Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-630/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 Soltan oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-362/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh “X8” MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirməməsi nəticəsində üçüncü şəxslərə həmin öhdəliklərin icrası üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 13100 manat, monitorların vaxtında təhvil verilməməsinə görə satılmış malların reklamının mümkün olmaması nəticəsində əldən çıxmış fayda kimi 10000 manat, yeni quraşdırılmış monitorlara müqavilədə verilmiş zəmanətdən imtina edilməsinə görə kompensasiya qismində 10000 manat, məhkəməyə verilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi isə 33130 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.03.2021-ci il tarixli e-2-2(113)-362/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Soltan oğlu apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, icraçı “X8” MMC ilə sifarişçi İddiaçı MMC arasında 19 avqust 2019-cu il tarixli 002 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı sifarişçinin malının çatdırılması, mövcud 2 monitorun sökülməsi və yeni monitorların quraşdırılması xidmətini göstərməli və sifarişçi də göstərilən xidmətlərin müqabilində icraçıya razılaşdırılmış məbləğdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən xidmətlərin göstərilməsi üçün sifarişçi tərəfindən podratçıya 15300 manat məbləğində vəsait ödənilmişdir. Həmin məbləğdən 9350 manat məbləğində malların çatdırılması, 5950 manat məbləğində yerində görüləcək işlər üçün 2 ədəd monitorun sökülməsi və yeni monitorların quraşdırılması üçün ödənilmişdir. Cavabdeh “X8” MMC tərəfindən monitorlardan birinin quraşdırılması həmin monitorun ölçülərinin monitor üçün ayrılmış yerin ölçüsünə uyğun gəlməməsi səbəbindən başa çatdırılmamışdır. İddiaçı bildirir ki, 18.04.2019-cu ildə İddiaçı MMC və X3 şirkəti olan “Qubit Events & Media Technologies” LLC aralarında bağlanmış xidmətlərin göstərilməsi barədə müqaviləyə görə Bakı şəhəri, Neftçilər Prospekti, 151 ünvanında yerləşən və şirkətə məxsus “Emporium Man” mağazasının fasadında reklamların nümayişi üçün nəzərdə tutulmuş mövcud iki monitorun sökülməsini və əvəzində P 6.6 mm C-FİT Outdoor SMD tipli sahəsi müvafiq olaraq 33,28 kv.m və 25,80 kv.m olan yeni LED-monitorların quraşdırılmasını sonuncu öz öhdəsinə götürmüşdür. Xidmətlərin görülmə müddəti 71 gün müəyyən edilmişdir. Bunun müqabilində razılaşdırılmış qaydada və miqdarda xidmət haqqı və yeni monitorların dəyəri iddiaçı tərəfindən ödənilməli idi. Həmçinin müqavilədə işlərin görülməsini asanlaşdırılması üçün “Qubit Events & Media Technologies” LLC şirkəti 2019cu ilin yay aylarında onların Bakıda öz ofisinin açılacağını bildirmişdir. Bundan başqa tərəflər arasında əldə olunmuş razılaşmaya görə monitorların dəyəri “Qubit Events & Media Technologies” LLC şirkətinə yox, onun tövsiyəsi ilə birbaşa istehsalçıya, yəni Çinin “X14 Co” LTD şirkətinə ödənilməli idi. “Qubit Events & Media Technologies” LLC həqiqətən də Bakıda 03 iyun 2019-cu ildə cavabdeh "X9" MMC-ni açaraq bildirmişdir ki, bundan sonra müqavilə üzrə öhdəliklərin icrası sonuncuya tapşırılır və xidmət haqqı məhz ona ödənilməlidir. Bu məqsədlə, yəni xidmətlərin əvəzinin ödənilməsi üçün cavabdeh "X10" MMC ilə 19 avqust 2019-cu il tarixdə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış və 22 avqust 2019-cu ildə 15.300 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bundan əvvəl 2019-cu ilin iyun-iyul aylarında 52790 ABŞ dolları məbləğində monitorların dəyəri iki dəfəyə (36953 və 15837 ABŞ dolları) Çinin “X14 Co” LTD şirkətinə ödənilmişdir. Cavabdeh ilə bağlanmış qeyd olunan müqavilənin müddəti 3 ay müəyyən edilmişdir. Güman edilirdi ki, bu müddət ərzində cavabdeh öhdəliklərini yerinə yetirərək, köhnə monitorların sökülməsini, yeni monitorların sifarişini, çatdırılmasını və quraşdırılmasını təmin edəcək. Monitorların quraşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh monitorların birinin ölçülərini düzgün sifariş etmədiyindən həmin monitor onun üçün ayrılmış yerə uyğun gəlmir. Cavabdeh yeni ölçüdə monitorları sifariş edərək monitorların quraşdırılmasının başa çatdırılmasını vəd etmişdir. Lakin vədlərinə baxmayaraq cavabdeh monitorlardan birini tam quraşdırılmamış saxlamışdır. Ağlabatan müddət gözlənildikdən sonra 07 fevral 2020-ci ildə bağlanmış müqaviləyə əsasən məcburiyyət qarşısında digər podratçıya qeyd olunan işlərin tamamlanması tapşırılmış və işlərin görülməsi üçün ona 13100 manat pul ödənilmişdir. Məktublardan göründüyü kimi cavabdeh “Qubit Events & Media Technologies” LLC şirkətinin Bakı ofisidir və həmçinin onun Çinin “X14 Co” LTD şirkəti ilə qarşılıqlı əlaqəsi vardır. Buna görə də yuxarıda qeyd edilən müqavilələrdən irəli gələn öhdəliklərə görə, o cümlədən, monitorların dəqiq ölçülərinin götürülməsi, köhnə monitorların demontajı, yeni monitorların quraşdırılması üçün məsuliyyəti cavabdeh daşıyır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “X8” MMC 03.06.2019-cu il tarixdə X4 tərəfindən təsis edilmiş, hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən MMC X3 şirkəti olan “Qubit Events and Media Technologies” LLC-nin Azərbaycanda olan nümayəndəliyi deyil, həmin şirkətlə bağlı heç bir səlahiyyətlərə malik deyildir. X3 şirkəti olan “Qubit event media Technologies” LLC hüquqi şəxs olaraq Azərbaycanda fəaliyyət göstərən “X8” MMC-yə hər hansı bir tapşırıq verə bilməzdi, MMC-nin onun adından çıxış etmək səlahiyyəti, tərəflər arasında bağlanmış müqaviləni icra etmək kimi öhdəlikləri olmamışdır. “X8” MMC tərəfindən 19 avqust 2019-cu il tarixli xidmət göstərilməsi haqqında müqavilə üzrə öhdəliklər icra edilmiş, sifariş edilmiş monitorlardan biri tam olaraq quraşdırılmış, digər monitor isə sifariş edilmiş avadanlıq və mallar kifayət etmədiyindən tam olaraq quraşdırılmamış, həmin monitorla bağlı işlər 90% görülmüşdür. Bu barədə sifarişçiyə məlumat verilmiş, həmin avadanlıq və mallar olmadan işi tam icra etməyin mümkün olmadığı bildirilmişdir. Çatışmayan avadanlıqlar və mallar təqdim edildiyi halda quraşdırmanın tam başa çatdırılmasının mümkün olduğu bildirilmiş, yarımçıq qalmış işə kənar müdaxilənin yolverilməz olduğu qeyd edilmişdir. Daha sonra məlum olmuşdur ki, sifarişçi çatışmayan avadanlıqları və malları sifariş etmiş və yarımçıq qalmış işi başqa bir şəxslə müqavilə bağlamaqla icra etmişdir. İddiaçı MMC ilə X7 arasında bağlanmış 07.02.2020-ci il tarixi müqavilədən də görünür ki, monitorun biri ilə bağlı tamamlanma işləri görülməli, monitorun montaj olunmamış hissəsinin quraşdırılması üçün çatışmayan montaj qurğuların istehsalı nəzərdə tutulmuşdur. Göründüyü kimi, “X8” MMC tərəfindən işin tam başa çatdırılmamasına səbəb, sifariş edilmiş avadanlıqların quraşdırmaya kifayət etməməsi olmuşdur. Halbuki, “X8” MMC ölçü işlərini aparan, sifarişi qəbul edən tərəf olmamışdır. Sifarişlər X3 şirkəti olan “Qubit Events and Media Technologies” LLC ilə "xxxx" MMC arasında bağlanmış 18.04.2019-cu il tarixli xidmət müqaviləsi əsasında verilmiş, həmin müqavilədə sifariş edilən avadanlıqların, monitorların ölçü və zəruri məlumatları ətraflı olaraq qeyd edilmişdir. Buna baxmayaraq iddia ərizəsində əsassız olaraq göstərilmişdir ki, cavabdeh monitorlardan birinin ölçülərini düzgün sifariş etmədiyindən həmin monitor onun üçün ayrılmış yerə uyğun gəlmir. Lakin tərəflər arasında bağlanmış və göstəriləcək xidmətləri nizamlayan 19.08.2019-cu il tarixli 002 saylı müqavilədə quraşdırılmış avadanlıqlara zəmanət verilməsindən söhbət belə getmir. Cavabdehin belə bir texniki dəstəyi göstərəcəyi ilə bağlı müqavilədə hər hansı bir şərt mövcud deyildir, avadanlıqlara və görülmüş işlərə hər hansı bir zəmanət verilməmiş və bunu nizamlayacaq texniki dəstək müqaviləsi tərəflər arasında bağlanmamışdır. Bundan başqa, cavabdeh “X8” MMC avadanlıqları və monitorları satan şirkət deyil, onunla iddiaçı arasında keyfiyyətli malın verilməsini və satılmış malda yarana biləcək qüsurların aradan qaldırılmasını nizamlayacaq müqavilə olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci tələb müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirməməsi nəticəsində üçüncü şəxslərə həmin öhdəliklərin icrası üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 13100 manatın tutulmasından ibarətdir. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 765-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 762.2 və 762.3-cü maddələrində isə göstərilmişdir ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3). Qeyd olunan maddələrdən müəyyən edilir ki, podrat müqavilə üzrə işlərin qüsurlu olması podratın nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyi, podratçının başqa podrat nəticəsini təqdim etdiyi və ya podratı kəmiyyətcə yerinə yetirmədiyi hallarda hesab edilir. Eyni zamanda Mülki Məcəllənin 767.1 və 767.2-ci maddələrində göstərilmişdir ki, əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır (767.1). Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur (767.2). Qeyd olunan maddələrin birgə təfsirindən müəyyən edilir ki, podratçı yalnız işi öz materialları ilə icra etdiyi və ya sifarişçinin materiallarından yanlış istifadə hallara görə məsuliyyət, o cümlədən qüsura görə məsuliyyət daşıyır. Yəni istifadə etdiyi materiallar sifarişçiyə məxsusdursa və podratçı həmin materiallardan düzgün istifadə etmişdirsə, yaranmış qüsura görə məsuliyyət daşımır. Hazırki işdə də cavabdehin məsuliyyəti müəyyən edilmir. Belə ki, iddiaçı həmin tələbini və tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə qüsuru onunla əsaslandırır ki, cavabdeh monitorların birinin ölçülərini düzgün sifariş etmədiyindən həmin monitor onun üçün ayrılmış yerə uyğun gəlməmiş və iddiaçı da ağlabatan müddət gözlədikdən sonra məcburiyyət qarşısında digər podratçıya qeyd olunan işlərin tamamlanması tapşırmış və işlərin görülməsi üçün ona 13100 manat pul ödənilmişdir. Cavabdeh həmin tələbə etiraz edir və bildirir ki, onun müqavilə üzrə monitorların ölçülərinin götürmək və sifariş vermək kimi bir öhdəliyi olmamışdır. Göründüyü kimi iddiaçının həmin tələbinin əsaslı olub-olmadığının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilədə cavabdehin yuxarıda qeyd olunan öhdəliyinin olub-olmaması araşdırılmalıdır. İddiaçı MMC ilə “X8” MMC arasında bağlanmış 19 avqust 2019-cu il tarixli xidmət göstərilməsi haqqında 002 saylı müqavilənin 3-cü bəndinin tələblərinə əsasən “X8” MMC razılaşmaya uyğun olaraq yalnız sifarişçi İddiaçı MMC-nin mallarının çatdırılması, mövcud olan 2 ədəd monitorun sökülməsi, 2 ədəd alınmış yeni monitorların quraşdırılması xidmətlərini göstərməyi öz üzərinə götürmüşdür. Göründüyü kimi podratçı “X8” MMC-nin müqavilə üzrə ölçü işlərini aparmaq, sifariş vermək və sifarişi qəbul etmək kimi bir öhdəliyi olmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının sifarişləri X3 şirkəti olan “Qubit Events and Media Technologies” LLC ilə "xxxx" MMC arasında bağlanmış 18.04.2019-cu il tarixli xidmət müqaviləsi əsasında verilmiş, həmin müqavilədə sifariş edilən avadanlıqların, monitorların ölçü və zəruri məlumatları ətraflı olaraq qeyd edilmişdir. Göründüyü kimi monitorların sifariş edilməsi iddiaçının digər şirkətlə bağladığı müqavilə əsasında həyata keçirilmişdir. Cavabdeh “X8” MMC-nin “Qubit Events and Media Technologies” LLC şirkəti ilə əlaqəli şirkət olması, LLC-nin cavabdeh “X8” MMC-ni şirkətin Bakı ofisi kimi təqdim etməsi barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh “X8” MMC müstəqil hüquqi şəxs kimi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, BƏƏ-də qeydiyyatda olan “Qubit Events and Media Technologies” LLC-nin Azərbaycan Respublikasındakı filialı və ya nümayəndəliyi deyildir. Belə olan halda isə cavabdeh “X8” MMC-nin BƏƏ-də qeydiyyatda olan “Qubit Events and Media Technologies” şirkətinin öhdəliklərini lazımi qaydada icra etməməsinə görə məsuliyyət daşımalı deyildir. İddiaçı tərəfindən cavabdehin işçilərinin monitorların ölçülməsində iştirak etməsini təsdiq edən sübut kimi təqdim etdiyi şahid ifadələri isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. X1 BƏƏ-də qeydiyyatda olan “Qubit Events and Media Technologies” şirkətinin işçisi və ya nümayəndəsi olması hər hansı digər sübutla (müqavilə, əmr, etibarnamə və s.) təsdiq olunmur. Belə olan halda isə yalnız şahid ifadələri həmin halın müəyyən edilməsi üçün yetərli deyil. Bundan başqa tərəflər arasında bağlanmış müqavilədə BƏƏ-də qeydiyyatda olan “Qubit Events and Media Technologies” şirkətinə və onunla bağlanmış müqaviləyə istinad olunmamışdır. İddiaçı ilə BƏƏ-də qeydiyyatda olan “Qubit Events and Media Technologies” şirkəti arasında bağlanmış müqavilənin ləğv olunması və ya dəyişdirilməsi və bunun səbəbi kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış yeni müqavilənin görsədilməsi barədə sübutlar da təqdim edilməmişdir. Bundan başqa nəzərə alınır ki, iddiaçı quraşdırılmalı olan monitorların alqı-satqısı barədə müqaviləni birbaşa satıcı ilə özü bağlamışdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı ilə BƏƏ-də qeydiyyatda olan “Qubit Events and Media Technologies” şirkəti arasında bağlanmış müqavilədə və iddiaçının təqdim etdiyi meyl yazışmalarında həmin şirkətin Bakıda ofis yaratması barədə qeydlərin olması mübahisənin həllinə təsir etmir. Çünki nəticədə həmin şirkətin Bakı ofisi yox, ayrıca hüquqi şəxs olan cavabdeh MMC yaradılmış və bundan sonra həmin MMC ilə ayrıca müqavilə bağlanılmışdır. Ona görə də, iddiaçının təqdim etdiyi meyl yazışmaları və şahid ifadələri əsas götürülməklə Mülki Məcəllənin 404-cü maddəsinin (müqavilənin təfsiri) tətbiq edilməsi və monitorların ölçüləri ilə bağlı səhvə görə cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyil. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri rədd edilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş ikinci tələb monitorların vaxtında təhvil verilməməsinə görə satılmış malların reklamının mümkün olmaması nəticəsində əldən çıxmış fayda kimi 10000 manatın tutulmasından ibarətdir. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 443-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4). Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, işin mübahisəsiz hallarına görə cavabdeh monitorlardan birini ölçüsü düz gəlmədiyinə görə quraşdıra bilməmişdir. Bu halın baş verməsində isə cavabdehin təqsirli hərəkətləri müəyyən olunmur. Çünki yuxarıda da qeyd olunduğu kimi cavabdehin müqavilə üzrə ölçü işlərini aparmaq, sifariş vermək və sifarişi qəbul etmək kimi bir öhdəliyi olmamış, yalnız hazır alınmış monitoru quraşdırmaq öhdəliyi olmuşdur. Mülki Məcəllənin 448.2-ci maddəsində isə təsbit olunmuşdur ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi monitorun quraşdırılmasının başa çatdırılmamasında cavabdehin təqsirli hərəkətləri və ya hərəkətsizliyi halı mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri əsassızdır. İddiaçı tərəfindən irəli sürülmüş üçüncü tələb yeni quraşdırılmış monitorlara müqavilədə verilmiş zəmanətdən imtina edilməsinə görə kompensasiya qismində 10000 manatın tutulmasından ibarətdir. Kollegiya hesab edir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 774-cü maddəsinə görə əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Lakin hazırki işdə tərəflər arasında bağlanmış podrat müqaviləsində quraşdırılmış monitorlara görə zəmanət və ya qarantiya verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə olan halda isə müqavilə ilə razılaşdırılmamış şərtin yerinə yetirilməməsinə görə cavabdeh tərəf heç bir halda maddi məsuliyyət daşıya bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-362/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-630/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-630/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver