apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar müəyyən olunur. MPM-in 366.2-ci maddəsiə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İddiaçı Maraqlı şəxs MMC-nin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-90/2020 saylı 18.11.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar