Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-636/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-146/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.04.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 328393 (üç yüz iyirmi səkkiz min üç yüz doxsan üç) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə verərək, iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehə məxsus 55 mənzilin üzərinə həbs qoyularaq satış və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.04.2021-ci il tarixli 2-2(113)-146/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 20.04.2021-ci il tarixli e-2-2(113)-146/2021 nömrəli qərardadı ilə şikayət təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 09.04.2021-ci il tarixli 2-2(113)-146/2021 saylı qərardadının ləğv edilməsi və iddianın təmini tədbiri barədə ərizənin qismən təmin edilməsi, Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, ev 8, bina 28, giriş 1-də yerləşən 19 saylı, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, ev 8, bina 28, giriş 2-də yerləşən 40 saylı və Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, ev 8, bina 28, giriş 1-də yerləşən 5 saylı mənzillərin üzərinə həbs qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə iddiaçının ərizəsində göstərilən iddianın təmini tədbirlərinin seçilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı X2 hazırki iddianın təmin tədbiri barədə ərizə verməmişdən daha əvvəl ərizə ilə məhkəməyə müraciət edərək işin icraatı yekunlaşana qədər Cavabdeh MMC-yə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 2 saylı, 3 saylı və 5 saylı mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi, habelə cavabdehə məxsus Azərbaycan Respublikası “xxxx” ASC-nin 3 saylı filialında, “X7” ASC, “xxxx” ASC və “xxxx” ASC-də bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi - 311460 AZN həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, e-2-2(113)-1746/2020 nömrəli qərardadı ilə iddiaçının həmin ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli 2-2(103)-498/2020 nömrəli qərardadı ilə iddiaçı X1 şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1746/2020 saylı 20.07.2020-ci il tarixli qərardadının ləğv edilməsi, X1 iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsinin qismən təmin edilməsi, Cavabdeh MMC-yə məxsus - “xxxx” ASC-nin 3 saylı filialında, “X7” ASC-də və “xxxx” ASC-də olan bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi, yəni 311460,00 (üç yüz on bir min dörd yüz altmış) manat həddində həbs qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi hazırki iş üzrə iddianın təmin tədbiri barədə iddiaçının ərizəsi artıq bir dəfə təmin edilərək, cavabdehə məxsus bank hesablarındakı pul vəsaitlərinin üzərinə iddia tələbi, yəni 311460,00 manat həddində həbs qoyulması qərara alınmışdır. Kollegiya qeyd edir ki, həmin qərarın icrası üzrə hal-hazırda cavabdehin bank hesablarında hər hansı pul vəsaitlərinin mövcud olmaması hazırki iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi üçün əsas deyildir. Çünki gələcəkdə bu və ya digər əsasla cavabdehin bank hesablarına pul vəsaitlərinin daxil olması istisna edilmir. Belə olan halda həm bank hesabları, həm də cavabdehə məxsus mənzillər üzərində həbsin qalması halı yarana bilər və bu da iddia tələbi həddindən daha artıq məbləğdə həbsin qoyulması və cavabdehin hüquqlarının tənasübsüz sürətdə məhdudlaşdırılması ilə nəticələnəcək. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-146/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.04.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı X2 tərəfindən verilmiş Cavabdeh MMC-yə məxsus 55 mənzilin üzərinə həbs qoyularaq satış və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə iddianın təmini tədbiri ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-636/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-636/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver