Məhkəmə qərarları › İş №2-2(103)-632/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-632/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-632/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARDADİ iş № 2-2(103)-632/2025 (Açar sözlər: mübahisənin arbitrajda baxılması barədə müqavilənin mövcudluğu, iddia ərizəsinin baxılmamış saxlanılması) Bakı şəhəri, 29 may 2025-ci il hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 iyul 2024-cü il tarixdə “Təhcizat üzrə Çərçivə müqaviləsi” (X1) bağlanmışdır.

2. Həmin müqavilənin 24-cü maddəsinin 2-ci bəndində tərəflər razılaşdırmışlar ki, müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr BCM-nin arbitraj qaydalarına əsasən qeyd olunan Qaydalara uyğun təyin edilmiş bir arbitr tərəfindən yekun olaraq həll edilir. X2 mübahisədə olan məbləğdən asılı olmayaraq tətbiq olunur, arbitraj yeri Dubay, X3, arbitrajın dili ingilis dili olacaqdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, müqavilə üzrə yaranmış 736 482,29 manat əsas borcun, 67 000 manat dəymiş ziyanın, 15 133,20 manat illik faiz borcunun, 1117 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardım üçün 7500 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh 18 iyul 2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bu səbəblə iddiaçı maliyyə itkisinə məruz qalmış, təşkilati çətinliklərlə üzləşmişdir.

5. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə onlar müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələrin arbitr tərəfindən həll ediləcəyi barədə razılığa gəlmişlər. Buna görə iddiaçı arbitraj instansiyasına müraciət etməli idi.

6. Birinci instansiya məhkəməsinin 24 aprel 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

7. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 iyul 2024-cü il tarixdə bağlanmış müqavilədə tərəflər mübahisələrin arbitrajda baxılması barədə şərt nəzərdə tutmuşlar və cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinə istinadla əsaslandırmışdır.

9. Qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək onun ləğv olunmasını və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini məhkəmənin, mübahisənin xarici elementli olmadığını nəzərə almadığı, müqavilənin müvafiq bəndinin iddiaçının hüquqlarını məhdudlaşdırdığı, müqavilədəki arbitraj şərtinin estoppel prinsipinə zidd olduğu arqumentləri ilə əsaslandırmışdır.

10. Məhkəmənin 06 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən qanunla nəzərdə tutulan hallar aşkar edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

13. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

14. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

15. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsinin tətbiqi ilə bağlıdır.

16. Qeyd edilməlidir ki, iddianın baxılmamış saxlanılması şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, iddia ərizəsinin MPMnin göstərilən maddəsi əsasında baxılmamış saxlanılması zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

17. MPM-nin 259.0.5-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, tərəflər arasında mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmış olsun və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz verilsin.

18. İşin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədə tərəflər mübahisələrin arbitrajda baxılması barədə şərt nəzərdə tutmuşlar və cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir.

19. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3378/2025 saylı iş üzrə 24 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Mübariz Əkbərov Hakimlər Elnur Həsənov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar