Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-627/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3250/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia üzrə işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il qərardadı ilə iddiaçı "xxxx" MMCnin cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizə və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3250/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, işin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 24 iyun 2008-ci il tarixdə vergi ödəyicisi kimi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınmış, MMC-nin qanuni təmsilçisi olaraq xx.xx.2023-cü il tarixdə X2 təyin edilmişdir. Bu barədə müvafiq şəhadətnamə və dövlət reyestrindən çıxarış təqdim edilmişdir. "xxxx" MMC ilə X6 (VÖEN **********) arasında qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair 01 avqust 2020-ci il tarixli, 20/145 nömrəli müqavilə bağlanmış, müqavilə hər iki tərəfin dairəvi möhürü və səlahiyyətli şəxslərin imzaları ilə təsdiq olunmuşdur. Müqavilə şərtlərinə görə iş yerində 3 ədəd, 450 kq, 16/17 dayanacaqlı, 1.6 m/s sürətli, 2011-ci il istehsalı olan 015EL2011, 016EL2011, 010EL2011 zavod nömrəli BME markalı və 1 ədəd, 450 kq, 17 dayanacaqlı, 1.6 m/s sürətli, 2009-cu il istehsalı olan 09EL004 zavod nömrəli BME markalı liftlərə ayda bir dəfə olmaqla müxtəlif dövrlərdə xidmətlər göstərilmiş, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımı qaydada icra edilməmiş, pul vəsaitinin tam şəkildə ödənilməsi təmin olunmamışdır. Müqavilə xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə qüvvədə olmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən xx.xx.2020-xx.xx.2021-ci il tarixlər arasında müqavilənin 2-ci bəndində göstərilən 4 (dörd) ədəd liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 400 manat, ƏDV daxil olmaqla isə 472 manat təşkil etmişdir. Müqavilələrin 5.2-ci bəndində göstərilmişdir ki, lift sahibi şirkətin göstərdiyi aylıq texniki xidməyin dəyərini 100 faiz avans olaraq həmin ayın ilk 5 (beş) günü ərzində köçürmə yolu ilə Şirkətin hesabına ödəməlidir. Nəzərdə tutulmuş ödəniş müddətinin Lift Sahibi tərəfindən pozulması ya da ki, texniki xidmət işlərini dayandırmaq və ya bu Müqaviləyə tək tərəfli xitam vermək hüququna malikdir. Bu halda, şirkət meydana gələ biləcək hər hansı bir təhlükə, zədə və ya ziyana görə məsuliyyət daşımır. Belə ki, həmin müqavilə əsasında göstərilmiş xidmətlər üzrə fiziki şəxs X3 "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixinə ümumi 8468 manat borc öhdəliyi yaranmışdır. Qeyd olunanlarla əlaqədar, iddiaçı tərəfindən 7.176,27 manat əsas borc, 1.291,73 manat ƏDV borcu olmaqla, ümumilikdə 8468 manat pul vəsaitinin 15 aprel 2024-cü tarixədək "xxxx" MMC-yə ödənilməsinin təmin edilməsini xahiş edilmiş, əks halda müqavilənin ləğvi və borcun, habelə hər gecikdirmə günü üçün penya borcunun ödənilməsi, habelə hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Bununla bağlı, fərdi sahibkar olan cavabdehə məxsus ********** saylı VÖEN-in AZ 1108, ünvan 1 ünvanda yerləşən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhz Bakı şəhərində qeydiyyata alınması nəzərə alınaraq, iddia ərizəsi cavabdehin qeydiyyat yeri üzrə Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş, məhkəmənin mübahisələndirilən qərardadı ilə cavabdehin fərdi sahibkar kimi deyil, vətəndaş kimi İmişli rayonu, İmişli şəhəri, Xiyabani küçəsi ünvanında qeydiyyatda olmasına istinad edilərək, işin Şirvan Kommersiya Məhkəməsində baxılmalı olması qənaətinə gəlinmişdir. Hesab edir ki, qərardad ləğv olunmalı işə mahiyyəti üzrə baxılması Bakı Kommersiya Məhkəməsində davam etdirilməlidir. Belə ki, cavabdeh fərdi sahibkar X6 fərdi sahibkar kimi Bakı şəhərində uçota alınmış və müvafiq VÖEN əldə etmişdir, mübahisənin mahiyyətini də məhz onun Bakı şəhərində göstərdiyi sahibkarlıq fəaliyyəti təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hesab edir ki, X6 hüquqi şəxs olmasa da, fərdi kimi statusu hüquqi şəxslə eyniləşdirilməklə məhkəmə iddia verilərkən ərazi aidiyyətinin müəyyən edilməsi zamanı vergi ödəyicisi kimi qeydiyyata alındığı ərazi əsas götürülməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə olunmuş EMİS-dən çıxarışlardan görünür ki, cavabdeh X1 rayonu, İmişli şəhəri, Xiyabani küçəsi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, İmişli rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Cavabdehin fərdi sahibkar kimi Bakı şəhərində qeydiyyata alındığından hazırkı iddianın Bakı Kommersiya Məhkəməsində baxılmalı olması barədə iddiaçının şikayətində istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, MPM-in 35.1-ci maddəsində ümumi qayda olaraq fiziki şəxs olan cavabdehə qarşı iddiaların onun rəsmi qeydiyyata alındığı yerin məhkəməsində baxılmalı olması müəyyənləşdirilmiş və MPM-in digər maddələrində fərdi sahibkara münasibətdə fərqli qayda müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsi üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsaslıdır. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3250/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-627/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-627/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver