Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-643/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv olunması, cərimənin tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: müqavilənin ləğvi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 02 iyul 2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması, cərimənin tutulması tələbinə dair ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5129/2022 nömrəli qərardadından iddiaçının şikayətinə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02 iyul 2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması, cavabdehin Bakı şəhəri Nəsimi rayonu C.Hacıbəyli Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən, iddiaçının icarəsində olan 3301 kv.m torpaq sahəsindən çıxarılması, həmin sahənin iddiaçıya təhvil verilməsi və cavabdehdən ******* manat cərimənin, ilkin mediassiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2890 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(113)- 5129/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir
3. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəli müqavilənin 3.2.1-ci və 3.3.5-ci bəndləri sifarişçi (iddiaçı) tərəfindən icra edilmədiyindən və tikinti işlərinin həyata keçirilməsi üçün zəruri olan sənədlər podratçıya təqdim olunmadığından sakinlərin tam köçürülməsini təmin etmək və tikinti işlərinə başlamaq mümkün olmamış, müqavilə şərtlərinin podratçı tərəfindən icra edilməməsində sifarişçi təqsirli olmuşdur. Podrat müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsində podratçının (cavabdehin) təqsiri olmadığından tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Eyni tərəflər (iddiaçı və cavabdeh) eyni predmet (podrat müqaviləsinin ləğv edilməsi) və eyni əsaslar (cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin vaxtında icra edilməməsi – müqavilədə göstərilən müddətdə tikinti işlərinə başlanılmaması) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Digər tərəfdən, iddianın cərimənin ödənilməsi tələbinə dair hissəsinə gəldikdə, birincisi, həmin iddia tələbi podrat müqaviləsinin ləğv edilməsi barədə əsas tələbdən irəli gəlir, eyni zamanda, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli müqavilənin ləğv edilməsi, eləcə də cərimənin ödənilməsi üçün əsas olan halın (müqavilə üzrə öhdəliklərinin icranın gecikdirilməsi) mövcud olub-olmaması məsələsinə artıq qiymət verilmişdir. Müqavilədə podratçının binanı tikib təhvil verməsi üçün nəzərdə tutulmuş 36 aylıq müddətin hazırda başa çatması, yəni müqavilənin müddətinin artıq bitməsi, göstərilən halın müqavilənin ləğv edilməsi üçün yeni bir əsas qismində çıxış etməsi barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində mübahisəli müqavilənin ləğv edilməsi barədə faktiki əsas qismində müqavilənin qüvvədə olma müddətinin bitməsinə deyil, qarşı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasına, qanuni əsas kimi isə Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad etmişdir.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
5. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
6. Şikayətin dəlillərinə görə, Məhkəmə MPM-in 261.0.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddədə göstərilən əsasla işin icraatına yalnız o halda xitam verilə bilər ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Yəni məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mahiyyətcə həll olunan (tam və ya qismən təmin olunan, yaxud rədd edilən) iddia eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə təkrar verilirsə, bu yolverlməz iddia kimi qiymətləndirilir və səhvən icraata qəbul olunmuş təkrar iddia üzrə işin icraatına xitam verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 mart 2021-ci il tarixli qətnaməsi eyni tərəflər arasında olan mübahisə üzrə çıxarılsa da, lakin həmin qətnamə ilə həll olunan iddia həm predmetinə, həm də əsasına görə hazırkı iddiadan fərqlidir. İddianın predmetinə görə fərq: əvvəlki (birinci) iddianın predmeti, yəni iddiaçının cavabdehə qarşı maddi hüquqi tələbi yalnız podrat müqaviləsinin ləğvindən ibarətdirsə, hazırkı (ikinci) iddianın predmeti isə həm podrat müqaviləsinin ləğvi, həm də cərimənin ödənilməsi tələbindən ibarətdir. Hazırkı işdə ******* manat cərimənin ödənilməsinə dair iddia tələbi əvvəlki işdə irəli sürülməyib və işə baxılmanın predmeti olmayıb. Məhkəmə hesab etmişdir ki, iddianın cərimənin ödənilməsi tələbinə dair hissəsi podrat müqaviləsinin ləğv edilməsi barədə əsas tələbdən irəli gəlir, eyni zamanda qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli müqavilənin ləğv edilməsi, eləcə də cərimənin ödənilməsi üçün əsas olan halın (müqavilə üzrə öhdəliklərinin icranın gecikdirilməsi) mövcud olubolmaması məsələsinə artıq qiymət verilmişdir. Məhkəmənin belə əsaslandırılması doğru sayıla bilməz. Belə ki, cərimənin ödənilməsi tələbi podrat müqaviləsinin ləğvi barədə tələbdən deyil, müqavilənin özündən irəli gəlir və müqavilənin ləğvi tələbini irəli sürmədən də cərimənin ödənilməsi müstəqil tələb kimi irəli sürülə bilər. Bundan başqa, cərimənin ödənilməsi üçün əsas olan halın (müqavilə üzrə öhdəliklərinin icranın gecikdirilməsi) mövcud olub-olmaması məsələsinə artıq qanuni qüvvəyə minmiş qətnamə ilə qiymət verilməsi bu tələb üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz, əksinə, həmin tələbə mahiyyəti üzrə baxılarkən onun təmin və ya rədd olunmasında preyudisial əhəmiyyətli fakt kimi nəzərə alınmalıdır (MPM-in 82.3-cü maddəsi). İddianın əsaslarına görə fərq: əvvəlki (birinci) iddia podratçının podrat müqaviləsinin 2.1.1 bəndinə əsasən üzərinə götürdüyü vəzifəni - müqavilə qüvvəyə mindiyi gündən 6 ay müddətində, yəni 02 yanvar 2020-ci ilədək əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlanılması öhdəliyinin yerinə yetirilməməsi və köçürülmüş sakinlərə podrat müqaviləsi bağlandığı gündən sonra verməli olduğu kirayə haqqının ödənilməməsi əsası ilə irəli sürülmüşdür. Hazırkı (ikinci) iddia isə onunla əsaslandırılmışdır ki, podratçı podrat müqaviləsinin 1.2, 2.1.1 və 2.1.2 bəndlərinə əsasən müqavilə qüvvəyə mindiyi gündən 6 ay ərzində (yəni 02 yanvar 2020-ci ilədək) sakinlərin köçürül məsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamalı, müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində (yəni 02 iyul 2022-ci ilədək) binanı tam olaraq tikib təhvil verməli olduğu halda müqavilə ilə müəyyən olunmuş müddətlərin başa çatmasına baxmayaraq öhdəliyini icra etməmişdir. Göründüyü kimi, əvvəlki (birinci) iddia ərizəsində müqavilənin ilk 6 ayı ərzində icra edilməli olan öhdəliyin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına görə müqavilənin ləğvi tələbi irəli sürülüb. Hazırkı (ikinci) iddia ərizəsində isə müqavilənin ləğvi və cərimə ödənilməsi tələbi müqavilənin həm ilk 6 ayı, həmdə sonrakı 30 ay ərzində icra edilməli olan öhdəliyin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması ilə əsaslandırılıb. Çünki, cavabdeh müqaviləninilk 6 ayı ərzində, eləcə də bu müddətdən sonra icra etməli olduğu öhdəliyini (müqavilənin 2.1.2 bəndi) sonrakı aylarda da icra etməyib. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 mart 2021-ci il tarixli qətnaməsində cavabdehin podrat müqaviləsinin 2.1.1 bəndinə əsasən üzərinə götürdüyü öhdəliyin müqavilənin yalnız ilk 6 ayı ərzində icra edilməməsində təqsirinin olmadığı müəyyən olunub. Bu isə müqavilə müddətinin sonrakı mərhələsində də öhdəliyin cavabdeh tərəfindən pozulmamasına həmin qətnamədə qiymət verilməsi demək deyil. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı (ikinci) iddianın əsası kimi istinad olunan hallardan biri - müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində (yəni 02 iyul 2022-ci ilədək) binanı tam olaraq tikib təhvil vermək öhdəliyinin icra müddəti əvvəlki (birinci) iddia üzrə işə baxılarkən hələ başa çatmamışdı. Ən azından bu fakt hər iki iddianın əsaslarına görə fərqləndiyini təsdiq edir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2-2(103)-257/2023 nömrəli qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni iddiaçı tərəfindən irəli sürülmüş ******* manat cərimənin cavabdehdən tutulmasına dair iddia tələbinin iş üzrə icraat xitam verilməsi hissəsində ləğv edilərək həmin hissədə işə mahiyyəti üzrə baxılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilənin ləğv edilməsi hissəsində icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslı, şikayətin dəlilləri isə əsassızdır. Belə ki, hazırkı iş üzrə tərəflər və qeyd olunan hissədə iddianın predmeti ilə tərəflər arasında baş tutan digər məhkəmə mübahisəsində tərəflərin və iddianın pedmetinin eyni olması mübahisəsizdir. Eyni zamanda, hər iki işdə iddianın əsasını eyni hüquqi faktlar (tərəflər arasında podrat müqaviləsinin bağlanılması və cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması) təşkil etmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehdən ******* manat cərimənin tutulması hissəsində iş üzrə icraat xitam verilə bilməz. Belə ki, hazırkı işdə irəli sürülən həmin iddia tələbi tərəflər arasında baş tutan və yuxarıda qeyd olunan digər məhkəmə mübahisəsinin pedmeti olmamışdır. MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün isə hər üç şərtin (eyni tərəflər, predmet və əsaslar) mövcud olması tələb olunur. Lakin hazırki halda “eyni predmet” şərti mövcud deyildir. Həmin tələbə münasibətdə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin göstərdiyi dəlillərə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin dəlillər iş üzrə icraata xitam verilməsi üçün deyil, MPM-in 82.3-cü maddəsinin tətbiq edilməsi üçün əsas ola bilər. Ona görə də, cavabdehdən ******* manat cərimənin tutulması hissəsində hazırkı iş üzrə MPM-in 261.0.2-ci maddəsinin tətbiq edilməsi və icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 82.3, 261.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. İddiaçı kassasiya şikayəti verməklə, həmin qərardadın qismən, iş üzrə icraata xitam verilməsinə dair hissədə ləğv olunmasını və bu hissədə işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-2(102)-327/2023 nömrəli qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2-2(103)-257/2023 nömrəli qərardadının mübahisələndirilən hissədə (iş üzrə icraata xitam verilməsi hissəsində) ləğv edilməsi qərara almışdır.
12. Qərarın əsaslarına görə; - 34. İddia ərizəsindən və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatlardan görünür ki, iddiaçı hazırkı iş üzrə iddia tələblərini tərəflər arasında bağlanmış 2019-cu il 02 iyul tarixli podrat müqaviləsinin aşağıdakı 2 yarımbəndində nəzərdə tutulmuş podratçının vəzifələrinin yerinə yetirilməməsi, yəni 2 öhdəliyinin pozulması ilə əlaqələndirmişdir: 1) 2.1.1 yarımbəndi üzrə - müqavilə qüvvəyə mindiyi gündən sonra 6 ay ərzində (yəni 2020-ci il 2 yanvar tarixnədək) əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq; 2) 2.1.2-ci yarımbəndi üzrə - müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində (yəni 2022-ci il 2 iyul tarixinədək) binanın tam olaraq tikilib təhvil verməsini təmin etmək. - 35. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən öhdəliklər müstəqil xarakter daşıyır, yəni onların birinin vaxtında və lazımi qaydada icra edilməməsi avtomatik olaraq digər öhdəliyin də pozulmasını şərtləndirmir. - 36. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış əvvəlki mübahisə ilə əlaqədar iddia ərizəsində yuxarıda qeyd olunan müqavilə yarımbəndlərindən yalnız birinin – 2.1.1-ci yarımbənddəki öhdəliyin pozulması halına istinad edilmişdir. - 37. İstənilən halda ilk mübahisə üzrə iddia verildiyi zaman (iş materiallarından görünür ki, ilk iddia 22 yanvar 2020-ci il tarixində verilmişdir) müqavilənin 2.1.2-ci yarımbəndində nəzərdə tutulmuş öhdəliyin icra müddətinin bitməsinə hələ 2 il 5 aydan artıq vaxt qalmışdı. Odur ki, əvvəlki məhkəmə icraatı zamanı həmin öhdəliyin icra edilməməsinə dair mübahisəyə baxılması, ümumiyyətlə həmin dövrdə belə mübahisənin yaranması istənilən halda qeyri-mümkün idi. - 38. Hazırkı mübahisə üzrə isə iddia ərizəsi verməklə iddiaçı hesab edir ki, cavabdeh yalnız müqavilənin 2.1.1-ci yarımbənddəki öhdəliyin deyil, eyni zamanda və bununla yanaşı, həm də 2.1.2-ci yarımbəndindəki öhdəliyin icra müddətini pozmuşdur. - 39. Bundan başqa, əvvəlki mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 3 mart tarixli qətnaməsində cavabdehin podrat müqaviləsinin 2.1.1-ci yarımbəndinə əsasən üzərinə götürdüyü öhdəliyin yalnız müqavilənin ilk 6 ayı ərzində, yəni 2020-ci il 2 yanvar tarixinədək icra edilməməsində təqsirinin olmadığı müəyyən edilmişdir. Bu o anlama gəlir ki, əvvəlki məhkəmə baxışının predmeti olmuş müqavilənin 2.1.1-ci yarımbənddəki öhdəliyin sonrakı mərhələlərdə, yəni 2020-ci il 2 yanvar tarixindən 2022-ci il 2 iyul tarixinədək olan dövrdə də cavabdeh tərəfindən pozulması, prinsip etibarilə, mümkündür. - 40. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, əvvəlki mübahisə üzrə baxılmış iddia ilə hazırkı mübahisə üzrə verilmiş iddia subyekt və predmet baxımından eyni olsalar da, əsas baxımından fərqlidirlər, odur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış 2019-cu il 2 iyul tarixli podrat müqaviləsinin ləğv olunmasına dair iddia tələbi hissəsində MPM-in 261.0.2-ci maddəsini tətbiq edərkən prosessual hüquq pozuntusuna yol vermişdir.”
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. MPM-in 261.0.2-ci maddəsinin təhlili göstərir ki, iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilməsi üçün 3 şərt birlikdə mövcud olmalıdır: 1. hər iki iş üzrə tərəflər eyni olmalıdır; 2. hər iki iddianın predmeti eyni olmalıdır;
3. hər iki iddianın əsası eyni olmalıdır.
15. Bu kontekstdə, MPM-in 261.0.2-ci maddəsində təsbit olunan “... eyni əsaslar üzrə ...” ifadəsi barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsası kimi başa düşülməlidir. Belə ki, iddiaların əsaslarının eyni olubolmaması müəyyən olunarkən onların hüquqi əsasları nəzərə alınmır.
16. Mübahisələndirilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi həmin aktında hazırkı işlə tərəflər arasında əvvəl mövcud olmuş məhkəmə mübahisəsinin predmetinin və əsaslarının eyni olması qənaətinə gəlmişdir.
17. Lakin, işdən müəyyən olunur ki, iddiaçı hazırkı iş üzrə iddia tələblərini tərəflər arasında bağlanmış 02 iyul 2019-cu il tarixli podrat müqaviləsinin aşağıdakı 2 yarımbəndində nəzərdə tutulmuş podratçının vəzifələrinin yerinə yetirilməməsi, yəni 2 öhdəliyinin pozulması ilə əlaqələndirmişdir: 1) 2.1.1 yarımbəndi üzrə - müqavilə qüvvəyə mindiyi gündən sonra 6 ay ərzində əhalinin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamaq; 2) 2.1.2-ci yarımbəndi üzrə - müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində binanın tam olaraq tikilib təhvil verməsini təmin etmək. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən öhdəliklər müstəqil xarakter daşıyır, yəni onların birinin vaxtında və lazımi qaydada icra edilməməsi avtomatik olaraq digər öhdəliyin də pozulması anlamına gəlmir.
18. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış əvvəlki mübahisə ilə əlaqədar iddia ərizəsində yuxarıda qeyd olunan müqavilə yarımbəndlərindən yalnız birinin – 2.1.1-ci yarımbənddəki öhdəliyin pozulması halına istinad edilmişdir.
19. İlk mübahisə üzrə iddia verildiyi zaman (iş materiallarından görünür ki, ilk iddia 22 yanvar 2020-ci il tarixində verilmişdir) müqavilənin 2.1.2-ci yarımbəndində nəzərdə tutulmuş öhdəliyin icra müddətinin bitməsinə hələ 2 il 5 aydan artıq vaxt qalmışdı.
20. Odur ki, əvvəlki məhkəmə icraatı zamanı həmin öhdəliyin icra edilməməsinə dair mübahisəyə baxılması, müqavilənin bu bəndi üzrə icra müddəti bitdikdən sonra ümumi əsaslarla həmin bənd üzrə öhdəliyin icra edilməməsinə əsaslanmağını istisna etmir.
21. Göründüyü kimi, hazırkı iş üzrə tərəflər və predmet əvvəlki mübahisənin predmeti – podrat müqaviləsinin ləğv edilməsi ilə eyni olsa da, bu mübahisə üzrə faktiki əsaslar fərqli olmuşdur.
22. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-2(102)-327/2023 nömrəli qərarı əks olunmuş mövqeyə uyğun olaraq qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də şikayət təmin edilərək qərardad ləğv olunmalı, iş iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5129/2022 nömrəli qərardadından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5129/2022 nömrəli qərardadı ləğv edilsin və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev