Məhkəmə qərarları › İş №2-2(103)-629/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-629/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-629/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-452/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli AZT/SHB/1605 nömrəli müqavilə üzrə ödənilməyən 14017,18 manat əsas, 16973,6 manat cərimə məbləğinin və 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-452/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 14017,18 manat məbləğində əsas borc, 582,82 manat cərimə borcu, cəmi 14600 manat və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-452/2024 nömrəli qətnaməsinin ləğv edillməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: SHB İNŞAAT” MMC ilə iddiaçı ”AZ Technocon Group” MMC arasında xx.xx.2023-cü il tarixli AZT/SHB/1605 nömrəli xidmət müqaviləsi imzalanmışdır. İmzalanmış həmin müqaviləyə əsasən iddiaçıya məxsus Hyundai 210 martalı təkərli ekskovator Laçın rayonu Bozlu kəndindən Ermənislan Respublikası ilə sərhəddə yerləşən Azərbaycan Respublikasının silahlı qüvvolərinin yerləşdiyi postlara gedən təminat yollarının inşasında istifadə olunmuşdur (15 May 2023cü il tarixdən etibarən). İddiaçının səlahiyyətli nümayəndəsi kimi özünü təqdim edən (faktiki olaraq mexanizmin sahibi kimi təqdim olunan) Rafiq adli şəxslə şifahi (telefon vasitəsi ilə) müqavilənin şərtləri barədə danışan zaman həmin şəxs işlərin aylıq hesabat dövrü və ödənişlərin aparılması tarixi barədə məlumatlandırılmışdır. Belə ki, aylıq hesabat dövrünün hər ayın 19-u tarıxdə bağlandığı və pul vəsaitinin növbəti ayın 15-25 tarixində aparıdığım həmən şəxsin nəzərinə çatdırılmışdır. Buna baxmayaraq 2023-cü ilin May ayının sonunda iddiaçı tərəflndən müvafiq ayın 31 tarıxınə kimi göstərilmiş xidmətlər üçün elektron qaimə 7034.51 ( yeddi min otuz dörd manat əlli bir qəpik) manat qoyulmuşdur. Tərəflmizdən hesabat dövrünə uyğun olaraq iddiaçıya 1731.00 (Bir yüz oyuz bir) manat) 24 iyun 2023-cü il tarixdə ödənilmişdir. Həmən ayın 27 tarıxındə iddiaçının nümayəndəsi Rafıq tərəfindən (faktiki olaraq mexanizmin sahibi kimi təqdim olunan) zəng olunaraq növbəti ödənişlərin ay sonuna kimi aparılması tələb olunmuşdur. Cavab olaraq onun nəzərinə bir daha çatdırılmışdır ki, hesabat dövrü müvafıq ayın 19-u tarıxıdır və növbəti ödənişin iyul ayı ərzində olacaqdır. Bundan sonra mexanizmi çıxaracağını bildirərək faktiki olaraq 1 gün sonra 28 iyun 2023-cü il tarıxdən etibarən ekskovatoru tikinti sahəsindən aparmışdır. Araşdırmamız nəticəsində məlum olmuşdur ki, müvafıq ekskovator əvvəlcədən planlaşdırılmış şəkildə birbaşa başqa tikinti sahəsinə bağlanmış müqaviləyə uyğun aparılmışdır. İddiaçı tərəfı ilə bağlanmış müqavilənin 6-cı bəndinin 6.2 maddəsinə uyğun olaraq müqavilənin şərtlərinin dəyişdirilməsi və ya müqaviləyə xitam verilməsi üçün qarşı tərəfə ən azı 30 gün əvvəlcədən rəsmi xəbərdarlıq edilməlidir. Hər bir tikinti sahəsinin iş prosesləri ərazidə olan mexanizimlərin komplekləşdirilməsi nəticəsində aparılır. Müvafıq ekskovatorun effektli işləməsini təmin etmək üçün məlız həmən ekskovatura bağlı bir frontal yükləyici, üç ədəd özüboşaldan avtomobil, bir ədəd avtoqrayder və bir ədəd silindir tikinti sahəsində işləyirdilər. Belə ki, ekskovatorun yüklədiyi qrunt özüboşaldanlarla tikinti sahəsinə gətirildikdən sonra göstərilən mexanizmlər müvafıq qruntu yayaraq kipləşdirir. Buna görə də ekskovator tikinti sahəsini tərk etdikdən sonra göstərilən maşın və mexanizimlər işsiz qalmışdır. Bu da avtoqreyder üçün gündəlik 566.40 azn, silindir tiçün 285.90azn, frontal yükləyici iiçün 242.30 azn və 3 ədəd özüboşaldan avtomaşınlar üçün 692.30 azn (hər bir özüboşaldan üçün 230.77 azn MMC-yə ziyan dəymişdir. Tikinti sahəsinə yeni ekskovatorun gətirilməsi (Bakı şəhərindən) ən azı 10 gün olduğunu, əlavə daymana 2500 azn xərc çəkildiyini və həmən ekskovatoru cəmi 45 gün əvvəl Laçın şəhərindən 35 km məsafəyə gətirilməsi üçün ərazidəki dayanma tərəfimizdən 400 manat nağd pul verildiyini də nəzərə alsaq iddiaçı tərəfindən bizə 20769 manat ziyan vurulmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, tikinti işlərinin aparılması üçün bağlanmış müqaviləyə əsasən tikinti işlərinin hərbi əhəmiyyətli olduğunu və 30 ildən artıq torpaqlarımızı işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin bir daha torpaqlarımıza daxil olmasının qarşısını alan silahlı qüvvələrimizin təminat yollarının olduğunu nəzərə alsaq tikinti sahəsindən əvvəlcədən xəbərdarlıq etmədən mexanizmlərin çıxarılması qəbuledilməzdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmişlər. Lakin, cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək, hazırki iş üzrə məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

7. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

8. Həmin Məcəllənin 752.1-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

9. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

10. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

11. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

12. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

13. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

19. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, sifarişçi Cavabdeh MMCnin tapşırığına əsasən icraçı İddiaçı MMC-nin ekskavatorunun torpaq və qazıntı işləri görməsi, sifarişçinin isə bunun müqabilində icraçıya xidmət haqqını ödəməsi ilə bağlı tərəflərin arasında xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmış və İddiaçı MMC tərəfindən 19288,18 manat məbləğində iş görülüb təhvil verilmiş, Cavabdeh MMC isə borcun bir hissəsini ödəsə də, 14017,18 manat məbləğində vəsaiti ödəməmişdir.

20. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli AZT/SHB/1605 nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı İddiaçı MMC sifarişçinin tapşırığına əsasən, Laçın rayonu ərazisində sifarişçinin tapşırdığı yerdə ekskavator yükləyici ilə qazıntı və torpaq işlərini icra etməyi, sifarişçi isə icraçı tərəfindən icra edilmiş işi təhvil alıb müqabilində müqavilə ilə müəyyən edilmiş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, sifarişçi icraçının gördüyü işlərin dəyərini bu müqavilə ilə nəzərdə tutulan müddət ərzində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, xidmət haqqı hər xidmət ayının son iş günündən gec olmayaraq sifarişçi tərəfindən ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, yerinə yetirilmiş işlərin təhvil verilməsi və qəbul edilməsi Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq olunan Təhvil-təslim aktı və ya elektron-qaimə əsasında rəsmiləşdirilir.

21. Apellyatorun mövqeyinə görə tərəflər arasında şifahi danışıq olmuş və xidmət haqqının ödəniş tarixinin dəyişdirilməsi barədə razılıq əldə edilmişdir. Bu səbəbdən ödənişlər gecikmiş, daha sonra iddiaçı müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Nəticədə cavabdehə maddi ziyan dəymişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında münasibətləri tənzimləyən müqavilənin 3.2-ci bəndinə əsasən, xidmət haqqı hər xidmət ayının son iş günündən gec olmayaraq sifarişçi tərəfindən ödənilməlidir. Cavabdeh müqavilənin bu şərtinin dəyişdirilməsinə əsaslansa da, istinad etdiyi halı sübuta yetirə bilməmişdir. İş materialları ilə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur. Odur ki, cavabdehin digər dəlilləri əsaslı hesab edilə bilməz.

23. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

24. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-452/2024 nömrəli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar